Modern.az

“Nailiyyət deputat seçilmək deyil, seçicilərə hesabat verməkdir” - MÜSAHİBƏ

“Nailiyyət deputat seçilmək deyil, seçicilərə hesabat verməkdir” - MÜSAHİBƏ

21 Noyabr 2016, 15:51

Elşad Həsənov: “Şansa yox, Allaha inanıram”

 

Xanımım  özünü o sahədə tam hazırlıqlı hesab edərsə, niyə də dəstəkləməyim?!”

 

Milli Məclisin deputatı Elşad Həsənov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

-Elşad müəllim, Milli Məclisin gənc və yeni seçilən deputatlarındansınız. Söhbətə başlamazadan öncə sizi daha yaxından tanımaq istərdik.

 

-1976-cı ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitirmişəm. 1992-ci ildə ilk dəfə keçirilən test üsulu ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşam. 1997-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirərək həmin il aspiranturaya daxil olmuşam. 2004-cü ildə elmi işimi müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi adına layiq görülmüşəm. 1997- 2006-cı illər arası “Foton” şirkətində direktor vəzifəsində, 2006-2015-ci illərdə isə “Vestİndastiz Az”  və “KaspianKonsaltinq” şirkətlərində hüquqşünas kimi çalışmışam. Ailəliyəm, 2 övladım var.

 

-Siz siyasi mənsubiyyəti olmayan millət vəkilisiniz. Deputat seçilən ərəfədə haqqınızda belə bir informasiya yazılmışdı ki, Yeni Azərbaycan Partiyası  tərəfindən deputatlığa namizəd olan Lalə Əhmədovanın  namizədliyini  geri götürməsi sizə geniş yol açıb.

 

-Deməzdim ki, yol açıldı.  Sadəcə, daha öncəki parlament seçkilərində ciddi təcrübə qazanmışdım. Ona görə də 3-cü cəhddən sonra deputat seçkilərində qələbəni gözləyirdim.

 

-2005-ci ildə deputatlığa namizədliyinizi irəli sürəndə rəqibləriniz çox güclü idi. Həmin vaxtlarda mətbuatda haqqınızda kampaniya da başlamışdı.

 

-Ümumiyyətlə, zəif rəqib olmur. Namizədliyimi 2005-ci ildə irəli sürərkən, müvafiq dairədə Lalə Şövkət Hacıyeva birinci, Ayaz Mütəllibov ikinci, mən isə üçüncü yeri tutdum. Seçkilərdə iştirak mənim üçün həm də ciddi siyasi təcrübə idi. O vaxt 29 yaşım var idi. 2005-ci ildə deputat seçkilərinə qatılmağım mənim üçün böyük sınaq idi. Rəqiblərimin əksəriyyəti tanınmış insanlar idi.

O vaxt müxalifət mətbuatında haqqımda yalan informasiyalar yer almağa başladı. Belə xəbərlərə reaksiya verməməyə çalışdım. Mənim üçün “xalqın gözü tərəzidir” prinsipi əsasdır..

 

-Yorulmadan deputatlığa namizədliyinizi irəli sürəndə, hədəfiniz, məqsədləriniz mütləq olub.

 

-Hüquqşünas olaraq düşünmüşəm ki, parlamentdə fəaliyyətim dövlətə və dövlətçiliyə xeyir gətirə bilər. Deputat seçicinin sözünü həm də aidiyyəti qurumlara çatdıran bir insan olmalıdır. İnanırdım ki, vəd verdiklərimi əməldə icra edəcəyəm.

 

-Bir il ərzində seçicilərin hansı istəklərini əməldə yerinə yetirdiniz? Seçicilərin müraciətlərini,  şikayətlərini müəyyən qurumlara çatdıra bilmisinizmi?

 

-Onların tələblərini müəyyən instansiyalara çatdırıram. Sadəcə, bütün müraciətlərin həyata keçməsi mümkün deyil. Söhbət on minlərlə insandan gedir.  Hədəf əhalinin problemlərini müəyyən qurumlara çatdırmaq və əksəriyyətini həll etməkdir.

Mən mütəmadi olaraq təmsil etdiyim Yasamal seçiciləri ilə görüşürəm,  dinləyirəm, çalışıram əlimdən gələn yardımı edim. Elə bir neçə gün öncə onlarla seçicini qəbul etdim. İş tapmaq istəyən, təhsil haqqını ödəyə bilməyən, tibbi müalicəyə imkanı çatmayan və digər sosial məsələlərin həllini gözləyən şəxslər deputatlara üz tutur. İmkan daxilində çalışıram kömək edim, halbuki, bizim 17 saylı Yasamal üçüncü seçki dairəsində on minlərlə insan var və hamıya yardım etmək fiziki cəhətdən mümkün deyil. Amma bütün imkanlardan istifadə etməyə çalışır, seçicilərə kömək göstərirəm.

 

-Deputatların başlıca vəzifələrindən biri  qanunvericilik sahəsində fəaliyyətlə bağlıdır. Çox vaxt isə seçicilərin millət vəkillərindən gözləntiləri qanunvericiliklə bağlı yox, maddi məsələlərlə bağlı olur. Sizdə vəziyyət necədir?

 

-Seçicilərin bəzisi öz şəxsi problemlərinin həll edilməsini istəyir. Onlarla görüşəndə əksəriyyəti deputatla seçici arasında olan baryerin götürülməsini istəyir. Belə deyək, dərdlərinə şərik insan axtarırlar. Müəyyən məsələlərlə bağlı kömək etmək olur. Biznes sahəsində dostlarım var ki, onların dəstiyi ilə bir sıra məsələləri həll edirik. Sözsüz ki, bütün istəkləri qarşılamaq olmur. Əsas olan seçici ilə ünsiyyətdən kənarda olmamaqdır.

 

-Deputata sanki “pul kisəsi” kimi də baxırlar. “Oğlumu evləndirirəm, mənə kömək edin”,“Qızıma cehiz almalıyam, pul lazımdır” kimi müraciətlərlə bir il ərzində rastlaşmısınızmı?

 

-Sosial və maddi məsələlərlə bağlı müraciətlər çoxdur. Yenə deyirəm, bəzi müraciətlərin biznes qurumlarında, digər təşkilatlarda çalışan insanlar tərəfindən həllinə çalışırıq. Amma seçici onu da bilməlidir ki, deputat “pul ağacı” deyil. Deputat da hökumətdən əmək haqqı alan insandır. Biznes fəaliyyəti ilə məşğul olmur. Sadəcə, bəzi problemləri hüquqi kömək göstərməklə, müəyyən istiqamət verməklə həll etmək olar. Amma bütün seçicilərin maddi tələbatını ödəmək mümkün deyil.

 

-3 dəfə seçkiyə qatılmısınız və əsas rəqibəriniz xanımlar olub. 2005-ci ildə Lalə Şövkət, 2010-cu ildə Nüşabə Sadıxlı və 2015-ci ildə isə YAP-dan namizədliyi  irəli sürülən Lalə Əhmədova. Sonda qadınlara qalib gələ bildiniz. Deyə bilərikmi, şansınız gətirdi?

 

-Əslində, seçkiyə qatılan rəqibə, zəif və güclü prizmadan baxmaq olmaz. Seçkiyə qatılan hər bir namizədin öz potensialı var. Lalə xanıma gəlincə, seçkilərə 10-15 gün qalmış namizədliyini geri götürdü. Ümumiyyətlə, rəqiblərə qadın və kişi olduğuna görə fərq qoymağı doğru saymıram. Rəqibi düzgün qiymətləndirməli və hədəfə istiqamətlənməlisən.

 

-Şanslı olduğunuzu qəbul etmirsiniz. Bəs, şansın insan həyatındakı roluna necə, inanırsınız?

 

-Şansa yox, Allaha inanıram. İnamım güclüdür. Hesab edirəm ki, heç bir əziyyət nəticəsiz qalmır. Düşünürəm ki, 10 il ərzində 2 dəfə seçkilərə əzmlə qatılmağım və seçicilərin inamını qazanmağım istəyimi reallaşdırdı. Amma onu da deyim ki, özümü heç də şanssız insan hesab etmirəm.

 

-Şansdan çox, inanclı insan olduğunuzu xüsusi qeyd etdiniz.  Yəqin  nəzir qutularına da pul salırsınız. Baxmayaraq ki, həmkarınız Fazil Mustafa hər zaman bunun qəti əleyhinə çıxış edir.

 

-İnanclı insan olmağım o demək deyil ki, qutulara nəzir atıram. Hesab edirəm ki, insanın qəlbində Allah sevgisi olmalıdır. İnsanla Allah arasında heç bir vasitəçi qüvvə də olmamalıdır. İnsan ilk növbədə etdiyi hərəkətlərə görə vicdanının qarşısında cavab verir. Mən də o fəlsəfə ilə hərəkət edirəm. Çalışırsan ki, yaxşılıq edəsən, elmə, savada üstünlük verirsən. İnsanların maddi rifah halını yaxşılaşdırmaq üçün nəsə etməyə çan atırsan. Bu da inamdan irəli gələn haldır. Hər bir insanın içində bir inam var. Deyə bilmərəm ki, kim doğru, kim yanlış inanır. Sadəcə, hər kəsin dini inancına hörmətlə yanaşıram. Tez-tez nəzir qutularına atılan pulların sonrakı aqibəti də maraq doğurur. İnanıram ki, həmin pullar məscidlərin abadlaşdırılmasına, imkansızlara yardımlara sərf olunur.

 

-Siz həm də Milli Məclisin Elm və Təhsil komitəsinin üzvüsüz. Bir məqama diqqət çəkmək istərdim. Son vaxtlarda orta məktəblərdə müəllim-şagird münasibətlərində ciddi nöqsanlar aşkar olunur. Kişi müəllimlərimiz arasında  şagirdlərə qarşı zorakılıq halları baş verir. Təhsilimizdə nə baş verir?

 

-Bu cür neqativ halları mən də pisləyirəm. Müəllimlik müqəddəs peşədir. Hər birimiz  6 yaşdan məktəbə ayaq açmağa başlamışıq. Məktəblə, müəllimlə sıx təmasda olmuşuq. Söhbət ondan getmir ki, valideynlərim müəllim, ya da müəllimədir. İndiyə kimi mənə dərs keçən müəllimimlə əlaqə saxlayıram, evinə gedirəm. Ancaq dediyiniz məsələlərlə bağlı fikrim odur ki, o cür insanlar müəllim adına layiq olmayanlardır. Belə hallarla biz müəllimlik peşəsinin nüfuzuna xələl gətirməməliyik.

Sevindirici məqam da var ki, son zamanlar təhsil sahəsində islahatlar gedir, qanunlar qəbul edilir. Gələcəkdə də islahatlar nəzərdə tutulub. “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq. Bir daha qeyd edirəm ki, neqativ faktın mərkəzində dayanan bir-iki şəxsə görə böyük müəllim ordusunu qaralamaq olmaz.

 

-Ayrı-ayrı dövlətlərin millət vəkilləri ilə oxşar və fərqli cəhətləriniz nədir? Bizdə hər şey idealdımı?

 

-Millət vəkili böyük anlayışdır. Əgər 30, 40, 50 min insan səs verib sə, deməli, bu insan o ada layiqdır. O ki qaldı, onun 5 il ərzində seçicilərin etimadını doğrultmaq və doğrultmamağına, bu, ikinci məsələdir. Ona görə deputatlara hörmətlə yanaşmaq lazımdır. Çünki onlar seçicilərin seçimidir. Amerikada bu günlərdə keçirilən seçkilər zamanı  Klintonla Tramp arasında soyuqluq vardı. Amma Tramp prezident seçilən kimi onlar biri-birlərini təbrik etdilər və elan etdilər ki, bu, xalqın seçimidir və seçimə hörmətlə yanaşmaq lazımdır.

Mən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Avropa parlamentariləri ilə mütəmadi görüşürük. Fərqlənən cəhətlərimiz yalnız mentalitetdən ibarətdir. Onların seçicilərlə təmaslarını görmədiyimə görə qiymət verə bilmərəm. ATƏT PA-da təmsil olunan millət vəkillərimiz heç də onlardan zəif insanlar deyillər, əksinə, güclüdürlər.

 

-Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan razısınızmı?

 

-Qadın hər bir insanın həyatında öncə anadır. Ana da Vətən deməkdir. Bu gün Azərbaycan qadınları həm biznes sahəsində, həm də ictimai və mədəni sahələrdə çox aktivdirlər. Qanunverici orqanda da qadınların təmsil olunmasını ayrıca qeyd etmək istəyirəm. Xanım deputatlarımız seçicilərini layiqincə təmsil edir, Azərbaycan qadınının həyatımızın bütün sahələrində mühüm rol oynadığını bir daha təstiqləyirlər. Bütün bunlarla yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti qadınlarımız üçün bir stimuldur. Azərbaycan qadını cəmiyyətimizdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlir.

 

-Xanımların cəmiyyətdəki rolundan danışdıq. Hətta parlamentdə də qadınların sayı az deyil. Gələcəkdə xanımınız deputat olmaq istəyərsə, onu müdafiə edərsinizmi?

 

-Deputat olmaq çox məsuliyyətli və çətin işdir. Cəmiyyətdə mövqe tutmaq baxımından qadınla kişi arasında fərq görmürəm. Əgər xanımımın belə bir istəyi olarsa və özünü o sahədə tam hazırlıqlı hesab edərsə, niyə də dəstəkləməyim?!

 

- Milli Məclisdə parta yoldaşınız kimdir?

 

- Hacı Salayev.

 

-Hacı Salayevin danışmaqla heç arası yoxdur. Qapalı insan təsiri bağışlayır. Necə yola gedirsiz?

 

-Lap yaxşı anlaşırıq. Hacı müəllimlə biri-birimizi 20 ilə yaxındır ki, tanıyırıq. Dostuq. Kifayət qədər təcrübəli insandır. Bilirəm ki, seçicilərlə mütəmadi olaraq görüşür. Hər ikimiz seçkilərə qatılanda biri-birimizlə əlaqə saxlamışıq. İsti münasibətlərimiz var.

 

-20 illik dostunuzla təsadüf nəticəsində Milli Məclisdə parta yoldaşı oldunuz. Bu da bir şansdır.

 

-Milli Məclisdə yanaşı əyləşməyimiz həm də münasibətlərimizdən irəli gəlir. Belə alındı ki,  iki dost ötən il deputat seçildi.

 

-İki dəfə seçkilərə qatılıb qalib ola bilməmisiz. Maraqlıdır ki,  3-cü dəfə seçkilərdə iştirak etmək istəyəndə “qatılma” deyənlər olubmu?

 

-O nöqteyi-nəzərdən çox prinsipial insanam. Sözə qulaq asıram, amma axırda öz bildiyimi edirəm. Daxili intuisiyam arada ürəyimin sözünə qulaq asmağı tövsiyə edir. Valideynlərim də, dostlarım da deyib ki, 3-cü dəfə də qalib gəlməyə bilərsən. Mənə elə gəlir ki, onlar mənim prinsipial olmağımı yüksək qiymətləndirirlər. Əslində, ən böyük nailiyyət deputat seçilmək deyil. Ən böyük nailiyyət 2020-ci ildə seçicilərinin qarşısında görülmüş iş barədə uğurlu hesabat verməkdir.

 

-Gənclər və idman komitəsinin üzvü olaraq, bir neçə gün bundan öncə, “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklərə dair təşəbbüs göstərildi. Maraqlıdır ki, 18 yaşına çatmayanların bara gedə bilməməsi, onlara siqaret və içki məhsullarının satışının qadağan olunmasına necə nəzarət ediləcək?

 

-Təbii ki, gənclərlə bağlı müəyyən dəyişikliklər təklif olundu. Qanun layihəsi ətrafında müzakirələr yeni başlayıb. Komitə üzvləri müəyyən təkliflər irəli sürdülər. 18 yaşdan aşağı olanların bara getməməsi və siqaret ala bilməməsi ilə bağlı çox güman ki, mexanizm hazırlanacaq. Hesab edirəm ki, gənclərə həyatda dəstək olmaq  lazımdır. Hər şeydən öncə ictimai nəzarət bu məsələləri tənzimləməlidir.

 

-Bir müddət əvvəl deputat həmkarınız Qüdrət Həsənquliyev ölkəyə  turist cəlb etmək məqsədi ilə kazinoların açılması təklifini irəli sürdü. Düzdür, bu təklifi dəstəkləyənlər də, ona qarşı çıxanlar da oldu. Deputat olaraq, məsələyə sizin də yanaşmanız maraqlıdır.

 

-Vaxtilə ümummilli lider Heydər Əliyev kazinoların bağlanması ilə bağlı sərəncam verib. Təbii olaraq, xalqımız bu addımı dəstəklədi. Bu gün Azərbaycan sürətlə dəyişir və  inkişaf edir. Ölkəyə hər il çoxlu sayda turist gəlir. Düşünürəm ki, müvafiq qanun layihəsi qəbul olunsa, Azərbaycan vətəndaşları istisna olmaqla, məhz turistləri cəlb etməkdən ötrü bu, faydalı ola bilər. Məsələn, qonşu Gürcüstan dövlətinin büdcəsi həm də  kazinoların  hesabına dolur. Ona görə  orada turizm də inkişaf edir. Digər tərəfdən, sözümün canı odur ki, sıravi vətəndaş 5-10 manat taparaq hansısa kazinoda başını qataraq sonuncu pulunu da uduzmasın. O da fəlakətə doğru aparar və ailələrin dağılmasına gətirib çıxarar. Ona görə də buna müsbət baxa bilmərəm. Amma zəngin həyat sürən insanlar var ki, onlar iqtisadiyyata müəyyən fayda verə bilərlər. Bu sahədə beynəlxalq təcrübə də var. Belə ki, dövlət kazinoların icazəli olduğu zonalardan vergi tutur və büdcəyə daxilolmalar artır. Bu cür insanların asudə vaxtını təmin etməklə və müəyyən məqamlar istisna olmaqla, müvafiq mexanizm fikirləşmək olar.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?