Modern.az

Lələtəpənin beş addımlığında açılan lalələr

Lələtəpənin beş addımlığında açılan lalələr

Mədəni̇yyət

14 Noyabr 2016, 16:19

Ləman Ələşrəfqızı

 

Horadizdəki Xalça emalatxanasında 160 qadın işlə təmin olundu

Lələtəpə yüksəkliyi alınandan sonra Horadiz camaatı məncə  ikinci dəfə belə  ürəkdən sevinirdi.  Çünki, Lələtəpənin beş addımlığında müasir standartrlara uyğun xalça emalatxanası açılmışdı  və bu emalatxanada 150 toxucu  müxtəlif ölçülü  43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaqdı.  Həqiqətən də heyratamiz və möhtəşəm iş idi!Əvvəla ona görə ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. İkinci bir tərəfdən, güllə səsləri həyat tərzinə çevrilən əhali üçün ortalıqda gül kimi bir iş vardı!  Həm də  birümid, bir inam. Deməli, tarixi torpaqlarımıza, itirdiklərimizə qovuşacağıq!  Bu, düşmən üzərində  mədəni inqilab idi!  Bunun davamı da gələcək. Və əsl QƏLƏBƏ bizim olacaq.

 

Əvvəlcə Horadiz haqda

 

Bu şəhərdə ilk dəfə idi ki, olurdum. Açığı, düşmənlə üz-üzə mövqedə belə gözəl qəsəbə  gözləmirdim. Yolboyu düzülən  həmişəyaşıl ağaclar payızın sarı rəngə boyadığı şəhərə xüsusi bir gözəllik vermişdi. Bu gözəlliyi qırmızı rəngdə olan mütənasib bir bina tamamlayırdı.  Dedilər o qırmızı bina bizim xalça emalatxanamızdır. Bayırdan gözəl görünür, bəs görəsən içərisi necədir?sualı ilə emalatxanaya daxil oluruq. Əsrarəngizdir! Sözün əsl mənasında hər cür müasir tələblərə cavab verən məkandır. Ümumi sahəsi  586 kvadratmetr olan emalatxanada quraşdırılan dəmir dəzgahlar yadıma uşqlığımı salır.Mənim doğulduğum evdə də hana vardı.

 

Amma məhz beləsini  harda görmüşdük? Bizim gördüyümüz  taxta hanalar idi ki, evin tən yarısını tuturdu və o hana qurulanda yeganə arzumuz toxunan xalçanın bacardıqca tez  kəsilməsini arzulamaq olurdu. Burda isə vəziyyət bambaşqaydı.. 4 cərgə ilə səliqəli formada, qatar kimi düzülən hanalarda Qarabağ, Quba, Şirvan xalıları toxunur, toxucular da hamısı eyni formada, ruh yüksəkliyi ilə deyə-gülə çalışırdılar. Bəri başdan deyim ki, toxunan çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin ölkənin ayrı-ayrı bölgələrindən toplanan qədim və orijinal xalçalar əsasında  Azərxalçanın rəssamları tərəfindən hazırlanıb. Açılışdan az qala iki həftə əvvəl Azərxalçanın baş rəssamı Neva xanım başda  olmaqla 15  nəfər rəssam və xalça ustası  Horadizə ezam olunmuşdu. Onlar qısa müddət ərzində o qədər böyük işlər gördülər ki, inanmazsız! Hanaları qurmaq, ərişi çəkmək, arğacı uzatmaq, yumaqları hazırlamaq, hər çeşniyə uyğun rəngləri seçmək. Bəlkə də demək asandır, amma işlər həqiqətən çox və çətin idi. Üstəlik, Horadiz də daxil olmaqla Füzulinin ayrı-ayrı kəndlərindən toxucu xanımları tapıb bu işə cəlb etmək, onları öyrətmək özü nə qədər vaxt və ustalıq tələb edirdi.

 

Çox sağ olsunlar, bizim qızlar bunu layiqincə  bacardılar. Və ortaya layiqli bir iş qoydular. Elə bir iş ki, Prezident İlham Əliyev də bu işdən xeyli məmnun qaldı: ” Mən çox şadam ki, “Azərxalça” fəaliyyətə başlayır. Bilirsiz ki, bir müddət bundan əvvəl mənim sərəncamımla Azərxalça şirkəti yaradıldı. Bu qurumun əsas vəzifəsi isə Azərbaycanda xalçaçılığı inkişaf etdirmək, bizim tarixi mirasımızı qorumaq və eyni zamanda ölkəmizdə güclü xalçaçılıq sənayesi yaratmaqdır.

 

Bu məqsədlə bir çox rayonlarda, o cümlədən Füzulidə Azərxalçanın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır”.  Xalçaçılıq sənətini məhz qadınların yaşatdığını deyən dövlət başçısı onlardan  gözləntilərini də dilə gətirdi. Dedi ki, qədim sənətimizi yaşatmaq sizin əlinizdədir, siz bu sənətin sirlərini gənc nəslə öyrədəcəksiz. “Azərbaycanın çox gözəl ixrac məhsulu olan xalçanı dünya bazarına çıxarmaq  isə bizim başlıca missiyamızdır.Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli inkişaf edəcək və xalça ölkəmizə pul gətirəcək. Eyni zamanda siz də ailənizə pul aparacaqsız, ailə büdcənizə bunun böyük töhfəsi olacaq”.

 

”Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradovun dövlət başçısına məruzəsi də ciddi  maraq doğurdu. Məlum oldu ki, bu müəssisədə dəzgahlar Azərbaycan brendidir və ayda 251 kvadratmetr xalça istehsal etmək əsas hədəfdir. Qarabağın 16 rayonunun müxtəlif çeşniləri , tarixi ənənələri əsasında xalça  toxunulacağını deyən Vudadi Muradov filialların genişləndirilməsinin vacibliyini vurğuladı. Onun fikirlərinə dövlət başçısından da dəstək gəldi. İlham Əliyev-Füzuli rayonunda olan bütün xalçaçıları bu işə cəlb etmək lazımdır -dedi. Prezidentin toxucularla söhbəti də çox səmimi atmosferdə keçdi. Dövlət başçısı xüsusilə toxucular arasında gənclərin də olmasını təqdirəlayiq hal kimi dəyərləndirdi və yaşlılardan öz təcrübələrini gənclərlə bölüşməsini istədi.

Yeri gəlmişkən, Horadizdəki Xalça emalatxanasında 19-20 yaş arası gənclərin sayı kifayət qədərdir. Onlardan ikisi  Röya və Məhluqə Abbasova  bacılarıdır. Hər ikisi üçün bu xalça emalatxanası göydəndüşmə olub. Çünki, “atamız bizim məhz qadın kollektivində işləməyimizi istəyir”- deyirlər. Bu qızlardakı həvəs, stimul açığı adamı valeh edir. Onlar bu işə hələ təzəcə başlayıblar, necə deyərlər parta arxasından durub dəzgah arxasında oturublar. Ona görə də hər vurulan sərbəst ilmə təkcə xalıda yox, onların üzündə də əks olunur. Sanki,  çöhrələrində çiçəklər açır. BU qızlar oxumağın dalınca yox, peşənin, sənətin dalınca gəldiklərindən qətiyyən narazı görünmürlər.  

 

Çünki, toxuduqları xalıya QARABAĞ adını onlar yazırlar. Görünür həm də ona görə Prezident İlham Əliyev bu qədim sənəti yaşatmağın vacibliyini təkrar-təkrar vurğuladı. Mənim yadımda həm  hərbi geyimdə olan dövlət başçısınınAzərbaycan xalçası  adına sevinci, həm də Vidadi Muradovundilə gətirdiyi arzuları qaldı:”  O, gün gəlsin ki, Qarabağda güllə səslərini hana səsləri əvəz eləsin”. Amin deyək!

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı