Modern.az

Azərbaycanda özəl universitetlər niyə “ölüb?” - Nizami Cəfərov səbəblərdən DANIŞIR

Azərbaycanda özəl universitetlər niyə “ölüb?” - Nizami Cəfərov səbəblərdən DANIŞIR

Təhsil

23 Noyabr 2016, 11:18

Dünyanın bir çox ölkələrində özəl universitetlər dövlət universitetlərdən daha üstün olur. Özəl universitetlər ölkəni tanıdan bir markaya çevrilir. Ancaq ölkəmizdə bu vəziyyət tamamilə fərqlidir. Bizdə dövlət universitetləri daha çox seçilir. Ölkəmizdə özəl orta məktəblərə maraq çox olsa da, özəl ali məktəblərə maraq azdır. Bunun obyektiv və subyektiv səbəbləri var.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, dünyanın tanınmış özəl universitetlərinin böyük tarixi  təcrübəsi var.

 

“Bəzilərinin hətta bir neçə əsrlik böyük tarixi təcrübəsi var. Yeni yarananlar da  həmin təcrübə əsasında yaranırlar. Yəni kifayət qədər böyük maliyyə vəsaiti ilə yaranır. Daha sonra isə mənim bildiyim qədər, bu təhsil ocaqları çox böyük bir biznes şəbəkəsinə çevrilir. Onların bağladığı müqavilələr olur. Bu təhsil ocaqlarının elə ciddi maliyyə mənbələri olur ki, yüksək ixtisaslı kadrları universitetə cəlb edə bilirlər. Çox zəngin texnologiya imkanları mövcud olur, ciddi elmi tədqiqatlar aparırlar. Həmin universiteti bitirmiş yaxşı mütəxəssisləri müəyyən qurumlar işə qəbul edir. İşin həm başlanğıcı, həm də sonrası çox ciddi maliyyə təminatı ilə müşahidə edilir.  Bu da əlbəttə ki, qazanılmış nəticədən irəli gəlir.
Amma bizdə özəl universitetlər yeni yaranır. Çox böyük tarixə malik özəl universitetimiz yoxdur, ən çoxu 25 illik tarixə malik universitetlərimiz var. Onların da yaranmasında çox böyük maliyyə rol oynamayıb. Universiteti saxlamaq, maliyyəsini təmin etmək kifayət qədər mürəkkəb məsələdir. Ona görə də bizdə maliyyənin zəif olmasına və ya olmamasına görə özəl universitetlərə maraq azdır”.



Deputatın sözlərinə görə, orta məktəblərdə və liseylərdə vəziyyət tamamilə  fərqlidir.

“Əvvəla liseylərə və özəl orta məktəblərə  universitetlər qədər böyük maliyyə lazım deyil. İkincisi isə bizdə və dünyada valideynlər daha çox orta təhsilə diqqət edirlər. Bizdə bu hala daha çox rast gəlinir. Bütün valideynlər övladlarının mütləq şəkildə orta təhsil almağını istəyir. Amma bizdə o ənənə yoxdur ki, valideynlər övladlarının yaxşı ali təhsil almasına çalışsınlar. Orta məktəbi bitirib ali məktəbə daxil olandan sonra bizim valideynlərin sanki hövsələsi çatmır ki, övladının ali təhsili ilə maraqlansın. Mən belə deyərdim ki, bu bir az da bizim mentalitetlə bağlıdır. Orta məktəb zamanında valideyn haradan olursa olsun, maliyyə vəsaiti tapır və çalışır ki, övladları ali məktəbə daxil olsun. Ali məktəbə girəndən sonra vəziyyət dəyişir. Ondan sonrası tələbənin öhdəsinə düşür. Tələbənin də maliyyə ehtiyatları  buna çatmır, ailəsi də o qədər çox maliyyələşdirmir”.

Nizami Cəfərov həmçinin bildirib ki, özəl universitetlərə maraq yaratmaq üçün təhsilin səviyyəsi yüksəldilməlidir.

“ Təhsilin səviyyəsi o qədər yüksəldilməlidir ki, hətta dövlət universitetlərindən daha yüksək olmalıdır. Bunun üçün də maliyyə lazımdır. Özəl universitetlərin həm tədris texnologiyalarına, həm də müəllimlərə, akademiklərə, hətta xaricdən dəvət olunan mütəxəssislərə sərf olunması üçün yüksək maliyyəsi varsa, onda inkişafdan danışmaq olar. Belə olarsa, həm universitetin akademik heyəti, həm də tələbələri uğurlara imza ata bilər.  Tələbələrin valideynlərinin maliyyə vəsaitinin də kifayət qədər olmaması universitetlərin müəyyən endirimlər etməsinə gətirib çıxarar. Aşağı maliyyə imkanları ilə də özəl universitetlərdə uğura imza atmaq çətindir.
Müşahidə edirik ki, özəl universitetlər tələbə cəlb etmək üçün ödənişi aşağı salır, endirimlər edirlər. Halbuki, o ödənişlə universiteti lazım olunan səviyyəyə qaldırmaq mümkün olar.

Özəl universitet eyni zamanda bir biznes strukturudur. Mövcud bazarın imkanları ilə ayaqlaşmalıdırlar. Bizim özəl universitetlərimizdə bəzən tələbələr ödənişdən azad edilir, hətta dövlət dəstəyi də olur”.

Qafar Ağayev

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub