Modern.az

AZAL Mətbuat Şurasının sədrinə cavab verə bilmir

AZAL Mətbuat Şurasının sədrinə cavab verə bilmir

15 Noyabr 2016, 12:55

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşovun Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) bələdçilərinin dövlət dilini bilməməsinə etirazı barədə xəbər vermişdik.

AZAL tərəfindən məsələ ilə bağlı Modern.az-ın sorğusu hələ də cavablandırılmasa da, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-deputat Sabir Rüstəmxanlı problemin təkcə bu qurumla məhdudlaşdırılacaq qədər kiçik olmadığını vurğulayıb: 

 

“Bir sıra sahələr var ki, orada öz mütəxəssislərimiz yoxdur və kənardan mütəxəssislər cəlb edilir. Görünür həmin mütəxəssislərin dil öyrənməsi zaman tələb edir. Azərbaycana aid olan hər yerdə dilimiz saf şəkildə işlədilməlidir. Əgər məsələ ilə bağlı hansısa məqam millət vəkilinin də diqqətini cəlb edibsə, buna yalnız sevinmək lazımdır.

Çünki hər bir azərbaycanlı öz dilini bilməli, öyrənməlidir. Bu təkcə AZAL-la məhdudlaşan problem deyil. AZAL-da bunun kiçik hissəsi yer alır. Onlarda  bələdçilər azərbaycanca, rusca və ingiliscə danışırlar. İldən-ilə danışıqların səviyyəsi nisbətən yaxşılaşır”.

 

S.Rüstəmxanlı Azərbaycanda yenidən Rusiya nostalgiyasının yaranmasından narahatlığını ifadə edib:

“Hazırda nazirliklərdə, Bakının küçə və bazarlarındakı insanlarda, ailələrdə az qala yenidən Rusiya nostolgiyası baş qaldırıb. Buna narahat olmaq lazımdır. Bir gün ictimai yerdə rusca danışan uşaqlara irad bildirəndə mənə maraqlı cavab verdilər. Onlar dedilər ki, “Sabir bəy, biz sizə irad tutmalıyıq ki, Bakıda bu qədər rusdilli məktəb niyə qalır?”. Hər sinifdə ən azı 30 uşağın və onlardan da yalnız 1-2 nəfərin kənar millətdən olduğunu nəzərə alsaq, qalanı azərbaycanlılardır. Biz ağlımız kəsəndən valideynlərimiz, uşaqları “məktəb yaxındır, yaxşı təhsil verirlər” deyə, ora göndərirlər.

Həqiqətən də əsas problem məktəb, təhsil məsələsidir. Qalan şeylərin hamısı bundan asılıdır. İndi onları deməkdənsə, zəhmət çəkib problemin kökünü və başlanğıcını axtarsınlar”.

Problemlə bağlı Modern.az-a danışan Əflatun Amaşov sərnişini olduğu AZAL təyyarəsində bələdçilərin Azərbaycan dilinə hörmətsizliklə yanaşıldığını bildirərkən, onlara “Bakı Metropoliteni”nin təcrübəsindən yararlanmağı məsləhət görüb.

 

 

 

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi