Modern.az

Sumqayıt 67 yaşında – “Şəhərdə 20 min nəfərin yaşaması nəzərdə tutulurdu”

Sumqayıt 67 yaşında – “Şəhərdə 20 min nəfərin yaşaması nəzərdə tutulurdu”

22 Noyabr 2016, 15:13

Bu gün Sumqayıtın şəhər statusu almasından 67 il ötür. Sumqayıt, Bakıdan sonra Xəzər sahillərində yerləşən ən böyük şəhərdir. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. İstilik Elektrik Stansiyası yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi. Müstəqillik qazandıqdan sonra isə Sumqayıt şəhəri tarixinin yeni mərhələsinə qədəm qoyub.

 

Modern.az saytı Sumqayıt şəhər sakini, əməkdar jurnalist, yazıçı, publisist Eyruz Məmmədovun fikirlərini öyrənib.

 

Eyruz Məmmədov isə 1957-ci ildən bəri Sumqayıtda yaşadığını deyib.

“Sumqayıt şəhəri mənim gözümün qarşısında məhəllə-məhəllə, mikrorayon-mikrarayon inkişaf edib. Mən bu şəhərin inkişafını öz gözlərimlə görmüşəm. Sumqayıtın qurulmasında, tikilməsində Kamran Hüseynovun, Yahya Məmmədovun, Mehbalı Əmiraslanovun və digərlərinin çox böyük rolu olub. Sumqayıta əvvəllər “fəhlə və gənclər şəhəri” deyirdilər”.

 

Əməkdar jurnalist qeyd etdi ki, Sumqayıt şəhəri bildiyimiz kimi mini Azərbaycandır.

“Bu şəhərə respublikanın bir çox bölgələrindən gənclər axışıb gəliblər. Bununla yanaşı Sovet ittifaqının müxtəlif şəhərlərindən də Sumqayıtda məskunlaşanlar çox olub. Həmin insanlar bu şəhərdə dostluq və qardaşlıq şəklində yaşayıblar. 1984-cü ildə Sumqayıtda 84 millətin nümayəndələri yaşayırdı. Bunlara misal olaraq, gürcüləri, yəhudiləri, almanları, rusları göstərmək olar. Bu insanların hamısı Sumqayıtda fəaliyyət göstərən zavodlarda, sexlərdə və digər yerlərdə çalışırdılar. Sumqayıtı bir çox ölkələrdə beynəlmiləl şəhər kimi tanıyırdılar”.

 

O, həmçinin bildirib ki, əvvəllər Sumqayıtın özünün bir çox adət-ənənələri var idi.

“Bu adət-ənənələr respublikanın digər regionlardakından dəfələrlə fərqlənirdi. Sumqayıtda bölgələrdən çox insanlar yaşadığına görə bütün adət-ənənələr bu şəhərdə daha da formalaşmışdı. Buna misal olaraq göstərmək olar ki, şəhər əhalisi tanımadığı Sumqayıt sakininə belə yardım edib, əl tuturdular. Sumqayıtda dövlət sturukturları tərəfindən həll olmayan hansısa məsələ Sumqayıt ağsaqqallarının bir sözü ilə həll olunurdu”.

Eyruz Məmmədovun sözlərinə görə, ilkin variantda Sumqayıtda 20 min insanın yaşaması nəzərdə tutulurdu.

“Amma Kamran Hüseynov, Yəhya Məmmədovun və digər şəxslərin vasitəsilə Sumqayıtda 100-200 min insanın yaşamağı üçün şəraitin yaradılmağı həyata keçirildi. Baxmayaraq ki, o zaman bunun üçün çoxlu maneələrə rast gəlindi”.

 

Əməkdar jurnalist deyib ki, Sumqayıtın simvollarından biri də Nəsimi parkıdır.

“Bu park 50-ci illərdə şəhər sakinlərinin əlləri ilə salınıb. Hətta yadıma gəlir ki, 1980-ci ildə Sumqayıta bir dəstə turist gəlmişdi. Onlara deyəndə ki, bu park 20 il ərzində salınıb, buna inanmadılar. Onlar bizə deyirdilər ki, bura dəniz sahilində meşə zonası olub. Biz onları inandıra bildik ki, bu ağacları şəhər sakinləri bura əkiblər. Hətta prezident İlham Əliyev də Sumqayıta son səfəri zamanı Nəsimi parkının  yanında yeni yaradılmış Bulvarın açılışı zamanı  çıxış edərkən dedi ki, bu bulvarın yaradılması “möcüzədir”. Bu gün Sumqayıt əvvəlki şan-şöhrətin yenidən bərpa edib. Hiss olunur ki, şəhər sakinləri doğma şəhərlərinin bərpası üçün canlarını belə fəda edirlər”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu