Modern.az

Azərbaycan İsveç qədər zəngin, şahanə bir dövlət olacaq

Azərbaycan İsveç qədər zəngin, şahanə bir dövlət olacaq

15 Noyabr 2016, 10:27

Hikmət Xudiyev (Cəmilzadə),

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından
Mühafizə Xidmətinin İctimaiyyətlə Əlaqələr və
təbliğat sektorunun rəisi, daxili xidmət polkovniki,
əməkdar jurnalist

Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır.
Heydər Əliyev


Azərbaycanın böyük dostu, İstanbul Universitetinin professoru, dünya şöhrətli plastik cərrah, görkəmli elm adamı, tarixi - etnoqrafik araşdırmalar müəllifi və nəhayət ölkmizin ən ağır günlərində yanımızda olan, şəfalı əllərini bizlərdən bir an belə əsirgəməyən İbrahim Yıldırım ömrünün səkkizinci onilliyini başa vurur.


Söy kökü Qazax rayonuna bağlı olan professor İbrahim Yıldırımın  ulu babası Sarı Qulu da cərrah olmuşdur. XIX əsrin sonlarında bütün Qafqazda çarizm əleyhinə mübarizə aparan  qaçaqların içərisində Qaçaq Kərəm kimi tanınan cəngavər insan çarizmin ədalətsizliyinə qarşı mübarizədə növbəti gülləbarana məruz qalarkən   ağır yaralanmış,  Sarı Qulu çar məmurlarından gözlənilən təhlükənin fərqinə varmadan Qaçaq Kərəmi öz evində saxlayaraq müalicə etmiş, gizlətmiş və ruslara verməmişdir. Bu təəssübkeşlik çar məmurlarının gözündən yayınmamış və bütün varlığı ilə millətinə bağlı olan  Sarı Qulu həbs edilərək Sibirə sürgün edilmişdir.  

        
Həbsdən sonra da doğma yurdda yaşamaq İbrahim Yıldırımın ulularına nəsib olmamışdı. Belə ki, 1863-cü ildən başlayaraq çar imperiyası Qafqazda siyasi üsul-idarəni həddən artıq sərtləşdirdiyindən, Qafqazda yeni torpaq islahatları adı altında müsəlman türklərini sıxışdırdığından, çarizmin milli azlıqlara verdiyi zülmdən - məşəqqətli bir həyatdan can qurtarmaq üçün yüzlərlə, minlərlə soydaşımız ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışlar. XIX əsrin sonunda güclənən bu şovinist siyasət 1898-ci ildə İbrahim Yıldırımın ulu babası Sarı Qulunun ailəsini də ata-baba yurdunu tərk etməyə məcbur etmişdir. Sarı Qulu ailə üzvləri ilə birlikdə Batum, Trabzon və Samsundan keçərək Amasyada məskunlaşmışlar.

          
Professor İbrahim Yıldırımın uluları da yüzlərlə soydaşları kimi   Amasyaya pənah gətirmiş və burada yurd salmışlar.  

        
Sarı Qulu Türkiyəyə köç etdikdən sonra burada onun oğlu İbrahim, nəvəsi İsmayıl və nəticəsi - 80 illik yubileyini qeyd etdiyimiz İbrahim Yıldırım dünyaya gəlmişdir. Babasının adını daşıyan İbrahim 1936-cı il noyabrın 20-də Amasya vilayətinin 7 rayonundan biri olan Merzifonda doğulmuşdur.       

        
Türkiyədə doğulmuş İbrahim Yıldırımın uşaqlıq illərində soy-kökü, vətəni Azərbaycan haqqında məlumatı olduqca az idi. Balaca İbrahimin yaşlı adamlardan eşitdiyinə görə uluları o zamanlar Gəncə quberniyasının Qazax mahalında yaşamış, vağzalları Ağstafa, bazarları isə Tiflis olmuşdur. Neft şəhəri Bakı ilə əlaqələri az imiş.  

        
Doktor İbrahim Yıldırım uşaqlıq illərinin xoş xatirələri tək Qurban bayramlarının keçirilməsini, musiqi məclisləri təşkil edilməsini və bütün tədbirlərdə Azərbaycan adət-ənənələrinin yaşadılmasını bu gün də xatırlayır.

        
Gələcəkdə elm fədaisi kimi tanınancaq İbrahim bəy ibtidai və orta təhsilini Qırıqqala və Merzifon məktəblərində alıb. Trabzon liseyində oxuyub. Orta təhsilini başa vuran gənc İbrahim ixtisas seçimində çox düşünməyib - ulu babasının yolu ilə gedərək həkim olmağı qərara alıb və İstanbul Universitetinin tibb fakültəsinə daxil olub.

        
«Mütləq azərbaycanlı ilə evlənim» - deyə qarşısına məqsəd qoymasa da, İbrahim Yıldırıma ömür-gün yoldaşı payı da Azərbaycan əsilli - Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Fiqən xanım qismət olub.  1965-ci il dekabrın 23-də bu cütlük ailə qurub.

           

İbrahim Yıldırım  universiteti bitirdikdən sonra 6 il ümumi cərrahlıq, plastik, rekonstruktiv və estetik cərrahlıq ixtisaslarına yiyələnib. Bu ixtisaslar üzrə Türkiyə və İngiltərədə akademik imtahanları verib. 1970-ci ildə Cərrahpaşa tibb fakültəsində ümumi cərrahlıq, 1976-cı ildə İngiltərədə plastik, rekonstruktiv və estetik cərrahlıq , 1979-cu ildə plastik, rekonstruktiv və estetik cərrahlıqdan yüksək ixtisas imtahanı verdikdən sonra 1979-1980-ci illərdə plastik cərrahiyyə dosenti, 1988-ci ildə plastik cərrahiyyə professoru olub. Ömrünün 18 ilində bir sıra çətinlikləri mətanətlə, əsl elm fədakarlığı ilə dəf edərək elmin zirvələrini fəth edib.

        
İbrahim bəyin həkimlik fəaliyyəti də doğma İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsindən başlanıb. O, 1965-1970-ci illərdə burada assistent və 1970-1972-ci illərdə uzman kimi işlədikdən sonra 1972-1974-cü illərdə Əlazığ hərbi xəstəxanası və Sosial Sığortalar Kurumu xəstəxanasında ümumi cərrahlıq edib. Bütün bu uğurlarla yanaşı o, hər an öz sahəsinin ən yetkin bir uzmanı olmaq üçün dünyanın ən qabaqcıl tibb mərkəzlərinin təcrübəsini öyrənməyə can atıb. Bu məqsədlə də  İngiltərədə,    Şotlandiyada  yüksək peşəkarlıqla cərrah kimi fəaliyyət göstərib. Doktor İbrahim Yıldırım 1980-1981-ci illərdə Avstriyanın, Almaniyanın, Fransanın plastik cərrahiyyə mərkəzlərində cərrah kimi çalışıb. 1980-2003-cü illərdə İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində plastik, rekonstruktiv və estetik cərrahlıq sahəsində yüksək vəzifə tutub, yüzlərcə həkim yetişdirib.

        
Doktor İbrahim Yıldırım beynəlxalq tibb qurumlarında bir sıra mühüm vəzifələr daşıyıb və indi də daşımaqdadır. 

        
 İbrahim bəy bir cərrah olaraq öz gücünü beynəlxalq miqyasda da sınayıb. O, bir-birinin ardınca dünyanın ən qabaqcıl universitetlərinə mühazirə oxumağa dəvət olunub. Avropa dillərinin ən önəmlilərini ana dili səviyyəsində bilən   İbrahim Yıldırım 1990-1995-ci illərdə ABŞ-ın Şimali Virciniya, Pittsburq, Pensilvaniya, Stanford, Almaniyanın Frankfurt, Tailandın Banqkok universitetlərində mühazirələr oxuyub. Onun ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya, Avstriya, Polşa, Suriya, İraq, Hindistan, Çin, Cənubi Koreya, Tailand, Azərbaycan, Gürcüstan, Rumıniya, Kipr, Kosova, Honduras, Sinqapur və s. ölkələrdə  keçirilən konfranslarda mühazirələri maraqla dinlənlib.

        
XX əsrin son onilliyində Ulu Tanrı İbrahim Yıldırımın Azərbaycan nisgilinə son qoydu. Vətən ona oğul dedi və o xeyirxah əməlləri, şəfalı əlləri ilə vətənin "qayalarında mamır olub bitə bildi".

        
1990-cı ildə Moskvada ezamiyyətdə olan İbrahim Yıldırım görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Nurəddin Rzayevin dəvəti ilə ilk dəfə Bakıya gəldi. 1990-cı il oktyabrın 27-dən 30-dək Bakıda keçirilən I Türkiyə - Azərbaycan Cərrahiyyə Simpoziumunda və digər konfranslarda   məruzələr oxudu.

        
Doktor İbrahim Yıldırımın Azərbaycana ilk səfərində ən önəmli hadisə isə onun ulularının yurdunu ziyarət etməsi idi. Bakıya səfəri zamanı o bütün varlığı ilə Qazağa can atırdı. Ulularını soraqlamaq, Hacı Mahmud Əfəndinin türbəsini, Molla Vəli Vidadinin, onun həyat yoldaşı Tükəzban xanımın, qızı Cəvahirin, bu nəslin nümayəndələrindən olan Qazi Səadəddinin, Güləndam xanımın, Müfti Osman Əfəndnin, Müftizadə Müfti Məhəmmədin və daha neçələrinin qəbrini ziyarət etmək, Qazaxda böyük Azərbaycan şairi Səməd Vurğunu yad etmək Doktor İbrahim Yıldırımın çoxdankı arzusu idi.

        
1991-ci ilin 24 may - 5 iyun tarixlərində Bakıya səfəri zamanı doktor İbrahim Yıldırım o zamankı Semaşko (indiki Ağa Musa Nağıyev) adına xəstəxanada anadangəlmə bədən pozuntuları, yanıq və zədə çapıqlıqları olan 227 xəstə üzərində cərrahiyyə əməliyyatı apardı. Şəfalı əlləri ilə İbrahim bəy Azərbaycanda iki dəfə olaraq Qarabağ savaşında yaralanmış əsgərlərimizin üzərində yüzlərcə estetik cərrahiyyə əməliyyatı apararaq ilkin sağlam bədənlərini onlara yenidən qaytardı. Professor İbrahim Yıldırım bu əməliyyatları böyük bir fədakarlıqla zəruri şəraitin, tibbi avadanlıqların olmadığı bir vaxtda həyata keçirirdi. Həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin rəisi Bəhruz Səfərəliyevin təşəbbüsü ilə Müdafiə Nazirliyinin hospitalında daxili işlər orqanları əməkdaşlarının da üzərində əməliyyat aparan professor İbrahim Yıldırım sonradan DİN-in mərkəzi hospitalında oldu.

        
 Professor İbrahim Yıldırım 2008-ci ilin mayın 11-dən 13-dək Bakıda "I Azərbaycan - Türkiyə Plastik Cərrahiyyə Günləri" adlı qurultayı gerçəkləşdirərək ona fəxri sədrlik etdi. Bu qurultaya Türkiyədən 100-dən artıq plastik cərrah qatıldı.

        
Professor İbrahim Yıldırımın Azərbaycana gəlişi, onun Bakıya sonrakı səfərləri respublikamızın səhiyyə sisteminin peşəkar kadrlarla təmin olunması işinə güclü təkan verdi. Doktor İbrahim Yıldırımın 1992-ci ilin noyabr ayında Azərbaycandan on nəfər tələbəni İstanbula apararaq onları İstanbulun ali təhsil müəssisələrində  yerləşdirdi. Həmin tələbələr ayrı-ayrı ixtisaslar üzrə təhsillərini bitirdikdən sonra Azərbaycana hazır mütəxəssis kimi qayıtdılar, hazırda isə xalqımıza xidmət etməkdədirlər.

        
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə sıx qarşılıqlı faydalı əməkdaşlıq quran doktor İbrahim Yıldırımın 2002-ci ildə Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr seçərək onların Türkiyədə müvafiq fakültələrdə təhsillərini davam etdirməsini, təqaüd almasını təmin etdi. Beləliklə, Azərbaycanın xoş gələcəyinə daim öz töhfəsini verməyə ürəkdən can atan doktor İbrahim Yıldırım müxtəlif illərdə öz təşəbbüsü ilə ölkəmizdən 97 tələbəni Türkiyəyə apararaq İstanbul Universitetində təhsillərini davam etdirməsini təmin etdi, onlara təqaüd ayırdı, yataqxanalarda yerləşdirdi, Azərbaycandan gətirdiyi tələbələrə doğma ata qədər qayğı göstərdi.  Təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev şəfalı əllərini Azərbaycandan əsirgəməyin türk həkimlərininin tərkibində professor İbrahim Yıldırımı da qəbul etmiş, onlara minnətdarlığını bildirmişdir.

        
Doktor İbrahim Yıldırımın Azərbaycanda çoxlu məşhur qohum-əqrəbası var və onlarla qırılmaz təmasdadır. Dünyalarını dəyişmiş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Mirvarid Dilbazi, tanınmış siyasətçi Vəfa Quluzadə də İbrahim bəyin yaxın qohumlarından idi.

        
Doktor İbrahim Yıldırım demək olar ki, hər il Bakıya gəlir, ölkəmizi gəzərək onun gözəlliklərindən zövq alır. Azəbaycanın əldə etdikləri uğurlar, ölkəmizin hərtərəfəli inkişafı, istifadəyə verilmiş müasir tibb müəssisələri, onların ən müasir tibbi avadanlıqlarla təchiz olunması doktor İbrahim Yıldırımı fərəhləndirir, ona sonsuz sevinc bəxş edir.

        
Doktor İbrahim Yıldırımı Azərbaycana bağlayan təkcə tibb sahəsi, qohumluq əlaqələri deyil. Azərbaycan ədəbiyyatına bağlı olan, onu sonsuz bir ehtirasla və yorulmadan mütailə edən, Səməd Vurğunun şeir dünyasından bir gün belə ayrı dura bilməyən, islam dəyərlərinə yaxından vaqif olan professor İbrahim Yıldırım görkəmli simalarla bağlı həyata keçirilən bir sıra elmi tədbirlərdə, yubiley mərasimlərində, görüşlərdə də yaxından iştirak edir.

        
Doktor İbrahim Yıldırım ulu babasının yolu ilə gedib həkimlik sənəti ilə məşğul olsa da, bu sənətin zirvələrini fəth etsə də, hələ gənclik illərindən ulularının soy-kökünün tarixinə, ədəbiyyatına, folkloruna bağlı insan olub. Tibb təhsili alan Doktor İbrahim Yıldırım atasının "yatmazdan öncə yarım saat başqa sahədən nələrsə oxumalısan" tövsiyəsinə əməl edərək tariximizi, ədəbiyyatımızı, folklorumuzu öyrənmək onun "ikinci sənəti"nə çevrilib.

        
Türkiyənin, Azərbaycanın da ağız ədəbiyyatını peşəkar folklorçu səviyyəsində heyrətamiz yaddaşı ilə gözəl bilən Doktor İbrahim Yıldırım Türk Folklor Qurumunun inkişafı üçün təqdirəlayiq işlər görüb.  Azərbaycanın tarixi, ədəbiyyatı, folokloru, tarixi şəxsiyyətləri ilə bağlı araşdırmalarından sonra professor İbrahim Yıldırım "Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar", «Baş üstündə bir kitabın olması», "Türkiyədə Azərbaycan kültürü", "İstanbul Universitetini bitirmiş azərbaycanlılar", “Amasya araşdırmaları” və s. əsərləri yazaraq orta əsrlərdən bəri Türkiyəyə köç etmiş yurddaşlarımızla bağlı sanballı kitabları türk dünyasına təqdim etmişdir.

        
Doktor İbrahim Yıldırım öz araşdırmalarında hələ orta əsrlərdən elmin Azərbaycandan Türkiyəyə ixrac olunmasını tədqiq edərək bir sıra maraqlı faktları elmi dövriyyəyə gətirdi. Doktor İbrahim Yıldırımın araşdırmalarından məlum oldu ki, Türkiyədə Amasya bölgəsi, Azərbaycanda isə Şirvan bölgəsi ilk vaxtlar islam dininin möhkəmlənməsində, mədəni-maarif əlaqələrinin inkişafında baza rolunu oynamışıdır.

          
Doktor İbrahim Yıldırım araşdırmalarında Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət tarixində silinməz izlər buraxmış şəxsiyyətlərin Türkiyə ilə bağlılığına da geniş yer verilir.

        
Fenomenal bir cərrah olmaqla yanaşı, həm də hərtərəfli inkişaf edərək çox dərin biliklər almış, saya gəlməyəcək beynəlxalq qurultay və konfranslarda məruzələr, çıxışlar etmiş, öz ixtisası üzrə xeyli monoqrafiya və elmi məqalələrin, o cümlədən 450 səhifəlik monumental "Türk plastik cərrahlığı tarixi"nin müəllifi olan, Türkiyəyə köç etmiş yurddaşlarımızın mədəni irsini böyük bir əzmkarlıqla bü günkü nəsillərə çatdıran, gələcək nəsillərə ərməğan edən İbrahim Yıldırımın tibb sahəsi ilə bağlı olmayan araşdırmalarında Azərbaycan əsilli üç nurlu simanın - İsmayıl Siracəddin Şirvaninin, Mir Həmzə Nigarinin və Hacı Mahmud Əfəndinin adlarının qırmızı bir xətlə keçdiyini görürük.

        
Abbasqulu  ağa Bakıxanov, Ünsizadə qardaşları, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abdulla Sur, Qafur Rəşad Qantəmir və s. haqqında ilk dəfə olaraq doktor İbrahim Yıldırım maraqlı faktları ictimaiyyətə çatdırmışdır. Bakıxanovun sultana hədiyyə etdiyi kitab, Mirzə Ələkbər Sabirin öz əli ilə avtoqraf yazdığı "Hophopnamə" nüsxəsi, Mirzə Fətəli Axundzadənin İstanbulda yeni əlifba ilə bağlı fəaliyyəti, Əli bəy Hüseynzadənin siyasi işləri, rəssam Səlim Turanın misilsiz rəsmlər qalereyası, Hüseyn Cavidin tələbə ikən qaldığı yataqxana və nəahəyət Mustafa Kamal paşanın yaxın dostu, şuşalı Əhməd Ağaoğlu xəbərlərinə tez-tez istinad etdiyimiz Anadolu agentliyinin ilk başqanı olması haqqında "gizli qalmış" faktların üzə çıxması doktor İbrahim Yıldırımın gərgin əməyinin nəticəsidir.

        
Böyük siyasi xadim, milli hökumətdə daxili işlər naziri olmuş Mustafa Vəkilovun həyatının bir dönəmi Amasya ilə bağlı olması, cəsur zabitlər Yasin bəyin, Alı bəyin, Gülməmməd bəy Kazakın, silah götürüb dağlara, ormanlara çəkilən, bolşevik rejimi ilə qeyri-bərabər çarpışmaların iştirakçısı olmuş neçə-neçə vətən oğulları haqqında doktor İbrahim Yıldırımın araşdırmaları maraqlı məlumatlarla zəngindir.

        
Almaz İldırım, Nigar Rəfibəylinin böyük qardaşı Kamil Aran, müxtəlif dönəmlərdə Türkiyə Böyük Millət Məclisinə seçilmiş  Azərbaycan əsilli millət vəkilləri, onların siyasi fəaliyyəti haqqında da professor İbrahim Yıldırımın araşdırmaları diqqətəlayiqdir.

        
Qazaxdan tanınmış nəsillərin övladları - Daş Salahlı Nəsib bəy və Yasin bəy Miralayevlərin, Mədəd bəy və Hüseyn bəyin, Hacı Mahmud əfəndinin, Alı bəy və Kazım bəy Şıxlinskilərin, Şahvələd Kazak və digərlərinin qollu-budaqlı sülalələri, Taşdəmirlilər, Laçınlılar, Sarılar və s. nəsillərə mənsub soydaşlarımız, həmçinin Amasyada 1918-20, 1920-30-cu illər Milli İstiqlal mücahidlərimizin məzarları haqqında da Doktor İbrahim Yıldırım zəngin məlumatları bizlərə çatdırır.

          
Uca Tanrının bəyəndiyi əməlləri, elmi, zəkası və şəfalı əlləri ilə bəşər övladının adına ucalıq gətirən, sağlam, nümunəvi həyat tərzi keçirən, ölkəmizin inkişafına sevinən, hər bir tərəqqidən qürur hissi keçirən, "Azərbaycan İsveç qədər zəngin, şahanə bir dövlət olacaq" deyərək bütün dünyanı Azərbaycanı, onun mədəniyyətini tanımağa, sevməyə çağıran professor İbrahim Yıldırım hazırda İstanbul Universiteti Sağlıq Bilimləri İnstitutu ilə Yedditəpə Universitetində müəllimlik edərək doktorantlara dərs verir, Cərrahpaşa tibb fakültəsində yaratdığı elmi qurumlarda çalışır, Plastik Cərrahiyyə Dərnəyi Namizədseçmə Kurulunun başqanı olaraq həm də özəl klinika və xəstəxanada fəaliyyətini davam etdirir. 

          

                  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər