Modern.az

“Müxalifəti bir araya gətirməyə çalışırıq”

“Müxalifəti bir araya gətirməyə çalışırıq”

18 Noyabr 2016, 12:38

“1988-c ildə Azadlıq meydanındakı birlik ruhu bu gün yenidən insanları bir araya yığa bilər. Dünənki tədbirdə onu bir daha hiss etdim”.

Bu sözləri Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı dünən VHP qərargahında Azərbaycanda milli azadlıq hərəkatının başlanması günü kimi tarixə düşən 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı tədbirdən danışaraq bildirib ki, əvvəlcədən planlaşdırılan kimi tədbirə heç də hamı qatılmayıb:

“Dünən bir bayram idi. 28 illik meydan hərəkatının, epopeyasının bayram edirdik. Buna görə də təşkilat komitəsi hazırlanmışdı. Adlar əvvəlcədən açıqlanmadığı üçün bir qeyri-müəyyənlik var idi.  

Bəzi dostlar və yoldaşlar da bunu bilmədiklərinə, ya da təşkilat komitəsi haqqında yanlış məlumat aldıqlarına görə gəlmədilər.

Dəvət etdiyimiz insanların böyük əksəriyyəti tədbirə qatıldı. Hesab edirəm ki, biz təşkilat komitəsini əvvəldən açıqlasaydıq, tələsmədən dəvət edəcəyimiz şəxslərin adlarını daha da dəqiqləşdirsəydik gəlməyən dostlarımız da tədbirə qatılardırlar”.

Xalq şairi söyləyib ki, dünənki tədbirdə əslində müxalifət partiyalarının hamısı həmrəylik göstərdi:

“Milli Azadlıq Hərəkatı ilə bağlı bu gün insanlarda heç bir tərəddüdlər yoxdur. Çünki həmin günlər xalqın taleyində böyük bir hadisə olduğunu hamı bilir.

Tədbirdə bir-iki çıxışçı istisna olmaqla hamı əslində milli birlikdən və hadisənin tarixi əhəmiyyətindən danışdılar. Hamı da yekdilliklə dedi ki, əslində bizi ayıran məsələlər xırda məsələlərdir.

Müxtəlif siyasi partiyalara dağılmış adamların ölkənin milli və müdafiə məsələlərində bir araya gəlmək şansı yenə də var, bu şans hələ də qalır. Ümidsiz olmaq lazım deyil. Mən özüm də dünən bu şansın qaldığını hiss etdi və çox sevindim.

Həqiqətən də qürur hissi keçirdim ki, uzun illər bir-birindən uzaq düşmüş insanlar yenidən bir araya gələ bildilər. Bizim əsas işimiz milli birlik və vətəndaş həmrəyliyidir”.

Sabir Rüstəmxanlı sədri olduğu partiyanın hər zaman müxalifəti bir araya gətirməyə və birləşdirməyə hazır olduğunu bildirib:

“Sevinirəm ki, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bütün düşərgələrdən olan siyasi partiyalarla isti və xoş münasibətini qoruyub saxlaya bilib. Parçalanmış müxalifətin bir araya gəlməsi və sona kimi bir yerdə olması müəyyən problemlərlə bağlıdır. Əslində parçalanmış müxalifətdə bu gün əsas problemlər şəxslərin münasibətləri ilə bağlıdır.

Amma bizim tədbirlərimizə gəlirlər. İndiki vəziyyətdə parçalanmış müxalifəti barışdırmaq missiyasını üzərimizə götürmürük. Amma lazımdırsa, birləşmək missiyasını yox, hamı ilə bir yerdə olmaq, sözümüz keçən adamları hər zaman bir araya yığmaq missiyasını daşımağa hər zaman hazırıq”.

Xatırladaq ki, dünən VHP qərargahında Azərbaycanda milli azadlıq hərəkatının başlanması günü kimi tarixə düşən 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə ölkənin tanınmış simaları, partiya liderləri, meydan hərəkatının öncül simaları və Türkiyədən gələn qonaqlar iştirak edib.

 

Ağa AKİFOĞLU

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?