Modern.az

Musa Uruda TƏBRİZ MÜJDƏSİ

Musa Uruda TƏBRİZ MÜJDƏSİ

17 Noyabr 2016, 09:03

Bu günlərdə tanınmış şair –publisit, millət vəkili Musa Uruda  Güney Azərbaycandan xoş soraq  gəlib. 

 

Təbrizin “Həkim Nizami Gənceyi” nəşriyyatı  yaxın günlərdə  55 yaşı tamam olacaq   şairin ad gününə əsl hədiyyə olacaq bir addım atıb – şairin şeirləri əski əlifbada ana dilimizdə o taylı oxuculara çatdırılıb.

 

Kitabı çapa Təbrizdə türkcə kitablar yayımçısı kimi tanınan soydaşımız  Rəsul İsmailian hazırlayıb.

 

“Tənha ağac” adlanan kitabda şairin yaradıcılığından  seçmə  şeirlər yer almışdır. Tərtibatçı şeirləri kitabda üç bölmədə hazırlamışdır. 

Sevgi lirikası  “Bu eşqin yolunda ölməyə gəldik”, Vətən sevgisi, itirilmiş Zəngəzurun ağrısı hopmuş şeirlər “Tanrı dərgahına yaxındı dağlar”  və şair kimi taleyindən bəhs edən, müşahidələrinə işıq tutan şeirləri “Mübarəkdi qəmin yeri”  bölmələrində yerbəyer edilmişdir.

 

Kitabın üz qabığının tərtibatı Güney Azərbaycanda  şeir kitabları üçün xarakterik olan ənənəylə hazırlanıb. Üz qabığında başda gələn “şeir toplusu” yazısı oxucuya kitabın məzmunu haqqında informasiya verir.

 

Müəllif haqqında qısa bioqrafik məlumat kitabın üz qabığının 4-cü səhifəsində şəkliylə bir yerdə verilmişdir.

Bu gün öz ana dilində yazıb-oxumaqdan məhrum olan o taylı oxucuya canlı xalq danışıq dilindən bol-bol bəhrələnən, özünəməxsus obrazlı deyimlərlə zəngin olan və ən əsası istedadlı qələmlə yazılan belə kitabların  çatdırılması əsl fədakarlıqdır.

Oxucusuyla təmiz ana dilində danışan, fikri ifadə edərkən konteksdən kənar söz işlətməyən, analarımızdan gəlmə az sözlə çox məna vermək bacarığına nümunə ola biləcək şeirlərin yer aldığı kitabın o taylı şeir xridarlarına hədiyyə olacağına şübhəmiz yoxdur.

Şairin öz şeirindən çəkdiyimiz aşağıdakı misal bu kitab haqqında təəssüratı çox gözəl çatdırır:

 

Beş gün yaşa, yüz il ya da,

Bir gün ömür gedir bada.

Hər gedənin bu dünyada

Azdan-çoxdan qaları var.

 

“Tənha ağac” adlı qalarınız mübarəkdi, şair! Təbrik edirik!

 

 

 

İlham Qəhrəman

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir