Modern.az

Beynəlxalq SORĞU: Azərbaycanda korrupsiya azalıb

Beynəlxalq SORĞU: Azərbaycanda korrupsiya azalıb

16 Noyabr 2016, 09:20

“Şəffaflıq Azərbaycan” təşkilatı “Beynəlxalq Şəffaflıq” Korrupsiyaya qarşı Qlobal Koalisiya tərəfindən hazırlanmış 2016-cı il üçün Qlobal Korrupsiya Barometrini təqdim edib. Təşkilatdan Modern.az-a verilən məlumatda bildirilir ki, builki qlobal hesabat ayrı-ayrı regionlar üzrə buraxılışlar formasında nəşr olunub və Azərbaycana dair nəticələr Avropa və Mərkəzi Asiyada yerləşən 42 ölkənin 60000-dən çox sakininin rəyini özündə əks etdirən ümumi hesabata daxil edilib.

Azərbaycanda sorğuda iştirak etmiş şəxslərin sayı 1510 olub və sorğu 2016-cı ilin aprel-avqust aylarında keçirilib. Barometr dünyada sadə vətəndaşların korrupsiya haqqında rəy və təcrübələrini öyrənən yeganə sorğudur. Geniş ictimaiyyəti əhatə edən sorğu kimi Barometr ayrı-ayrı dövlətlərdə korrupsiyanın insanların həyatına təsirlərini və korrupsiyanın miqyasının azaldılması istiqamətində aparılan səylərə yerlərdə münasibəti qiymətləndirən göstəriciləri özündə ehtiva edir.

Ermənistan, Bosniya və Herseqovina, Litva, Moldova, Rusiya, Serbiya və Ukrayna korrupsiyanın səviyyəsinin ən yuxarı hesab olunduğu ölkələr sayılıb. Bu ölkələri vətəndaşları Qlobal Korrupsiya Barometri sorğusunda əks olunmuş əsas suallar üzrə mənfi qiymətləndirib. Sorğunun Azərbaycana aid nəticələri isə müəyyən əhəmiyyətli irəliləyişlərin olduğunu, bəzi sahələrdə isə problemlərin qaldığını göstərir.

Azərbaycanda korrupsiyanın səviyyəsi tədricən azalır. 2016-cı ildə bu qənaəti bölüşən respondentlərin sayı 45% olub. 2010-cu ildə respondentlərin 28%-i, 2013-cü ildə isə 41%-i eyni fikirdə olub.

Rüşvət verdiyini deyənlərin sayı da azalıb. Belə ki, 2010-cu ildə keçirilən sorğuda respondentlərin 47%-i rüşvət verdiyini demişdisə, 2016-cı ildə onların sayı 38%-ə enib. Bundan başqa, 2013-ci ildə keçirilmiş sorğunun nəticələri ilə müqayisədə bu il dövlət sektorunda korrupsiyanın ciddi problem olduğuna inananların sayı azalıb (2016-cı ildə 21%). İctimai xidmətlər ümumilikdə korrupsiyadan azad olmasa da, əvvəlki sorğuların nəticələri ilə müqayisə etdikdə aydın olur ki, polis və məhkəmə sistemində korrupsiyanın səviyyəsi daha aşağı qiymətləndirilib və ən az korrupsiyalaşmış sahə dövlət tərəfindən sənədlərin verilməsi  göstərilib.

Digər tərəfdən, əgər 2013-cü ildəki sorğunun nəticəsinə əsasən respondentlərin yarıdan çoxu hökumətin korrupsiyaya qarşı səylərini uğurlu hesab edirdisə, 2016-cı ildə bu göstərici hər dörd nəfərdən biri olub. Bununla belə, hökumətin anti-korrupsiya fəaliyyətini səmərəsiz hesab edənlərin sayı azlıq təşkil edib (15%) və respondentlərin yarıdan çoxu kifayət qədər məlumatlı olmadıqları üçün fikir yürütməkdə çətinlik çəkib.

Ümumilikdə, sorğunun nəticələri onu göstərir ki, Azərbaycanda korrupsiyanın səviyyəsi tədricən azalır və ən az korrupsiyalaşma dövlət sənədlərinin təqdim edilməsi sahəsində müşahidə olunur.
 

 

Sorğunun region üzrə əsas nəticələri

Sorğunun Azərbaycana aid nəticələri

Hər üç respondentdən biri korrupsiyanı öz ölkəsinin üzləşdiyi ən böyük problemlərdən biri hesab edir.

Azərbaycanda bu qənaəti bölüşənlər respondentlərin beşdə birini (21%) təşkil edir. Bununla belə, 2013-cü ilə nisbətən daha az sayda insan korrupsiyanı ciddi problem kimi vurğulayıb. Bununla bərabər, respondentlərin 59 %-i işsizliyi, 21 %-i təhsili, 9 % cinayəti, 8%-i ictimai səhiyyəni ölkənin qarşılaşdığı əsas problem kimi görürlər.

Vətəndaşların yarıdan çoxu (53%) hökumətlərinin korrupsiyaya qarşı apardığı mübarizəni səmərəsiz, 23%-i isə səmərəli hesab edir.

Region göstəricilərindən fərqli olaraq, Azərbaycanda sorğu iştirakçılarının 15%-i hökumətin korrupsiyaya qarşı göstərdiyi səyləri mənfi qiymətləndirib. Region ölkələrindəkilərlə eyni sayda (24%) respondent hökumətin anti-korrupsiya fəaliyyətini müsbət qiymətləndirib. Qeyd etmək lazımdır ki, respondentlərin 60%-i bu suala cavab vermək üçün kifayət qədər məlumata sahib olmayıblar. Müqayisə üçün 2013-cü ildə respondentlərin 68%-i, 2010-cu ildə isə 66%-i hökumətin bu sahədə fəaliyyətini müsbət hesab edib.

Siyasətçilər və vəzifəli şəxslərin korrupsiyalaşma səviyyəsi ən yuxarı hesab olunur. Hər üç sorğu iştirakçısından biri hesab edir ki, onların hamısı və ya çox hissəsi korrupsiyalaşıb (müvafiq olaraq 31% və 30%).

Regional nəticələrdən fərqli olaraq Azərbaycanda fikri öyrənilənlərin 11%-i vəzifəli şəxslər və siyasətçilərin korrupsiyalaşdığını bildiriblər. Bu sual Azərbaycanlı respondentlərin böyük hissəsi üçün çətinlik yaradıb, belə ki, respondentlərin təxminən yarısı suala cavab verməyib. Bununla belə, respondentlərin 21%-i polisi, 18%-i vergi və maliyyə orqanları əməkdaşlarını, 16%-i hakimləri və 14%-i yerli hakimiyyət orqanları əməkdaşlarını korrupsiyalaşmış hesab edir. Ötən ilki sorğularla müqayisədə bu sahədə irəliləyiş müşahidə olunur. 2010-cu ildə sorğu iştirakçıları polisdə korrupsiyanın səviyyəsini 3.6 balla, 2013-cü ildə isə 2.9 balla qiymətləndiriblər (5 ballıq şkala üzrə, 1 çox kiçik və 5 çox böyük problem). Əvvəlki sorğularda vergi və maliyyə orqanlarının, habelə yerli hakimiyyət orqanlarının əməkdaşları mümkün cavablar sırasında əks olunmasa da, məhkəmə sistemində korrupsiyanın səviyyəsi müvafiq olaraq 3.2 (2010-cu ildə) və 3.1 (2013-cü ildə) balla qiymətləndirilib (yuxarıdakı şkala üzrə).

Özəl sektorda korrupsiyalaşmanın səviyyəsi ilə bağlı ictimai rəy də birmənalı deyil. Avropa və Mərkəzi Asiyada vətəndaşların dörddə biri hesab edir ki, biznes rəhbərləri çox korrupsiyalaşıb (26%).

Azərbaycanlı respondentlərin 10%-i biznesləri korrupsiyalaşmış hesab edir ki, bu da əvvəlki illərlə müqayisədə irəliləyiş təşkil edir. Əvvəlki illərdə bizneslərdə korrupsiyanın səviyyəsi 2.6 bal (2010-cu il) və 2.8 balla (2013-cü il) qiymətləndirilib (yuxarıdakı şkala üzrə).

Bir çox insan (təxminən 60%) hesab edir ki, varlı şəxslər hökumətin qərarlarına kənar təsir göstərir və bunun qarşısını almaq üçün qaydalar daha ciddi olmalıdır.

Azərbaycanda respondentlərin yarıya yaxını (43%) fikirləşir ki, varlı şəxslərin hökumətin qərarlarına kənar təsiri mövcuddur.

Rüşvətxorluq hələ də problem olaraq qalır və region sakinləri arasında hər 6 ailədən 1-i rüşvət verdiyini qeyd edib. Bu əmsal MDB ölkələrində xüsusilə yüksəkdir. Belə ki, dövlət xidmətlərindən istifadə edən bölgə sakinlərinin üçdə biri (30%-i) ötən il rüşvət verdiyini deyib. Bu göstərici xüsusilə Tacikistanda yuxarıdır (50%).

Azərbaycanda dövlət xidməti istifadəçilərinin 38%-i rüşvət verdiyini deyib ki, bu da 2010 ilin göstəricisi (47%) ilə müqayisədə irəliləyiş deməkdir (2013-cü il üçün məlumat yoxdur).

Region üzrə orta hesabla respondentlərin 34%-i inanmır ki, sadə insanlar korrupsiyaya qarşı mübarizəyə töhfə verə bilər.

Azərbaycanda fikri öyrənilənlərin 23%-i sadə insanların korrupsiyaya qarşı mübarizəyə töhfə verə bilməməsi haqqında rəylə razılaşıb ki, bu da 2013-cü il üzrə 29%-lıq göstərici ilə müqayisədə aşağıdır.

Rüşvət vermiş hər 5 nəfərdən 1-i bu hadisə barədə məlumat verib. Bir çox insan ona görə korrupsiya halları haqqında məlumat vermir ki, onun mümkün fəsadlarından qorxur (30%). Bundan başqa, respondentlərin yarıdan bir qədər azı hesab edir ki, korrupsiya halları haqqında məlumat verilməsi cəmiyyət tərəfindən məqbul hesab olunur (38%).

Azərbaycanda rüşvət verdiyini deyənlərin sayı daha azdır: hər 10 nəfərdən 1-i rüşvət verdiyini bildirib (9%). Korrupsiya halları haqqında məlumat verilməsinin mümkün fəsadlarından qorxan Azərbaycanlı respondentlərin sayı isə 14%-dir. Sorğu iştirakçılarının 12%-i isə korrupsiya barədə məlumat verilməməsini onun sübut edilməsinin çətin olması ilə əlaqələndirib.

Region göstəricisi ilə eyni sayda insan korrupsiya haqqında məlumat verilməsinin cəmiyyət tərəfindən qəbul olunduğunu hesab edir (38%).

Sorğu iştirakçılarının müvafiq olaraq 18% və 20%-i korrupsiya halları haqqında məlumat verilməsini və rüşvət verməkdən imtina edilməsini korrupsiyaya qarşı mübarizədə ata biləcəkləri ən səmərəli addım hesab edirlər. Bununla belə, Avropa və Mərkəzi Asiyada fikri öyrənilənlərin 27%-i sadə insanların korrupsiyaya qarşı mübarizədə heç nə edə bilməyəcəyi fikri ilə barışıblar.

Əksinə, bəzi insanlar korrupsiyaya qarşı mübarizədə fərdi təşəbbüslərə üstünlük verir, ya proaktiv formada korrupsiya halları barədə məlumat verməyi (7%), ya da passiv formada rüşvət verməkdən imtina etməyi  (17%) sadə insanlar tərəfindən daha səmərəli mübarizə yolları hesab edir. Azərbaycanda petisiyaların imzalanması, anti-korrupsiya təşkilatlarının fəaliyyətinin dəstəklənməsi kimi kollektiv fəaliyyət növləri sadə vətəndaşlar üçün prioritet deyil. Region göstəricisilə müayisədə daha az sayda insan – respondentlərin 23%-i korrupsiyaya qarşı mübarizədə sadə insanların heç nə edə bilməyəcəyini qeyd edib.

 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir