Modern.az

Fazil Mustafanın köməyinə Xudu Məmmədov çatıb - RUBRİKA    

Fazil Mustafanın köməyinə Xudu Məmmədov çatıb - RUBRİKA     

15 Noyabr 2016, 14:48

Siyasi partiyalar məqsədi, məramı, ideyası olanların toplaşdığı bir məkandır. İllərdir ki, cəmiyyətdə siyasi çəkiyə malik olanların siyasi iradə formalaşdırmağa çalışdıqları ortadadır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.

Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir. 

 

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?
 

Modern.az saytının partiyalarla bağlı növbəti  rubrikasında Böyük Quruluş Partiyasından danışacağıq. Beləliklə “...partiyamızdır” rubrikasında növbəti yazını təqdim edirik.

 

Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri Milli Məclisin deputatı Fazil Mustafadır.

 

“Əsgər olanda, partiya yaratmaq fikrində düşdüm”

 

Fazil Mustafa Böyük Quruluş Partiyasından danışarkən deyib ki, hərbi xidmət illərində partiya yaratmaq ideyası olub. 

 

“2003-cü ildə  hərbi xidmətdən yeni gəlmişdim. Hələ hərbi xidmətdə olarkən fikrimdə partiya yaratmaq ideyası vardı. O zaman vision olaraq yeni bir partiyanın yaranmasına ehtiyac olduğunu düşündüm. Dostlarla məsləhətləşdik. Partiyanın yaranması ilə bağlı daha çox rəhmətlik Xudu Məmmədovun “Quruluş” nəzəriyyəsinə əsaslanmağa üstünlük verdik. “Quruluş” nəzəriyyəsinə uyğun olaraq partiyanın adını Böyük Quruluş Partiyası qoyduq. 2003-cü ilin dekabrında partiyanın qurultayını keçirdik. Partiya rəsmi qeydiyyatdan 2005-c ildə keçdi”.

 

“Dostlar, sağ olsun!”

 

Partiya sədrinin  sözlərinə görə, siyasi təşkilata ad qoymaq qərarını təkbaşına baş verməmişdi.

“Artıq Xalq Cəbhəsi ilə bağlı dövr qapandığından, yeni bir dönəmin başlanacağına qərar vermişdim. Amma partiyaya ad qoymaq barədə konkret olaraq düşünməmişdim. Yaxın dostlarla birgə ideyaları, fikirləri müzakirə edərək partiyanı ərsəyə gətirdik. Partiya yaranan ərəfədə dost çevrəmiz geniş idi. Dostlar ideyamızı bəyəndilər. Partiyaya maliyyə yardımı ilə bağlı iş adamları bizə köməklik etdilər. Ona görə də partiyanı qura bildik. Təbii ki, partiya yarananda çətinlik vardı. Həm də siyasi baxımdan yeni partiyanın elan olunması da problem idi. Dostlarımız bizi darda qoymadılar”.

 

“Qadınlar partiyada azlıq təşkil edirdi”

 

Fazil Mustafa partiyaya üzvlük məsələsindən də danışıb.

 

“Partiyanı yaradanda ailədən heç bir problem olmadı. Hətta partiyanın yaradılmasına qohumları cəlb etmədim.
Partiyanın ilk üzvləri Xalq Cəbhəsində bizimlə birgə olan, Türkiyədə təhsil almış mütəxəssislər idi. Həm də bizim partiyaya üzv olanlar Xalq Cəbhəsinin iddiasından fərqli bir iddia gözləyən insanlar idi. Yeniləşmək, siyasi proseslərə fərqli baxış formalaşdırmaq istəyirdilər. Ona görə də bu kontingentdən olan insanlar partiyaya üzv olmağa maraqlı idi. Partiya yarandığı vaxtlarda xanımların sayı az oldu. Bir Mirvari Qəhrəmanlı və bir də bir neçə xanım vardı”.

Müsahibimiz deputat seçilməsinin partiya işinə mane olmadığını da deyib.

 

“Ümumiyyətlə, nəsə yaratmağa başlayanda kimsə mənə mane olmur. Ya yanımda, ya da qarşımda  olur. Ona görə də partiyanı yaradanda da kimsə mənə irad bildirmədi. Siyasətlə məşğul oluramsa, deməli, siyasi yeniliklər də edəcəm. Hər bir işi planlaşdırır, düşünərək addım atıram.

Həmçinin, 2005-ci ildə Milli Məclisə deputat seçildim. Həm parlamentdə, həm də beynəlxalq arenada partiyamız fəaliyyətini doğrultdu.

Deputat kimi fəaliyyət göstərmək, həm də partiyanı idarə etmək bir-birinə mane olmayıb. Əgər bir işə başlamısansa və öz gücünə inanırsansa, heç bir iş bir-birinə mane olmur. Bizim onlarla işimiz var. Bu gün istənilən sahədə həm tədqiqatla məşğuluq, həm çıxışlar edirik, həm də  mətbuata, sosial şəbəkəyə də vaxt tapırıq. Kitablarımızı buraxırıq. Bunların hamısını sevə-sevə edirik”.

 

Namidə BİNGÖL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir