Modern.az

"Azərbaycanda qurbağa biznesi uğur qazanmayacaq - Fransa istehlakçıları aldadılır"

"Azərbaycanda qurbağa biznesi uğur qazanmayacaq - Fransa istehlakçıları aldadılır"

İqtisadiyyat

21 Noyabr 2016, 10:29

“Qurbağa əti Azərbaycan mətbəxinə aid bir şey deyil. Çox təəssüf ki, Azərbaycanda bəzi restoranlarda müxtəlif insanların qurbağa ətini yeyib ondan ləzzət almasını görürük. Bu, sadəcə olaraq səhvdir”.

 

Bunu Modern.az saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

 

Ekspert Azərbaycandan Fransaya qurbağa əti ixrac edilməsinin altında müəmmalı məqamlar dayandığını da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycandan aparılan qurbağaları Fransada yetişdirmək çox asandır. Ancaq paradoks ondan ibarətdir ki, bu qurbağa ətləri Azərbaycandan Fransaya gedir.

 

“Bu onu göstərir ki, Azərbaycandan Fransaya qurbağa ixrac olunmasında müəmmalı nüanslar var. Necə ola bilir ki, Fransanın özündə yetişdirilə bilən şey, Azərbaycandan aparılır?!”-deyə o əlavə edib.

E. Hüseynov qeyd edib ki, bu biznes qətiyyən müvəffəqiyyət qazanmayacaq.

 

“Bir daha deyirəm. Bunun səbəbi odur ki, bizdən ixrac olunan qurbağanın özünü Fransada yetişdirmək olur. Bizdə yetişdirilib xaricə göndərilməsi isə suallar doğurur.

Azərbaycandan aparılan qurbağa əti Fransa üçün çox da yararlı deyil. Bu, Fransa istehlakçısının aldadılması ilə nəticələnə bilər. Ola bilər ki, bizdəkilərin tərkibində baytarlıq dərmanlarının dozası çox olsun. Qurbağa əti biznesi Azərbaycan iqtisadiyyatının üzünü ağ edən bir şey deyil”.

 

Qeyd edək ki, Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb.

Qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir. Burada bataqlıqda olan qurbağa ətləri yığılmır. Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsi bəyan edib ki, burada xüsusi bəslənmiş, qida üçün nəzərdə tutulmuş məhsullar yetişdirilir və bu məhsullar müasir standartlara cavab verir.

Salyanda qurbağa ferması “Azərifrog” MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə yaradılıb, 2016-ci ilin yayından isə fəaliyyətə başlayıb.

Sözügedən şirkətin rəhbəri uzun müddət Fransada yaşayan Rauf Hüseynzadədir.

 

Aqşin KƏRİMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?