“Noyabrın 20-24 arasında Strasburq səfəri zamanıAVRONEST Parlament Assambleyasında Azərbaycanın ərazi bütövlüyü, Azərbaycana qarşı zaman-zaman tətbiq edilən ikili standartlar məsələsi qaldırıldı.
Müzakirələrdə Ermənistanın hazırda Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətinin beynəlxalq hüquq normalarına zidd olmasını avropalı deputatlara çatdırdıq”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
Deputat AVRONEST Parlament Assambleyasının Büro və prosedur qaydaları üzrə işçi qrupunun iclaslarında qurumun Azərbaycan üzrə nümayəndə heyətinə yeni təyin olunmuş sədri Fuad Muradovun fəaliyyətindən də danışıb:
“Milli Məclis bu yaxınlarda Azərbaycanın AVRONEST Parlament Assambleyasına yenidən qatılmaqla bağlı qərar qəbul etdi.
AVRONEST Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbərliyi Fuad Muradova həvalə olundu. Fuad Muradov bu işdə öz fəaliyyətini yüksək peşəkarlıqla qura bildi.
Keçirdiyimiz görüşlərdə Fuad Muradov öz bilik və bacarıqlarını avropalı deputatlara göstərdi. Müzakirələrdə Azərbaycanın maraqlarına cavab verən bütün məsələlər müzakirə olundu.
Strasburq görüşü Fuad Muradovun AVRONEST Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ilk səfəri olaraq daha çox avropalı həmkarlarımızla yaxından tanışlıq idi.
Avropalı deputatlar da anladılar ki, gənc, Qərb təhsilli, ingilis dilli, müasir düşüncəli, vətənpərvər, işgüzar və ciddi bir siyasətçi ilə öz işlərini quracaqlar”.
Xatırladaq ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev AVRONEST Parlament Assambleyasının Büro və prosedur qaydaları üzrə işçi qrupunun iclaslarında iştirak etmək üçün noyabrın 20-dən 24-dək Fransanın Strasburq şəhərində səfərdə olublar.
Toplantılarda gündəlikdə olan məsələlərlə yanaşı, cari ildə Belarusda və Gürcüstanda keçirilmiş parlament, Moldovada prezident seçkilərinin nəticələri müzakirə edilib.
Ağa AKİFOĞLU