Modern.az

3-5 manatlıq iddialar Ali Məhkəməyə necə gedib çıxır?

3-5 manatlıq iddialar Ali Məhkəməyə necə gedib çıxır?

Ölkə

16 Noyabr 2016, 12:54

“Bu gün məhkəmə sistemində əsas problem mülki işlərdə müşahidə olunur. Hakimlərin öhdəsindən gələ biləcəyi iş yükü ayda təxminən 25-30 işdən ibarətdir. Tək Bakı şəhərində bu rəqəm yüzlərlə ölçülür. Elə məhkəmələr də var ki, bu say yüzün üzərindədir”.

Modern.az-ın xəbərinə görə, bu barədə Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında bildirib.

Aparat rəhbəri parlamentdə “Məhkəmə-Hüquq Şurası haqqında, “Məhkəmələr və hakimlər haqqında” qanunlara təklif olunan dəyişiklərin müzakirə zamanı bildirib ki, hakimlərin sayı ən azı 3-4 dəfə artırılmalıdır:

“Deməli biz hakim ştatlarının sayını 3-4 dəfə artırmalıyıq. Məhkəmədə iş həcminin azalması üçün təhlillər apardıq. Məlum oldu ki, məhkəmədə hakimin iş yükünün təxminən 25 faizi icraata xitam verilməsi ilə bağlı olan işlərdir. Ali Məhkəmənin tövsiyəsinə əsasən, oktyabrın sonu Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi. Artıq icra işlərinə xitam verilməsi ilə bağlı səlahiyyətlər məhkəmələrdə hakimlərin deyil, icra xidmətlərinin üzərlərinə qoyuldu. Dəyişiklik qüvvəyə mindikdən sonra hakimlərin iş yükü təxminən 20-25 faiz azalacaq”.

Cavid Hüseynov bildirib ki, bu gün Azərbaycandakı məhkəmələrdə 3-5 manatlıq iddialar var:

 

“Bu gün 3-5 manatlıq iddialar Ali Məhkəməyə qədər gedib çıxır. Bununla da əsassız yerə yuxarı instansiyalı məhkəmələrin iş həcmi artmış olur. Məsələ ilə əlaqədar müəyyən təhlillər aparılır. Hakimlərin maaşı elə də çox deyil. Birinci instansiya məhkəməsinə ilk dəfə təyin edilən hakimin maaşı əlavə gəlirlərlə hesablasaq təxminən 1500 manata qədər təşkil edir. Bu da orta əmək haqqına nisbətdə aşağı rəqəm deyil. İş həcminin çoxluğu işlərə mənfi təsir götərir. Biz də bundan narazıyıq. Məhkəmə- Hüquq Şurasının intizam icraatı ilə bağlı çıxardığı 200-dən çox qərarın nəticəsi olaraq 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”.

 

Ağa Akifoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?