Modern.az

Məşhurların övladları: sabiq nazir müavininin hüquqşünas qızı - FOTO

Məşhurların övladları: sabiq nazir müavininin hüquqşünas qızı - FOTO

Mədəni̇yyət

23 Noyabr 2016, 13:18

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

 

Budəfəki təqdimatımız Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevin qızı Nigar Dünyamalıyeva haqqındadır.


Zahid Dünyamalıyev 12 il daxili işlər nazirinin müavini vəzifəsində işləyib. O, 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirib.

1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və 1972-ci ilə qədər həmin institutda çalışıb. 1972-1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləyib.

1977-ci ildə daxili işlər orqanlarına işə göndərilib. 1977-1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983-1987-ci illərdə həmin idarənin rəisi, 1987-1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini işləyib.

O, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993-2001-ci illərdə Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, 2001-2005-ci illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.

Qarabağ hadisələrində fəal iştirak edib, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olub. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilib, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat edib.


Mərhum Z.Dünyamalıyev 2005-ci ildə DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bandası ifşa ediləndən az sonra könüllü şəkildə istefa verərək daxili işlər nazirinin müavini vəzifəsindən getmişdi.

Bəzi mənbələr iddia edirdilər ki, onu da Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov kimi Hacının bandası ilə əlaqələndirməyə cəhdlər edilib. Lakin bunun üçün heç bir ipucu tapılmadığından bu addım atılmayıb. Onu tanıyan şəxslərin deməsinə görə, DİN-də belə bir bandanın aşkar edilməsi Z.Dünyamalıyevə sarsıdıcı zərbə vurubmuş. Həmin vaxtdan sonra onun ürək problemləri yarandığı bildirilir. Bu hadisənin onun səhhətinə ciddi təsir göstərdiyi qeyd edilirdi.

 

Zahid Dünyamalıyevin qızı Nigar Dünyamalıyeva Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında çalışır. Bununla yanaşı, həm də pedaqoji fəaliyyət göstərir.
Nigar Dünyamalıyeva 19 oktyabr 1979-cu ildə dünyaya gəlib.

1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr təhsili alıb. 2000-2002-ci illərdə həmin fakültənin magistri olub.
2005-2008-ci illərdə BDU-nun Hüquq fakultəsində ikinci ali təhsil alıb.

N.Dünyamalıyeva 2007-ci ildə «Müasir beynəlxalq münasibətlərdə hərbi-siyasi münaqişələr» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, siyasi elmlər namizədi olub      


İxtisasca hüquqşünas olan N.Dünyamalıyeva Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında çalışır. O, burada Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində işləyir.Dövlət qulluğunun baş müşaviridir.

N.Dünyamalıyeva 2002-ci ildən həm də BDU-da çalışır. O, 2002-2006-cı illərdə BDU-nun «Beynəlxalq münasibətlər» kafedrasında müəllim, 2006-cı ildən isə «Diplomatiya və müasir inteqrasiya prosesləri» kafedrasında müəllim kimi «Beynəlxalq təşkilatlar», «İnteqrasiya prosesləri», «Avropa İttifaqının xariji siyasəti» fənnlərini tədris edir.

N.Dünyamalıyeva 25 iyun 2014-cü il tarixində ölkə başçısının sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.



A.Qorxmaz

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər