Modern.az

Oqtay Əsədov MDB PA-nın toplantısına qatılacaq

Oqtay Əsədov MDB PA-nın toplantısına qatılacaq

22 Noyabr 2016, 21:07

Sabah Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Modern.az saytı Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Əli Hüseynli, Arif Rəhimzadə, deputatlardan Kamilə Əliyeva, Rasim Musabəyov, Malik Həsənov, Fəzail Ağamalı, Mirkazım Kazımov, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev daxildirlər.

 

Parlamentin sədri burada keçiriləcək MDB Parlament Assambleyasının Şura iclasına qatılacaq, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. İclasda qurumun 25 illiyinə hazırlıq tədbirləri, təşkilata üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Azərbaycanda və Tacikistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda qurumun nümayəndələrinin iştirakı, Belarus parlamentinə və Rusiya Dövlət Dumasına seçkilərin monitorinqi, Moldovada prezident seçkiləri barədə məsələlərə baxılacaq, təşkilatın gələn il üçün iş planı nəzərdən keçiriləcək.

 

MDB PA-nın 45-ci plenar iclasında təşkilata üzv ölkələrdə təhsilin keyfiyyəti, “İnklüziv təhsil haqqında”, “Parlament tədqiqatı haqqında”, “Tibbi sığorta haqqında” model qanun layihələrinə baxılacaq, hərbi münaqişələr zamanı tibbi müəssisələrin və tibb işçilərinin müdafiəsi barədə tövsiyələr dinləniləcək. İclasda “İnternetin tənzimlənməsinin əsasları haqqında” yeni redaksiyada model qanun layihəsi və digər məsələlər də müzakirə olunacaq.

 

Deputatlarımız tədbir çərçivəsində qurumun daimi komissiyalarının iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə öz qeyd və təkliflərini verəcəklər.

 

Səfər çərçivəsində Milli Məclis sədrinin təşkilatın və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

 

Səfər noyabrın 25-də başa çatacaq.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir