Modern.az

Milli Məclisdə real müxalifət varmı? (Parlament jurnalistləri cavab verir)

Milli Məclisdə real müxalifət varmı? (Parlament jurnalistləri cavab verir)

3 Mart 2011, 16:41


2010-ci ilin 7 noyabr seçkiləri nəticəsində Müsavat, AXCP, ADP, AMİP kimi ənənəvi müxalifər partiyaları Milli Məclisdən kənarda qaldı. İqtidar bunu radikal müxalifət adlandırdığı həmin siyasi partiyaların mövqelərinin zəifləməsi kimi qiymətləndirir, müxalifət isə hakimiyyətin seçkilərdə total saxtakarlıq etdiyini bildirir. Bununla yanaşı, hakimiyyət parlamentdə konstruktiv müxalifətin təmsil olunduğunu qeyd edərək BAXCP, VHP, Ümid, Böyük Quruluş partiyalarını buna misal göstərir. Cəmiyyətdə də məsələyə fərqli yanaşma var. Bəs Milli Məclisin işini müşahidə edən parlament jurnalistlərinin fikrincə, Azərbaycanın qanunverici orqanında real müxalifət təmsil olunurmu?

Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bu sualımızı belə cavablandırıb.
“Bu məsələ ilə bağlı martın 2-də iştirak etdiyim tədbirdə baş nazirin müavini Əli Həsənov bir fikir səsləndirdi ki, Azərbaycan cəmiyyətində müxalifət yoxdur, amma olması lazımdır. Redaksiyada söhbət düşəndə də deyirəm ki, uşaqlar, müxalifət yoxdursa, mətbuat da yavaş-yavaş sıradan çıxacaq. Çünki doğurdan da müxalif fikrə, müxalif qüvvəyə ehtiyac var. Amma konstruktiv müxalifət, yəni dağıdıcılıq, insanların beynini yemək, gəncləri pis yola çəkmək missiyasını yerinə yetirən müxalifətə ehtiyac yoxdur”.
E.Muradlı onu da qeyd edib ki, paralamentdə azlıqda da olsa,  müəyyən müxalif qüvvələr var:
“Hərdən onların hakim partiyanın nümayəndələri ilə diskussiyalarının şahidi oluruq. Sonuncu iclasda Fazil Mustafa ilə Siyavuş Novruzov arasında “atışma” oldu. Bəzən hakim partiyanın özü hansısa məsələdə müxalif mövqedə dayanmağı bacarır”.
Həmkarımız bəzilərinin “Pənah Hüseyn yoxdursa, parlamentdə müxalifət yoxdur” fikri ilə razışlamadığını da deyib.
“Düzdür, Milli Məclisdə Pənah Hüseynin yeri hərdən hiss olunur. Ancaq Milli Məclisdə o cür diskussiya, təhqiramiz formada hay-küy salmağa da ehtiyac yoxdur, ən azından deputat sözünü sakit tərzdə deməyi bacarmalıdır. Pənah bəy bir az aqressivdir, tez əsəbləşir, yerindən durub danışır, mən hələ ondan başqa paralamentdə yerindən durub danışan millət vəkili görməmişəm”.
Elməddin Muradlının fikrincə, parlamentdə müxalif qüvvənin olması çox vacibdir: “Çünki iqtidar, hakim partiya nəsə bir yalan söz deyəndə, dərk etməlidir ki, burda müxalifət var və onun səhvini tutar. Parlamentdə hazırda müxalifət kimi təmsil olunan qüvvələr bir az fəal olsa, məncə yetərlidir”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov hesab edir ki, parlamentdə həqiqi müxalifət yoxdur. “Bu gün ümumiyyətlə, ölkədə həqiqi müxalifət yoxdur, nəinki parlamentdə. Bu da ondan irəli gəlir ki, respublikada müxalif olacaq bir hadisə yoxdur. Hər şey qaydasında olan ölkədə nəyə müxalif olacaqlar”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli
də parlamentdə həqiqi müxalifətin olmadığını qeyd edib.
“Müstəqilik əldə edəndən sonra Azərbaycan parlamentində həqiqi müxalifət olmayıb. Onlar Milli Məclisdə ya razılaşdırılmış müxalifət, ya da konstruktiv müxalifət adında təmsil olunublar. Parlamentin ötən fəaliyyətinə nəzər saldıqda məlum olur ki, hər dəfə müxalifətdə razılaşdırılmış nümayəndələr təmsil olunub. Özünü doğrultmayan müxalifət isə yeniləşdirilir. Paralamentdə bu, aparıcı müxalifət hesab olunan AXCP, Müsavat Partiyalarının təmsilçiyi ilə müşayiət olunub. İndi də Milli Məclisdə radikal müxalifəti neytrallaşdırmaq məqsədilə “konstruktiv müxalifət” adı ilə yeni müxalifət nümayəndələri təmsil olunur. Birməmanalı demək olar ki, Milli Məclisdə real müxalifət yox səviyyəsindədir”.

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov isə nəinki paralamentdə, heç Azərbaycanda müxalifətin olmadığını bildirib.
“Siyasi menecerlər var, müxalifət yoxdur. Onlar menecerliklə, öz alverləri ilə məşğuldurlar. Parlamanetdə Azərbaycanın demokratikləşməsində maraqlı olan qüvvələr yoxdur. Sadəcə, öz maraqlarını güdüb pul qazanan siyasi menecerlər var”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev hesab edir ki, radikal müxalifət parlamentdə hiss olunmur. “Amma hər hansı qanun layihəsi ilə bağlı əks fikir səsləndirilməsinin müşahidə olunduğunu hiss edirik. Yəni istənilən müzakirələr vaxtı bu görünür, istənilən qanun layihəsini dəstəkləməyən bəzi parlament nümayəndələri olur”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı isə həmkarlarından fərqli olaraq paralamentdə real müxalifətin olduğunu deyib və konkret adlar da çəkib: “Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, İqbal Ağazadə bunlar hamısı müxalifətçidirlər. Sadəcə, kimin müxalifətə hansı prizmadan baxması əsasdır. Kim müxalifəti real müxalifət saymır və hesab edir ki, müxalifət sadəcə iki partiyadan ibarətdir, o, tamamilə yanılır”.

APA-nın əməkdaşı Rəşad Süleymanov əvvəlcə suala cavab verməkdən imtina etmək istəyib. Bunun səbəbini isə belə açıqlayıb. “Əgər desəm ki, paralamentdə real müxalifət var, başqaları deyəcək ki, yoxdur, çünki orda təmsil olunan müxalifət partiyalarının nümayəndələrinin mövqeləri bəllidir. Deyəcəm ki, real müxalifət yoxdur, onda bəzi şəxslər deyəcək ki, “biz ana müxalifətik, onda biz nəyik”. Ona görə cavab verməyə tərəddüd edirəm. Amma ümumilikdə mənim gördüyüm qədər parlamentdə həqiqi müxalifət yoxdur. Ancaq müxalifət adına iddia edən partiyaların nümayəndələri var”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev hesab edir ki, son seçkilərdə müxalifəti yox ediblər: “Çünki seçkilərdə ancaq formal olaraq özünə müxalifət deyən bir necə partiya sədri mandat alıb. Onları da sadəcə hakimiyyətə münasibətə görə seçdirdilər. Qanun layihələrinin qəbulunda tabloda “əleyhinə” sözünün qarşısında “0” görünəndə daha heç kim təəcüblənmir”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı da paralamentdə real müxalifətin olmadığını deyib.
“Keçən çağırış Milli Məclisdə müxalifət deputatların çıxışlarını görəndən sonra bu dəfə onlara parlamentə düşməyə imkan vermədilər. Bir jurnalist olaraq parlamant mənim üçün çox maraqsızdır. Milli Məclisdəki çoxluqdan fərqli olaraq, bəzən Fazil Mustafa, Qüdrət Həsənquliyev və Sabir Rüstəmxanlının fərqli fikirlərini eşitmək olar”.

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli isə açıqlamasında parlamanetdə real müxalifətin olduğunu bildirib:
“Milli Məclisdə insanlar ölkənin taleyüklü məsələləri ilə bağlı fikirlərini deyirlərsə, dəfələrlə bu mövqeni nümayiş etdirirlərsə və müxtəlif problemlərlə bağlı sərt şəkildə öz sözlərini səsləndirə bilirlərsə, bu artıq müxalifətçilik deməkdir. Parlamentdə təmsil olunan azlıqla çoxluğun fikirləri bir çox məqamlarda, bir çox məslələrdə üst-üstə düşmürsə, deməli bu,  azlığın müxalifətdə olması deməkdir”.
A.Cəfərli qeyd edib ki, Milli Məclisdə olan müxalif qüvvələr müxtəlif fikirlər səsləndirirlər və paralamentdən tələb edirlər ki, bu məsələrlə məşğul olsun.
“Paralamentdə olan müxalif qüvvələrə misal olaraq deputatlar Qüdrət Həsdənquliyevin, Fazil Mustafanın, Sabir Rüstəmxanlının, İlyas İsmayılovun, İqbal Ağazadənin adını qeyd edə bilərəm. Hesab edirəm ki, az sayda olsa da,  parlamentdə müxalifət pis işləmir. İmkanları çərçivəsində müəyyən işləri görürlər”-deyə həmkarımız əlavə edib.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə isə öncə iqtidar və müxalifət anlamlarını açıqlayıb.
“Hakimiyyət və müxalifət anlayışlarının izahlarında göstərilir ki, hakimiyyət iqtidarda olan və dövləti idarə edən siyasi qüvvədir, müxalifət isə heç bir formada hakimiyyətdə təmsil olunmayan siyasi qüvvədir. Azərbaycan parlamentindəki partiyaların Yeni Azərbaycan Partiyasından başqa heç biri hökümətdə təmsil olunmur və bunlar müxalifət hesab olunur. Onlar da hesab edir ki, müxalifətdirlər və heç bir halda hakimiyyətdə təmsil olunmurlar”.
İ.Əlizadə hazırda özünü müxalifət adlandıran partiyalarla bağlı başqa fikirlərin də olduğunu bildirib.
“Başqa bir fikir də var ki, bunlar idarə olunan, hakimiyyətin özünün formalaşdırdığı və hakimiyyətə sərf edən müxaliftdir. Çünki bu müxalifət birbaşa hakimiyyəti və prezidenti tənqid etmir. Onların çox az hissəsinin bəzi hallarda hansısa bir sahədə tənqidi fikiləri ola bilər. Parlament iclaslarını izlədiyimə görə, deyə bilərəm ki, orada həqiqi müxalifətin olduğunu müşahidə etmək mümkün deyil. Ən azı 2005-2010-cu illərdə olan müxalifətlə bu ilki müxalifəti müqasiyə etsək, paralamentdə müxalifətin olduğunu demək olmaz”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy paralamentdə müxalifətin olub olmamasını mübahisəli məsələ sayır: “Çünki parlamentdə ölkənin əsas aparıcı müxalifət partiyaları təmsil olunmur, bu bir faktdır. İctimai rəydə belə fikir yaratmağa çalışırlar ki, aparıcı müxalifət partiyaları radikal müxalifət pariyalarıdır, parlamentdə təmsil olunanlar isə konstruktiv müxalifətdir. Amma ötən müddət göstərdi ki, bu yanaşma heç də özünü doğrultmur. Müxalifət ya olur, ya da olmur”. E.Paşasoy bildirib ki, ölkədəki problemləri, çatışmazlıqları, hakimiyyətin qüsurlarını və s. məsələləri qaldırmağa müxalifət borcludur.
“Əgər parlamentdə təmsil olunanlar bu missiyanı üzərlərinə götürüb öhdəsindən gələ bilsələr, təbii ki, o zaman onları müxalifət adlandırmaq olar. Amma fakt budur ki, biri istisna olmaqla, digər partiyaların rəhbərləri parlament seçkilərindən sonra Yeni Azərbaycan Partiyasının qərargahında toplaşıb, seçkilərin demokratik şəkildə keçirildiyi barədə ümumi bir bəyanata imza atdılar. Ümumi şəkildə “parlamentdə müxalifət var” demək yanlış olardı”.

“Mərkəz” qəzetinin əməkdaşı Nigar Almanqızı da digər həmkarları kimi hesab edir ki, Milli Məclisdə real müxalifət yoxdur. “Bunun səbəbini əslində özünü müxalifət kimi təqdim edib, müxalifətçilik edə bilməyənlərdən soruşmaq lazımdır. Hazırda parlamentdə müxalifət partiyaları var, təmsil olunurlar, amma onların real və ya qeyri-real müxalifət olduğunu düşünə bilmirəm”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu parlamentdə real müxalifətin olub olmamadığını mübahisəli məsələ sayır: “Ümumiyyətlə, Azərbaycanda iqtidar real müxalifət dedikdə konstruktiv adlandırılan kəsimi nəzərdə tutur. Digər siyasi qüvvələr isə radikal adlandırılan siyasi kəsimi nəzərdə tutur. Bu baxımdan 2010-cu ilin paralament seçkilərində hakimiyyətin radikal hesab etdiyi müxalifət, eyni zamanda özlərini aparıcı müxalifət adlandıran müxalifət paralamentdə təmsilçilik qazanmadı. Müxalifətin isə hakimiyyətyönlü adlandırdığı müxalifət yenidən təmsilçilik əldə etdi”.
K.Həmzəoğlu qeyd edib ki, müxalifətçilik konkret fəaliyyətlə ölçülür.
“Kimsə müxalifət adını monopoliyaya ala bilməz, kimsə özünü aparıcı, kimsə özünü konstruktiv, kimsə özünü radikal adlandıra bilməz. Əsas qiyməti cəmiyyət verir. Konstruktiv adlandırılan nümayəndlərin də fəaliyətində müəyyən fərqlilik var. Parlamentdə müxalifət adlandırlanlar çoxdur, amma orda konkret fəaliyyəti ilə seçilən müxalifətçilər ayrıdır. Məsələn, Fazil Mustafa, Qüdrət Həsənquluyev, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Asim Mollazadənin fəaliyətini qiymətləndirirəm. Digərləri -  özlərini müxalifətçi adlandıran deputatlar heç bir fəaliyyətləri ilə seçilmirlər”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı “Milli Məclisdə müxalifət varmı” sualına cavabında bildirib ki, dördüncü çağırış parlamentdə hələki çox ciddi diskussiyaların, alternativ fikirlərin ortaya qoyulmasının şahidi olmayıb: “Ola bilər ki, hansısa müxalifət partiyalarının nümayəndələri çox da ciddi olmayan məsələlərlə bağlı alternativ fikir ortaya qoya bilsinlər. Amma Milli Məclisdə iqtidar-müxalifət münasibətlərinə yönəlik məslələrlə bağlı ciddi diskussiyalar görmürəm”.
E.Eyvazlı bu məqamın müxtəlif məslələrin  müzakirəsində büruzə verdiyi qənaətindədir: “Hesab edirəm ki, hansısa qanunun daha işlək, daha səmərəli olması üçün alternativ fikirlər də olmalıdır ki, o fikirlər əsasında bu qanun formalaşsın”.
Milli Məclisdə bir çox siyasi partiyaların olduğunu deyən E.Eyvaxlı bildirib ki, parlamentdəki müxalifət partiyaları cəmiyyətimizdə deyildiyi kimi, konstruktiv müxalifətdir: “Müxalifət cəmiyyətimizdə konstruktiv və radikal müxalifətə bölünür. Ona görə də cəmiyyətin nöqteyi-nəzərindən deyə bilərəm ki, Milli Məclisdə konstruktiv müxalifət var. Ancaq konstruktiv müxalifəti əsl müxalifət kimi qiymətləndirməkdə çətinlik çəkirəm”.
E.Eyvazlının sözlərinə görə, nədənsə Azərbaycan cəmiyyəti parlamentə düşən müxalifətçi deputata birmənalı yanaşmaqda çətinlik çəkir, hətta o adam ötən çağırışlarda olduğu kimi, radikal müxalifətdən olanda belə.  

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan hesab edir ki, parlamentdə real müxalifət yoxdur. “Parlamentdə müxalifət qüvvələri var, amma radikal müxalifət deyilən müxalifət hal-hazırda paralamentdə yoxdur”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir