Modern.az

Gəncə sakinləri nazir Azad Rəhimova müraciət etdilər: "Bizə kömək edin"

Gəncə sakinləri nazir Azad Rəhimova müraciət etdilər: "Bizə kömək edin"

2 Mart 2011, 18:42

Bir qrup Gəncə sakini gənclər və idman naziri Azad Rəhimova açıq məktub ünvanlayıb. Gəncə sakini Afiq Qasımov məktubun surətini Modern.az saytına da göndərib. Məktubda bildirilib:

Hörmətli Azad Rəhimov!

Bu yaxınlarda rəhbərlik etidiniz nazirlikdə ölkədə korrupsiya ilə mübarizəyə həsr olunmuş kollegiya iclasında qeyd etmisiniz ki, Olimpiya komplekslərində göstərilən xidmətlər pulsuz olmalıdır. Bu haqda mətbuat səhifələrindən məlumatımız oldu. Bu özlüyündə çox təqdirəlayiq haldır. Lakin regionlarda vəziyyət sizin mətbuata verdiyiniz açıqlamalar kimi deyil. Konkret olaraq Gəncədəki Olimpiya İdman Kompleksində. Bu idman kompleksində idman növləri üzrə məşğələlərin qiyməti bahadır. Misal üçün, Gəncədəki idman kompleksində üzgüçülüklə məşğul olmaq istəyən vətəndaşlar 50-65 manat arası pul ödəmlidirlər. Bu halda hansı korrupsiyaya qarşı mübarizə tədbirlərindən danışmaq olar. Kompleksə rəhbərlik edən Sahib Rzayevə bu haqda vətəndaşlar tərəfindən dəfələrə irad tutulub ki, idmanla məşğul olmaq üçün belə məbləğin ödənilməsi hamı üçün real deyil. Vətəndaşlar tərəfindən təklif olunub ki, qiymətlər endirilsin, amma Sahib Rzayev bütün bu təklif və iradları qulaqardına vuraraq “işinə davam edib. Cənab Rzayev həmişə əsas gətirir ki, Gəncə Olimpiya İdman Kompleksi təsərrüfat hesablıdır və qiymətləri özü necə istəyir elə də təyin edir. Kompleksin təsərrüfat hesablı olması heç bir əsas vermir ki, Sahib Razyev ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən istifadə edib, belə baha qiymətlər qoysun, bununla da orta təminatı ailələrin övladlarının idmanla məşğul olmaqdan məhrum etsin. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ölkədə aparılan idman siyasətinə kölgə salmaq korrupsiya deyil? Vəzifəsindən istifadə edərək səlahiyyətlərini aşmaq korrupsiya deyil?

Ölkə prezidenti İlham Əliyev də dəfələrcə bəyan edib ki, Azərbaycan idman ölkəsidir və vətəndaşların, xüsusi ilə də gənclərin idmanla məşğul olması üçün ölkədə hər bir şərait yaradılıb və bu işlər indi də davam edir. Bu halda sual edirik, niyə biz bu yaradılan şəraitdən yararlana bilmirik? Niyə bu cür təşkilatlar hansısa şəxslərin pul mənbəyinə çevrilməlidir? Niyə bəzi rəhbərlər bu cür addımlarıyla aparılan işlərə kölgə salır və vətəndaşlarla hakimiyyət arasında inamsızlıq yaradırlar?

İndi Gəncə Olimpiya İdman Kompleksi ayda minlərcə manat pul gətirməsinə baxmayaraq baxımsızlıqdan əziyyət çəkir. Kompkleks ötən il fasad hissəsi təmir olunub. Lakin içərisindən deyəsən çoxlarının xəbəri yoxdur. Binanın içərisində istilik sistemləri indiyəcən bir dəfə də olsun qurulmayıb, tualet və duşlar işləmir, binaya daxil olanda tualetdən gələn qoxudan durmaq olmur. Duşxanalar çirkab içərisindədir. Natəmizlik baş alıb gedir. Bu hallarla bağlı S.Rzayevə irad bildirəndə, onun cavabı bir olur:

“Bura mənimdir! Prezident buranı mənə verib, xoşunuz gəlir gəlin, gəlmirsə özünüz bilin. Qiymətlər belədir.”

Bəyəm, prezident kompleksi S.Rzayevə hədiyyə edib?! Biz inanırıq ki, bu belə deyil. Qeyd etməliyik ki, belə yanaşma cənab prezident İlham Əliyevin sadəcə vətəndaşlar arasında nüfuzuna xələl gətirir. Əgər korrupsiya halları ilə mübarizədə belə maraqlısınızsa, Sizdən xahiş edirik ki, Gəncə Olimpiya İdman Kompleksinə nümayəndər göndərəsiniz və nümayəndələr həqiqəti əks etdirən araşdırmalar apararaq lazımi tədbirlər görsün. O zaman söylənilənlər də sübut olunmuş olar.

Cənab nazir, biz Gəncə sakinləri inanırıq ki, qeyd etdiyimiz faktlar üzrə həqiqi araşdırmalar aparılacaq və tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan idman ölkəsidir. Bizim övladlarımızın idmanla məşğul olmasını heç bir rəhbər şəxs məhdudlaşdırmamalıdır. Ölkənin ikinci şəhərində hansısa idman növü ilə məşğul olmaq üçün yaşayış minimumuna yaxın bir məbləğdə pul ödəmək absurd görsənir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir