Modern.az

İlahi, sən bizim milləti qiyamət gününündən azad elə

İlahi, sən bizim milləti qiyamət gününündən azad elə

17 Noyabr 2016, 15:14

Emin Akif


"Gəlin mənim də soyuducuma baxın, kitab oxuyanın da" demişdi əjdaha manıs Nadir Qafarzadə. Adam haqqlıdır. Bu xalqın beyninə gedən yol mədəsindən keçir. Elə bir şəraitdə yaşayırıq ki, şair və yaxud yazıçı illərdir əmək verdiyi yazıları çap etdirmək üçün cibindən ən azı 500 manat xərc çəkməlidir. Sonra kitabın reklamı ilə də özü məşğul olmalıdır. Sonra özü təqdimatın təşkilat işlərini aparmalı, sonra kitabının satılmasını təşkil etmək üçün şəhərin canına düşüb dükan-dukan gəzməli, kitabını satışa qoydurmalıdır. Elə bilirsiniz asandır?

Mən də kitab çap etdirmişdim. Kitabımı şəhərin məşhur mağazalarından birinə satışa qoydurmaq istədim. Girdim dükana və rəhbərliyə baş vurdum. Başımın ağrısı hələ də getmir. Adam mənə deyir ki, şeir kitbları satılmır, satılan ancaq dedektiv və serial tipli kitablardır. Siz niyə dedektiv yazmırsınız? Əlim başımda qaldı. Birtəhər razılaşdıq və cəmi 5 kitabımı götürəsi oldular. Çıxanda dedim ki, bəy, narahat olma, ikinci kitabda dedektiv şeirlər olacaq. Üstəlik də kitabın satışından 30-40 faiz gəlir güdürlər.


Bir mənbədən oxumuşdum ki, Misir kimi ölkədə yazar kitab çıxardırsa onun çapını, reklamını və digər məsələlərini dövlət təşkil edir və yazara kifayət qədər qonorar verir. Niyə biz bütün bu məsələləri özümüz həll etməliyik? Və niyə kitabımızın bütün bu işlərini özümüz həll edib özümüzü alçaltmalıyıq? Çünki, bu cəmiyyətdə kitab alıcısının sayı heç 5000-i keçmir.

Nə qədər ki, cəmiyyət kitaba, savada, elmə yox manıslara üstünlük verəcək, bu cəmiyyət bir o qədər həmin əməlindən əziyyət çəkəcək. Məsələn, yadıma düşübsə yazım, keçən il vəfat edən bir dostum yadıma düşdü. Əsgərlikdən təzəcə qayıdan dostumun boğazında "angina" əmələ gəlmişdi. Əməliyyat zamanı həkim keyidici iynəni birbaşa beyinə gedən damarlardan birinə vurmuşdu. Dostum 12 gün komada yatdı və dünyasını dəyişdi. Daha bir dostumun bacısı boğazından şikayətlənirdi. Buradakı həkimlər "xərçəng" diaqnozu qoymuşdu. Bunu eşidən nişanlısı evlənməkdən imtina eləmişdi. Sonra qızı İrana apardılar, məlum oldu ki, boğazında zob var imiş. Bakıya qayıdanda oğlan xəbər tutub qızla evlənəcəyini demişdi... Ki, bu dəfə də qız hamamda dəm qazından boğulub dünyasını dəyişdi.

Həə, siz də başlamısınız ki, oğlum həkim olacaq. Tibb Universitetində oxuyan ən savadsız adamları təcili yardıma işə götürürlər, hələ guya ən savadlısı da yuxarıdakı həkimlərdir. Mövzunun neqativliyini hiss eləyib bir az başqa yönə qaçıram. Əgər Aqil Abbas vəziyyətdən çıxış yolu kimi soğan əkməyi göstərirsə, bir başqası müəllimə işdən sonra daş daşımağı məsləhət görürsə, bunun birbaşa günahı özümüzdədir.

Şəhərin gecəqondular olan qəsəbəsində yaşayıram. A kişi, hamı ya “Mersedes” sürür, ya da bahalı “Cip”. Di gəl ki, borca görə işığını kəsirlər, qonşusundan borc istəyir. Hamı serial qəhrəmanı, şou-biznes adamı kimi görünməyə çalışır. Adi günlərdə “Vest” siqareti çəkən adam, toya “Marlborro” alıb gedir. Həəə, bax, bu məqamda Azerbaycan xalqı "Range Rover" sürəndə “Tom and Jerry” multfilmindəki duruma düşür, onlar da evdə lüt gəzib, çimərlikdə şortik geyinirdilər.


Ümumiyyətlə, Azərbaycanda Tibb Universiteti deyəndə gənclərin beynində ancaq qəşəng qızları olan yer, həmin qəşəng qızların beynində isə gələcəkdə lüks həyat canlanır.

Üç minlik mərmər daşından məzar düzəldən də bizik, pirlərə pənah gətirən də, rüşvətlə uşaq oxutduran da. Və belə olan halda bir Aqil Abbas bu yandan qalxıb deyəcək ki, gedin soğan əkin. Biz tarix yazırıq, tarix isə dəqiq elm deyil. Bütün günahları özünüzdə axtarın, ziyalı adamlardan eşitdiyiniz çıxış yollarından tutmuş, rüşvətlə həkimlik oxutduğunuz uşaqlarınıza qədər baxın. Özünüzü görəcəksiniz.


Mənə nə Trampın seçilməyi, nə Türkiyədə gedən proseslər önəmlidirl. Məncə, sizə də ən vacib məslə cəmiyyətinizdə baş verən proseslər olmalıdır. Məsələn, bir neçə gün öncə Əhəd Abıyev erməni bayrağı ilə rənglənmiş şiferi qırmaqla gündəmə gəlmişdi. Qırıb, lap ecəb eləyib. Əhəd müəllim açıqlamasında deyir: “Sındırılan Ermənistan bayrağını Kolumbiya bayrağı kimi təqdim edənlər erməni dəyirmanına su tökürlər.
Bu insanlara görə işğal olunmuş ərazilərimizi azad edə bilmirik. Kolumbiya bayrağı ilə Ermənistan bayrağını necə səhv salmaq olar?! Sadəcə, Ermənistan bayrağı tərs tutulub. Məncə, düz ediblər. Həmin bayrağı əks etdirən lövhəni hərbçilər ayaq altına atıb, qıracaqdılar. Dedim, “saxlayın, özüm qırım”. Elə bir yumruqla lövhəni sındırdım. Özüm Qarabağ veteranıyam, o bayrağı qıranda ermənilərin vəhişiklikləri gözüm önünə gəldi. Doğrudur, barmaqlarım sınıb, rentgendən keçdim. Amma ciddi bir şey yoxdur”.

 

Məsələ burasındadır ki, Kolumbiya və Ermənistan bayraqlarında əks olunan 3 rəng təxminən eynidir. Sadəcə, Kolumbiya bayrağında tünd sarı rəng üstdə və digər rənglərə nisbətən iki dəfə böyükdür. Ermənistan bayrağında isə sözügedən rəng aşağıdadır və digər iki rənglə eyni ölçüdədir. Əhəd Abıyevin sındırdığı şiferdəki rəng zolaqlarınnı ölçüsü isə eynidir. Sadəcə, şifer tərsinə tutulub, bu isə yanlış olaraq Kolumbiya bayrağı assosiasiyasını yaradıb. Halbuki,  Kolumbiya bayrağında sarı rəng bayrağın yarısını tutur. Nə isə. Hələ dünən serialların birində qız sevgilisiylə şam yeməyinə Üzeyiri sürpriz eləyir, özü də hörmətli sənətkar adıyla, o da gəlib 5 dəqiqə gücənib gedir. Hələ Zaurla Xoşqədəm də "əməkdar jurnalist" adı alıblar. Sağlıqlarına qismət.  O gün olsun "xalq artisti" adı alsınlar.


İlahi, sən bizim milləti qiyamət günü bütün cəzalardan azad elə, onsuz da bəlamızı artıqlamasıyla vermisən.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi