Modern.az

Aqşin Babayev: “... dedi ki, qar yağanda elə arvad olmaq istəyirəm...” - SÖHBƏT

Aqşin Babayev: “... dedi ki, qar yağanda elə arvad olmaq istəyirəm...” - SÖHBƏT

Reportaj

21 Noyabr 2016, 12:21

“Onun küftə burnu, balıq ağzına oxşayan dodaqları, xırda tum gözləri var idi”

 

“36 yaşımda  namaz qılmağa başlamışam”

 

Tanınmış jurnalist, ictimai xadim Aqşin Babayev 80 illik yubileyi ərəfəsində Modern.az saytına geniş müsahibə verib. Qeyd edək ki, Aqşin Babayev 1936-ci ilin noyabrın 23-də Bakıda anadan olub.

Elə söhbətə də, onun 80 illik həyat yolu ilə bağlı məqamlara toxunmaqla başlayırıq.

 

-Aqşin müəllim, müsahibəmiz 80 illik yubiley ərəfəsinə düşdü. Söhbətə belə başlayaq. Aqşin Babayev heç geriyə baxırmı? Yoxsa ancaq gələcəyi düşünür?

-Təbii ki, gələcəyə də baxıram. Mən səksən deyəndə səksənirəm. Bu illər haradan gəldi, hara getdi... Mənim bir şeirim də var:

 

Buruq saçlı bir oğlandım dünəndi,
Birdən-birə saçıma qar ələndi.
Ömrüm-günüm ağ dumana bələndi,
Haradan gəldi, hara getdi bu illər!

 

Mənə elə gəlir ki, hər şey dünəndi. Orta məktəbi bitirdim, ali məktəbə qəbul oldum, aspiranturada oxudum, müdafiə elədim, kitablarım çıxdı, ailə qurdum, övladım, nəvələrim oldu və sair. Sanki hamısı dünən olub. Həyat çox sürətlə keçir. Ona görə də mən həmişə tələbələrimə deyirəm ki, cavanlıqlarının qədrini bilsinlər. “Elə bilməyin ki, gənclik illəri bir ümmandır, dəryadır!” deyirəm. Ömür çox qısadır.

 

Sizin kimi jurnalistlərlə söhbətdə dönüb geriyə boylanıram. Geriyə baxanda 2 hiss keçirirəm: 1-cisi budur ki, bu yaşa gəlib çatmağım böyük bir şeydir. 2-si isə təəssüflənirəm. Fikirləşirəm ki, ömür qurtarır. Hamımızın təbii bir taleyi var: bunun da sonu ölümdür. İnsan get-gedə ölümə doğru yaxınlaşır. Mən həmişə deyirəm ki, ölümə hazırlaşmaq lazım deyil. Ölümə sadəcə hazır olmaq lazımdır.

 

Mən sevinc hissi keçirirəm ki, belə bir ömür yaşamışam. Həm də təəssüf hissi keçirirəm ki, bu aylı-ulduzlu dünyadan bir gün köçüb gedəcəyəm, Günlərin bir günü “Əlvida dünya” deyəcəyik.

 

-Belə hallarda deyirlər ki, Allah eləməsin, amma bu, təsəllidən başqa bir şey deyil. Çünki ölüm qaçılmazdır, bunu özünüz də dediniz. Əslində geriyə boylanmaq Aqşin Babayev üçün böyük fəxr olmalıdır. Buna görə də, düşünürəm ki, danışmalı çox şey var. Şairlik, yazıçılıq, jurnalistlik, parlament fəaliyyəti və sair. Jurnalist fəaliyyətində bir sayt rəhbəri olmamısınız. İndi sayt rəhbəri olsaydınız, uğur qazanardınız?

-Sayt rəhbəri olsaydım, necə olacağını deyə bilmərəm. Siz mənim fəaliyyət sahələrimi sadaladınız. Bu, bəlkə də genetik xüsusiyyətlərdən əmələ gələn bir şeydir. Atam həm yaxşı rəssam idi, onun gözəl səsi var idi. Həm də Həmkarlar İttifaqı Mədəniyyət İşçiləri Respublika Komitəsinin sədri idi. Həm  vəzifələrdə olmuşdu, həm də yaradıcı adam idi. Evimizin bir divarından atamın çəkdiyi rəsm əsərləri asılırdı.

 

-Aqşin müəllim, xahiş edirəm, sualımdan yayınmayın. Sayt rəhbəri olsaydınız, zorlama xəbərlərini verib özünüzə reytinq qazanmaq istəyərdiniz?

 -Mən 15 il radioya rəhbərlik etmişəm. 15 il Milli Məclisin mətbuat katibi olmuşam. Əmək fəaliyyətinə 5-ci kurs tələbəsi olanda sahə qəzetindən başlamışam. Mən işlərimdə son dərəcə kaprizli olmuşam. Elə indi də kafedra müdiri kimi eləyəm.

Qəti surətdə qeyri-obyektiv xəbərlərin sayta getməsinə izn verməzdim. Bir də görürsünüz ki, ucuz sensasiya xatirinə səhv məlumatlar yazırlar. Mən ilk növbədə bunun qarşısını alardım. Qoymazdım ki, sensasiya xatirinə elə materiallar getsin. İnsan ləyaqətinə iynənin ucu boyda xələl gəlməsinin qəti əleyhinəyəm. Lap qatı düşmənim olsa belə. İdeya düşmənini  də ləyaqətli şəkildə, şəxsiyyətə toxunmadan ifşa etmək lazımdır. Əlbəttə ki, öz xarakterimə uyğun ədəbiyyat və incəsənət məsələlərinə daha çox yer ayırardım. Çalışardım ki, mənim saytım sanballı materillar hesabına daha çox oxunsun. Oxunmaq üçün ilk növbədə yaxşı jurnalistləri ətrafıma toplayardım. Səviyyəli məqalələr, səviyyəli müsahibələr, səviyyəli reportajları saytımda verərdim.

 

-Jurnalist olmaq üçün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmək şərtdirmi?

-Bizim radionun ən yaxşı jurnalistləri – Valid Sənani və Altay Zahidov geologiya fakültəsini bitirmişdilər. Ancaq belə hallar müstəsnadır. Mənim aləmimdə jurnalist mütləq Jurnalistika fakültəsini bitirməlidir. Bir də Allahın verdiyi vergi, istedad da var.

 

-Amma indi jurnalistikada olanların əksəriyyəti ixtisasca başqa profillidirlər.

 

-Bu, əslində doğru deyil. Sizə bir misal çəkəcəyəm. Mən Milli Məclisdə mətbuat katibi işləyən vaxt gördüm ki, zalda oturan jurnalistlərdən biri əlində bir kağızla düz parlament spikerinin yanına getdi və həmin kağızı ona uzatdı. Mühafizəçilər isə onu kənara çəkdi. Onu başa saldılar ki, kağızı mətbuat katibi Aqşin Babayevə vermək lazımdır. O da, lazım bilsə, həmin kağızı parlament sədrinə verəcək.

Dediyim odur ki, müxbir jurnalist etikası fənnindən xəbərdar olmalıdır. Mən maraqlandım və məlum oldu ki, o jurnalist bu sahədən bilgisizdir.

 

Jurnalist, Şirməmməd Hüseynov kimi nəhəng bir şəxsiyyətin şinelindən çıxmalıdır. Bu gün BDU-nun Jurnalistika fakültəsində Cahangir Məmmədli, Şamil Vəliyev, Yalçın Əlizadə, Nəsir Əhmədli, Akif Rüstəmov da fəaliyyət göstərirlər. Yəni, jurnalistikadan dərs deyən müəllimlərin hərəsi bir məktəbdir. Mən Təfəkkür Universitetində jurnalistikadan dərs demişəm. Fikrimcə, jurnalistika nəzəriyyədən çox praktikadır. Bilirsiniz dərsləri necə aparırdım? Tələbələri çıxarırdım və deyirdim ki, buyur filan mövzuda reportajını təqdim elə. Bir dəfə müsahibə janrını keçəndə Təfəkkür Universitetinin rektorunu çağırdım. Rektor dərsə gəldi və mən tələbələrə dedim: “Buyurun, suallarınızı verin”.

 

Mən jurnalistlərlə çox görüşürəm. Elə jurnalistlərlə görüşdən ləzzət alıram ki, onlar mənim həssas duyğularıma, ağrılı yerimə toxunur. Məndən elə məsələləri soruşur ki, mən də onu sevə-sevə danışıram. Bu zaman görürəm ki, bu, həqiqətən də əsl jurnalistdir. Yoxsa, jurnalist mənə “Zəhmət olmasa, keçdiyiniz həyat yolu haqqında məlumat verin”, “Həyatınızda ən fərəhli hadisə nə zaman olub”, “Həyatınızda ən kədərli an nə zaman olub”, “İndi nə üzərində işləyirsiniz, gələcək planlarınız nədir”, “Zəhmət olmasa, ailəniz haqqında məlumat verin” suallarını verəndə mən çox həvəssiz oluram. Mən tələbələri elə yetişdirirdim ki, bu cür sualları verməkdən qaçsınlar. Mən dedim ki, rektor qarşınızdadır və nə sualınız var, buyurun verin. Mənim çox sayda tələbəm olmuş şəxslər indi telekanallarda, tanınmış media orqanlarında işləyirlər.

Təfəkkür Universitetini bitirmiş Fəridə Muradova adlı bir tələbəm var . O, Fəvvarələr Meydanında məni gördü, 2 uşağı da yanında idi. Fəridə məni qucaqladı və ağladı. Mən də bununla bağlı şeir yazdım.

 

Sən məni görəndə niyə ağladın?

Qoy mən ağlayım ki, qürub çağımdır.

 

-Düzü, mən başqa sual verməyə hazırlaşırdım. Amma ağrılı yer ifadəsini işlətməyiniz düşündüyüm sualı verməyimi təxirə saldı. Mən sizinlə şəxsi münasibətdə olmamışam, ona görə də, konkret olaraq nəyin ağrılı yeriniz olmasını bilmirəm.

 

-Qlobal mənadabir vətəndaş kimi tam səmimi deyirəm ki, mənim ağrılı yerim Qarabağ dərdimizdir. Canını bizə qurban verən şəhidlərimizdir. Bir də insanın şəxsi mənada ağrılı yerləri olur. Mənim şəxsi ağrılı yerlərim olub da, keçib də. Qurani-Kərimdə yazılıb ki, hər kədərli hadisədən sonra bir şən hadisə, hər qüssədən sonra bir sevinc olur. Həyatın da mənası budur. İnsan gərək səbrli olsun. Mənim o qədər itkilərim olub ki... Dostlarımı, cavan qardaşımı, atamı, anamı itirmişəm. Bunlar hamısı ağrılı yerimdir. Heç kim deyə bilməz ki, o,  tamamilə xoşbəxtdir.

 

-Azərbaycan parlamentində 15 il mətbuat katibi olmusunuz. 3 hakimiyyət dəyişikliyi olsa da, bu, postda qalmısınız. Yeni siyasi şərait və konyukturaya uyğunlaşmaq çətin deyildi?

 

-Ümumi danışsaq deyə bilərik ki, çətinliklər var idi. Amma mətbuat şöbəsinin funksiyası başqa idi. O zaman mənim 1 işçim var idi: İsmayıl Məmmədov. Sonra bu xidmət şöbə halına düşdü. Çəkiliş qrupu, operator, montaj otağı oldu. Sonra Ali Sovetin arxivini yaratdıq. Mən bütün zamanlarda başımı aşağı salıb işimi görmüşəm. Müxtəlif məqamlar olub. Onda da vicdanımın əleyhinə getməmişəm.

 

-Məsələn.

 

-İndi çoxu həyatda yoxdur, burada ad çəkməyim düzgün olmaz.

 

-Aqşin müəllim, söhbətin motivini dəyişək. İş fəaliyyəti ilə bağlı həyat yolunuz çox zəngin və koloritlidir. Yazıçılıq sahəsinə meyliniz, ürəkdən gələn bir şey idi? Siz özünüzü ilk olaraq nə hesab edirsiniz? Yazıçı, yoxsa jurnalist? 

 

-Bu cür suallarla çox qarşılaşıram. Mənim “İşıqlı bir iz” adlı kitabım çıxıb. Burada sənət adamları ilə görüşlərimdəm yazmışam. Həmçinin dramaturgiya ilə də məşğul olmuşam...

Mənim 1955-ci ildə universitetdə bir pərdəli pyesim tamaşaya qoyulub. Mən həm də bədii özfəaliyyət kollektivində tar da çalmışam. Özüm də bu xarakterimi bəyənmirəm. Mənə indi soruşanda deyirəm ki, gənclərə məsləhətim budur ki, bir yolu tutsunlar.

Mən özümü daha çox jurnalist hesab edirəm. Bunun da səbəbi bilirsiniz nədir? Mən 5-ci kursda oxuyanda artıq qəzetdə işləyirdim, yazılarla çıxış edirdim. Təsəvvür edin, 1958-ci ildən jurnalistikadayam. Sonra radioya gəldim. 1991-ci ilə qədər radioda çalışdım. Sonra parlamentə gəldim.

1965-1967-ci ildə mən paralel olaraq müəllimlik fəaliyyətinə də başlayırdım. İlk şeirimi 7-ci sinifdə oxuyanda yazmışam. Məndə hamısı paralel gedib. Şeirin adı “Bahar” idi. Bu, təbiətin təsviri ilə bağlı bir şeir idi.

 

-Bəlkə sevdiyiniz qızın adı Bahar idi, ona görə şeirinizin də adını belə qoymuşdunuz? Təbiəti təsvir etməklə o qızın da gözəlliyinə işarə etmisiniz?

 

-Yox, elə deyildi. Ancaq mən məhəbbətimi orta məktəbdə tapmışam. Orta məktəbdə bəyəndiyim, sevdiyim qız indi mənim həyat yoldaşımdır.

 

-Aqşin müəllim, bayaq “İşıqlı bir iz” kitabınızın adını çəkdiniz. Bu kitabda yanılmıramsa, 84 sənət adamı ilə görüşlərinizdən yazmısınız. Hadisələr kitab halına salınanda şübhəsiz ki, müəyyən epizodlar müəllifin senzurasından keçmir, onlar qələmə alınmır. Mən istəyirəm ki, siz yazılmayan məqamlardan söz açasınız.

-Mən bu kitabımda Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Bülbül, Səid Rüstəmov və digərləri ilə görüşlərimi qələmə almışam.

Yumoristik hadisələri nəzərdə tutursunuzsa,  özümlə bağlı bəzilərini deyə bilərəm. Mən AzTV-də sədr müavini olanda, elə ki, qar yağdı bütün qadın işçiləri saat 12-də evə buraxırdım. Katibə başda olmaqla. Katibə deyirdi ki, Aqşin müəllim, getmək olar? Mən də deyirdim ki, gedin də.

Elə olub ki, mənim işçimin cavan qardaşı faciəli şəkildə həlak olub. Mənim ixtiyarım yox idi, amma dedim ki, işə gəlmə. Bundan ötrü məni partiya bürosuna çağırdılar. “Nə ixtiyarın var ki, ona belə icazə verirsən?!” İradları belə oldu.

Mən bu cür partizanlıq edərkən bir dəfə koridora çıxdım. Gördüm ki, bir kişi işçimiz də evə gedir. Başında papaq, ağzına da şərf bağlamışdı. “Sən hara gedirsən? Mən qadınları evə buraxıram” dedim. Dedi: “Aqşin müəllim, qar yağanda  elə arvad olmaq istəyirəm ki...”

 

Bir dəfə də Almaniyadan Berlin radiosunun müdiri Bakıya gəlirdi. Qurban Yusifzadə məni çağırdı. Stolunun üstündə gözəl qızılgüllər var idi. Bildirdi ki, onu Mərkəzi Komitəyə çağırdıqlarına görə Almaniyadan gələn qonağı mən qarşılayım.

 

Bizdə Cümşüd adlı oğlan var idi, onunla birgə aeroporta getdim. Gördüm təyyarədən düşənlər artıq gəlməyə başlayırlar.  Cümşüd əlində gülləri tutmuşdu. Bizə biri yaxınlaşdı. “Tovariş Zinger” deyə sual etdim. “Bəli” dedi. Cümşüdə dedim ki, qızılgülləri ona versin. O da verdi. Həmin adam dedi ki, 25 nəfərdirlər.

 

“Bəs siz Berlin radiosunun müdiri deyilsiniz” deyə sual verdim. Onun cavabı “yox” oldu. Cümşüd təəccübləndi və mənə sual verdi: “Gedim qızılgülləri alım?” Cavabım belə oldu ki, artıq olmaz. Ona pul verdim və dedim ki, get təzə gül al. Bu da getdi “süpürgə” gül aldı. Sonra bizə bir yaşlı kişi ilə qadın yaxınlaşdı. Əsl Zinger qarşımızda idi. Məcburən solmuş “süpürgə” gülü ona verdik. Heç nə demədi. Sonra bunları yola salanda bu hadisəni danışdım. Hamı gülüşdü.

 

-Məndə olan bir məlumat deyim. Deməli, Elşad Quliyev sizin yanınıza bir gənc kadr göndərib ki, işə götürəsiniz. Siz isə...

 

-Deməli, Elşad müəllim mənə zəng etdi ki, Mərkəzi Komitədən bir nəfər göndəriblər və onu işə götürməliyik. Mən də düşünürdüm ki, həmin adamı radioya işə götürməliyik. Ancaq həmin adamın kim olduğunu bilmirəm. Həmin oğlan yanıma gəldi. Buna suallar verməyə başladım. Gördüm ki, o, çox dayaz adamdır. Qərara gəldim ki, bundan mənə işçi olmaz. Xeyli söhbət etdim və dedim ki, sənədlərini hazırlasın, ona məlumat verəcəyik. Elşad Quliyevə zəng etdim, dedim ki, yanına gəlmək istəyirəm. Getdim, həmin oğlanı Elşad Quliyevə o qədər təriflədim ki...

Özüm belə edirdim ki, bu qədər tərifdən sonra Elşad müəllim bu oğlanı televiziyaya götürsün, mənim canım qurtarsın. Elşad Quliyev sual verdi ki, bu oğlanın heç mənfi bir cəhəti yoxdur? Cavabım belə idi: “Bu oğlanın mənfi cəhəti var. Bu oğlan bir az gicdir”. Elşad müəllim mənim məqsədimi başa düşdü, ürəkdən güldü. Allah rəhmət eləsin ona.

 

-Bir gözəl xanım olub, o diktor kimi fəaliyyətə başlamalı imiş. Sizə nə qədər təzyiq etsələr də, həmin xanımı işə götürməməkdə israrlı olmusunuz. 

 

-Mən bir neçə dəfə diktor seçimi ilə bağlı münsiflər heyətinin sədri olmuşam. Nərgiz Cəlilova, Nailə Uluxanova, Sevda Ağazadəni mən seçmişdim. Bir dəfə bir qadın içəri girdi. Onun küftə burnu, balıq ağzına oxşayan dodaqları, xırda tum gözləri var idi. Bunun aurasına baxdım və gördüm ki, ondan diktor olmaz. O vaxt xarici görkəmə də xüsusi diqqət yetirilirdi. O xanım danışmağa başlayanda gördüm ki, pəltəkdir. Ancaq onun pəltək olduğunu açıq-aşkar özünə deyə bilməzdik. Dedik ki, sənin telefon nömrən bizdə var, get, çağıracağıq. “Bət mən itinci tura nə vaxt gələcəyəm?” dedi.

Dedik ki, sənə deyərik. Bu adamın əri “AZİ”nin dosenti idi. O, mənim haqqımda Mərkəzi Komitəyə şikayət məktubu yazmışdı. Həmin məktub sonra Elşad Quliyevə çatdı. Elşad  müəllim həmin qadını əri ilə birgə yanına çağırdı. O,əvvəlcə, kişini qəbul edib, qadın isə qəbul otağında gözləyib. Kişi deyib ki, Aqşin Babayev işləri qərəzlə aparır, elə adamları seçir ki, heç onlar diktorluğa layiq deyil. Amma mənim həyat yoldaşım kimi gözəl, savadlı birini seçmir. Elşad  Quliyev zəng etdi, onun yanına gəldim. Mən qəbul otağına girəndə gördüm ki, həmin pəltək qadın orada oturub. İçəri girdim və əri ilə söhbət etdim. O yenə məni təqsirləndirdi. Mən isə deyə bilmirdim ki, onun arvadı pəltəkdir.

 

“Bizim hamımıza elə gəlir ki, həyat yoldaşımız hamıdan gözəldir. Çünki onu sevirik” deyə bildirdim. Gördüm ki, bu kişi çox zilə qalxır. Dedim ki, Elşad müəllim, qadın buradadır, qəbul edin, xoşunuza gəlsə, işə götürək. Elşad Quliyev zəngi basdı və tapşırdı ki, həmin qadın da gəlsin. Qadın gələn kimi “mənim kikayətim var” dedi. Elşad Quliyev kişiyə dedi ki, istəyirsə, xanımına başqa iş verək. Çünki dilində defekt var. Əri isə “buna defekt demək olmaz, sadəcə danışığı şirindir” dedi. Nəhayət bunları yola sala bildik, getdilər.

 

-“Sünbül ətri” adlı hekayənizdə alman əsirlərə çörək verməyiniz haqqında yazmısınız. Müharibənin qızğın vaxtında radioda, mətbuatda faşist Almaniyasın qarşı elə təbliğat aparılırdı ki, ondan ancaq əzazil düşmən obrazı yaratmaq olardı. Mənə bir şey maraqlıdır: necə olmuşdu ki, buna rəğmən sizdə alman əsirlərə nifrət yaranmamışdı?

-Mən indi də, bu yaşımda da, balaca Aqşinin və onun yoldaşlarının o hərəkətinə təəccüblə baxıram. Təsəvvür edin, atam özü də müharibədə idi. Anam da xəstə idi. Ancaq evdən mənim üçün qoyulan çörəyi alman əsirlərə verirdim. Bilirsiniz niyə belə idi? Çünki bizi bu cür tərbiyə etmişdilər. İndi multikulturalizm deyirlər. Multikulturalizm elə bizim həyat tərzimizdir də. Biz düşmənini bağışlayan xalqıq. Bəlkə də belə olmasaydıq, torpaqlarımızı da itirməzdik. Biz ermənilərə “qızıl erməni” deməsəydik, onları ağuşumuza çəkməsəydik, bəlkə də bu bəlalar başımıza gəlməyəcəkdi. Sovet zamanında ermənilər vəzifələrdə də var idi.

AzTV-də də erməni redaksiyası var idi. Onun baş redaktoru, işçiləri erməni idilər. Sizə bir hadisəni danışım.

 

O zaman Akif Kazımov adlı jurnalist var idi. Onun ermənilərdən zəhləsi gedirdi. Onun yanında erməni kəlməsi desən, qaşınma tuturdu. Yalandan deyirdik ki, işə filan qədər erməni götürmüşük. Bu da inanırdı və əsəbiləşirdi, söyürdü. Soltan Nəcəfov Akifin evinə gündəlik “Erməni Kommunisti” qəzetini abunə yazdırmışdı. Bir gün gördük ki, Akif qışqıra-qışqıra gəldi ki, kim bunu erməni qəzetinə abunə edib? Allah onun bəlasını versin.

Soltan Nəcəfovla bağlı maraqlı bir şey də danışım. Biz o zaman rayon qəzetləri üçün rəsmi materialları diktə edirdik. Soltan Nəcəfov diktə edəndə “iki nöqtə” deyib. Bu iki nöqtəni də yan-yana yazıblar. Mərkəzi Komitədə də onu danlayıblar. Sonra Soltan Nəcəfov “iki nöqtə” deyəndə belə deyib: “Biri altda, biri üstdə”  Mərkəzi Komitədə yenə Soltan Nəcəfovu məzəmmət etmişdilər. 

 

-80 yaşınız var. Geyiminiz səliqəli, ayaqqabınız təmiz, üzünüz də qırxılmış. Yəni formada qalmısınız. Yəqin tələbələriniz də sizə ruh yüksəkliyi verir.

 

-Əlbəttə. Tələbələr insanı cavan saxlayır. İkinci bir məqam da var. Məsələn, həftənin 6-cı günü mən nə dərsə gəlirəm, nə də başqa bir yerə gedirəm. Mən istər evdən çıxım, istər çıxmayım – yuxudan duran kimi birinci olaraq üzümü qırxıram. Bu, mənim həyat tərzimdir. Mən əvvəllər də belə olmuşam.

İnsan evdən çıxanda hər şeyə diqqət yetirməlidir: alt paltarı, üst-baş, corab, təmizlik qaydasında olmalıdır. Çünki həyatda hər şey ola bilər. Mən istəmirəm desinlər ki, bu adam özünə baxmayıb.

Bir dəfə radioada məşhur adam var idi. Əcəl onu qəfildən yaxaladı. Onu soyunduranda gördük ki, maykası cırıqdır. Bu, mənə çox pis təsir etdi. İnsan gərək özünə baxsın.

 

-Bayaq, Qurandan misal gətirdiniz. Deyəsən, ibadət edirsiniz.

 

-Mən 1972-ci ildə Türkiyəyə getmişdim. 36 yaşım var idi. Mən  36 yaşım olanda namaz qılırdım. Türkiyədə namaz qılanda türk fəhlələr bunu pəncərədən görmüşdülər. Onlar hörmət əlaməti olaraq qapımın ağzındakı zibili də aparıb atırdılar. Bulaqdan da mənə su gətirirdilər. Onlara qəribə gəlirdi ki, mən Allaha inanıram, ibadət edirəm. Çünki SSRİ vətəndaşı idim axı.

 

-Elmi ateizm kommunist ideologiyasının tərkib hissəsi olan bir vaxtda bəs necə oldu ki, siz vəzifəyə də gəldiniz? Mərkəzi Komitədə dindar olduğunuz bilirdilər?

 

-Sovetin gurhagur vaxtında çıxan kitablarımın redaktoru Zəminə Cavanşir adlı bir qadın idi. Sovet dövründə əsas kitablarımın redaktoru o olub. O, bir dənə də Allah sözünə toxunmurdu.

O zaman çox dolaşan bir söhbəti sizə danışım. Deməli, nəşriyyat direktorlarından biri “Ya Rəbb, bəlayi eşq ilə qıl aşina məni” şeirində “Ya Rəbb” sözünü çıxarmaq istəyib. Çünki Ya Rəbb Allah demək idi. Köhnə kişilərdən biri – kim olduğunu dəqiq deyə bilmərəm – buna etiraz edib. “Onda nə edək, Ya Rəbb sözünü Ya yoldaşla əvəzləyək?!” deyib.

Mənim nənəm molla idi. Biz həmişə evdən çıxanda o, “Ayətül-Kürsi”ni oxuyurdu. Bizi Quranın altından keçirirdi. İndinin özündə də mən səfərə gedərkən həyat yoldaşım məni Quranın altından keçirir.

Sizin sualınızın cavabına gəlincə. Mən heç zaman ibadət etdiyimi gizlətməmişəm. Amma reklam da etməmişəm. Mən 2004-cü ildə nümayəndə heyəti ilə birgə Məkkəyə getdim, ziyarət etdim.

 

-Bayaq dediniz ki, indi mənim səsləndirəcəyim tipli ifadələr xoşunuza gəlmir. Ancaq mən sizin üçün nə qədər primitiv görünsə də, bunu deməliyəm. Ailəniz haqqında da məlumt verin ki, müsahibədə hər şey əhatəli olsun.

-Atam rəssam olub. Anam diş həkimi idi. İki otağımız var idi. Birində anamın dişdüzəldən maşını var idi. Bir dəfə bir qadın gəlmişdi ki, dişini düzəltdirsin. Mən də dərs oxuyurdum. Onların söhbətinə qulaq asırdım. Qadın anama yalvarıcı tərzdə deyirdi: “Nə olar, dişimi yonma da”. Anam isə deyirdi: “Mən sənin bu dişini yonmasam, sonra kalonka salanda, bu dişdən uzun olacaq”. Arvad yonmağa razı olurdu. Bir də gördüm ki, arvad qışqırır: “Qoy uzun olsun, ay doktor”. Anamla zarafat edəndə həmişə “qoy uzun olsun, ay doktor” deyirdim.

Oğlum Gündüz ərəbşünaslığı bitirib. 20 il xaricdə, bir neçə ölkədə tərcüməçi işləyib. Hazırda Qafqaz Müsəlmanları İdarəsində işləyir.

Qızım fəlsəfə doktorudur. Filosofdur. 21 ildir ki, İsveçrədə yaşayır. İsveçrəliyə ərə gedib. Ondan 21 yaşında bir nəvəm də var. 3 nəvəm də burdadır. Yoldaşım uzun illər Sabir adına Bakı Pedaqoji Kollecində müəllim işləyib.

 

-Aqşin müəllim, sizi sonda 80 yaşınız tamam olması münasibəti ilə təbrik edirik.

-Çox sağ olun!

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu