Modern.az

Sosial ipotekaların kimlərə veriləcəyi müəyyənləşib

Sosial ipotekaların kimlərə veriləcəyi müəyyənləşib

3 Noyabr 2009, 17:24

Noyabrın 3-də Milli Məclisin iqtisadi siyasət, təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar, energetika və ekologiya, aqrar siyasət, sosial siyasət komitələrinin birgə iclasında iştirak edən maliyyə naziri Samir Şərifov deputatların suallarını cavablandırıb. S.Şərifov bildirib ki, neft amilinin dövlət büdcəsində xüsusi tutması təbiidir. Çünki neft hasil edən dövlətlərin hamısı təbii resursların qiymətlərinə xüsusi diqqət yetirirlər. "Biz də bu ildən neftin qiymətinə tam mühafizəkar yanaşaraq dövlət büdcəsində bir barel nefti 45 dollar müəyyənləşdirmişik”-deyə maliyyə naziri bildirib. Onun sözlərinə görə, dünya bazarlarında neftin bir bareli 45 dollardan artıq olacağı təqdirdə əldə edilən vəsait dövlət büdcəsinə daxil olacaq.Samir Şərifov deyib ki, Azərbaycan öz maliyyə imkanları hesabına həm müxtəlif layihələri maliyyələşdirir, həm də lazım olanda borca girir: “Bu, dünyada normal qəbul olunan bir praktikadır. Amma bunu edəndə digər dövlətlərin acı təcrübəsini də nəzərə almalıyıq. Mən adlarını çəkmək istəməzdim, amma bilirsiz ki, bir sıra ölkələr, o cümlədən Avropa Birliyinə daxil olan dövlətlər bu gün çox acınacaqlı vəziyyətdədir. Azərbaycan hökuməti maliyyə böhranının iqtisadiyyata mənfi təsirlərinin qarşısını almaq üçün gördüyü tədbirləri o qədər də açıqlamır”. 2009-cu ilin əvvəllərində xarici investorların böhran səbəbindən Azərbaycanın qiymətli kağızlar bazarından kütləvi şəkildə vəsaitlər çıxardıqlarını deyən nazir ölkəmizdə belə tendensiyanın yaşanmadığını vurğulayıb: "Çünki bunun qarşısını almaq üçün tədbirlər görülmüşdü. Hesab edirəm ki, 2010-cu ildə də bizim siyasətimiz çox ehtiyatlı və təmkinli olmalıdır”.
S.Şərifov onu da bildirib ki, sosial ipotekaları maliyyələşdirilməsi davam etdiriləcək və 2010-cu ilin dövlət büdcəsindən bu sahəyə 14 milyon manat ayrılması nəzərdə tutulub. Hökumət sosial ipotekanı kimlərə verməyi müəyyənləşdirib.
“2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi zərfini təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, dövlət büdcəsinin gəlirləri 10 milyard 150 milyon, xərcləri isə 11 milyard 264 milyon manat həcmində proqnozlaşdırılıb. Nazirin sözlərinə görə, gələn ilin dövlət büdcəsində 1 milyard 249 milyon manat həcmində kəsirin yaranacağı gözlənir.
Müzakirələrdə çıxış edən deputatlar bir sıra təkliflər irəli sürüblər. S.Şərifov deputatların təkliflərinin öyrəniləcəyini və nəzərə alınacağını bildirib.
Müzakirələrdən sonra beş komitə dövlət büdcəsinin layihəsini dəstəkləyib və Milli Məclisin plenar iclasına çıxarılmasını tövsiyə edib.


 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub