Modern.az

Ərdoğanın baş məsləhətçisi Bakıda Ermənistana sərt mesaj verdi

Ərdoğanın baş məsləhətçisi Bakıda Ermənistana sərt mesaj verdi

21 Noyabr 2016, 11:47

 

 “Dağlıq Qarabağ münaqişəsi olmasa, Azərbaycan Asiyanın və bölgəsinin rifahının açarı olacaqdı. Qarabağ münaqişəsi ilə Azərbaycanın qarşısını almağa çalışırlar. Asiyanın rifahı Azərbaycanın ayağa qalxması ilə bağlıdır, Türkiyənin ayağa qaxması Balkanların, Orta Şərqin, Afrikanın ayağa qalxması deməkdir”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Türkiyənin Yerli Düşüncə Dərnəyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə bağlı keçirilən tədbirdə Türkiyə prezidentinin baş məsləhətçisi, sabiq mədəniyyət naziri Yalçın Topçu bildirib. 

“Bütün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləyir. Ancaq həyasızcasına işğal 20 ildir ki, davam edir. Xocalı soyqırımı dünyanın gözləri qarşısında törədilib”-deyə o bildirib.

Türkiyə rəsmisi Qarabağ məsələsində Türk dünyasını bir olmağa səsləyib:

“Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq tədbirdə demişdi ki, Türkiyə burada yoxdur, mən varam. Prezident İlham Əliyevin bu mövqeyi bütün qardaşlarımıza örnək olacaq bir mövqedir.


Əgər Ankara, Bakı və digərlərimiz ayaq üstdə olarsa, biriləri Türküstanda, Misirdə, Liviyada istədiklərini edə bilməzlər. Allah bizi bərabər etsin. Tanrı dağından enən övladlar həmişə birgə olsun”.

 

Yalçın Topçu bildirib ki, nə qədər ki, Türkiyə bölgədə ayaq üstədir regionda heç kim mövcud rejimi dəyişdirə bilməz:

“Türkiyə ayaq üstdə olana qədər  kimlərsə bölgədə rejimləri dəyişdirə bilməz. 15 iyulda bütün cəhdlər Türkiyəni diz çökdürməyə hesablanmışdı.

15 iyulda istiqlalımıza və istiqbalımıza sahib çıxdıq, mədəniyyət coğrafiyamıza, məzlum millətlərə ümid olduq”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir