Modern.az

Media eksperti Xoşqədəm BARƏDƏ: “Milçəyi öldürmək yox, “çirkab”ı yox etmək lazımdır”

Media eksperti Xoşqədəm BARƏDƏ: “Milçəyi öldürmək yox, “çirkab”ı yox etmək lazımdır”

14 Noyabr 2016, 14:45

Tanınmış jurnalist, teletənqidçi Zeynal Məmmədli teleaparıcı Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı kadrarxası görüntülərinin yayılmasına münasibət bildirib.

 

O, Modern.az-a açıqlamasında deyib ki, bunu sensasiya, kimisə qaralamaq kimi vermək, hansısa sirrin üstünün açıqlaması kimi təqdim etmək yaxşı ənənə deyil:

“Mənim fikrimcə bu, sarı medianın yox, bulvar mediasının üslubudur. Sarı medianın məqsədi diqqət çəkmək, sensasiyadır, nə qədər olmasa da plüralizm qorunur.

Bulvar mediasında isə bir fikir hakim olur. Bu metodun bizim jurnalistikamızda yayılması mənim qanımı çox qaraldır.

Çünki nəyinsə üstündən asanlıqla xətt çəkmək yaxşı şey deyil”.

Jurnalist bildirib ki, mediada reytinq qazanmaq üçün bu cür üsulların olduğunu nəzərə alaraq bunun kökünə getmək lazımdır:

 

“”Milçəyi” öldürmək yox, “çirkab”ı yox etmək lazımdır. Səbəbləri öyrənmək lazımdır. Bu üsullar nə qədər tipikdir. Baş verən istisna haldırmı? Verilişin mətbəxində elə şeylər var ki, onlar birəbirdir. Ola bilir ki, hadisə qıtlığı olur, amma reytinq lazımdır.

 

Amma biz məsələsini “milçək”ə yönəldib, “çirkab”dan yayındırırıqsa, deməli özümüz həmin yolla gedirik. Hazırda media jurnalisti ifşa edib ona qarşı çıxır, amma eyni zamanda həmin üsulla özünə reytinq qazanır. Paradoks budur. Kimisə qaralamaq, üstündən xətt çəkmək olmaz. Bu sadəcə bizim mediamızın düşdüyü bataqlıqdır. Mediada azadlıq olmayanda, insan taleləri, problemlər  eninə-uzununa müzakirəyə çıxarılmayanda, beləcə səhnələşdirilmiş bir şeylərə səbəb olur. Maraqlıdır, orada iştirakçı olan insanların özü nə əcəb uydurulmuş şeylərlə razılaşırlar?

Onların maraqları nədir? Məşhur olub Azərbaycanda pul qazanmaq mümkündürmü, yaxud diqqət çəkməklə, aktyor kimi oynamaqla dərdlərinə təsəllimi verirlər?”.

 

Z.Məmmədli qeyd edib ki, gerçəyin üzə çıxarılması üçün müəyyən uydurmalardan istifadə yol veriləndir:

“Canlandırma üsuli ilə gerçəyi üzə çıxarmaq üsulu var. Amma bunu etik, peşəkar səviyyəsi etmək lazımdır. Arzu edirəm ki, media yazanda bunun səbəblərindən, “çirkab”dan yazsın. Bunu filankəs edib deyə yaymaq, həqiqətin üstündən suvaq çəkməkdir.

Ayrı-ayrı televiziyalar arasında sağlam rəqabət yoxdur. Biri güclənən, reytinq yığan kimi o birinin gücü çatmır deyə, məhvetmə üsuluna əl atır.

 

Tibbdə “sonsuz qadın”,  “sonsuz kişi” anlayışları var. Bizim mediadakıların da bəziləri sonsuz jurnalistlərdir. Onların əl atdığı üsuldur. Bunu isə bizdə olmayan azadlıq doğurur. Yəni filan mövzuları verə bilmirik, heç olmasa bununla diqqət çəkək”.

 

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir