Modern.az

Mənim Universitetim!!!

Mənim Universitetim!!!

3 Mart 2011, 10:52

ADU-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaranmasının ikici il dönümü münasibətilə tələbələr arasında inşa yazı müsabiqəsi kecirilib. “Mənim Universitetim” və “Bu günün tələbələri sabahın...” mövzüsunda təşkil olunan müsabiqənin qaliblərini universitet rəhbərliyi mükafatlandırıb. Fransız dili fakültəsinin tələbəsi Mədinə Novruzova “Mənim universitetim” mövzusu üzrə yazdığı yazı ilə 1-ci yerə layiq görülüb. Modern.az həmin yazını oxucularına təqdim edir. 

Mənim Universitetim!!!


Mənim Universitetim!!! - bu ilk baxışdan yalnız bilik və sənəd verdiyini düşündüyümüz sözün çətiri altında yenicə məktəbi bitirmiş şagirdlərin gələcək peşələrinə ilk addımları və formalaşmaqda olan individual olaraq hər bir insanın  şəxsiyyətinə müsbət təsirin sirləri gizlənir.

Tələbəlik illərində, universitetimizdə faydalı keçirdiyimiz hər bir gün parlaq gələcəyimizin zəmanətinə çevrilir. Burada biz bilik, savad, dost, dünyagörüşü və təcrübə qazanaraq özümüzdən daha əmin şəkildə gələcəyə doğru yönəlirik. Bu gələcəyin daha zəmanətli olmasına isə Universitetimiz bizə hərtərəfli yardımçı olur. Axı doğurdan da, həyatda iş fəaliyyətində uğur qazanmış hər bir insanın təhsil aldığı ocağına nəzər saldıqda Universitetin yüksək rolunu dərhal görmək mümkündür.

Fərqli ölkələr, fərqli dillər, fərqli mədəniyyətləri tanımaq və bildiklərin ilə öz dilini öz mədəniyyətini təqdim etmək - daha gözəl nə ola bilər ki? Bundan əlavə, mədəniyyətini və ölkəni qarşı tərəfin bildiyi dildə anlatmağı bacarmaq qabiliyyətin isə ayrı bir təsir gücü vardır. Bu bacarığı və qabiliyyəti bizə Universitetimizdə öyrədirlər. Burda biz aidiyyatı ölkələrin dilləri ilə yanaşı onların mədəniyyətini, ədəbiyyatını öyrənirik ki, dilini keçdiyimiz ölkəni daha yaxından tanıyaq.

Bir və ya bir neçə xarici dilli bilmək gözəldir, yalnız öz dilinin dərinliyini, öz mədəniyyətinin incəliyini, tarix və ədəbiyyatının zənginliyini ətraflı öyrənib və bilməsi hər bir insan üçün vacibdir. Təhsil aldığım Universitetdə yaradılmış və tətbiq olunan sistem özü qeyd olunan biliklərin artırılmasına şərait yaradır.

Filologiya fakültəsində təhsil alıram. Universiteti bitirdikdən sonra müəllim olmaq istəyirəm. Burada öyrəndiklərimi gələcəkdə bacardığım qədər tələbələrimə öyrətməyə çalışacağam. Tələbəsi olduğum bu Universitetlə fəxr hissini tələbələrimin də duymasını istəyirəm.

Yaxşı dilçi -müəllim, istər qrammatika, istər fonetika, istər leksika, dilin tarixi, dərs demə metodikası və praktikasını yaxşı bilməlidir ki, gələcəkdə öz tələbələrinin də hər tərəfli olmasını təmin etsin. Bizim Universitetdə mövcud proqramın məhz bütün bu aspektlərin nəzərə alınması ilə hazırlandığının burada oxuduqca şahidi oluram.

Dərslərə və imtahanlara hazırlıq həyəcanları, imtahanlarda uğur, artıq bir ailəyə çevrilmiş müəllim və tələbələr. Bu hisslər əbədi olaraq bizim yaddaşımızda qalacaqdır.

Müəllimlərimiz kursdan kursa, semestrdən semestrə dəyişir. Hər birinin üzərimizdə əziyyəti var, bilik və bacarığımızın artmasında böyük və danılmaz rol oynayırlar. Hər dəfə müəllimlərimiz ilə üz üzə gəldikdə minnətdarlıq və sevinc hissi qəlbimizdə oyanır. Maraqlısı isə odur ki, gün artdıqca, ay  keçdikcə bu hisslər daha da böyüyür. Valideynlərimizdən isə eşidirik ki, bu hisslər hətta on il, iyirmi il sonra belə dəyişmir və ötən illər nəyi isə unutdurursa belə Universiteti, tələbəlik illərini unutdurmur.

Müasir dünyada peşəkar xarici dil müəllimi, savadlı tərcüməçi, güclü dilçi, xarici ölkədə yüksək savadı, biliyi ilə fərqlənən mütəxəssislərin olması hər bir ölkə üçün vacib məqamlardan biridir. Mənim Universitetim məhz bu sahələr üzrə mütəxəssislər yetişdirir.

Beynəlxalq aləmdə artıq öz sözünü demiş Azərbaycanın peşəkarlığı, müasir təhsil sistemi olan, biliyə və savada yüksək qiymət verən bir Universitetin tələbəsi olduğum üçün özümü şanslı hiss edirəm.

Gün gələcək məzun olacağıq, hamı öz həyatına ayrı-ayrılığında davam edəcək, lakin həyatımızda elə bir məqamlar olacaqdır ki, qürur hissi ilə qəlbimizdə yaşatdığımız daim yadımıza salacağım MƏNİM UNİVERSİTETİM sözünü mütləq işlədəcəyik. О zaman isə bu sözün nə qədər əziz olduğu daha yaxşı dərk edəcəyik. MƏNİM XARİCİ DİLLƏR UNİVERSİTETİM ifadəsi şəxsən mənim üçün hər bir zaman doğma olacaq.

Mədinə Novruzova
ADU-nun tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?