Modern.az

“Aslan Aslanov şəxsiyyət səviyyəsinə yüksəlmiş bir insandır” – MÜSAHİBƏ

“Aslan Aslanov şəxsiyyət səviyyəsinə yüksəlmiş bir insandır” – MÜSAHİBƏ

23 Noyabr 2016, 14:51

Bu ilin noyabr ayında Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə 100-ə yaxın xəbər agentliyi rəhbərləri və təmsilçiləri Bakıda toplaşıb. Noyabrın17-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentlikləri Konqresinin 2016-2019-cu illərdə prezidenti vəzifəsinin icrasına başlayıb. AZƏRTAC 2016-2019-cu illərdə bu beynəlxalq quruma sədrlik edəcək.

Tanınmış publisist-jurnalist Məzahir Süleymanzadə, Modern.az   saytına AZƏRTAC-ın fəaliyyəti barədə danışıb.

 

-Məzahir müəllim, öncə, AZƏRTAC-ın keçdiyi yola qısa nəzər yetirməyinizi istərdik.

 

-AZƏRTAC, dünyanın ən qədim informasiya agentliklərindən biridir. Sovet dövründə müəyyən mənada, SİTA-nın Azərbaycan üzrə nümayəndəliyi hesab olunurdu. Azərbaycan haqqında məlumatları SİTA vasitəsilə dünyaya çıxarırdı. Hətta, AZƏRTAC, o vaxtlar keçmiş müttəfiq respublikaların agentlikləri arasında müstəqilliyi ilə fərqlənirdi. Azərbaycan həqiqətlərini xarici ölkələrə yayırdı. İş elə gətirirb ki, uzun müddət  "Kommunist" qəzetinin redaktor müavini olmuşam. AZƏRTAC-la eyni binada fəaliyyət göstərmişik. AZƏRTAC-ın əməkdaşlarının nə dərəcədə peşəkar işlədiklərini görmüşəm. Hər zaman AZƏRTAC-ın xidmətlərindən bəhrələnmişik. Şamil Şahməmmədov AZƏRTAC-ın direktoru olanda əlaqələrimiz daha da genişləndi. Daha sonra AZƏRTAC-ın direktoru Aslan Aslanov və müavini Dağbəyi İsmayılov da Şamil Şahməmmədovun yetirmələridir. Onun təşəbbüsü ilə AZƏRTAC-a gəliblər. Çox fərəhli haldır ki, bizim dostlarımız öz işlərini yüksək peşəkarlıqla yerinə yetirirlər. Bunun da nəticəsində AZƏRTAC İnformasiya Agentliyi, xəbərləri dünya miqyasında geniş yayımlayır. AZƏRTAC dünya xəbər agentliklərinin istinad mənbəyidir. Həm də müxtəlif dillərdə informasiya yayır. Ən son texniki vasitələrlə təchiz olunub. Dünyanın bir çox ölkələrində AZƏRTAC-ın müxbirləri fəaliyyət göstərir. Çox böyük etimad qazanıblar. Təsadüfi deyil ki, son beynəlxalq konfrans Azərbaycanda keçirilib. Agentliyin rəhbəri Aslan Aslanov prezident seçildi. Demək olar ki, dünya informasiya sisteminə Aslan Aslanov rəhbərlik edir. Bu, çox böyük etimaddır. İnanıram  ki, Aslan Aslanov bu etimadı layiqincə doğruldacaq. Həmişə olduğu kimi Azərbaycanın adı,  dünya informasiya agentliklərində hörmətlə çəkiləcək.

 

-Həm də AZƏRTAC informasiya agentliyi, informasiya tarixində bir neçə il bundan öncə yenilik etdi. Hətta, bu yenilik elə bir vaxtda baş verdi ki, bəzi dövlət agentlikləri həmin dil üslubundan uzaqlaşmayıb. Söhbət “mışdır”, “muşdur” şəkilçilərindən imtina etməkdən gedir. Sizcə, AZƏRTAC, bunu hansı səbəblərə görə etdi?

 

-AZƏRTAC, xəbərlərini təkcə yazılı surətdə təqdim etmir, həm də onun görüntülərini  yayır. Bu da çox vacibdir. Təbii ki, dünya dəyişdikcə, Azərbaycan dili təkmilləşdikcə dil üslubu da dəyişir. Xəbərlər elə üslubda təqdim olunmalıdır ki, oxucular onu çox asan şəkildə və anlaşıqlı dildə qəbul edə bilsinlər. Əlbəttə, AZƏRTAC-da bizim informasiya məkanımızın tərkib hissəsidir. Dil və üslubla bağlı məsələlər daim orda diqqət mərkəzindədir.

 

-Bir oxucu kimi, AZƏRTAC-ın informasiya bazasını necə qiymətləndirirsiz?

 

-Çox yaxşı. AZƏRTAC-da peşəkar jurnalistlər çalışırlar. Onlar heç zaman sensasiya ardınca qaçmırlar. Onlar əsasən siyasi xəbərləri yaysalar da, bununla yanaşı, mədəniyyət, elm, idman ümumiyyətlə, həyatımızın bütün hadisələrini əks etdirən xəbərləri yayırlar. O xəbərlər öz operativliyi, qərəzsizliyi ilə fərqlənir. Ona görə də oxucular AZƏRTAC-ın xəbərlərindən razılıq edirlər. Mən özüm də hər mənada, AZƏRTAC-ın fəaliyyətindən çox razıyam.

 

-Aslan Aslanov bu günlərdə  Dünya Xəbər Agentlikləri Konqresinin 2016-2019-cu illərdə prezidenti vəzifəsinin icrasına başlayıb. Bu, çox böyük bir vəzifədir. Ümumiyyətlə, Aslan Aslanovun AZƏRTAC-dakı fəaliyyətini necə dəyərləndirirsiz?

 

-Belə bir vəzifədə olan bir adam sözün həqiqi mənasında, həm peşəkar, həm də şəxsiyyət olmalıdır. Aslan Aslanov həm də şəxsiyyət səviyyəsinə yüksəlmiş bir insandır. O, bunu öz səmimiyyəti, Azərbaycan mətbuatı sahəsindəki  xidmətlərinə görə qazanıb. Aslan Aslanov, Azərbaycan mətbuatında sıradan bir adam deyil. Təsadüfi deyil ki, onun xidmətləri cənab prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Kifayət qədər dünyagörüşlü, peşəkarlıq səviyyəsinin yüksək olması, təcrübə toplaya-toplaya bu mərhələyə gəldiyinə görə, işinin öhdəsindən də şərəflə gəlir. Ona görə də Aslan müəllimin təcrübəsindən, biliyindən, bacarığından, idarəçilik qabiliyyətindən  bəhrələnirik. Baxmayaraq ki, biz AZƏRTAC-dan kənardayıq. Hamımız bir yandan baxanda üzv hissəsiyik. Onların xəbərlərini oxuyuruq. Onların xəbərləri zamanın nəbzini tutur.

 

-Bildiyiniz kimi, günümüzün reallığına nəzər salanda,  informasiya sahəsində problemlərin  mövcud olduğunu görürük. AZƏRTAC  bu məsələdə balansı necə qoruyub saxlaya bilir?

 

-İnformasiyanın da öz mədəniyyəti olmalıdır. O mədəniyyətin içində çox böyük mətləblər yatır. Təbii ki, bu, ilk növbədə peşəkarlıqdan irəli gəlir. İnformasiyanın oxuculara necə təqdim olunması çox önəmlidir. AZƏRTAC-ın qarşısında, Azərbaycan dilinə, adət-ənənələrinə hörmət dayanır. Bu da millətə, dövlətə xidmət etmək deməkdir. Bütün bu dediyimin hamısı bu məfhumun içində toplaşır. AZƏRTAC  bu məsələlərin öhdəsindən çox ləyaqətlə gəlir. Ən əsası sensasiya ardınca qaçmırlar. Dəqiqləşdirilməmiş xəbəri oxucuya çatdırmırlar.

 

-İllərin peşəkar jurnalisti olmağınızla yanaşı, həm də AZƏRTAC-ı tanıyan biri kimi soruşuram.  AZƏRTAC fəaliyyəti dövründə heçmi yanlışlığa yol verməyib?

 

-Düzdür, 1990-cı illərin əvvəllərində belə hallar olub. AZƏRTAC-ın verdiyi müəyyən xəbərlər şübhə doğururdu. Yadımdadır ki, Xocalı hadisələri ilə bağlı xəbərlərdə göstərilirdi ki, Xocalıda cəmi 2 nəfər həlak olub. O zaman əsl həqiqəti dünya ictimaiyyətinə “Səhər” qəzeti çatdırmışdı. Qəzetin də baş redaktoru mən idim. Ona görə o zaman AZƏRTAC-la çox ciddi danışıqlarımız olub. “Bu qədər imkanlara malik ola-ola niyə yazırsız ki, Xocalıda 2 nəfər həlak olub?!” deyirdik. Təbii ki, həmin dövr 1990-cı illərin əvvəlləri idi. Qarmaqarışıq dövr idi. Həmin qarmaqarışıq dövr AZƏRTAC-a da öz təsirini göstərmişdi. Bütün bunları ona görə dedim ki, indiki AZƏRTAC o vaxtkı AZƏRTAC-la qətiyyən müqayisə etmək mümkün deyil.

 

Namidə BİNGÖL

Aslan Aslanov şəxsiyyət səviyyəsinə yüksəlmiş bir insandır” – MÜSAHİBƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır