Modern.az

Din sual verməyi istəmir

Din sual verməyi istəmir

Mədəni̇yyət

25 Noyabr 2016, 10:42

"Bir dünyadakı uşaqlar aclıqdan ölür, artıq heç bir ilahi gözləntidən və cənnət arzularından nəsə gözləyə bilmərəm"

 

Dünya elmi artıq fəlsəfədən ayrı düşünülmür. Əgər tarixin hansısa dövründə dinin basqıçı və dominant mövqeyi ictimai şüurun sütunlarında özünə yer etmişdisə, artıq real dünya düşünüdüyümüzdən daha aydındır. Təsəvvürə gətirmək belə olmur ki, necə olur, bu gün elmin, texnikanın və kültürün dirçəlişi ilə müşahidə etdiyimiz Qərb dünyası bir zamanlar ağır sxolastika cəfəngiyyatının pəncələrində çabalayırdı.

Dantenin “İlahi Komediya”sı bizim dünyamızda baş verirdi sanki. Kilsə hegemonluğu ələ almışdı, dini doktrinlər insan haqları və azadlıq qarşısında keşişlərin əsas silahı olmuşdu. Kilsə kimi istəyirsə, lənətləyir, hansı fikri və yaxud tezisi bəyənmirdisə, irrasional hesab edir, neçə-neçə aydın düşüncəli ziyalıları və maarifçiləri tonqala atıb yandırırdı. Tənbəl və passiv insanlar üçün real dünya heç vaxt maraqlı gəlmirdi. Əslində psixoanalitikanı araşdıran hər kəsə məlum olan bir fakt var ki, bu, danılmazdır. İnsan yaşadığı dünyanı qavramağa çətinlik çəkəndə öz dünyasından kənar axtarışlar içərisində olur. Bu zaman iki yol qarşıya çıxır: ya seçimlərini doğru edib, düz xəttlə elm və ədəbiyyat işığına yığışacaqsan yaxud da dini doqmaların təsirində metafizik xəyallar aləmində qeyb olacaqsan.

 

Bu səbəbdəndir ki, kilsə Renessans öncəsi dövrdə bir çox ağır xəstəliklərə çarə tapa bilmirdi. Nəticədə insanlar adi xəstəliklərdən ölürdü, dini istismarı siyasi alver vasitəsinə çevirənlər isə insanlardan Allaha dua etməsini gözləyirdi. Dualarla sağalanlar həyatdakı təsadüf faktorunu unudaraq, cənnət harayına çıxarkən, dualardan mədət ummağın puçluğunu anlayan insanlar materialist fəlsəfədən və elmin ətəklərindən yapışırdı. İnsanlar təbiət fəlsəfəsini, naturalizmi, kosmosu öyrənmək üçün kiçik yığıncaqlar halında cəhdlər edir, gizli şəkildə ətraflarına tərəfdar toplamağa cəhdlər edirdilər. Aydınlanan insanları birdəfəlik məhv etməni missiya halına gətirən kilsə kralları və sarayları özünün təlxəyi funksiyasında istifadə edirdi. Təsəvvür edin ki, necə dəhşətli idi. Bir tərəfdən elmi və rasionalizmi kafirlik əlaməti sayan din xadimləri onları öldürür, digər tərəfdən daha çox pul qazanmaq üçün “cənnət qəbzləri” sayılan indulgensiyalar satırdı. Kütlə hələ də inanırdı ki, onları soyan kilsə doğurdan insanlara cənnətə “bilet” bəxş edir.

İnsanların ayılması, fanatizmin kötüklərinin vurulması, tibbi yeniliklər, fizika, biologiya və astronomiyanın qarşısı alınmaz inkişafı nəticəsində dini dünyagörüş ikinci sıraya keçdi. İnsanlar dinin elmə önəm verməsi iddialarına artıq inanmırdı. Çünki elm şübhəni dəstəkləyir, skeptika olmasa nəzəriyyə, nəzəriyyə olmasa praktika, praktika olmasa isə, insan şüuru inkişaf etməz. Beləliklə, fəlsəfə cəhalətə, həqiqət mifə, intibah statikliyə qalib gəlirdi.

 

İntibahın Qərb variantı Şərqi də silkələdi. Uzun illər dini doqmatizmin əsarətində rasionalizmi irəli aparmağa cəhd edən Şərq aydınları daha cəsarətli oldu. Qaranlıq dövrün iqtidarı yerini işığın döyüş cənginə buraxdı. Şərqdə Sufizm, Peripatetizm kimi daha reformist sayılan islami, idealist təlimlər rasional axınların qarşısında təcrübi olaraq heç nə edə bilməyəcəyini anladı. Aydınlanma özü ilə bərabər suallar doğurdu, hansı ki, sual verməyən insan bu günün təfəkkründə hələ də özünü büruzə verməyən fərd kimi dəyərləndirilir. Çox danışan insan sual verirsə, ondan əsla çəkinmək lazım deyil. Suallar əqlin sərhədlərini dağıdır, sualsız olan hər bir şey təhlükəyə çevrilir, xalqlar uzun illər sualsız olan hər şeyin əsarətində zülmətdə nəfəs alır.

 

Din sual verməyi istəmir, çünki istənilən formada bir şeyi olduğu kimi qəbul etməyi mütləq sayan istənilən ideya da, dünyagörüşü forması da tərəqqi ilə paralel addımlaya bilməz. Hə, düşünə bilərik ki, axı dünyada konservativ ideologiyalı saysız inkişaf etmiş dövlətlər və sosiumlar mövcuddur. Amma nəzərə almaq lazımdır ki, mühafizəkar axınlar yalnız dövlətçilik məsələsində prinsipial ola bilər ki, indiki qlobal hərc-mərcliklər çağında bu, hətta labüd və danılmazdır. Din isə şəksiz buyruqlara əməl etməyi tələb edir. Əmr tonu olan hər şeydə bir asılılıq var. Elm isə əmr etmir, sadəcə lazım olanı tövsiyə edir və bəşər insanına öz gələcəyini inşa etmək üçün sayısız şanslar yaradır. Bunu anlamaq böyük aydınlanma erasına, zehni oyanışa, təfəkkür inqilabına səbəb oldu. Həm Qərb, həm də Şərq dinlə alternativ olan düşüncələrə də yönəldi. Nəticədə iqtisadiyyat inkişaf etdi, sənaye dirçəldi, mədəniyyət çeşidlərə bölündü, fəlsəfə Antik Yunan və Roma kultundan yararlanaraq başqa bir yönə çevrildi.

Mənə həmişə maraqlı gəlirdi ki, şübhə duyulmayan bir şey necə fikir kimi qalıcı ola bilər? Uzun əsrlər boyunca savaşların və çəkişmələrin fonunda ümidləri qırılan insanlar artıq real dünyasına döndükcə dinin paradokslarını sorğulamağı bacardı. Ruhu idealizmin ən mükəmməl izahı ilə anlatan klassik Alman fəlsəfəsi, xüsusən Hegel, insanın daxili psixoloji durumu kimi dəyərləndirən Şərq panteizmi və materializmi öldükdən sonra bədən və ruh arasında tellərin qopmasından başqa heç bir cavab üzərində düşünmədi. Ruh əgər fiziki mövcudluqdan kənarda mövcuddursa, Allah bütün canlılara ölümdən sonra müstəqil olacaq bir ruh bəxş etmişsə, onda məntiqlə bütün canlıların ruhu olmalı deyildimi? Ya da daxili- mənəvi dünyanın məhsuludursa ruh, o zaman biz niyə onu ancaq şüur halıyla qiymətləndirir və heyvanların ruhunu sərf-nəzər edirik?

 

İdealizmin cavab tapmadığı bütün bu suallara təkamülçülər dəqiq izahlar verə bilirlər. Həm də düşündürücüdür, qiymətləndirmə və ölçü meyarları olmayan şeylər haqqında niyə sanki realmış kimi danışırıq? Heç vaxt günah işləməyən, hətta çox yaxşı insan olan bir ateist alimlə, ömür boyu guya dini inancına sadiq olduğunu söyləyən rüşvətxor arasında ilahi ədalət dedikləri hadisə necə baş verəcək? Suallar çoxdur, bütün səmavi kitablarda aşağı-yuxarı bu suallara eyni tipli cavablar var. Mən çıxışı çox axtarmışam, səmimi qəlbdən inanmaq və başqaları kimi ən azından nə zamansa haqqın bərqərar olunacağına inanmaq istəmişəm, amma alınmır.

 

Saysız iyrəncliklərin əhatəsində qütblərə bölünmüş Yer kürəsi insanı həm çalışqandır, səmanı fəth edir, başqa planetlərdə yaşam koloniyaları salmağa çalışır, həm də planetimizi məsuliyyətsizcə dağıtmaqla məşğuldur. Bütün bu olayların fonunda hansı cəhənnəmdən bəhs edirik ki? Sən 60 illik ömründə çox yaxşı insan kimi yaşa, saf ol, dürüst ol, ailənə, millətinə və dövlətinə lazımlı övlad, şəxsiyyət və vətəndaş ol, amma anidən hansısa bir qəsbkarın savaş planı nəticəsində acımasızca öldürülmə... Onlar qazansın, imperializm və istismar yaşasın, sən isə “o biri dünyada hər şey yaxşı olacaq, onlar cəzalanacaq, sən isə mükafatlanacaqsan” inancından yapış.

 

Cəhənnəm həqiqətən varsa belə o, bizim real dünyamızın mənzərəsidir. Bir dünyadakı uşaqlar aclıqdan ölür artıq heç bir ilahi gözləntidən və cənnət arzularından nəsə gözləyə bilmərəm.

 

Mənim real cəhənnəmim gördüyüm hər şeydir, öldükdən sonra düşüncələrimə görə yansam nə olacaq?!

 

Tural İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir