Modern.az

Mübariz Əhmədoğlu da "inqilab sunamisi"ndən danışdı

Mübariz Əhmədoğlu da "inqilab sunamisi"ndən danışdı

Təhsil

3 Mart 2011, 15:15

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) fevral ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ərəb ölkələrində baş verən inqilablardan danışıb.

M.Əhmədoğlu bildirib ki, Şimali Afrikada baş verən inqilabi dəyişikliklər Qərbin və ABŞ-ın maraqlarına tamamilə cavab verir. Onun sözlərinə görə, ərəb ölkələrində bir-birinin ardınca xalq hərəkatlarının başlanmasında İranın Livandakı fəaliyyətinin də müəyyən təsiri var: “İranın Hizbullahı yaratması, regionda sürətlə aktivləşməsi proseslərin dinamikasını artırdı. İranla Misir həmişə ciddi rəqib olublar. Ərəb ölkələrində baş verən inqilablar İrana öz təsirini göstərəcəkdir. Hazırda hadisələr İrana doğru istiqamətlənib. İnqilabın növbəti ünvanının İran olacağı istisna deyildir”.

Politoloq İranın antiazərbaycan fəaliyyətini ötən ay da davam etdirdiyini deyib. SİTM sədri bildirib ki, Dağlıq Qarabağın 20 ilə yaxın bir müddət ərzində işğal altında qalmasına görə əsas məsuliyyəti İran daşıyır. M.Əhmədoğlu yenidən diqqəti Şuşanın işğalına yönəldib. Onun fikrincə, Şuşa İranın vasitəçilik missiyasının qurbanı olub:
“İranın DQ məsələsində özünün müstəsna keyfiyyətlərini nümayiş etdirməməsinin də, onun ermənipərəstliyinin də səbəbi yalnız antiazərbaycançılıqdadır. İran-Azərbaycan qarşıdurması əbədi qarşıdurmadır. Hər iki dövlət mövcud olduqca bu qarşıdurma davam edəcək. Amma bu qarşıdurma zaman-zaman hər iki dövlətin ölçülərini dəyişmişdir. İndi, görünür, ölçülərin bizim xeyrimizə dəyişməsinin vaxtıdır. Çünki Azərbaycan Respublikası müstəqilliyini 20 il  bundan əvvəl əldə etsə də, iqtisadi inkişafa cəmi 10 il bundan qabaq başlayıb. 10 il ərzində AR mühüm iqtisadi parametrlərinə, o cümlədən adambaşına düşən ÜDM-ə görə İrana çatıb”.

SİTM sədri vurğulayıb ki, İranın antiazərbaycan siyasətindən ən çox bu dövlətin özü zərər görəcək: “Biz İrandan qətiyyən qorxmuruq. İranın qarşısında dayanmağa Azərbaycanın kifayət qədər resursu var”.

Sonda M.Əhmədoğlu Ermənistanın güzəşt limitinin bitdiyini deyib. Ermənistanın bütün parametrlərə görə Azərbaycandan geri qaldığını xatırladan politoloq müharibənin başlayacağı təqdirdə, bu ölkənin məğlubiyyətinin qaçılmaz olduğunu bildirib. Onun qənaətinə görə, Ermənistan regionda ikili siyasət aparmaqla özünü daha çətin vəziyyətdə qoyub: “Ermənistan Çini regiona gətirmək istəyir. Bu isə həm Rusiyanın, həm də Türkiyənin maraqlarına ziddir. Ermənistanın xarici siyasətində dostluq, müttəfiqlik, səmimiyyət həmişə arxa planda olmuşdur. Ermənistanın yeganə məqsədi regiondakı münaqişə ocaqlarını yenidən alovlandırmaq, bundan mənfəət götürməkdir. Bu, erməni xislətindən irəli gəlir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır