29 mart 2017, Çərşənbə axşamı
Ana Səhifə - QARABAĞ - Əfqanıstanda vuruşmuş general: “Ermənilər təslim olmaq istəyir”
Əfqanıstanda vuruşmuş general: “Ermənilər təslim olmaq istəyir”
24.11.2016, 09:01

 

Peşəkar zabitlər də 90-cı illərin əvvəlində Heydər Əliyevə yeganə xilaskar kimi baxırdılar

 

- Cənab general, əvvəlcə özünüz, döyüş yolunuz barədə “Azərbaycan”ın oxucularına qısa məlumat verərdiniz.

 

- 1972-76-cı illərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində təhsil almışam. Həmin dövrdə ölkənin müxtəlif rayon və kəndlərindən bu məktəbə oxumaq həvəsi ilə gələn gənclərin rus dilini zəif bilməsi ciddi problemlər yaradırdı. Digər fənlərdən yüksək qiymət alsan da, rus dili imtahanından kəsildikdə oxumağa icazə verilmirdi. Mən də imtahan verərkən bu problemlə qarşılaşdım. Ancaq ulu öndər Heydər Əliyevin (o zaman Azərbaycan KP MK-nın birinci katibi idi) həmin dövrdə məktəb rəhbərliyinə verdiyi tapşırığa əsasən 130 nəfər gənci hərbi məktəbə qəbul etdilər. Hətta bu durum sovet imperiyasının rəhbərliyini də narahat etmişdi və ulu öndərdən siyasi büroda “bu qədər milli kadrları neynirsiniz” sualı ilə məsələnin səbəbini soruşmuşdular. Dahi şəxsiyyət isə bunu belə əsaslandırmışdı ki, “Hərbi Piyada Məktəbində təhsil alan azərbaycanlı kursantlar olsa da, digər ixtisaslar üzrə bizim zabit kadrlarımız yoxdur. Ona görə də belə bir qərar vermişik”.
Biz təhsil alarkən də ümummilli liderin diqqət və qayğısını daim hiss edirdik. Heydər Əliyev mütəmadi olaraq məktəbin fəaliyyəti ilə maraqlanırdı və buraxılış günlərində şəxsən iştirak edirdi. Bu, bizi çox sevindirirdi və daha da həvəsləndirirdi. Beləcə orduda azərbaycanlı zabit kadrlarının artmasında ulu öndərin çox böyük rolu oldu. 
Hərbi məktəbi bitirdikdən sonra məni Gürcüstana göndərdilər. 3 il tank taqım komandiri kimi xidmət etdim. Həmin zaman Əfqanıstana göndərmək üçün Sovet ordusunda xüsusi briqadalar yaratmaqla bağlı qərar verilmişdi. Sonra əhaliddə xüsusi təyinatlı desant taboru da yaratdılar. Mən də o taborda 4 il xidmət etdim. 4 il sonra - 1984-cü ildə bizi Əfqanıstanın Qəndəhar şəhərinə apardılar. Mənim bölüyümdə 21 nəfər azərbaycanlı vardı. Hər biri də sağ-salamat Vətənə qayıtdı. 2 il yarım orada xidmət etdik və ilk dəfə müharibə şəraitində Azərbaycan əsgərinin əsl məharətini, şücaətini mən orada gördüm. 
Əfqanıstandan qayıtdıqdan sonra məni Zaqafqaziya Hərbi Dairəsinin IV ordu qərargahına göndərdilər. Bir müddət Cəlilabad rayonunun Göytəpə, Neftçala rayonunun Bankə qəsəbələrindəki N saylı hərbi hissələrində xidmət etdim. 1989-cu ildə Ordu Qərargahına çağırıldım. Həmin zaman Milli Ordumuz yaranma ərəfəsində idi. 1991-ci ilin əvvəlində ərizə yazaraq xidmətimi Milli Orduda davam etdirmək istədiyimi bildirdim. Razılıq verildi, amma təəssüf ki, məni Azərbaycanda yeni yaranmış ordumuza qəbul etmədilər. Dedilər ki, hələlik lazım deyilsiniz, lazım olanda cağırarıq. Üz tutdum hərbi məktəbə və atəş kafedrasında müəllim kimi, bir müddətdən sonra baş müəllim kimi çalışmağa başladım. 
Dağlıq Qarabağda mürahibə şiddətlənirdi. Milli Ordumuza lazım olmadığımı bildirənlər məni gənc kursantlarla Ağdam istiqamətində ön xəttə göndərmək barədə qərar verdilər. Birinci kursa qəbul olunmuş, cəmi 3 ay hazırlıq keçmiş gənc kursantları, yəni silahla necə davranmağı hələ lazımınca bilməyən uşaqlarla ön xəttə yollandım. Çox şükür ki, itki vermədən geri döndük. 
Sonradan Milli Orduda xidmətə başladım, cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak etdim, yüksək vəzifələrdə çalışdım. 1994-cü ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə general-mayor, 2002-ci il tarixli fərmanı ilə isə general-leytenant hərbi rütbəsi aldım. Korpus komandiri, Müdafiə Nazirliyinin Təşkilat və Səfərbərlik İdarəsinin rəisi vəzifəsində çalışdım. Sonra 6 il Azərbaycanın Çindəki hərbi attaşesi kimi fəaliyyət göstərdim. Oradan qayıtdıqdan sonra yenidən Təşkilat və Səfərbərlik İdarəsinin rəisi təyin edildim. Qanunvericiliyə uyğun olaraq 59 yaşımda Silahlı Qüvvələrdən təxris olundum. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müharibə və hərb məharəti tarixi fənni üzrə gələcəyin generallarına dərs keçirəm.

 

- Qarabağ müharibəsinin iştirakçısı kimi deyə bilərsinizmi ki, birinci mərhələdəki uğursuzluqların əsas səbəbləri nə idi?

 

- Hər kəsə bəllidir ki, həmin zaman da Azərbaycan gənclərində vətənpərvərlik hissi çox güclü idi. Torpaq, yurd, Vətən sevgisi ilə alışıb yanan gənclərimizin sayı həddən artıq çox idi. Ancaq Azərbaycanda bəzi yerlərdə qəribə bir deyim vardı. Sovet ordusunda xidmət edib gələn zabitlərə “imperiya zabitləri” deyirdilər, mənim özümə də... Hərbi Tank Məktəbini bitirib ön xəttə gələn leytenantı ələ salaraq tanka minməyə imkan verməyən insanlar vardı. Deyirdilər ki, bu tank imperiya tankıdır, həm də işləmir. Amma gənc leytenant tanka minib onu işə salanda şoka düşürdülər. Bu, bizə çox pis təsir edirdi. Bununla bərabər vahid komandanlıq yox idi. Özünümüdafiə taborlarında həddindən artıq vətənpərvər gənclər var idi. Amma kimə tabe olduqlarını bilmirdilər. Kimsə başqasının əmrinə əməl etmək istəmirdi. Dəstələr və taborlar arasında koordinasiya yox idi, vahid komandanlıq olmadan döyüş aparmaq qeyri-mümkündür. Bununla bərabər həmin zaman 5 diviziyamız, istənilən qədər silahımız, mərmimiz vardı. Ağdamda, Qazaxda sovet dövründən qalma silah anbarlarımız boş yerə istifadə olundu. Toplar, minamyotlar ön xəttə qoyulurdu və ermənilər onları vurub sıradan çıxarırdılar. Rabitəçilər aldıqları komandaları bir-birilərinə Azərbaycan dilində çatdırırdılar. Ermənilər də asanlıqla qulaq asıb əks həmlələr edirdilər. Ona görə də müharibənin birinci mərhələsində neçə-neçə mərd oğullarımızı itirdik. 
Həmin vaxt ali hərbi məktəbi bitirmiş bütün zabitlər deyirdilər ki, ulu öndər Heydər Əliyev gəlməsə, bu vəziyyət düzələn deyil, ona yeganə nicat kimi baxırdıq. Həqiqətən də belə idi! Ali rəhbər, vahid komandanlıq olmadan heç bir döyüşdə qalib gəlmək mümkün deyil! Nə yaxşı ki, Azərbaycanın Heydər Əliyev kimi uzaqgörən dahi şəxsiyyəti var idi və ordumuzdakı arzuolunmaz durumu ulu öndər tam qaydasına sala bildi. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir!

 

Heydər Əliyevin bir gündə 22 kəndi azad etməsi savaşın gedişində əsaslı dönüş yaratdı

 

- Ümummilli lider Heydər Əliyevin qayıdışı Dağlıq Qarabağ münaqişəsinin gedişində hansı dəyişiklikləri yaratdı?

 

- Çox kritik vəziyyət yaranmışdı. Sözsüz ki, ermənilərin qazandıqları nailiyyətlərin arxasında başqa səbəblər də var idi. Sovet ordusu ermənilərə istənilən şəkildə kömək edirdi. Artilleriya hazırlığı lazım olanda sovet ordusunun professional zabitləri atəş açırdılar. Hansısa əraziyə hücum etmək istəyəndə sovet taboru bizimkilərin qarşısını kəsirdi. Bir dəfə komandirə yaxınlaşıb dedim ki, əmr almışınız, nədən irəli getmədiniz? Komandirin cavabı belə oldu: “Hücuma keçmək istədik, amma sovet ordusunun zabitləri qarşımıza çıxıb “uşaqlar yaxşısı budur geri çəkilin” dedilər”.
Ancaq bu o demək deyil ki, bizim özünümüdafiə dəstələrinin gücü zəif olub. Əminliklə söyləyirəm, Azərbaycanın ön xəttə olan elə bir hərbi birləşməsi yoxdur ki, onun uğurlu əməliyyatları olmasın. Uğurlu Horadiz əməliyyatını kim həyata keçirdi? Həmin vaxt düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edildi, silah-sursatı ələ keçirildi. Sadəcə olaraq onu deyim ki, o zamanlar daxilimizdə “ermənilər” var idi. Taborlarımız hücuma keçib xeyli irəlilədikdə arxadakı bölüklərə qeyri-müəyyən komandalar verilməklə əlaqələri kəsirdilər və öndəki bölüklər mühasirəyə düşürdü. Daxildəki xainlərin əli ilə ordumuza böyük zərbələr dəyirdi. Ancaq xalqın haqlı tələbi ilə ümummilli lider ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu prosesi başlandı. Dahi şəxsiyyət yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Demək olar ki, ordu “daxili satqınlar”dan təmizləndi və zəruri olan nizam-intizamı, yenilikləri təmkinlə həyata keçirməyə başladı. Eyni zamanda, Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi, onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. 
Bununla bərabər ümummilli lider respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışdı. 

 

- Ordumuzun uğurlu Horadiz əməliyyatına toxundunuz. Bəllidir ki, bu əməliyyat zamanı Azərbaycan ilk dəfə ermənilərdən zəbt etdikləri torpaqların bir qismini geri aldı. Bu döyüşlər barədə nə deyə bilərsiniz?

 

- Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun uğurla reallaşdırdığı ən böyük əməliyyatlardan biri Horadiz əməliyyatıdır. Ordumuz bu əməliyyat zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsini erməni işğalından azad etdi. Həmin vaxt ərazidə yerləşən N saylı hərbi hissənin uğuru ondan ibarət oldu ki, böyük sayda şəxsi heyəti, kəşfiyyatçıları Araz çayı vasitəsilə düşmənin arxasına keçirib həm arxadan, həm də öndən düşmənə ağır zərbələr endirdilər. Bəllidir ki, artilleriya ön xətdən xeyli arxada yerləşdirilir. Kəşfiyyatçılarımız düz həmin əraziyə qədər irəliləmişdilər. Səhər ermənilər ayılanda topların yanında Azərbaycan əsgərlərini görüb çaşqın vəziyyətə düşüblər. Qaçmağa yer tapmayıblar. Bir gün ərzində 22 kəndin azad olunması böyük qələbə idi və bu uğurun müəllifi ulu öndər Heydər Əliyev idi! Əməliyyat zamanı misilsiz qəhrəmanlıq göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. 
Bu uğurlu döyüşdən sonra Ermənistana bəlli oldu ki, hərb sənətini çox gözəl bilən Heydər Əliyev ali hərbi məktəbləri bitirmiş zabitləri orduya cəlb edərək döyüş tapşırıqları verir. Ermənistana aydın oldu ki, Azərbaycan Ordusu qısa zamanda çox güclənib və böyük əməliyyatlar keçirməyə qadirdi. Bu, təkcə Ermənistanı yox, işğalçı ölkənin havadarlarını da narahat etməyə başladı. Yəni ulu öndərin qayıdışı həmin qüvvələr üçün böyük problemə çevrildi. Söhbət təkcə Dağlıq Qarabağdakı döyüşlərdən getmirdi. Dahi şəxsiyyət bütün dünyaya Azərbaycan həqiqətlərini bəyan etdi. Ermənistanın etnik təmizləmə, işğalçılıq siyasətini bütün beynəlxalq toplantılarda, görüşlərdə faktlara əsaslanaraq dünya ictimaiyyətinə çatdırırdı. Məhz onun gərgin əməyi sayəsində 1994-cü ilin 12 mayında atəşkəslə bağlı saziş imzalandı.

 

- Sizcə, atəşkəs nəyə görə zəruri idi və Azərbaycan bununla nəyə nail oldu?

 

- 1994-cü il mayın 12-də atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi. 
Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnikanın sayı ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması diqqətdə saxlanıldı. Ordu quruculuğu prosesində səfərbərlik sistemi yeniləndi. Azərbaycan Ordusu modern silahlarla təchiz olundu. Döyüş təminatı üzrə bütün problemlər həll edildi. Ölkəmizə gətirilmiş köhnə zirehli texnika yenisi ilə əvəzləndi. Arxa cəbhə təminatı həll edildi. Hərbi pilotlarımız mükəmməl təlimlər keçməyə başladılar. 
Digər tərəfdən Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başladı. Böyük neft-qaz müqavilələri imzalandı. Ulu öndər böyük dövlətlərin, məşhur şirkətlərin diqqətini Azərbaycana yönəltdi. Ölkəmizə investisiya axını başlandı. Beləcə, Azərbaycan qısa zaman ərzində dahi şəxsiyyətin gərgin əməyi sayəsində gücləndi. Eyni zamanda, Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində ATƏT və BMT kimi nüfuzlu təşkilatlar münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi sənədlər, qətnamələr qəbul etdilər. BMT-nin 4 məlum qətnaməsində Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz tərk etmələri göstərilsə də, təəssüf ki, bu günə kimi kağız üzərində qalır. Çünki Ermənistanın havadarları buna imkan vermir. Yoxsa, Ermənistan çoxdan Azərbaycana təslim olmuşdu. Erməni xalqı da bunu istəyir. Ancaq öz xalqını rəzil vəziyyətə salan Ermənistan rəhbərliyi, hərbi xunta bu problemdən istədiyi kimi istifadə edir. Xalqı aldatmaqla bu problemi uzadır. Ancaq əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan Silahlı Qüvvələri erməni ordusunu qısa zaman kəsiyində bütün işğal olunmuş torpaqlarımızdan təmizləyə bilər!

 

Aprel döyüşlərində arxa eşelondakı erməni hərbçiləri geri qaçan əsgərləri güllələdilər, sonra isə özləri də silahlarını atıb qaçdılar

 

- Sizcə, bu təmizləmə əməliyyatı neçə gün çəkər?

 

- İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırığını ordumuz 2-3 gün ərzində yerinə yetirə bilər. Yəni erməni ordusu Azərbaycan sərhədlərini bu müddətdə tamamilə tərk edər. Ordumuzun aprel zəfəri bunun əyani sübutu deyilmi? Ermənilərin təxribatına qarşı Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildi. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. 

 

- Hərbçi kimi aprel döyüşünün nəticələrini necə qiymətləndirirsiniz?

 

- Bu bir həqiqətdir ki, Azərbaycan xalqında vətənpərvərlik, torpağa bağlılıq hissi daim yüksək olub. Xalq ümummlilli məsələlərdə birlik nümayiş etdirib. Aprel döyüşləri bunu bir daha sübut etdi. Hərbçilərimizin ön xətdəki şücaəti arxa cəbhədəki sadə vətəndaşlarımızı ayağa qaldırdı! Qələbə ruhu bizi millət olaraq bir yumruq kimi birləşdirdi! 
Bu döyüşün başlanma səbəbləri nədir? Ermənistanda yanvar ayından başlayaraq xalqın hakimiyyətə qarşı ciddi etirazları başlanmışdı. Bu proses get-gedə öz məcrasından çıxaraq böyüyürdü. Serj Sarkisyan yenə də avantüraya baş vuraraq diqqəti yayındırmaq məqsədi ilə cəbhədə təxribatların həyata keçirilməsini tapşırdı. Erməni ordusunun kəşfiyyat diversiya dəstələri bu planı həyata keçirməyə başladı. Lakin bu dəstələr təmas xəttini keçə bilmədilər. Sonra mütəmadi olaraq atəşkəsi pozdular. Gördülər ki, bundan bir nəticə çıxmır və qərar verdilər ki, ön xəttə yaxın kəndlərə, evlərə artilleriya zərbələri endirsinlər. Bu zaman cəbhəyanı ərazilərdə xeyli insana ziyan dəydi. Bunun ardınca ön xəttə hücuma cəhd etdilər. Vəziyyət Ali Baş Komandana məruzə edildi və cənab Prezident erməni ordusuna cavab verməyin vaxtı çatdığını söylədi. Həmişə bir fikir söyləmişəm - Azərbaycan Ordusunun “əyləc sistemi” çox zəifdir, yerindən tərpəndi, saxlamaq qeyri-mümkündür! 
Və əks-hücum əməliyyatı başlandı.

Bu əməliyyatda ordumuzun həmin ön xətdə yerləşən qüvvələrinin bir qisminin 2 eşelonu heç bir xüsusi hazırlıq olmadan iki istiqamətdə əks-hücum həyata keçirdi. Düşmənin digər qüvvələrinin hərəkət etməsinə heç bir imkan verilmədi. Erməni hərbçilərinin silahı atıb qaçması xəbəri Şuşada yaşayan əhaliyə qədər gedib çatdı. İnsanlar Azərbaycan Ordusunun müharibəyə başladığını zənn edib qaçmağa başlamışdılar. Arxa eşelonda dayanan erməni hərçiləri öncə geri qaçanları güllələyirdilər. Sonra özləri də silahları atıb qaçmışdılar. 

Aprel döyüşü erməni ordusunun zəifliyini tam çılpaqlığı ilə üzə çıxardı. Erməni hərbi rəhbərliyinin illərlə təriflədiyi, şöhrətini göylərə qaldırdığı “möhkəmləndirilmiş mövqeləri” yarmağa və irəliləməyə Azərbaycan əsgərinə bir neçə saat kifayət etdi! Ordumuzun aprel zəfərinə ən dəqiq qiyməti Ali Baş Komandan İlham Əliyev verdi. Prezident dedi ki, aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi və Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. 
Dövlət başçısı özü şəxsən Lələtəpəyə gedərək işğalçı ölkəyə hərbi mesaj yolladı. Bir daha xatırlatdı ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar təkrar olacaq! Mən şəxsən buna əminəm. 
Bu hadisələrlə bağlı fikir səsləndirərkən cənab Prezident vaxtilə döyüşlərdə iştirak etmiş müharibə veteranlarının ona müraciətini də xüsusi vurğuladı. Veteranlar deyiblər ki, əgər lazım olarsa, onların imkanlarından da müharibə zonasında istifadə edə bilərik. Yəni yaşlarının çoxluğuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində onlar bu gün döyüşə getməyə hazırdırlar. Düzdür, buna Azərbaycan Ordusunun ehtiyacı yoxdur. Ancaq bu gün heç bir veteran və yaxud ordu generalı, bütün hərbçilər bu münaqişəni öz övladlarına miras qoyub getmək istəmir! 
Aprel döyüşlərində Azərbaycan Ordusunun işğal altında olan torpaqların daha böyük hissəsini azad etməyə imkanı və gücü var idi. Ancaq beynəlxalq ictimaiyyətin təklifi ilə cəbhədə atəşkəs elan edildi. Ali Baş Komandan bəyan etdi ki, Azərbaycan birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki, qarşı tərəf bundan sui-istifadə etməsin. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməsinlər. Eyni zamanda, Prezident bir neçə dəfə vurğulayıb ki, böyük dövlətlər Azərbaycanın müharibə etməsinə imkan vermir. Əgər imkan yaransa, təkcə Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi birləşmələrimiz Ermənistan ordusuna qalib gəlməyə qadirdir!

 

Azərbaycan Ordusunun raket sistemi düşmən artilleriyasını heç hərəkətə keçmədən yerində məhv etmək iqtidarındadır

 

- Bu gün Azərbaycan əsgər və zabitləri, ümumilikdə ordumuz düşmənlə müqayisədə hansı üstünlüklərə malikdir?

 

- Maraqlı bir fakt deyim. Müharibənin qızğın vaxtı idi. Rabitəçi dəstəyi mənə uzadıb dedi ki, kimsə rus dilində danışır. Dəstəyi alıb cavab verdim. Rus zabiti idi. Təəccüblü halda məndən soruşdu ki, siz əsgərləri necə ruhlandırıb komanda verirsiniz ki, bunlar hücuma keçəndə bir dəfə də geri baxmırlar. Yalnız irəli getmək barədə düşünürlər. Bu, rus zabitinin azərbaycanlılarla bağlı söylədiyi həqiqət idi. Həqiqətən bütün zamanlarda Azərbaycan oğullarında vətənpərvərlik ruhu, döyüş əzmi ən yüksək səviyyədə olub və bu gün də belədir. Bu, bizim qanımızda, canımızdadır! 
Bu gün güclü ordular sırasında olan Silahlı Qüvvələrimiz dünyanın bir çox ordularının bacara bilmədiyi tapşırıqları yerinə yetirməyə qadir professional ordudur. Çünki əksər ordularda döyüş qabiliyyətini təyin edən vəzifələrin icrasını əsgərlər həyata keçirir. Əsgər bir müddət xidmət edib təlim keçdikdən sonra sürücü mexanik və ya tank komandiri təyin edilir. Bir neçə aydan sonra isə müddəti çatır və ordu sıralarından təxris olunur. Azərbaycan Silahlı Qüvvələrində isə ön xətdə yerləşən hərbi hissələrdəki tank komandirləri, operatorlar, sürücü mexaniklər əsgərlər deyil. Onların hamısı gizir və müddətdən artıq xidmət edənlərdir. Bu hərbçiləri öyrətmək üçün vaxt sərf olunmur. Onlar artıq öz işlərinin peşəkarlarıdırlar. Yəni Azərbaycan Ordusunda bu gün döyüş qabiliyyətini təyin edən vəzifələrdə professional hərbçilər xidmət edir. Bir çox ordular bu sistemə keçmək istəsələr də, ölkənin iqtisadi durumu buna imkan vermədi. Çünki bu vəzifələrdə xidmət edənlər də zabitlər kimi evlə təmin olunmalı və maddi təminatları ödənməlidir. Azərbaycan dövləti həmin hərbçilərə yüksək maaş verir. 
Ermənistanda isə vəziyyət acınacaqlıdır. Bu gün erməni postlarında dayanan hərbçilər həftəlik, aylıq qulluqçulardır. Yəni hərbi forma geyinib müvəqqəti olaraq postlarda dayanırlar. Əsgərlər arxa eşelondadırlar. Çünki canlı hərbi qüvvə çatışmır. Ermənistan ordusu dövlətin yox, erməni diasporunun topladığı ianə hesabına dolanır. Ermənistan ordusunda baş verən cinayətlərin sayı-hesabı yoxdur. Artıq cəmiyyət, əsgər valideynləri bu faktları bütün dünya mediasına söyləyirlər. 
Maraq üçün bir faktı diqqətinizə çatdırım. Mənim komandir olduğum dövrlərdə də, indi də postlarda duran yüzlərlə erməni bizim əsgərlərə “Ölkə rəhbərliyinizə deyin, müharibəni qurtarın, bizi də xilas edin” kimi xahişlər ediblər və bu hallar indi də təkrarlanır. Ağıllı ermənilər çoxdan ölkədən qaçıblar. Zor və məcburiyyət olmasa, bu gün heç bir erməni nə Ermənistanda, nə də işğal olunmuş Qarabağ ərazisində yaşayar! 

 

- Artıq hər iki tərəfdə silahlanma yarışının getdiyi açıq-aşkardır. Sizcə, prosesin sonu necə olacaq?

 

- İlk olaraq Ermənistanın durumuna toxunum. Ölkə rəhbərliyi panikada olan, ordan qaçmağa yollar axtaran erməni əhalisini qismən də olsa sakitləşdirməyə və boş ümidlər verməyə hesablanmış təbliğat hiyləsindən yararlanır. Ölkə mətbuatında “İsgəndər” raketlərinin alınması ilə bağlı xəbərlər yayaraq Azərbaycanda guya qorxu hissi yaratmaq istəyirlər. Ermənistan o imkanlara malik ölkə deyil ki, Azərbaycanı narahat edə biləcək silah texnologiyası istehsalına nail ola bilsin. Bu gün də bu proses davam edir. SSRİ-nin süqutu zamanı hər hansı təhlükəli silahın Ermənistanda qalması kimi fikirlər isə xülyadır. Bu, praktik olaraq mümkünsüzdür. Mənə bəllidir ki, hətta Sovet ordusunun belə Ermənistan ərazisində radioaktiv, bioloji və ya kimyəvi silah bazası olmayıb. Belə bir silahın sonradan ora gətirilməsi isə mümkünsüzdür.
“İsgəndər” raketlərinə gəlincə isə, onu deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində mövcud olan müasir raket sistemləri ermənilərin öyünərək adını çəkdiyi həmin raketin heç hərəkətə gəlməsinə imkan verməz. Çünki həmin raket ən azı start nöqtəsinə çıxdıqda Azərbayanın bundan xəbəri olacaq. Əgər müasir silahları var idisə, onda aprel döyüşlərində niyə istifadə etmədilər? Məşhur “Ohanyan” müdafiə sistemləri var idi və 15 ildir bu müdafiə sistemi ilə öyünürdülər. Azərbaycan Ordusunun kiçik bir hissəsi bu mifi darmadağın etdi! Aprel döyüşlərindən sonra təlaş içində olan Ermənistan siyasi rəhbərliyi döyüş təminatının əsas qüvvəsi olan kəşfiyyat və rabitə rəisini vəzifəsindən uzaqlaşdırdı. Çünki orduda rabitə sistemi yoxdur, kəşfiyyat heç bir nəticə vermir. 20 ildə yeganə olaraq pilotsuz uçuş aparatı düzəldib böyük təmtəraqla nümayiş etdirdilər. Həmin aparatı bizim orta məktəbdə təşəbbüskar uşaqlar da hazırlaya bilərlər. Silah yaratma sahəsindəki primitiv bacarıqları bu mənada göz qabağındadır. 
Ancaq 20 ildə Azərbaycanın bu sahədəki fəaliyyətinə nəzər yetirsək görərik ki, bəzi böyük dövlətlərin əldə edə bilmədikləri silahlara sahibik. Azərbaycanın müdafiə sənayesi sektoru daxili imkanları hesabına ciddi nailiyyətlər əldə edir. Bu gün Azərbaycan “Zərbə” pilotsuz uçuş aparatı istehsal edir! İstənilən silahı almağa qadir ölkəyik! Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir! Son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir! 
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək! Azərbaycanın sərəncamında olan, sınaqdan çıxmış zərbə və məhvetmə vasitələri Ermənistandakından qat-qat üstündür. Onları yerində oturtmaq, düşmənə sarsıdıcı zərbələr endirmək və sağalmaz yara vurmaq üçün həmin texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir! Yəni Azərbaycanın Ermənistana çox “sürprizləri” var və bu ölkənin rəhbərliyi yaxşı bilir ki, bu silahlanma yalnız onun özünə baha başa gələcək. Elə bunu bildikləri üçün ordularının tabeliyini indi başqa dövlətə həvalə etmək qərarına gəliblər.

 

Ermənistan təlimlərə 60 min şəxsi heyət toplamaq istəsə, gərək ölkənin 80 faizi boşalsın

 

- Hərbçilər siyasətçilərin fəaliyyətini necə qiymətləndirirlər? ATƏT-in Minsk qrupunun və həmsədr dövlətlərin fəaliyyəti, çoxsaylı görüş və müzakirələr... Bu istiqamətdəki səylərdə ədalətli sülh üçün nə çatmır?

 

- ATƏT-in Minsk qrupu ikiüzlü siyasət aparır! Əllərindən gələni edirlər ki, münaqişə uzansın. Mən onların heç birinə inanmıram. Prezidentin bu istiqamətdə yürütdüyü siyasət doğru siyasətdir. Biz sadəcə bir şans istəyirik. Nədən 20 faiz torpağımızı xəyanət nəticəsində itirmişik? Onu almağa qeyrətimiz, gücümüz var! 
Ali Baş Komandan bunu dəfələrlə söyləyib. Lələtəpəyə səfəri zamanı isə “Ermənistan başqasının gücünə güvənməsin” fikri ilə dövlət başçısı işğalçının havadarlarına da mesaj ünvanladı. Bu o demək idi ki, Azərbaycan öz torpaqlarının davamlı işğalı ilə, status-kvonun süni şəkildə uzadılması ilə barışmaq niyyətində deyil! Hətta Azərbaycan Prezidenti münaqişənin yeganə həlli variantı və mümkün güzəşt limitini də açıqlayıb. Bəyan edib ki, biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşa bilmərik və erməni tərəfi bunu gözəl bilir. Lakin məqbul güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünü idarəetməsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. İki xalqın sülh şəraitində birgəyaşayışı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür. Ermənistan buna da razı olmasa, müharibə qaçılmaz olacaq! Hesab edirəm ki, bu, ən doğru yoldur.

 

- Azərbaycan Silahlı Qüvvələri vaxtaşırı təlimlər keçir. Noyabrın 12-18-də isə ən möhtəşəm təlim baş tutdu. Siz də bu prosesi müşahidə etmisiniz. Əvvəla, təlimlərin məqsədi və vəzifəsi nədir? İkincisi, Ermənistan tərəfi də işğal etdiyi ərazilərdə təlimlər keçir. Bunların arasında fərq varmı?

 

- Şübhəsiz, hər bir təlimin məqsədi və vəzifəsi olur. Azərbaycan Silahlı Qüvvələri mütəmadi olaraq böyük təlimlər keçir. İlin sonu olduğu üçün Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən daha böyük miqyasda təlimlər keçirildi. Belə bir deyim var ki, hərbi təlimlər döyüşlərdən ağırdır. Belə təlimlərdən sonra yalnız döyüş tapşırıqları verilir. Azərbaycan Konstitusiya Günündə müstəqilliyimiz tarixində ən irimiqyaslı hərbi təlimini keçirdi. 60 mindən artıq şəxsi heyət, 60-dan çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb edildi. Ermənistanın isə yalnız bir-iki briqadanın iştirakı ilə təlim keçirmək imkanı ola bilər. Təkcə 60 min şəxsi heyət toplamaq istəsələr, gərək ölkənin 80 faizini təlimlərə cəlb etsinlər. 
Azərbaycan bu təlimə 60 min şəxsi heyət çıxardı. Ancaq ön cəbhədəki, digər güc strukturundakı minlərlə şəxsi heyət yerindən tərpənmədi. Bunu təsəvvür etmək yetər ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusu ilə güc nisbəti nə qədərdir! Eyni zamanda təlimlərdə istifadə edilən silah-sursat milyonlarla vəsait deməkdir. Azərbaycanın gücü çatır ki, istənilən qədər silah istehsal etsin və ya xaricdən alsın. Ermənistan heç öz əhalisini dolandıra bilmir. Xalq acınacaqlı vəziyyətdə yaşayır. Orduda özbaşınalıq baş alıb gedir. Aprel müharibəsində Azərbaycan Ordusunun gücünü və imkanlarını görəndən sonra torpaqları daha saxlaya bilməyəcəklərini də aydın dərk edirlər! Müharibə təqdirində Ermənistanın kriminal rejimi təkcə Dağlıq Qarabağı itirəcəklərini deyil, forpost dövlətlərini də məhv edəcəklərini gözəl anlayır. Ermənistan prezidenti öz xalqını uçuruma aparır və bunu görən erməni vətənpərvərlər pənah yeri kimi Azərbaycanı seçirlər. Onlar Bakıya gələrək bütün erməni xalqının Serj Sarkisyan kimi düşünmədiyini söyləyir, Xocalı soyqırımına görə ermənilər adından üzr istəyirlər. 
Əgər biz Dağlıq Qarabağ probleminə hələ də səbir, təmkinlə yanaşırıqsa, şübhəsiz ki, bu, öz qərarlarında beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT-nın münaqişəyə dair qətnamələrinin tələblərinə hörmətlə yanaşan Prezidentimizin alicənablığının, müdrikliyinin və xalqımızın sülhsevərliyinin nəticəsidir.

 

Orta məktəblərdə Azərbaycan tarixinin bir qolu kimi hərb tariximiz də tədris olunmalıdır

 

- Azərbaycan mətbuatında müharibə mövzusunda yazılan məqalələr, araşdırmalar Sizi qane edirmi? Fikrinizcə, müsbət və çatışmayan cəhətlər hansılardır?

 

- Çox yaxşı haldır ki, son dövrlər mətbuatda Azərbaycan zabitləri, hərbi hissələri ilə bağlı xoşagəlməz yazıların, xəbərlərin sayı xeyli dərəcədə azalıb. Əvvəllər hərbi hissələrin dislokasiyası, hərbçilərin vəzifələri barədə açıq məlumatlar yayırdılar. Ermənistan bundan yaxşıca yararlanırdı. Müharibə şəraitində olan dövlətdə belə hallara yol vermək düşmənə xidmət sayılır! 
Digər tərəfdən, çox istərdim ki, kütləvi informasiya vasitələrində Azərbaycanın hərb tarixi ilə bağlı yazılar yazılsın, filmlər çəkilsin. Çünki bunun çox böyük əhəmiyyəti var! Kitab mağazalarında Azərbaycan hərb tarixində izi olan generalların döyüş yolundan, onların ordu quruculuğundan bəhs edən kitablar yoxdur və yaxud çap mətbuatında bu barədə məqalələr yazılmır. 
Televiziyalarda, radiolarda bütün günü eyni sahənin mütəxəssisləri çıxış edirlər. Düzdür, bizə həkim də, müğənni də, idmançı da lazımdır. Ancaq bir dəfə də hərbçini verilişə dəvət edib hərb tariximizlə bağlı biliklər əldə etmək olmazmı? Onu deyim ki, hərbçilərə həsr olunan verilişlər, keçirilən tədbirlər Milli Ordumuzda xidmət edən əsgər və zabitlərdə ruh yüksəkliyini və qələbəyə inam hissini xeyli artırır. 

 

- Gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək üçün daha nə etməyi, hansı məqamlara diqqəti artırmağı məqsədəmüvafiq sayırsınız?

 

- Fikrimcə, bütün orta məktəblərdə Azərbaycan tarixinin bir qolu kimi hərb tariximiz də tədris olunmalıdır. Azərbaycan məşhur xanəndələr, şairlər, yazıçılar, aşıqlar diyarı olduğu ilə bərabər Babəklər, Xətailər, Nadir şahların vətənidir. Qəhrəmanlığına, sərkərdəlik məharətinə və hərbi bacarığına görə bir çox görkəmli şəxslərin adları Azərbaycanın hərb tarixinə düşüb. Onların döyüş yollarının təbliği gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində böyük rol oynayar. İstərdim ki, orta ümumtəhsil müəssisələrində müharibə iştirakçıları ilə sagirdlərin görüşləri tez-tez keçirilsin.
Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, Azərbaycan xalqının şanlı keçmişini, qədim dövlətçilik ənənələrini, milli rəmzlərini təbliğ etmək, gəncləri Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmət etməyə, daima vətən qarşısında borcunu yerinə yetirməyə hazır vəziyyətə gətirmək, gənclərdə vətənə və dövlətə münasibətdə qürur hissi formalaşdırmaq, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.

 

Əsgərimizin ən böyük qüruru Ali Baş Komandanın qətiyyəti və mətinliyidir

 

- Necə bilirsiniz, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə bitəcək, yoxsa məhz müharibədən sonra sülh olacaq?

 

- Hərbçi ancaq müharibə haqqında düşünməlidir! Çünki sülh barədə düşündükdə onda biganəlik, ruh düşkünlüyü yaranır. Hərbçi yalnız əmr gözləməli və bu əmrə hazır olmalıdır! Siyasətlə isə ancaq siyasətçilər məşğul olmalıdır! 
Ali Baş Komandan İlham Əliyevin ordumuza göstərdiyi diqqət nəticəsində ölkəmiz öz müdafiə qüdrətini hər gün artırır, Silahlı Qüvvələrin arsenalını yeni, müasir tələblərə cavab verən silah və hərbi texnika ilə gücləndirir. Ordumuz bu gün istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə tam hazırdır! Bu, təkcə son zamanlar alınmış silahlar hesabına deyil, eyni zamanda Silahlı Qüvvələrimizin şəxsi heyətinin aprel hadisələrindən sonrakı döyüş ruhunun və mənəvi-psixoloji durumunun olduqca yüksək olması ilə mümkündür. Həm dövlət başçısının, həm də müdafiə nazirinin mütəmadi olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfərləri hərbçilərdə böyük ruh yüksəkliyi yaradır. Ali Baş Komandan bu səfərləri ilə hərbçilərə çatdırır ki, mən də yeri gəldikdə həyatımı riskə qoya bilirəm, sizlə bir cəbhədə vuruşaram və vuruşuram! Bunu Ermənistan əhalisi də görür, eşidir. Ermənilər görürlər ki, Azərbaycan Prezidenti tez-tez cəbhə bölgəsinə səfər edərək hərbçilərlə və mülki əhali ilə görüşüb onların problemlərini dinləyir, aradan qaldırılması üçün tapşırıqlar verir. İlham Əliyevin hərbi islahatları Silahlı Qüvvələrimizi dünyanın ən təminatlı, hazırlıqlı, güclü orduları sırasına çıxarıb! Əsgərimizin ən böyük qüruru Ali Baş Komandanın qətiyyəti və mətinliyidir! Bütün bunlar bir daha bizi əmin edir ki, bu birlik qələbəmizi təmin edəcəkdir!

 

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.03.2017, 20:56

İŞİD-in daha bir lideri zərərsizləşdirilib

29.03.2017, 20:39

Şamaxıda torpaq şürüşməsi aktivləşib

29.03.2017, 20:28

Əli İnsanov aprelin 7-də məhkəmə qarşısına çıxarılacaq

29.03.2017, 20:14

Azərbaycandan Qətərə işçi göndərilir - VİDEO

29.03.2017, 20:01

DTX-nin istintaq təcridxanasına başçəkmə həyata keçirilib

29.03.2017, 18:55

Bakı Şopinq Festivalına İtaliyadan xüsusi qonaq gələcək

29.03.2017, 18:50

Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edilib

29.03.2017, 18:33

Həmsədrlər yeni Qarabağ bəyanatı YAYDI

29.03.2017, 18:24

Azərbaycan 10 təyyarə alır

29.03.2017, 18:11

Oqtay Əsədov ATƏT PA sədri ilə görüşüb: “Danışıqlar sonsuza qədər davam edə bilməz”

29.03.2017, 18:07

Tillersonun Türkiyə səfəri – Ankara Vaşinqtonla dil tapa biləcəkmi?

29.03.2017, 17:37

İran təkzib etdi: "Azərbaycanla əlaqələrimizi korlamaq istəyənlər var”

29.03.2017, 17:34

Azərbaycanda bəstəkar qıtlığı var - Bəstəkarlar İttifaqından açıqlama

29.03.2017, 17:23

Dollar BAHALAŞDI

29.03.2017, 17:21

QMİ erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə müraciət etdi

29.03.2017, 17:20

Əbülfəs Qarayevdən idarə müdirlərinə TAPŞIRIQ

29.03.2017, 17:16

Bahar Muradova Sarkisyanla bağlı ATƏT PA-nın sədrinə məktub göndərdi

29.03.2017, 17:14

Rusiyanın tanınmış tarixçisi Xocalı ilə bağlı petisiya YARATDI

29.03.2017, 16:58

Əli Həsənov 31 martdan YAZDI 

29.03.2017, 16:51

Böyük Britaniya Brexit-ə başladı - FOTO

29.03.2017, 16:45

Putin Rusiyanın Baş polisini işdən çıxardı

29.03.2017, 16:39

Taksilərlə bağlı təklif  HAZIRLANIB

29.03.2017, 16:34

Avtobus sürücülərinə XƏBƏRDARLIQ: Ciddi tədbirlər görüləcək

29.03.2017, 16:33

Tanrıya ovcunda torpaq aparan şəhid - FOTOLAR

29.03.2017, 16:21

Bakıda bütün avtobuslar kart sisteminə keçir

29.03.2017, 16:11

“31 marta beynəlxalq miqyasda hüquqi qiymət verilməyib”

29.03.2017, 16:05

“Oyunlar zolağı”nın çəkilişinə başlanılır

29.03.2017, 16:04

İtaliya karabinerləri Azərbaycan kəmərinə qarşı çıxanlarla döyüşür: yaralılar var

29.03.2017, 16:00

“İRƏLİ” İctimai Birliyi həftəsonu təlimləri həyata keçirir         

29.03.2017, 15:53

Məmurlar plan doldururlar – Mal-qaranın sayını “artırır”, at-eşşəyin sayını isə “azaldır”

29.03.2017, 15:51

Ötən il Azərbaycanda baş verən yol qəzalarının STATİSTİKASI

29.03.2017, 15:30

“SOCAR Polymer” Yay Təcrübə Proqramına start verdi

29.03.2017, 15:17

Prezidentin şərəf və ləyaqətini ləkələməyə görə cəzalar daha da sərtləşdirilir - DETALLAR

29.03.2017, 15:05

BDU-da 31 mart soyqırımı qurbanları anılıb - FOTO

29.03.2017, 15:01

Bədbəxt taleli Azərbaycan filmləri...

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(3.50%)
Azərbaycan Dövlət İqtisad Universiteti(5.61%)
Bakı Dövlət Universiteti(17.5%)
Bakı Ali Neft Məktəbi(1.05%)
Azərbaycan Dillər Universiteti(49.4%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(2.45%)
Azərbaycan Texniki Universiteti(2.45%)
Azərbaycan Tibb Universiteti(2.45%)
Bakı Slavyan Universiteti(2.10%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(13.3%)