Modern.az

“Azərbaycanın ən ədalətli hakimi Gülzar Rzayevadır” 

“Azərbaycanın ən ədalətli hakimi Gülzar Rzayevadır” 

Hadisə

24 Noyabr 2016, 13:35

Hakimləri ədalətə söykənib qərar verən cəmiyyətlər daha ədalətli olur. Ədalət isə hakimlərin qərəzsizliyinə, hər hansı məqsəd güdmədən qərar çıxarmasına əsaslanır. Hakim ədalətinin əsasında onun müstəqilliyi,vicdanlılığı, dəyişilməz prinsipinə sadiq qalması dayanır.

O vicdan ki, hər hansı diktə onun rahatlığını pozacaq qərar çıxarmasına imkan vermir.

Hakimlər tərəfindən “Ayağa qalxın, məhkəmə gəlir” ifadəsi ona görə işlədilir ki, müttəhim kürsüsündə əyləşən şəxsin taleyi barədə məhkəmə tərəfindən çıxarılacaq hökm, veriləcək qərar dövlətin adından, qanunun aliliyinə söykənilərək elan edilməlidir. Amma edilirmi? Qərar verən hakim əlini vicdanına qoyub rahat yata bilirmir?

Yaxud bu gün Azərbaycanda ədalət müdafiəçisi olan, hər zaman ədalətli qərar çıxaran hakim tanıyırsınızmı? Bu sırada kimlərin adını çəkmək olar?

 

Milli Məclisin hüquqşünas deputatı Kamran Bayramov  Modern.az-a açıqlamasında, məhkəmə qərarlarının verilməsində hər bir hakimin qanuna əsaslandığını deyir. 

“Ümumiyyətlə qərar çıxarılanda iki tərəfdən  biri narazı qalır. Bu təbiidir ki, qərar hər iki tərəfin maraqlarını təmin edə bilməz. Bizim məhkəmə sistemi üçpilləli məhkəmə sistemidir. Hüquqi və fiziki şəxs məhkəmə qərarından narazı qalarsa, yuxarı məhkəmə instansiyasına müraciət edə bilər.

Qeyd edim ki, hakim məhkəmə qərarı qəbul edərkən, qanunlara əsaslanır. Digər məqamlara və məsələlərə görə qərar qəbul edilmir. Qərar müvafiq qanuna, məcəlləyə, maddəyə əsaslanmalıdır və əsaslanır.

 

“Qərəzdən söhbət gedə bilməz”

 

Deputat deyir ki, hakimin çıxardığı qərar qərəzli ola bilməz:

“Əgər qərar qərəzli olsa belə, yuxarı məhkəmə instansiyaları bunu görür. İstənilən halda hakim qanunu rəhbər tutur. Əks təqdirdə qərar yuxarı məhkəmə tərəfindən ləğv edilir. Çünki sistem elədir ki, birinci instansiya məhkəməsində qərəzli qərar qəbul olunubsa, vətəndaş apelyasiya şikayəti verir. Oradakı hakim işə baxır və qərarın qanunauyğun olub-olmamasını araşdırır. Qərar qərəzlidirsə, ləğv olunur. Eyni zamanda Apellyasiya Məhkəməsinin qərarından narazılıq olarsa, kassasiya şikayəti veriir, Ali Məhkəməyə  müraciət olunur. Ona görə qərəzli qərarların qəbul olunması ilə bağlı fikirlərlə razılaşmıram. Prosesdəki narazı tərəflərin fərziyyələrinə əsasən belə fikirlər irəli sürülə bilər. Bu da təbiidir. Çünki qərar xeyrinə qəbul olunmayıb”.

 

“Məhkəmə Şurası onların məsələsinə baxır..”.

 

Parlament üzvü 9 il müddətində Ədliyyə Nazirliyində çalışan bir hüquqşünas kimi hazırkı məhkəmə sisteminin hazırlıq səviyyəsini çox yüksək qiymətləndirir:

“Mən uzun müddət İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsində, Beynəlxalq əməkdaşlıq idarəsində çalışmışam. Ona görə az da olsa, bu sahəylə tanışam. Bizim hakimlərin hazırlıq səviyyəsi, peşəkarlığı, biliyi, təcrübəsi yüksəkdir. Onlar vaxtaşırı Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Ədliyyə Akademiyasındakı kurslarda iştirak edirlər, öz ixtisaslarını artırılar, eyni zamanda xaricə göndərilirlər. Bu daimi prosesdir və gündəmdə olan məsələdir.

Bizdə elə hakimlərimiz var ki, uzun müddətdir məhkəmə sistemində çalışırlar. Bu baxımdan onların hər hansı nöqsana yola verəcəyinə inanmıram. Nöqsana yol verənlərin məsələsinə isə Məhkəmə Şurasında baxılır və lazımi qərarlar çıxarılır”.

 

Tanınmış hüquqşünas, SSRİ dövründə hakim və məhkəmə sədri işləmiş Aslan İsmayılov hazırkı məhkəmələr, hakimlərlə SSRİ dövrünün məhkəmə sistemini müqayisə edib. Bütün bunlar barədə danışmağın onun üçün çox asan olduğunu vurğulayıb:

 

 

“Hakimin rüşvəti uzağı bir qonaqlıq olardı”

 

“Ona görə yox ki, mən SSRİ dövrünü görmüş adamam. Ona görə ki, o, SSRİ dövründə hakim və məhkəmə sədri işləmişəm.

Mən bütün varlığımla SSRİ-nin əleyhinə olmuşam. Ona görə ki, mənim bütün nəslimin nümayəndələrinə SSRİ dövründə divan tutulub. 1937-ci il repressiya dövründə güllələdiklərini güllələyiblər, qalanını da Qazaxıstana sürgün ediblər. Bununla belə SSRİ dönəmində elə şeylər var ki, ona qara yaxmaq olmaz. Mən özümü demirəm, amma tanıdığım hakimlər, məhkəmə sədri korpusunda bu gün Azərbaycanda ən vicdanlı hakim kimi tanınanların çox az hissəsini o dövrün ən pis hakimlərilə belə müqayisə etmək olmaz. Mən işlədiyim Rusiya mühitində rüşvət deyilən anlayış yox idi. Hakimin ən çox sui-istifadə etdiyi hal o ola bilərdi ki, əgər o işi görüb, hər hansı şəkildə kömək edibsə belə, ona uzağı bir qonaqlıq verə bilərdilər. Çox nadir halda deyilərdi ki, filan hakim rüşvət kimi köynək qəbul edib.

 

Rusiyanın Stavropol diyarında 3 il hakim, 4 il məhkəmə sədri olmuşam. SSRİ-də 28 yaşında ən gənc məhkəmə sədri idim. O dövr hakimlər korpusu yığışardı, söhbətlər edərdik. Bizim restoranlara getməyə imkanımız olmurdu. O dövr üçün məhkəmə sədri kimi 280 rubl maaş alırdım. Yeri gəlmişkən bir halı da vurğulayım. Hüquq mühafizə orqanlarında mənim maaşım yüksək sayılardı. Bununla belə mənim elmi rəhbərim olmuş, kafedra müdiri, professor Aleksandr Alekseyeviç Xmırov 750-800 manat maaş alırdı. Buna baxmayaraq restoranlarda yığışıb yeyib-içməyə imkanımız olmurdu. Biz yığışıb dağ ətəyində olan meşələrdə yeyib-içərməyə gedərdik, hamı işlə bağlı söhbət edərdi. Deyərdilər ki, “belə bir mürəkkəb iş vardı”, “hansısa çətin işlə bağlı qərar verməli oldum” və s. O vaxt hakimlər verdiyi qərara görə narahat olurdu, həyəcan keçirirdi. Mən təsəvvür edə bilmirəm ki, hansısa hakim biləydi ki, bu adam əsassız tutulub, onun haqqında hökm çıxaraydı. Bu mümkünsüz idi. O vaxt hakimlərdə, qanundan qorxu hissi, bir insanlıq var idi”.

 

 

“Qorboçovun dostu baxacağım iddianı təmin etməyimi xahiş etmişdi...”

 

Hüquqşünas bildirib ki, o dövrdə hakimlərə rayon, kommunist partiyası rəhbərliyi tərəfindən təsiretmə cəhdləri olsa da, bu heç vaxt indiki kimi birbaşa xarakter daşımırdı:

 

“İşlədiyim rayonun birinci katibi İvan Alekseyeviç Fyodorov, yəni rayonun icra başçısı (red- Qarboçovun dostu, sərt olduğundan hamı onu “Pinoçet” çağırırıdı) məndən xahiş etmişdi ki, baxacağım bir iddianı təmin etməyim: “Sovxozun direktoru kadrlar şöbəsinin rəisini işdən çıxarmışdı, O da verib məhkəməyə və onu işləməyə qoymur. İmkanınız olsa, onun iddiasını təmin etməyin”.

Mən dərhal cavab verdim ki, Aleksey İvanoviç siz mənə tapşırıq verirsiniz? O da cavabında: “Mən tapşırıq vermirəm. Rayonun iqtisadiyyatı, sovxozun işinin normal olması üçün tövsiyə, xahiş edirəm”.

O çəkinirdi ki, məhkəmənin işinə müdaxilə etdiyi yuxarılara bəlli olar”.

Hüquqşünas yaşadığı daha bir maraqlı epizodu bizimlə bölüşüb: “Mən 28 yaşında məhkəmə sədri olanda rayon prokurorunun, əslən Yevlaxdan olan Bratkovun 58 yaşı vardı. Polis rəisi Ağayev də yaşlı idi. O dövr Qorboçovun müavini olan SSRİ Qosaqropromun sədri Miraxovskinin bacısı qızının yoldaşı idi. Elə biliridilər ki, mən yaşca onlardan kiçik olduğum üçün onların dediyi ilə oturub-duracam. Amma onlar tez bir zamanda səhv etdiklərini anladılar və mənimlə düşmənçilik etməyə başladılar. Bildiyiniz kimi polis və prokuror üçün ən pis hal istintaqa gəlmiş işi geri qaytarmaq idi. Mən təyinat alan kimi geri qaytarılan işlərin sayı 2 dəfə artdı. Bu da onların hər ikisini çox qıcıqlandırırdı. Onlar birinci katibin qulağını doldurub mənim məsələmi müzakirəyə çıxartmağa nail oldular. Məni partiya bürosuna dəvət etdilər. Orada prokuror və polis rəisi mənim əleyhimə çıxış etməyə başladı. Birinci katib dedi ki, “İsmayılov cavab ver”. Mən tribunaya çıxdım və dedim ki, siz səhv edirsiniz. Siz unudursunuz ki, mən partiya təşkilatınızın üzvü yox, Rayon Məhkəməsinin sədriyəm və mənim məsələmi sizin müzakirə etmək hüququnuz yoxdur”.

Mən bildirdim ki, şikayətləri varsa, mənim hesabat verdiyim qurumlara-Ədliyyə Nazirliyinə və Diyar Məhkəməsinin sədrinə ünvanlasınlar. Bundan sonra iclası tərk elədim. Haqqımda da heç bir tədbir görən olmadı”.

 

Ali Məhkəmənin Gülzar Rzayeva adlı hakimi...

 

 

Vəkil deyib ki, indiki halda hakimlərdən bu cür davranış gözləmək mümkün deyil: “Mən Rusiyada işləyəndə deyirdilər ki, Azərbaycandakı bütün hakimlər rüşvət alır. Elə alındı ki, 1989-cu ildə Azərbaycan Respublikası Prokurorluğunda Məhkəmələrə nəzarət şöbəsində çalışmağa başladım. Mən əminliklə deyirəm ki, o dövrdəki Azərbaycan hakimlərini də bu dövr hakimlərlə müqayisəyə etmək olmaz.

Hazırda Ali Məhkəməminin Gülzar Rzayeva adlı üzvü var. O SSRİ dövründə çalışmış hakimdir. Mən sizi əmin edirəm ki, o hakim Azərbaycan Ali Məhkəməsinin ən ədalətli hakimlərindən biridir. Ona görə ki, onda o dövrün hakimlik hissi var. Mən əsla yaxın buraxmıram ki, Gülzar Rzayeva bilərəkdən qanunsuz qərar qəbul edə.

Bu gün hakimlər qanunsuz qərarları gülə-gülə çıxarırlar. Onlar nə qanunu, nə də Allahı düşünürlər. Düşündükləri isə ancaq hansı işdən maksimum rüşvət almaqdır”.

 

“Qanunsuz qərarların 95 faizi rüşvət müqabilində görülən işlərdir”

 

A.İsmayılov deyib ki, hazırda hakimlərin qanunsuz qərarlarının əsasında duran sistemdir: “Hakimlərə şərait yaradılıb ki, baxdıqları işdə istədikləri qədər rüşvət alsınlar. Amma hakimlər bunun əvəzində də verilən göstərişi heç bir sual vermədən icra edirlər. Bu gün qanunsuz qərarların ən çoxu 2-5 faizi göstərişdirsə, 95 faizi rüşvət müqabilində olanlardır. Əksər hallarda aldığı rüşvətlə qanunsuz qərar qəbul edən hakimlər “belə göstəriş verilib” deyərək özünə haqq qazandırır. Mən məhkəmə sədri idim və 5 hakimim var idi. O hakimlərin heç biri məndən soruşmurdu:  “Mən bu işə baxacam, hansı qərarı qəbul edim?” Mənim də heç ağlıma da gəlmirdi ki, konkret işlərə müdaxilə edim. Onların mənə müraciət etdiyi yeganə hal o olurdu ki, hakim qərar verməkdə çətinlik çəkirdi. Mənim ağlımdan da keçməzdi ki, hakimə necə qərar verməsilə bağlı göstəriş verim. Bəzən olurdu ki, hakimlər səhv qərar verirdi. O zaman mənim hüququm var idi ki, hakimin qərarından Diyar Məhkəməsinə təqdimat yazım. Bu gün isə hakimlər ən xırda bir işi, veriləcək cəzanın nəinki ilini ayını, gününü belə məhkəmə sədrinin icazəsi olmadan həll edə bilməz və özbaşına qərar verə bilməz”.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır