Modern.az

Deputatlardan ETİRAZ: “Yenidən işləyib göndərsinlər”

Deputatlardan ETİRAZ: “Yenidən işləyib göndərsinlər”

17 Noyabr 2016, 15:28

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik deputatlar arasında ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olub.

 

Modern.az-ın xəbərinə görə, qanuna təklif edilən dəyişiklik “Daşınar əmlakın ipotekasının dövlət qeydiyyatına alınması” ilə bağlı yeni rüsum növünün tətbiqi ilə əlaqədardır. “Daşınar əmlak” ın nə demək olduğu isə layihədə açıqlanmayıb və millət vəkilləri buna etiraz edib.

Deputat Vahid Əhmədov “Daşınar əmlakın ipoteka məqsədilə dövlət qeydiyyatına qoyulması” anlayışının nə demək olduğunu anlamadığını bildirib:

 

“Daşınar əmlak nədir? İpoteka Fondu olanda daşınmaz əmlak sözü var idi. İndi bu daşınar əmlak sözünü kim fikirləşib ortaya atıb, bunu araşdırmaq lazımdır. Bunun arxasında nə olduğunu bilmək lazımdır. Daşınar əmlakın böyük siyahısı var. Sabah biri gətirib üzük qoyacaq. Lombardları necə biabrıçı vəziyyətə döndəriblər. İpotekanı da biabırçı vəziyyətə döndərəcəklər. Bu məsələni mütləq araşdırmaq lazımdır”.

 

Komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, Vahid Əhmədovun dediklərində böyük həqiqət var: “Biz dünən də bunu iki saat araşdırdıq. Bir konkret nəticəyə gələ bilmədik. Məsələn, miqyası balaca olan çox böyük əşyalar var. Bir rəsm əsərinin ola bilər ki, auksionda milyonlarla dəyəri olsun”.

 

Deputat İlham Əliyevin sözlərinə görə, ipoteka odur ki, insanlar yaşayış şəraitini düzəltmək üçün imkanı olmayanda dövlət tərəfindən pul götürür və o pul evi tikənə ödənilir:

“Vətəndaş da o evdə yaşaya-yaşaya pulu dövlətə qaytarır. Əgər mağazaya bahalı bir rəsm əsəri satılırsa, o əsəri almaq üçün gedib dövlətdən xahiş edəcəm ki, onun pulunu ödəsin, sonra mən yavaş- yavaş qaytarım?! Nə olar ki bir dəfə bunu qanunvericilik təşəbbüsü ilə çıxış edən tərəfə qaytaraq ki, normal işləyib göndərsinlər”.

 

Deputat Cavid Qurbanov da həmkarlarının fikirlərini dəstəkləyərək bildirdi ki, qanunvericilik təşəbbüsü ilə çıxış edən qurum qarşısında “ daşınar əmlak” ın konkret siyahısının müəyyənləşdirilməsini təklif etmək lazımdır:

“Qoy siyahı hazırlasınlar ondan sonra baxaq”.

Qanun layihəsinə təklif edilən dəyişiklik müzakirələrdən sonra gündəlikdən çıxarılıb və qanunvericilik təşəbbüsü subyektinə yenidən araşdırılması üçün göndərilib.

 

Dəyişikliklə, 2.0.10-2. maddənin (daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı ilə bağlı maddə) əlavəsi nəzərdə tutulub. Layihədə daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun məbləği 10 manat təşkil edəcək. 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir