Modern.az

Tanınmış simalardan dini kitabların qadağasına ETİRAZ: “Bu düzgün deyil!”

Tanınmış simalardan dini kitabların qadağasına ETİRAZ: “Bu düzgün deyil!”

22 Noyabr 2016, 14:46

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Modern.az-ın xaricdən gətirilən dini ədəbiyyata qoyulan qadağalardan danışarkən bəzi istisnaları da qeyd edib.

“Əgər bizə müraciət edən şəxs ilahiyyatçıdırsa, onun qadağan olunmuş hər hansı ədəbiyyatı ölkəyə gətirməsinə icazə verilir. Biz onun din xadimi, ilahiyyatçı olduğunu nəzərə alaraq, kitab zərərli dini ədəbiyyat sayılsa da belə, həmin fərd üçün 1 dənə olmaq şərti ilə icazə veririk. Çünki din xadimi zərərli kitabda nə yazıldığını bilməlidir ki, insanlara onu açıqlamaq iqtidarında olsun. Yəni kitaba rəy verərkən vətəndaşın kimliyi də nəzərə alınır”.

Bəs görəsən qadağan olunmuş kitablarla bağlı kimlərsə müraciət edibmi? Modern.az məsələ ilə bağlı bir neçə nəfərin fikrini öyrənməyə çalışıb.

Azərbaycan Demokrat Partiyasının  sədri Sərdar Cəlaloğlu bildirib ki, o xaricdən kitab almır.

“Mən  dindarlıqla məşğul olmuram, sadəcə Qurani-Kərimə elmi-fəlsəfi izah yazıram. İstifadə etdiyim ədəbiyyat müasir elmlər, fəlsəfi cərəyanlarla bağlı kitablardır. İstifadə etdiyim kitabların heç biri qadağan olunmuş ədəbiyyat deyil. Mən elə fikirləşirəm ki, qadağan olunan kitablar təriqətlərlə bağlı olanlardır. Bir var İslam dini, bir də var İslam dinində əqidəyə görə təriqət və məzhəblər. Mən heç bir təriqət və məzhəbi tanımıram və düzgün olduğunu da qəbul etmirəm. Qurani-Kərimdə deyilir ki, “əqidənizi və ibadətinizi mənə xalis olaraq edin”, bu o deməkdir ki, heç bir təriqət və məzhəb Quranın tələblərinə cavab vermir. Həmin təriqət nə qədər peyğəmbərə yaxın olursa olsun, Qurandakı ayədə deyilir ki, “əqidənizi və ibadətinizi mənə xalis olaraq edin, ibadətlərdə məndən başqa heç kimin adını çağırmayın. Məndən başqa sizi mənə yaxınlaşdıran ikinci bir köməkçi yoxdur”.
Ümumiyyətlə, heç bir təriqət Qurani-Kərimə uyğun mövcud deyil. Qurani-Kərimdə təriqət və məzhəblər “əyri yol” adlanır. Biri var kafirlərin yolu, biri də var Allahı tanıyır, amma düz yolla getmirsən, dolayı gedirsən. 

Ümumiyyətlə, kitablara qadağa qoymaq düzgün yol deyil. Sən öz əqidəni düzgün hesab edirsənsə, onu təbliğ elə və rəqabətdə qalib gəl. Kitabı qadağan etməklə heç nəyə nail olmaq olmaz. Kitab qadağası qapalı cəmiyyətlər üçün xarakterikdir. Amerikada, Avropada hansı kitabları qadağan edirlər? Düzdür, Azərbaycan Konstitusiyasında zorakılığa, müharibəyə, dini və irqi ayrı-seçkiliyə çağıran istənilən kitab qadağandır. Amma sənin təriqətinə zidd olan təriqətlərin dini ədəbiyyatını qadağan etmək düzgün deyil. Sovet dövründə Marksizm ideologiyasına zidd olan fəlsəfi cərəyanların heç birini biz öyrənmirdik. İndi müqayisə edib baxırıq ki, o cərəyanlar daha faydalı idi, nəinki Marksizm. Arqument, mübarizə qabiliyyəti zəif olanda, dərhal qadağaya əl atırlar. Azərbaycanda din demək olar ki, Sovet dönəmindən qalmadır. Əslinə baxanda, Azərbaycanda klassik İslam yoxdu. Din xadimlərinin çoxunun da İslamdan xəbəri yoxdu. Xüsusən də təriqət və məzhəb məsələsində o qədər irəli gediblər ki, İslamdan da Qurandan da ayrılıblar. Onların rəhbər götürdüyü kitablar Qurani-Kərim deyil”.

 

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, əvvəllər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləyib.

“Təxminən bilirəm ki, hansı kitablar qadağan oluna bilər, hansılar isə yox. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da açıqlamasında deyib ki, internet əsrində qadağan edilmiş kitab anlayışı özünü doğrultmur. Ona görə də bu məsələ ilə bağlı problemin olduğunu güman etmirəm. Sadəcə olaraq, Azərbaycan insanında ümumiyyətlə oxuculuq qabiliyyəti çox zəifdir. Hal-hazırda multimedia dövrü olduğu üçün insanlar səsli, görüntülü materiallara daha çox maraq göstərirlər. Ordan özləri üçün informasiyalar əldə edirlər. Məsələyə bu aspektdən yanaşanda görürük ki, sosial mediadan insanlar daha çox məlumat əldə edirlər, nəinki kitablardan. Azərbaycanda oxuma sayı digər ölkələrlə nisbətdə çox azdır. Mənim fikrimcə, kitablara qadağa qoyulmasındansa, həmin kitabdakı fikirlər, düşüncələr barədə düzgün informasiya, maarifləndirmə işləri apararaq bunun qarşısı daha faydalı şəkildə almaq olar”.

 

Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib ki, bu məsələ ilə bağlı mütləq mənada bir qadağa qoyulması müəyyən problem yarada bilər.


“Tədqiqat məqsədilə istənilən qadağan olunmuş ədəbiyyatı gətirib, onun tezislərini müzakirə etmək, tədqiq etmək adi bir məsələ deyil. Bu məsələ əsasında düşünmək lazımdır. Bir kitab qadağandı deyə, onu gətirib araşdırmamalıdır? Bu gün Hitlerin “Mayn Kampf” əsəri bəzi ölkələrdə qadağan olunmuş ədəbiyyata daxil edilib. Amma “Mayn Kampf”ı  Türkiyənin və başqa ölkələrin kitab mağazalarında tapmaq mümkündür. Bir tədqiqatçıda bu kitabın olması normal qəbul olunur. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır. Kitabın hansı məqsədlə istifadə edilməsi məsələsi məqbuldur. Bəzi qruplar var ki, radikalizmin inkişafı üçün, bəziləri isə tədqiqat məqsədi ilə istifadə üçün qadağan olunmuş kitabı əldə etmək istəyir. Mənim fikrimcə, araşdırma məqsədi ilə kitabdan istifadə etmək istəyənlərə imkan tanınmalıdır. Ona görə də bu məsələdə ekspertiza təşkil etmək çox vaxt və mütəxəssis  imkanı tələb edir. Bunlar da bizdə çox tükənməz səviyyədə deyil, mütəxəssislərimiz də azdır. Bununla bağlı bir az dəqiqləşdirilmə aparılması vacibdir.

Mənim fikrimcə, qadağaların bu materialları əldə etməyə təsiri çox azdır. Çünki internet vasitəsilə bu kitabları hansısa yolla əldə etmək mümkündür. Sadəcə, bu qadağaların qoyulması kütləviliyi bir qədər azaldır. Amma müəyyən bir çevrəyə bu kitabları oxumaq, araşdırmaq çətin deyil. Ona görə də bu məsələlərdə bir qədər konkretləşdirməyə ehtiyac var, hansı kateroqiyaya qadağan olunur, hansı kateqoriyaya isə icazə verilir. Müəyyən insanlara kitabları gətirməyə qadağa qoyulması müəyyən dərəcədə tədqiqat ruhunu aşağı salır”.

 

Qafar Ağayev

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir