Modern.az

Dövlət təhlükəsizliyi sisteminin polkovniki vəfat edib

Dövlət təhlükəsizliyi sisteminin polkovniki vəfat edib

Ədəbi̇yyat

15 Noyabr 2016, 09:38

Nazim Alxasov barədə bu sözü deməyə  dilim gəlmir. Bu xəbər qəlbimin dərinliklərinə qədər məni sarsıtdı, məni məyus etdi. Necə gündür ki, özümə gələ bilmirəm. Daim deyib-gülən, həyatı başdan-ayağa nikbinliklə dolu olan bir adamın həyatdan köçməsinə inanmağım gəlmir. Fəqət... Dözə bilmədim, Qusara gedib, qəbrini ziyarət etdim, baş daşından öpdüm, yenə də ürəyim soyumadı...

     
Nazim Alxasovu Astaradan tanıyırdım. Hər şey olduğu kimi yadımdadır... 5 dekabr 1980-cı ildə Astara Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdim. Çox məsuliyyətli bir vəzifədə və Astara kimi çox çətin bir sərhəd rayonunda işə başladığım üçün darıxır və dərin həyacan keçirirdim. Rayonun ilk növbədə ictimai-siyasi vəziyyətini öyrənmək üçün Azərbaycan SSR Nazirlər Soveti Dövlət Təhlükəsizlik Komitəsi Astara rayon şöbəsinin əməkdaşları ilə görüşməyi qərara aldım. Görüşdə Rayon Partiya Komitəsinin büro üzvləri də iştirak edirdi. Əvvəl  “KQB”nin rayon şöbəsinin sədri Çingiz Səfərov geniş məlumat verdi. Sonra isə şöbənin ayrı-ayrı əməkdaşları təhkim olunduqları qəsəbə və kəndlərdə mövcud olan real vəziyyət barədə danışdılar.
Növbə şöbənin əməkdaşı Nazim Alxasova çatanda o, ayağa qalxıb çox təmkinlə, ağayana, konkret faktlarla danışmağa başladı. O, dedi ki, yerlərdə partiya və komsomol təşkilatlarının gündəlik fəaliyyətində Astaranın sərhəd  rayonu olduğu çox vaxt nəzərə alınmır, aparılan ideoloji işdə əks-təbliğat tədbirləri kifayət qədər aparılmır, yaşayış yerlərində qatı dindarlıq təzahürləri günü-gündən genişlənir. İran İslam Respublikasına mütamadi yük aparan “Sovafto” sürücüləri Azərbaycana çoxlu dini ədəbiyyatlar gətirirlər və sair və ilaxır. Nə gizlədim, Nazim öz çıxışı ilə bizim hamımızı tərpətdi, bizi düşünməyə, yeni qaydada işləməyə vadar etdi. Operativ qaydada görüşdə qaldırılan məsələlərlə bağlı Rayon Partiya Komitəsinin tədbirlər planı hazırlandı. Sonralar bu tədbirlərin həyata keçməsində Nazim Alxasov çox fəal iştirak  etdi və bizim ən yaxın köməkçilərimizdən birinə çevrildi.

           
3-cü gün idi ki, Astarada iələyirdim. Həmin gün rayona çoxlu qar yağmışdır. Tərpənmək olmur, gediş-gəliş dayanmış, kəndlərlə əlaqə tamamilə kəsilmiş, işıqlar sönmüşdü. Gecə saat 3 olardı, kabinetdə idim. Birdən rayon Polis şöbəsindən zəng edib dedilər ki, Şiyəkəran kəndindəki, “26 Bakı Komissarları” adına sovxozun idarə binası yanır. O günü raykomda növbətçi olan Asəf Şükürovun köməkliyi ilə rayon prokuroru Gurşad Hümbətovu, polis rəisi Eldar Səlimovu və “KQB”nin rayon şöbəsinin sədri Çingiz Səfərovu Partiya Komitəsinə dəvət edib, onlarla birlikdə çox çətinliklə  Şiyəkəran kəndinə gəldik. Alov göyə qalxırdı.Yanğınsöndürən maşınlır nə qədər çalışırdılarsa alovu ram edə bilmidrilər. Kəndin bütün camaatı buraya toplaşıb, yanğına tamaşa edirdi. Sovxozun rəhbərləri, ağsaqqallar, kənd sovetinin deputatları mənim ətrafıma toplaşmışdılar. Onların bir çoxu yazıq-yazıq nəzərlərlə, ümidsiz halda mənə baxır və qəti bir qərar, bir göstəriş gozləyirdilər. Kənd fəalları ilə birlikdə kənd sovetinin binasına toplaşdıq. Özümü itirmişdim, nə deyəcəyimi bilmirdim. Şaxta olmasına baxnayaraq, üz-gözümdən tər axırdı. Narahat və həyacanlı  olduğumu ətrafımdakılar da açıq-aydın görürdülər.
Çingiz Səfərov məlumat verib dedi ki, “yoldaş katib, Astarada idarə binası yandırmaq dəb düşüb, adi hala çevrilib, bundan əvvəl də 4 təsərrüfatda idarə binası yandırılmış, lakin cinayətin üstü açılmamışdır. Ona görə də təşkil olunmuş yanğınlar davam edir”.

Mən başımı aşağı salıb bircə kəlmə söz dedim: yanğının səbəbi müəyyənləşdirilməlidir.           

Elə gecəykən yanğın barədə Mərkəzi Komitənin növbətçisinə məlumat verdim. Həmən  gecə evə gedə  bilmədim, narahatçılıq keçirirdim. Səhər saat 7-də  bir gün əvvəl raykomda keçirilən görüşdə yenicə tanış olduğum  Nazim Alxasov yanıma gəldi və dedi: - Səhərəcən kənddə oldum, bir neçə adamla görüşdüm. Mənə dedilər ki, gecə saat 12-nin yarısında Şürulla Məcidov adlı birisinin əlində konistr idarə binasına tərəfə gedən görüblər.

           
Bu məlumatı əsas götürüb, rayon prokuroru fəal işə başladı və cinayətin üstü qısa müddətdə açılaraq yanğının təşkilatçıları və icraçıları həbs olundular. Bununla da Astarada yanğınların qarşısı alındı. O vaxta qədər bəzi rəhbər işçilər saxta sənədlərlə dövlətin vəsaitini mənimsəyir, sonra isə cinayətin üstünü ört-basdır etmək məqsədilə idarə binasını yandırırdılar. Nazim Alxasovun köməyi ilə cinayətin üstü  3 saatda açıldı. Nazim belə əməliyyatçı idi. Nə gizlədim, əxlaq və tərbiyəsinə, işgüzarlığına və yüksək peşəkarlığına gorə ona hüsnü-rəğbətim var idi.

1985-ci ildə Nazim Alxasov başqa bir ciddi təxribatın qarşısının alınmasında bizə yaxından kömək etdi. Mart ayında SSRİ Ali Sovetinə seçkilər keçirilirdi. Təngərüd kəndindən çayçılıqda işləyən Xanımcan Həsənovanın namizədliyi irəli sürülmüşdü. Səsverməyə bir gün qalmışdı. Axşam saat 10-da Nazim Alxasov Rayon Partiya Komitəsinə gəlib, məlumat verdi ki, Suparibağ kəndindən olan bir nəfər narazı adam təxribat yaratmaq məqsədilə mədəniyyət evində yerləşən 1 nömrəli seçki məntəqəsində seçicilərin siyahısını yandırmağı planlaşdırıb. Əgər bu təxribat baş tutsaydı səsvermə pozula bilərdi. Təcili tədbir görüldü, həmin adam pəncərədən mədəniyyət evinə girərkən polis işçiləri tərəfindən yaxalandı və məsuliyyətə cəlb olundu.

      
O, yetkin bir əməliyyatçı idi. Tapşırılan işə məsuliyyətlə yanaşardı. Çünki, o Heydər Əliyev, Vitali Krasilnikov, Ziya Yusifzadə və Namiq Abbasov kimi peşəkarlardan,  nəhəng rəhbər işçilərdən dərs almışdı.

Nazim Alxasov dövlətçiliyin mövqeyində dayanan, ümumi işimizə kömək edən bir insan idi. Belə adamlara həmişə ehtiyac olub və olacaq.

      
Nazim Alxasov kimi insanlar heç  vaxt yaddan çıxmır, heç vaxt  unudulmur. Onun xeyirxah əməlləri həmişə bizim qəlbimizdə yaşayacaqdır. Allah ona rəhmət eləsin.

                                     

Çingiz Fərəcov,
Astara, Dəvəçi və Xaçmaz rayonlarının sabiq birinci katibi

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir