Modern.az

Parlamentdə dəlilərlə bağlı müzakirələr aparılacaq

Parlamentdə dəlilərlə bağlı müzakirələr aparılacaq

3 Mart 2011, 18:08

Modern.az-ın araşdırmasına görə, son illər Azərbaycan əhalisi arasında psixi xəstəliklərlə xəstələnmə halları artıb. Dövlət Statistika Komitəsinin statistik məlumatları da belə deməyə əsas verir. Rəsmi statistikaya görə, 2000-ci ildən bəri ötən hər il ərzində 4-5 mindən çox adama ilk dəfə psixi xəstə diaqnozu qoyulur. Hazırda Azərbaycandakı müalicə - profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 130 minə yaxındır.  

Rəsmi statistikaya görə, Azərbaycanda hər 100 min nəfərdən 1450-si psixi xəstədir. Əgər 2000-ci ildə respublikamızdakı müalicə - profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 97279 nəfər olubsa, 2009-ci ildə bu rəqəm 126824 nəfərədk artıb. Göründüyü kimi xəstələrin sayında kəskin artım var. Həkimlər bu rəqəmin getdikcə artacağını istisna etmirlər.

Psixoloq Asəf Kərimov psixi xəstələrin sayının artmasının səbəbini ilk növbədə ağır iqtisadi vəziyyətlə əlaqələndirir: “Ümumi götürəndə insanlara ictimai-siyasi, iqtisadi vəziyyət çox güclü təsir edir. İndiki zəmanədə olan ədalətsizlik və haqsızlıqların olması, sağlamlığın kifayət qədər təmin olunmaması insanlara mənfi təsir göstərir”.
Müsahibimiz uzun müddət müharibədə iştirak edənlərdə və müharibə səsi altında dünyaya gələn uşaqlarda da sinir pozğunluqları yarandığını söyləyib. Psixoloq psixi xəstələrin çoxalmasını həm də digər amillərlə də əlaqələndirir: “Qarabağ müharibəsində məğlubiyyətlər, insanların yaxınlarını itirməsi üzündən şəxsi faciələrin baş verməsi, qaçqın və məcburi köçkün uşaqların ağır vəziyyətdə böyüməsi, işsizlik, sosial problemlərin artması, ailələrdə olan münaqişələr, insanların informasiya bolluğuna düşməsi də psixi xəstələrin sayına təsir göstərib”.
A.Kərimov psixi pozğunluğun gənclər arasında çox olduğunu deyir: “Gənclərin müəyyən bir iş yeri tapa bilməməsi onlarda əsəb gərginliyi yaradır. Bundan başqa onların iradəsi və sinir sistemi zəifləyir, daim həyacan içərisində olurlar. Nəticədə onlarda sinir sistemi pozulur”.

Müsahibimiz yaşlı təbəqə arasında da bu cür halların olduğunu bildirir. Psixoloqun fikrincə, bəzi insanlar indiki dövrə uyğunlaşa bilməkdə çətinlik çəkirlər. Onun sözlərinə görə, indi ölüm haqqında həddən artıq fikirləşənlər var.
“Bəziləri yaşamaq, qalib gəlmək və pozitiv hisslər ətrafında hərəkət etmək istəmirlər. İnkişafın belə bir dəyişkən vəziyyətinə insanlar hamısı hazır deyil. Bu da sonda gərgin vəziyyətə gətirib çıxarır”.

Ölkədə doqquz psixiatriya (ruhi) xəstəxanası var. Psixiatriya xəstəxanalarına pasiyentlər ilk növbədə şizofreniya, şizoid tipli və sayıqlama ilə müşayiət olunan xəstəliklərlə əlaqədar qəbul olunurlar.

Milli Məclisdə isə “Psixatriya haqqında” qanuna əlavə və dəyişikliklər olunacaq, hazırda parlamentin Sosial siyasət komitəsində sənəd üzərində iş gedir. Bu barədə Modern.az-saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

M.Quliyev 20-yə yaxın maddəyə dəyişikliklər ediləcəyini bildirib. Onun sözlərinə görə, bunun əsas səbəbi Azərbaycan qanunvericiliyinin beynəlxalq  qanunvericiliklə uyğunlaşdırılması, Ümümdunya Səhiyyə Təşkilatının tövsiyyələrinə əməl olunmasıdı. Deputat qeyd edib ki, burada əsas məsələ həm də ruhi xəstələrin hüquqlarının qorunması ilə bağlıdır.

M.Quliyev deyir ki, sovet dövründə “ruhi xəstə” sözü bir az mürəkkəb bir məqama gətirib çıxarırdı, əgər kiminsə kimdənsə xoşu gəlmirdisə, kimsə güclu idisə, həmin xoşu gəlməyən şəxsi “ruhi xəstə” adı ilə xəstəxanada yatızdıra bilərdi.
“2001-ci ildə bizdə bu sahə ilə bağlı qanun qəbul edildi. Qanun qəbul ediləndə dünyanın mütərəqqi təcrübəsi sənəddə əks olundu. Ancaq müəyyən tövsiyyələr vardı ki, indi biz onları nəzərə alırıq. Dəyişikliklər ondan ibarətdir ki, əvvəllər psixatrlar hər biri xəstəyı ruhi xəstə diaqnozu qoya və onu təsdiqləyə bilirdi. Lakin indiki dəyişikliklərdə bu belə olmayacaq, istənilən həkim xəstəyə ruhi xəstə  diaqnozu qoya bilməz. Həkim bununla bağlı təklif irəli sürə bilər, ilkin diaqnoz verə bilər. Ancaq bu məsələ yalnız ixtisaslaşmış müəssisədə, yaxud da həkim komissiyasında təsdiqlənə bilər”.

Deputat onu da bildirib ki, indiyə qədər Azərbaycanda ruhi xəstələr ağır şəraitdə, yarımtürmə şəraitində yaşayırdılar.
“Qanuna əlavə və dəyişikliklər edildikdən sonra bu məsələdə də müəyyən dəyişikliklər olacaq. Çünki elə xəstələr var ki,  onlar üzun müddətdir xəstəxanalarda yatırlar və onların digər xəstələrlə bərabərliyi pozulub. Onlara da başqa xəstələr kimi eyni şərait yaradılacaq. Bundan əlavə, ruhi xəstələrə dini inanclarını icra etmək üçün şərait yaradılacaq”.

Deputat həmçinin bildirib ki, ruhi xəstələrin Ombudsmana birbaşa müraciəti məsələsi də hüquqi sənəddə öz əksini tapacaq.

Musa Qilyevin sözlərinə görə, indiyə qədər bu sahə ilə bağlı xəstələr, xəstəxanalara könüllülük və yaxud da cinayət törədərək məcburi əsaslarla yerləşdirilirdi, bu məsələlərdə də yeniliklər olacaq. Bu yeniliklərdə könüllülük məsələsi saxlanılır, məcburililik iki kateqoriyaya bölünüb. Məcbüri qayda belədi ki, hər hansı bir ruhi xəstə cinayət törədirsə, təbii ki, o məhkəmənin qərarı ilə ruhi xəstəxanalarda yerləşdirilir. Eyni zamanda, şəxs ruhi xəstədirsə, onun ailəsi, yaxud da 14 gün müddətində onu izləyən hər hansı bir vətəndaş bu barədə müvafiq regionun ruhi xəstələrlə bağlı xəstəxanasın müraciət edirsə, məsələ məhkəməyə çıxarılırsa və məhkəmə qərar verirsə ki, o adamda ruhi xəstəlik var, ixtisaslaşmış müəssisə,  yaxud həkimlər konsiliumu bunu təsdiqləyirsə, onda o, məcburi qaydada ruhi xəstəxanalarda yatırıla bilər.

Millət vəkili onu da bildirib ki, əvvələr xəstələrin buraxılması üçün məhkəmə qərarı var idi,  əgər bu tipli xəstələr cinayət törədibsə, təbii ki, onları azadlığa buraxmaq üçün məhkəmə qərarı lazımdı. Ancaq cinayət törətməyib, xəstəlik diaqnozu ilə xəstəxanalara yerləşdirilənləri həkimlərin özləri sərbəst şəkildə azad edə biləcək. 

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər