23 mart 2017, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - "Mirzə bir əfsanəydi...” - Şəhid zabitin keşməkeşli HƏYAT YOLU - FOTOLAR
"Mirzə bir əfsanəydi...” - Şəhid zabitin keşməkeşli HƏYAT YOLU - FOTOLAR +
24.11.2016, 15:20

Vətəni qibləgah edən şəhidlər - XXXXII

 

8 yaşlı Nihat Novruzov ötən dərs ilinə qədər elə bilirdi ki, o ancaq  kənd məktəblərində oxuya bilər… Heç tətillərdə də Bakıda yaşayan nənəsi Rüxsarənin, əmisi Ramilin yanına gedə bilmirdi. Atasının işi belə idi ki, evdə oturub daim onu gözləyirdilər. Əslində onun balaca dünyasnın yayda yaşıl ormanları, qışda qarlı-boranlı, çovğunlu mənzərələri var idi. Amma bu ilin senytyabr ayında hər şey dəyişdi. Dünyası da dəyişdi, məktəbi də, taleyi də…  

3-cü sinfi Bakıdakı Anadolu liseyində oxumağa başladı. Fərq onda idi ki, Goranboyun Tap-Qaraqoyunlu kəndindəki məktəbə tək gedirdi, indi bacısı Nuray da ona qoşulmuşdu. Nuray bu il 1-ci sinfə getdi. Onların ilk zəng sevincini ataları Mirzə görmədi. Nihatın gözü atası ilə məktəbə gələn uşaqlarda qaldı. Baxdı ki, o ataların içərisində hərbi paltar geyinəni də yoxdur. Onun atasının əynində hər zaman hərbi forma olurdu. Nihat atasını istəyirdi. Nihat atasını gözləyirdi. İnanmaq istəmirdi ki, ata bir daha gəlməyəcək.  Dərslər başlayandan bir  ay sonra, müəllimləri onlara  “Ailəmiz” mövzusunda sərbəst yazı tapşırığı verdi. Nihat həmin tapşırığı belə yazdı:

“AİLƏMİZ.  Mənim adım Nihatdır.  Ailəmiz 4 nəfərdən ibarətdir. Anam, atam, mən və bacım. Mən atamı çox sevirəm. Mənim atam komutandır. Həyatımın ən ağır günü atamı itirdiyim gündür. Atam ŞƏHİD olub… onun üçün çox darıxıram. Çox istəyirəm ki, yanımda olsun. Dərslərimi hazırlamaqda hər zamankı kimi mənə yardımçı olmasını istəyirəm. “Ailəmiz 3 nəfərdən ibarətdir” deyə bilmirəm. Çünki mənim üçün atam hər zaman yanımdadır. Anamı da çox sevirəm. Onun peşəsi isə mühəndisdir. Bir də ki, kiçik bacım var. O Anadolu liseyində birinci sinfə gedir. Ailəmizi çox sevirəm. Onlar mənim hər şeyim…”.


Gözlərinə baxdım Nihatın… elə bil 32 yaşlı  Mirzə Novruzov yaşında idi. Sanki böyümüşdü, sanki dünyanın dərdi var idi, o qonur gözlərdə. Danışdırmaq istədim. Başını tərpədərək cavabı “hə”-“yox”  oldu. Qucaqladım, bağrıma basdım. Gülümsədi. Gülüşündə də qəm gördüm. Anası Əfsanənin gözlərindəki qəmi.


Modern.az saytı “Aprel şəhdiləri” haqqında silsilə yazıları davam etdirir...

“Aprel döyüşləri”ndə şəhid oldu Mirzə Novruzov.  O, 1984-cü  ildə Bakıda doğulmuşdu.  286 sayli orta məktəbin 9-cu sinfini bitirən kimi Naxçıvanski adına  hərbi liseyə daxil oldu. Daha sonra, 2002-ci ildə təhsilini uğurla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi, 2006-cı ildə isə oranı başa vurdu. Top artilleriyaçısı oldu. 2007-ci ildən etibarən Naftalandakı N saylı hərbi hissədə  artilleriyaçı kimi xidmətə başaladı.


Bəxtimizə gör neçə ildir ki, acı bağırsaq kimi uzanan bir ədalətsiz müharibə yazılıb. Müharibəni də biz yox, elə torpağımıza yiyələnmək istəyən ermənilər başlayıblar. Bu vətən isə Raquf Orucov, İnqilab Quliyev, Mirzə Novruzov, Vüqar Yusifov… kimi komandirlərin, zabitlərin çiyinlərində, onların vətənpərvər əsgərlərinin hesabına vətənləşir. Ordu sıralarında hər cür xarakterli zabitə, əsgərə rast gəlmək olur. İnsandır, hamısı bir qəlibdən çıxmayıb axı. Əsl hərbçi, zabit isə, ona etibar edilən əsgərlərə öz qardaşı, öz balası, Vətənin müsəlləh əsgəri kimi baxanda, ürəklərdə hörmət qazanmaqla yanaşı, həm də zabit adına  şərəf gətirir. Mirzə Novruzov da o şərəfli zabitlərdən idi.


Onun əsgəri olmuş  Elmar Məliksoy komandirini belə xatırlayır:


“Bu cəsur insanla 2008-ci ildə Goranboyda yerləşən hərbi hissədə tanış oldum.  Baş leytenant Mirzə Novruzov bizim tağım komandirimiz idi. 4 ay onunla birlikdə xidmət etmək xoşbəxtliyi mənə də nəsib oldu. Bizə topçuluğun sirlərini  öyrədirdi. Onunla  hərççi  münasibətlərimizi qorumaqla yanaşı, ötən günlər ərzində qardaş kimi mehribanlaşmışdıq. Əsgərliyin qardaşlığının dadı başqadır. Artilleriyanı çox dəqiq bilirdi. Bizə bu peşəni elə dəqiqliklə, bütün incəliklərinə qədər öyrətmişdi. Deyirdi ki, hər zaman müharibəyə, vuruşa hazır olmaq lazımdır. Təlimlərdə  zəhmli, zabitəli olan komandirimiz, eyni zamanda mülayim olmağı, zarafat etməyi də bacarırdı. Hər bir əsgərin qayğısına ayrı-ayrılıqda qalırdı, onların ən xırda problemini, daxildə baş verən əsgər çəkişmələrini də bir sözü, bir hərəkəti ilə nizamlayırdı. Hərbi hissəmizdə, tağımımızda nümunəvi bir ab-hava yaratmışdı. O daha çox biz əsgərləri düşünürdü.

Bir dəfə soyuq qış günü idi. Biz qarovul növbəsindən qayıdan əsgərlər onun kazarmasında olan sobanın yanında isinirdik. Birdən  komandir qəfil içəri girdi, hər birimiz  ayağa qalxdıq. O isə əlindəki siqaret qutusunu bizə uzadıb dedi ki, “götürün çəkin”.
Otağa qayıdanda baxdıq ki, indi də sobanın yanında o istilənir. Şirin söhbətə başladıq. Vətəndən, müharibədən, Azərbaycanın  Milli Qəhrəmanlarından, topçu  İsgəndər Aznaurovun , Əlif Hacıyevin həyatından , qəhrəmanlıqlarından danışdı. Sonra dərindən bir ah çəkib, “gün gələcək, biz də onlar kimi tarix yazacağıq, biz də əlimizin altında olan bu toplardan düşmənin başına od yağdıracağıq… Şəhid olacağıq...” dedi.
Onun bu sözündən sonra mən “Allah eləməsin ki, şəhid olasınız, sizin gül kimi balanız var axı…” dedim.  “Mən şəhid olmaqdan qorxmuram, hardadır mən də o bəxt ki, Vətən uğrunda öləm, Bayrağa büküb dəfn edələr…” söylədi. Onun bu sözlərindən sonra, araya xeyli sükut çökdü…

2009-cu ilin yanvar ayında  komandirimizi ən çətin  bölgə olan Murova, ön xəttə göndərdilər. Tariximizə şəhidlərimizin və qazilərimnizin qanı ilə əbədi yazılan aprel hadisələrini mən də hamı kimi, böyük həyəcanla izləyirdim. Bütün yaşıdlarım, dostlarım kimi, mən də döyüşə hazır idim. Elə bu ərəfədə internet şəbəkəsi üzərindən komandirimin şəhid olduğunu öyrəndim. Çox böyük sarsıntı keçirdim. II Fəxri Xiyabanda dəfn edilən komandirimin  məzarı üstünə gəldim.  Ayaq tərəfində dayanıb, həmişəki kimi əsgər salamı verdim. Dedim: “Sənin kimi komandirin əsgərləri olduğumuz üçün həmişə fəxr edəcəyik, komutanım. Allah sənə rəhmət eləsin gözəl insan ... Ali Baş Komandanımız  könüllülərin orduya qəbul edilməsi  fərmanını verən gündən sən və digər Şəhidlərimiz uğrunda savaşacağam! Məkanın cənnət olsun yoldaş baş leytenant!”.


Hadisələrin ardını Mirzə Novruzovun anası Rüxsarə xanım danışır:


- Ali Hərbi Məktəbi bitirən kimi, Mirzə mənə dedi ki, “ana, hərbçi nə qədər tez evlənsə, bir o qədər yaxşıdır. Bilərəm ki, xidmət etdiyim yerlərdə tək deyiləm, yanımda ailəm var”. Əfsanəni 2002-ci ildə ali məktəbə sənəd verəndə görüb sevmişdi. Sonra arayıb tapdı. Hər ikisi ali təhsillərini başa vurdular. 2006-ci ildə hərbi məktəbi bitirən kimi toylarını etmək qərarına gəldik. Elə alındı ki, toyu 30 dekabr gününə saldıq. Tərtərdən, Kürdəmirdən, başqa rayonlardan da qonaqlarımız gəldi. Axşam saat 4-5 arası həyat yoldaşım Sərvər hamama keçdi ki, çimsin. Bir yarım saat keçdi, xəbər çıxmadı. Qohum-əqraba , biz də onu gözləyirik ki, çıxsın, gedək toy çaldırdığımız restorana. Hamamın qapısını nə qədər döysəm də səsi gəlmədi. Tez qapını silkələyib açdım. Baxdım ki, yerdə uzanılı qalıb… Həyətdəki qohum-əqrabanı haraya çağırdım… Məni qorxutmamaq üçün dedilər ki, infarkt keçirib.. . Sərvərin bədəni isti idi. Məni aldadırdılar ki, ölməyib. Get toyda bir az fırlan gəl, sən gələnə qədər ayılar. Axşam saat 9-da getdim toyxanaya. Bütün qonaqların stollarına baş çəkdim, qol götürüb oynadım da… Oynadığım yerdə arada büdrəyib yıxılmışam. Özümdən xəbərim yox idi. Mən bir robot kimi hərəkət edirdim. Gəlinə və oğlum Mirzəyə də demişdilər ki, ata xəstəxanadadır. Toy başa çatandan sonra, qohumlar bizim  evə yığışdılar. Mirzə gəlini qohumumuzun evinə göndərdi. Özü də gəlib atasının meyitinin üstündə oturdu. Səhərə qədər bu evdə keşik çəkdim, nə qədər ağladımsa, çağırdımsa, mənə səs vermədi, Sərvər. Mirzənin sevincini kədərə bürüdü atası. Həkimlər dedi ki, Sərvərin ürəyi sevincdən çatlayıb…

Bəlkə dəmirəm, bəlkə daşam, belə dərdləri çəkmək olarmı… 61 yaşım var… necə yaşayıram. Necə gəzirəm bu torpağın üstündə, o göyün altında… Yaşamaqdan bezirəm. Mənim balama taleh yazmadı Yaradan.  Boyuna-buxununa baxıb sevinirdim. Dünya bir yana idi, Mirzə bir yana. Əfsanə ilə həmişə əl-ələ verib çıxardılar qapıdan. Çüt gedib, cüt gələrdilər. Heç bir-birinin əlini buraxmazdılar. İndi Əfsanə qapıdan tək çıxır… Kor olaydı gözlərim…



Danışdıqca ağlayır, yanır, yaxılırdı Rüxsarə xanım. Ona baxdıqca düşünürüdm ki, bir insanın da gözündən bu qədər yaş gedərmi? Bir insanın da gözlərinin yaşı heç qurumazmış… Dodaqları cadar-cadar oldu, dili qabar oldu “oğlum, Mirzəm” deməkdən.
Gəlini o biri otağa şəkilləri gətirmək üçün keçəndə isə dedi: “Allah elə bil mənə zülm yazıb. Adamın yoldaşı da ölər, atası da ölər, anası da ölər, ancaq adamın balası ölməz axı... Bala dərdi heç nə ilə ölçülməz... bala dərdi çəkilməz. Utanıram Əfsanənin üzünə baxmağa… Necə baxım ona, elə bilirəm ki, özüməm günahkar. Onu özümə qız bilmişəm. İki oğlum olub. Qızım olmayıb. Adını çəkdiyimiz gündən sevinirdik… Əfsanə  mənə nənə olmaq xoşbəxtliyi verdi. Mirzənin yol yoldaşı, əsgər yoldaşı oldu. O qarlı-çovğunlu Murovda Mirzədən ayrılmadı. Kənd yerində qışın soyuğunda,  payızın çiskinində, yayın istisində ərinin yanında oldu… Sanki mənim cəbhə bölgəsində iki zabitim var idi...”.


Əfsanəyə baxıram, öz-özümə fikirləşirəm ki, Rüxsarə xanım onları bir cüt göyərçinə bənzətməkdə heç yanılmayıb. Əfsəninin pəmbə kimi ağ bənizi, danışanda tez-tez üzünə-gözlərinə apardığı göyərçin əlləri, biləkləri… bir gözəllik ilahəsidir gəlin elə bil… Tanrının qismətinə yazdığı kədərin içində belə, gözəl görünür. İmadəddin Nəsiminin sözlərini  xatırlayıram:


“Səni bu hüsnü kamal ilə, camal ilə görüb,
Qorxdular Ay deməyə, döndülər insan dedilər”.

O danışır, gah kövrəlir, gah gülümsəyir. Bayaqdan Mirzə haqqında danışanların söhbətini  izlədikcə, maraqlı bir məqam çəkir diqqətimi. Onun haqqında nə danışsalar üzləri gülür, gülümsəyirlər. Əfsanənin də üzündə, gözündə, bütün varlığında parlayan Mirzənin eşqi, məhəbbəti, sevgisidir sanki…

- Həmişə onun üçün narahat idim,- deyir Əfsanə. - Ancaq bir gün yox olacağı heç zaman ağlıma gəlməızdi. Bilirsiniz nə qədər çətinliklər görmüşük. Nihat 2008-ci ilin 12 yanvarında - bir qış günüdə doğulmuşdu. Uşaq anadan olandan 1 ay sonra gəldi onu görməyə. Murovda idi. Aşağı enə bilmirdi. Cəbhədə vəziyyət hər zaman gərgin olur. O isə artilleriyaçı zabit olduğundan, hər zaman öz postunda olmalı idi.  Sonra uşağın 1 yaşı olmamış, mən də qoşulub getdim onunla. Tez-tez  yaşayış yerimizi dəyişirdik. 3 ay bir yerdə yaşayırdıq, sonra başqa yerə göndərirdilər. Şəraitsiz evlərdə, təzəcə isinirdik ki, yenə də yerimizi dəyişirdilər. Mən də hamamı, mətbəxi olmayan, soyuq evlərdə öyrənmişdim yaşamağa. Heç nə ağır gəlmirdi. Mirzənin xatirinə dözürdüm. Fikirləşirdim ki, yaxınlığında olsam  nəfəsim qoruyar onu. Axırıncı üç ilimizi demək olar ki, rahat yaşadıq. Top-Qaraqoyunluda hərbi hissədən verilən evdə qalırdıq. Məktəb də evə yaxın idi,  hərbi hissə də. Vaxtı olanda gəlib evdə nahar edirdi. Nahar etməyi də ayaqüstü idi. Həmişə işə tələsirdi. Elə bil ki, od-ocaq qoyub gəlmişdi.


2015-ci ilin avqust ayında  ermənilər yenə təxribat törətmişdilər. Bütün hərbi hissə hazırlıq vəziyyətinə gətirilmişdi. Mirzə tez evə gəlib bizə dedi ki, “geyinin, Sizi yola salıram Bakıya”. Ayaqlarımı yerə dirədim ki, “mən sənsiz heç yerə gedən deyiləm”. Binanı və məhəlləni, kəndi göstərib dedi ki, “bax, səndən başqa burada heç kim qalmayıb. Hamını köçürüblər”.  Yolu göstərdi mənə. Hər yer tankla, hərbi maşınlarla dolu idi. Neylədisə, evdən çıxmadım. Axırda mən deyən oldu. Dedi ki, evdə oturanda işıqları yandırmayım. Ona görə də “Hərbçi” sözü eşidəndə öz həyatım canlanır gözümün qarşısında. Mən o ağır həyatın hər üzünü – isti-soyuğunu, ac-susuluğunu, ağrısını, həyəcanını görmüşəm. Cəbhə bölgəsində olduğum gündən güllə, top səslərinə oyanıb, yatmışam. Gecə-gündüz atılan toplar, avtomatların səsinə o qədər öyrəşmişdik ki, heç diksinmirdik də.  Hərbçilərimiz bəzən ac-susuz qalırdılar, ancaq Vətəni qoruyurdular, keşiyini çəkirdilər. Elə vaxt olurdu ki, gecə saat 3-4-də gəlirdi. Bir azca yeməyini yeyib, yarım ya da bir saat ərzində gözünün yorğunluğunu alandan sonra, yenə durub qaçırdı hərbi hissəyə.  Mən də ayağa durub, paltarını, üst-başını hazırlayıb yola salırdım, gələndə də qarşılayardım.

Aprelin 1-indən 2-nə keçən gecə top, mərmi səslərindən qulaq tutulurdu. Mirzə yenə ön cəbhədə idi. Ancaq gözləyirdim. Üç gündən sonra gəldi. Aprelin 4-ü gecə saat 1-2 arası idi. Gəldi, sulu isti yemək istədi.  Üz-gözündə bir narahatlıq var idi.  Dedi ki, çox güclü döyüşlər gedir, əsgərlərimizdə döyüş ruhu yüksəkdir. Ancaq görürdüm ki, üzündə bir kədər var. Bəlkə də hansısa döyüşçüsünü itirmişdi... Onsuz da soruşsam da deməyəcəkdi. Qələbəyə inanırdı. Dedi ki, “əgər atışma və top səsləri yaxından gələndə bilin ki, atan bizik”. Üç gün idi ki, çəkmələrini ayağından çıxarmamışdı. Getdi çimdi, Nurayın yatmasına heyfsiləndi... Adətən o hamamlanıb çıxandan sonra Nurayı qucağına alardı, Nuray da onun ətrini nəfəsinə çəkərdi... Sonra ata-bala qucaqlaşıb, əylənərdilər... O gecə heç bir saat da evdə oturmadı. Yenə həmişəki kimi əyin-başını dəyişib, getdi. Gedəndə dedi ki, evin bütün kommunal xərclərini ödəyib. Narahat olmayım. Mən isə narahat idim. Üç gecə idi yatmırdım. Onu gözləyirdim. Tez-tez  mesaj yazırdım. İki nömrəsi vardı. Hansında şəbəkə tuturdusa, ora yazırdım. O isə vaxt tapanda cavab verirdi. Üstünə çox getmirdim ki, birdən fikri yayınar... Yazırdı ki, salamatçılıqdır... Deyirdi ki, heç kim onu başa düşmür. Valideynlər hamısı zəng edir... Amma olmaz..

... Evim  qərargaha oxşayırdı. Lap müharibə filmlərində olduğu kimi, hərbçilərin xanımları bizə yığışırdılar. Hərəmiz eşitdiyimiz xəbərləri müzakirə edirdik. Qızlar hamısı narahat idi... Mən onlara təskinlik verrirdim ki, görmürsünüz, atəş-top səsləri bizim tərəfdən gəlir. Üstünlük bidədir.

Mirzəni yola salandan sonra, təqribən yarım saat gözümə yuxu getdi. Qonşu qızın pəncərəni döyməsinə ayıldım. Baxdım ki, hamı eyvanımızın altına yığılıb. Fikirləşdim ki, yəqin davanı müzakirə edirlər. Sonra baxdım ki, evində kirayə qaldığımız Şəfa xala da həyətdəkilərin içərisindədir. Bizim evimizi soruşurlar. Sevinə-sevinə  eyvandan onları səslədim. Qapıını açıb qabaqlarına qaçdım. Şəfa xala böyük oğlanları ilə gəlmişdi. Ancaq üzündə bir nigarançılıq var idi. Məndən qaynım Ramilin telefonunu soruşdu. Dedim neyləyirsən ki, dedi, sözü var. Bədənim titrədi. O dəqiqə soruşdum ki, Mirzəyə nəsə olub... “Yox” deyib üzünü yana çevirdi. Əllərim əsə-əsə çay stəkanlarını stolun üstünə qoydum, yalvardım ki, mənə bir söz deyin. Dedi “Mirzə yaralıdır”. Evin içərisində o baş-bu başa qaçmağa başladım. Başımı itirmişdim. Tez qaçıb məktəbdən Nihatı gətirdim. Şəfa xalanın oğlu müəlliməyə nəsə dedi...

Sonra baxdım ki, Ramil gəldi. Dedi, bacı yığış gedək Bakıya, Mirzəyə qan vurulmalıdır. Sənin də qanın lazım olacaq... Mən isə inanmırdım, ayrılıq fikirləşmirdim...



Ramil Novruzov - şəhid zabit Mirzə Novruzovun qardaşı:


- Mənə aprelin 4-ü,səhər-səhər xəbər elədilər. Dedilər ki, “qardaşın yaralıdır, gəl”. Onun qulluq etdiyi hərbi hissəyə gəldim. Dedim qardaşımı göstərin, hərə bir bəhanə gətirdi. Sonradan dedilər ki,Gəncədədir, şəhid olub... Onların koordinatlarını hansı yollasa müəyyən edən ermənilər mövqelərinə top mərmisi atmışdılar. O mərminin qəlpəsindən bir parçası qardaşımın üz nahiyəsinə dəymişdi.  Mənim üçün ondan yaxın, ondan doğma kimsə yox idi. Qardaşsız adam necə olar?

Təkəm əzizim qardaş,
Ay iki gözüm qardaş.
Çağıraram, gəlməzsən
Mən kimə deyim: “qardaş…”.

Əfsanə Novruzova, şəhidin həyat yoldaşı:


- Yol boyu kimsə ilə heç nə damışmadıq. Gəlib Yasamaldakı evimizə çatanda, qapımızda Azərbaycan Bayrağını gördüm. Yenə də özümə yaxın qoymadım. İçəri keçdim, elə bildim ki, ortada tabut görəcəm, tabut yox idi. Sevindim. Ətrafımdakılara dedim ki, məni Mirzənin yanına aparın. Dedilər gözlə, bir azdan özü gəlir. Yenə ürəyimə başqa fikir gəlmədi. Axşam bir də gördüm darvaza taybatay açıldı. Bayrağa bürünmüş tabut gətirdilər..

Əfsanə yenə o göyərçin əlləri ilə gözlərini silir. Danışdıqca həyəcanlanır, kövrəlir, gözlərinin yaşı selə dönür çiçək yanaqlarında...


- Tabutu görəndə qurudum yerimdə. Ağladım, bağırdım, dedim yox, belə ola bilməz. Oradakı Mirzə deyil. Biz belə ayrılmamışdıq. Haray çəkdim. Təkidlə tabutunu açdırdım. Böyüklər deyirdi ki, olmaz, günahdır. Dedim necə yəni günahdır, o mənim ürək paramdır, o mənim həyatımdır, bizi otaqda tək buraxın, ona deyəcək sözlərim var... Açdılar tabutu.. üzünü göstərdilər mənə... Ancaq inanmadım... Mirzə məni tək qoymazdı axı...

Sonra Mirzəni apardılar... II Fəxri Xiyabanda dəfn etdilər.  Evə qayıdandan sonra özümə qəsd etmək istədim... Birdən ayıldım.... Axı, Mirzə uşaqları mənə əmanət etmişdi...

... Heç yerdə özümə yer tapa bilmirdim. Qaynım Ramilə dedim ki, bizi aparsın Naftalandakı evimizə. Gəldim o evə ki Mirzəni tapam. İki gün də qaldım. İki gün yenə Mirzəni gözlədim. Qapı döyüləndə qapıya qaçdım, pəncərələri açıb ətrafa baxdım, hamı gəlirdi, hamı gedirdi evindən, Mirzə gəlmirdi... Çox gözlədim... Gəlmədi... Mən də küsüb geri qayıtdım... Bir əfsanə idi onunla keçən zamanlar...



Aida Eyvazlı


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.03.2017, 01:20

"Mövlud binanın başına iki dəfə çıxıb" - Sevinc Fədai

23.03.2017, 00:41

Baş nazir terrorla bağlı antiböhran komitəsini toplayır  

23.03.2017, 00:13

Babayan silah  qaçaqmalçılığında ittiham olundu

23.03.2017, 00:09

İran nefti bu həftə Belarusa çatdırılacaq

22.03.2017, 23:52

London terrorunu törədənin adı AÇIQLANDI        

22.03.2017, 23:32

Almaniya öz vətəndaşlarını deportasiya edir

22.03.2017, 23:26

İran “Hizbullah”ın Yəmən qanadını yaradır

22.03.2017, 23:16

İŞİD-in 180 lideri məhv edilib

22.03.2017, 22:59

Londondakı terrorda ölənlərin sayı 4-ə çatıb – Yenilənib

22.03.2017, 22:46

Bakıda idman zalına basqın olub - VİDEO

22.03.2017, 22:29

Bərdədəki qəzada ölənlərin adı açıqlandı, Yenilənib

22.03.2017, 22:21

Böyük Britaniya tarixinin ən qanlı TERROR AKTLARI

22.03.2017, 22:17

Hər gün bu səbəbdən 800 uşaq ölür

22.03.2017, 21:59

Rusiya Ukraynaya pul köçürmələrini dayandırıb

22.03.2017, 21:43

Salyanda 5 otaqlı ev yanıb

22.03.2017, 20:58

Qəzada bir ailənin iki üzvü öldü

22.03.2017, 20:43

İtaliyada sərnişin qatarı qəzaya uğrayıb

22.03.2017, 20:16

Neft 50 dollaradək ucuzlaşdı

22.03.2017, 17:56

Almaniya Türkiyəyə silah satmayacaq

22.03.2017, 17:52

İslam Həmrəyliyi Oyunlarında bilet satışına start verilib

22.03.2017, 17:30

Xəzərdə meyiti tapılan neftçinin kimliyi müəyyənləşdi

22.03.2017, 17:14

Qarabağ separatçılarının keçmiş komandiri Yerevanda həbs olundu

22.03.2017, 16:59

Bakıda 3 otaqlı ev yandı

22.03.2017, 16:51

Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı

22.03.2017, 16:43

Fuad Muradov Avropa parlamentində vacib görüşlər keçirib - FOTOLAR

22.03.2017, 15:54

"Barselona"nın sabiq prezidenti vəfat edib

22.03.2017, 15:46

Elçibəyin Krım azərbaycanlılarına ünvanladığı məktub üzə çıxdı - FOTO  

22.03.2017, 15:26

Hay ver mənə, cənab general!

22.03.2017, 15:24

Maliyyə Nazirliyinin şöbə müdiri vəfat edib

22.03.2017, 15:01

Moldova azərbaycanlıları Novruz şənliyi keçirdi - FOTOLAR

22.03.2017, 14:42

2017-ci ilin ən populyar turizm marşrutlarının adı AÇIQLANDI

22.03.2017, 14:26

Qənirə Paşayeva Tovuzun cəbhə kəndlərində sakinlərə görüşüb

22.03.2017, 13:53

Bu il 233 tələbə seçdiyi universitetə köçürülüb

22.03.2017, 13:35

Yol polisi taksi sürücülərinə XƏBƏRDALIQ etdi

22.03.2017, 13:17

Beynəlxalq axtarışda olan şəxs Gürcüstanla sərhəddə yaxalandı

ARXİV