Modern.az

“Çayın axarına bir dəfə üzmək qəhrəmanlıqdır, həmişə üzmək axmaqlıq” - MÜSAHİBƏ

“Çayın axarına bir dəfə üzmək qəhrəmanlıqdır, həmişə üzmək axmaqlıq” - MÜSAHİBƏ

25 Noyabr 2016, 13:05

Musa Quliyev: “Mən Urudu axtarmaqla məşğul oldum, Musanı axtara bilmədim”

“Nəçi olmaqdansa, kim olmaq daha əhəmiyyətlidir”

Milli Məclisin deputatı Musa Quliyev Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

- Musa müəllim, ad gününüz münasibətilə öncədən sizi təbrik edirik. Siz cəmiyyətdə yalnız deputat Musa Quliyev kimi yox, həm də yazıçı, şair və həkim kimi də tanınırsınız. Bizim üçün maraqlıdır, Musa müəllim cəmiyyətdə özünün necə tanınmasını istəyər və özünü harada görür?

 

- Öncə sizə və kollektivinizə təşəkkür edirəm ki, məni yada salmısınız. Biz tez-tez müsahib oluruq. Bu, bir az özəl xarakterli görüşdü. Doğrusu mən bu yaşa kimi bir dəfə ad günümü keçirmişəm. O da 20 yaşımda tələbə olarkən. Tələbə yoldaşlarım ilə mənim kirayədə qaldığım evdə ad günümü qeyd edirdik. O zaman bir qohumum universitetdə müəllim idi və bizim məclisdə masabəyliyi edirdi. Həm də görünür ki, biz gənclərə nəzarət edirdi. Onda qohumum orda bir söz dedi. Dedi ki, “hər bir insan nə qədər yaşamağından asılı olmayaraq, bir gün dünyadan köçür. Və bu dünyadan gedəndən sonra onun haqqında iki fikir qalır: yaxşı və pis adam olmağı. Elə yaşayın ki, sizin haqqınızda “o, yaxşı adam idi” desinlər”.

Həmin söz mənim həmişə yadımdadı və onu özümə həyat kredosu kimi  götürmüşəm. Gərək elə yaşayasan ki, desinlər ki, sən yaxşı adamsan. Şair, siyasətçi və s. olmağından asılı olmayaraq gərək çalışasan ki, yaxşı insan olasan. Yaxşı və qiymətli olmaq nə deməkdir? Mən hesab edirəm ki, insanın dəyəri onun gərəyidir. İnsan nə qədər yararlı və gərəklidirsə, o qədər də dəyərlidir. Ona görə də biz çalışmalıyıq ki, öz fəaliyyətimizlə cəmiyyətə yararlı olaq.

Müəyyən yaş dövrü olur ki, insan öz ailəsi və ata-anası üçün yararlı olur. Məsələn, yaxşı oxuyur, tərbiyəli olur, sözə baxır, valideynlərinin ümidlərini doğruldur və s. Həyatının müəyyən hissəsində insan onu tanıyanlar üçün də yararlı ola bilir. Amma indi bizim yaşımızın və sosial statusumuzun elə səviyyəsidir ki, bizim yararlı olmağımız dövlət, vətən və cəmiyyət üçün əhəmiyyətlidir. Mən bu mənada hesab edirəm ki, nəçi olmaqdansa, kim olmaq daha əhəmiyyətlidir. Vətəni, milləti sevmək, dövlətinə bağlı olmaq, bunların hamısı insanın keyfiyyətləridir. İnsan cəmiyyətin bir məhsuludur. Ona görə də,  öz cəmiyyətindən fərqli ola bilmir. İnsan öz cəmiyyətindən ayrılıb fərqli cəmiyyətə düşəndə, özünü itirir və tapa bilmir. Bu mənada biz çalışmalıyıq ki, cəmiyyətimiz kamil olsun. Biz də bu kamil cəmiyyətin içində mükəmməl həyat sürə bilək. Bundan ötrü dövlətin güclü olmağı lazımdır.

Dünyada 6 minə yaxın etnos, birlik və tayfa var. Bunlardan yalnız 200-nün dövləti var. Bax bu dövlət quran xalqlar inkişaf ediblər. Dövləti olmayan xalqın heç vaxt adı-sanı ola bilməz. Ona görə də biz dövlətimizin qədrini bilməliyik. Biz çalışmalıyıq ki, cəmiyyət intellektual cəhətdən sağlam olsun. Çalışmalıyıq ki, bizə inanan insanların məsuliyyətini öz üzərimizdə hiss edək. Biz atdığımız hər addımda, etdiyimiz hərəkətdə və yazdığımız yazıda o məsuliyyəti öz üzərimizdə hiss etməliyik. Bu mənada deyirlər ki, millət vəkili toxunulmazdı. Amma biz özümüzdə o senzoru hiss edirik. Hərəkətimizə, davranışımıza  və s. fikir veririk.


- Musa müəllim, hər bir insanın uşaqlığı, gəncliyi , tələbəliyi olur. Sonra gəlib bəlli bir yaşa çatır. Maraqlıdır, Musa Quliyevin uşaqlıq arzusu nə idi? O, kim olmaq istəyirdi və həmin arzuna çata bilibmi?

 

- Uşaqlıq illərinin sabit arzusu nadir insanlarda olur. Çünki hər yaşın bir arzusu var. Mən hesab edirəm ki, hər bir uşaq öz müəlliminə bənzəyib, müəllim olmaq istəyir. Daha sonra ata və anası kimi güclü və gözəl olmaq istəyir. Mən ağlım kəsən vaxtlardan  təxminən 6, 7 və 8-ci siniflərə qədər şair olmağı düşünürdüm. Çünki mən 3-cü sinifdən şeirlər yazmağa başlamışdım. Bu şeirlər “Azərbaycan pioneri” və məktəbimizin divar qəzetində dərc olunurdu.
Amma 9-cu sinifdən sonra fikrim dəyişdi. Burada ailə üzvlərimizin təbliğatının da rolu oldu. Həkimlik peşəsinə üstünlük verdim. O vaxt mənim Bakıda yaşayan əmim dedi ki, sən həkim olsan da şairilik istedadını davam etdirə bilərsən. Mənə Nəriman Nərimanovu misal gətirdi ki, həkimdi, bununla yanaşı, dövlət xadimi və yazıçıdır.

Sonra isə mən universitetə hazırlaşdım və Tibb Universitetinə qəbul olundum. 5-ci və 6-cı kursda oxuyanda Məmməd Araz tələbələrlə görüşə gəlmişdi. Onda mən də bir neçə tələbə kimi şeir oxudum və onun xoşuna gəldi. Bizi işlədiyi “Azərbaycan təbiəti” jurnalına dəvət etdi.  Daha sonra isə ilk şeirim “Azərbaycan gəncləri” qəzetində dərc olundu. Sonra isə Gəncədə yaşadım və orda işlədim. 1994-cü ilə Yazıçılar Birliyinin üzvü, 1998-ci ildə isə qurumun İdarə Heyətinin üzvü seçildim. 2000-ci illərdən sonra isə parlamentə gəldim.



- Kənddə böyümüsünüz, belə deyək, kənd uşağı olmusunuz. Siz hər halda Azərbaycanın bölgələrini gəzirsiniz. Heç uşaqlıq vaxtındakı Musaya hansısa kənddə, bölgədə rast gəlmisiniz? Rəhmətlik Ənvər Rzanın bir şeiri vardı uşaqlıqla bağlı. Deyirdi ki, “nə yaxşı görüşdük uşaqlığımla”...


- Ənvər Rza çox istedadlı şair idi, həm də kəlbəcərli idi. Onun həm təbiət, həm də dünya ilə bağlı gözəl şeirləri vardı. Həmin şeirlər də insan həyatının maraqlı epizodunu əks etdirirdi. O uşaqlığına rast gəlir, amma mən rast gəlmədim. Heç axtarmadım da düzü. Çünki daha böyük bir itki ilə üzləşdim. Mən 27 yaşında Urudu itirdim. Ondan sonrakı dövrdə mən Urudu axtarmaqla məşğul oldum, Musanı axtara bilmədim. Təkcə Azərbaycanda deyil, dünyanın hansı bir nöqtəsinə gedirəmsə, orada Urudun hər hansı bir nişanəsini axtarıram. Düşünürəm ki, o kənd bizim kəndə oxşayırmı, o çay bizim çaya oxşayırmı, bu dağ bizim dağa oxşayırmı, bu ağac bizim ağaca oxşayırmı, o küçə bizim küçəyə oxşayırmı?..
Yəni insan həmişə itirdiyini axtarar. Çox təəssüflər olsun ki, bizim gəncliyimiz elə dövrə düşdü ki, vətəni itirdik. Təkcə Qərbi Azərbaycandakı 261 yaşayış məntəqəsini deyil,  Qarabağ və ətrafındakı torpaqlarımızı da itirdik. Ona görə də gəncliyimdə o Musanı axtarmaq imkanım olmadı. Şeirlərimin birində yazmışdım ki,

 

Səcdəmə gələrsə, oğlum yaşasın,
Gəlməzsə, mənim tək mağmın yaşasın.
Adını adıma qoşdum, yaşasın
Səndən çox yaşadım, Urud, bağışla.

 

Düşünürəm ki, bir gün övladlarımız ora qayıdacaqlar  və orada öz babalarını axtarmağı tövsiyə edəcəklər.

 

- Musa müəllim, maraqlı bir məqama toxundunuz. Bəlkə də mövzudan kənara çıxıram. Sizin dediklərinizdə bir məqamı duydum: sanki itirilən torpaqları gələcək nəsillərin qaytaracağı fikri var. Babalarımız bizə buraxmışdı bu problemi. Biz torpaqlarımızı geri ala bilmədik, sanki övladlarımız da qaytara bilməyəcək...
Belə deyilir ki, dünyada övladlarını ən çox istəyən xalq azərbaycanlılardır. Amma bəzən bu deyim özünü doğrultmur. Məsələn, mənim atam kəlbəcərlidir. Mən də, atam da sağıq. Amma istəyirik ki, Kəlbəcəri övladlarımız qaytarsın.

 

- Xeyr, məsələ o deyil. Əvvəla 20-30 il tarix üçün heç bir şeydir. Düzdür, insan həyatı üçün çox böyükdür. Götürəndə ki, bir insanın həyatı təxminən 70-80 il arasındadır. Bizim türk toplumunun içində ki güc, potensial var, o güc onu qaytaracaqdır. Biz onu şərti surətdə “öz övladlarımıza buraxdıq”, dedik ki, siz gedin orada ölün, amma biz ölmədik. Söhbət ölməkdən getmir. Bəlkə sabah biz onu müharibəsiz qaytaracağıq. Biz oraları ola bilər ki, iqtisadi və siyasi yolla qaytara bilərik. Əgər bütün yollar tükənərsə, biz onu hərbi yolla qaytaracağıq və bu şərəfdir. Vətən uğrunda ölməkdən şərəfli və insan üçün xoşbəxt hiss yoxdur. Sadəcə, sənin və bizim ona gücümüz çatmır. Çayın axarına bir dəfə üzmək qəhrəmanlıqdır. Amma həmişə üzmək axmaqlıqdır. Çünki uzun müddət o çayın axarı ilə üzə bilməzsən. Bu gün o çay bizə qarşıdır. Zamanmı deyək, gücmü deyək, qəhrəmanlıq göstərmək üçün bir məqam lazımdır. Hər cəsarətli adam hər an qəhrəman ola bilmir. O an gəlib yetişməlidir. Sadəcə, bu gün bizim ən böyük missiyamız övladlarımızı o an üçün hazırlamaqdır. Vətən yaddan çıxmasın. Biz hər gün təkararlamalıyıq ki, vətən bizimdir, biz ora dönməliyik. Vətənpərvərlik tərbiyəsi boş bir  ifadə deyil və təkcə bizə də məxsus deyil. Dünyanın hər yerində, hansı dövlətlərin, xalqların torpaqla bağlı problemi varsa, onlar o vətənpərvərlik tərbiyəsini yaşadır. Avropada ola bilsin ki, o tərbiyə yoxdur. Çünki, onların o problemi yoxdur. Amma bu gün yaranır. Yaxın Şərqdə neçə illərdir ki, sabitlik, sakitlik, dinclik yoxdur. Bumeranq olaraq artıq qaçqın kütləsi onları didərgin salan bölgələrə yönəltdi. Bu gün həmin gərginlik Avropada da başlayıb. Bu saat bizim Qarabağla, Zəngəzurla, İrəvanla, Göyçəylə, Borçalıyla, Təbrizlə bağlı siyasətimiz idioloji və mənəvi müstəvidə olmalıdır. Bu da həmin uşaqlara Səfəvilər dövründə olan torpaqlarımızın bizə doğma olduğunu öyrətməkdir.

 

- 55 il çox da böyük yaş deyil. Qəribədir, insan 100 yaşında da elə düşünür ki, hələ ən yaxşı yeməkləri yeməyib, ən yaxşı geyimi geyinməyib və hələ də yaxşı gün görməyib. Bu mənada sizin fikirlərinizi bilmək istəyərdim.


- Tamamilə normal bir düşüncədir. Mən hesab edirəm ki, ən yaxşı şeirimi yazmamışam, sözümü deməmişəm, çıxışımı etməmişəm. Vacib deyil ki, bundan sonra indikindən daha yaxşı olacaqsan. Təbii ki indikindən daha yaraşıqlı olmayacaqsan, amma hörmətli və xeyirxah ola bilərsən. Yəni xeyirxahlıq qapısı həmişə açıqdır və üfiqləri genişdir. Yenə deyirəm insan həmişə yaxşılığa can atmalıdır. Çünki insanın yaşı ötdükcə və dünyanı daha yaxşı dərk etdikcə, uğurlar qazandıqca, kamilliyə və yeni bir pilləyə ucalır. İnsan kamilləşdikdə və yaşlaşdıqca, daha çox tanrısına yaxınlaşır. Tanrıya yaxınlaşdıqca isə yaxşı günlər görmək istəyir. Bu mənada insanın içində olan yaxşılarını görmək hissi tamamən normaldır. Bu da tanrının insana verdiyi ən böyük məziyyətlərdən biridir. Yoxsa insan sabaha daha maraqlı olmasaydı, yaşamağa bir motivasiyası olmazdı.

Mən gənc yaşlarımda Amerika milyarderlərindən birinin övladının ölümü haqqında oxumuşdum. 27 yaşında intihar edib özünü öldürmüşdü. Demişdi ki, “dünyada mənim üçün maraqlı heç bir şey qalmadı”. Yəni insanı yaşadan bir motivasiya odur ki, sabahkı gün bügünkündən maraqlıdır. İnsan niyə gedib intihar edir, depressiyaya düşür? Çünki çıxış yolu tapa bilmir. Amma onun yaşamağa bir motivasiyası və ümidi olsa həvəslə yaşayar, yaradar, öz işinin dalınca gedər və özü üçün yeni bir planlar qurar. Ona görə də insanın sabaha ümidinin olmağı çox vacib şərtdir.

 

- Urud kəndindən neçə yaşınızda çıxmınız?

 

- 17 yaşımda mən ordan çıxdım. Amma 27 yaşına qədər də əlaqələrim oldu. Hər yazda və qışda gedirdim. Bir də axırıncı dəfə 2006-cı ildə getdim, gördüm...

 


-
Mənim üçün maraqlıdır. Sizə desələr ki, həyat hekayənizi danışın. Daha çox nədən danışarsınız?

 

- Uruddan.

 

- Yəni yadınızda ora çox qalıb, yoxsa oranı sevirsiniz deyə, ordan çox danışarsınız?

 

- İtkidir ona görə. Rəhmətlik Bəxtiyar Vahabzadənin gözəl bir misrası var.

 

“Daş da qiymətlidir, əldən gedəndə”.

 

Həm də vətəndir. Bilirsiniz, vətən çox qiymətli bir şeydir. Mənim anamın artıq 90-na yaxın yaşı var. 1988-ci ildən bu yana həmişə mənə deyir ki, “mən niyə bütün yuxularımda ancaq Urudu görürəm. Nə Gəncəni, nə Bakını, nə də başqa yeri görmürəm yuxularımda. Nəyi görürəmsə, Urudda görürəm o yuxularımı”.

Bilirsiniz, hər birimizin içində vətən sevgisi var. Misal üçün, sən daha çox Kəlbəcəri yuxularında görürsən, nəinki Bakını. Bu mənada mənim üçün ən çox axtardığım vətəndir. İtirilən vətən.

-Mən yenə bir misal gətirəcəm. Rəhmətlik Ənvər Rza Məmməd Aslana deyir ki, müxtəsəriKəlbəcərsən bu şəhərdə mənim üçün. Yəni müxtəsəri, Urud varmı ki, Bakıda sizi ovundura bilsin. Danışanda biraz təsəlli ala biləsiniz?

 

- Yox. Urud yoxdur. Amma yaxşı adamlar var ki, onlarla həmişə fikrini, dərdini, düşüncələrini bölüşürsən. Sabaha olan inamını daha da artırırsan. Əgər o insanlar olmasa, doğrudan da yaşamağının bir əhəmiyyəti olmaz. Amma o  itkini əvəz edəcək, o ağrını azaldacaq heç nə yoxdur…

 

-Belə çıxır ki, uşaqlıqda ora çox bağlı olmusunuz və ona görə də elə yoxdur deyirsiniz?

 

- Yox, uşaqlıq məsələləsi də deyil.

 

-Amma bəlkə də o şüuraltındakı bir şeydir,ona görə bilmirik elə deyirik. Əslində bəlkə də 17 il gedib Soçidə yaşasaydınız, ordan danışacaqdınız?

 

-Yox. Danışa da bilməzdim. Çünki mən daha sonra Gəncədə də yaşadım. Azərbaycanın hər yeri mənim üçün əzizdir. Amma əslində məsələ o deyil. Mən Urudda özümü daha çox xoşbəxt hiss edirdim. Bəlkə də uşaq idim, qayğılar yox idi, ona görəydi. Amma orda elə bil öz auramın içərisində idim. Məsələn, ordakı daş da hesab edirdim ki, mənimlə danışır, çiçək də, bulaq da danışır, onların dilini başa düşürdüm. Hər şey təbii və mənə doğma idi. Elə bilirdim ki, o bulağın yaşını da mən bilirəm. O bulağın ata-anasını da mən tanıyıram. Bu mənada mənimçün ora çox doğmaydı. Bilirsiniz, bəlkə də hər kəsdə bu hiss var. Sadəcə, birimizdə biraz azdı, birimizdə çoxdur, birimiz ifadə edib, digərimiz ifadə edə bilmirik. Məsələn, mən 2006-cı ildə Uruda getməyimi möcüzə sayıram. Ona görə möcüzə sayıram ki, mən 1988-ci ildən hər gecə dua edirdim ki, Allah elə bir imkan yarat ki, mən gedib oraları görüm, gəzim, gəlim. Gedim orda atamın, nənəmin, əmimin, dayımın və digər bizim üçün əziz olan insanların qəbirlərinin üstündə fatihə oxuya bilim. 18 ildən sonra o mənə nəsib oldu və getdim. Amma heyf ki, gedib orda fatihə oxuya bilmədim. Çünki qəbiristanlıq yox idi. Qəbiristanlığın özünü basdırmışdılar. Urud həmin Urud deyildi bəlkə də...

 

Yox, yox, bu Urud həmin Urud deyilmiş. Bu mənada bəlkə də möcüzə idi ki, 18 ildən sonra qismət oldu və mən gedib Urudu gördüm. Bu Allahın bəlkə də mənə bir lütfi idi. Bəlkə də haradasa yazığı gəlirdi ki, “bu insanı mən göndərməsəm, bu ömrü boyu sızıldaya-sızıldaya qalar”.

 

- Musa müəllim, mən bir daha qeyd edəcəm ki, 55 yaş bir o qədər də böyük yaş deyil. Sadəcə, şəxsən mənim üçün bu yaş məsələsi kövrək notlar üzərində kökləndiyindən sizə bu sualı verəcəm. Təbii ki, hər bir şəxs öz ad gününü fərqli şəkildə qeyd edir. Mənim üçün marqlıdır Musa müəllim ad günü keçirəndə gözü kimin təbrikindədir, qulağı kimin səsindədir?

 

- Təbii ki, dostlar, qohumlar təbrik edir. Hər il biz zəngləşirik. Sadəcə olaraq doğun günümü mərasimə çevirməyi xoşlamıram. Xüsusi olaraq ona vaxt ayıra bilmərəm. Mənim üçün doğma insanlar var, bilirəm ki, evimizə də gələcəklər, zəng də edəcəklər, hətta mənim dostlarım, qohumlarım ziyafət verməyi də təklif edirlər. Ancaq mən bunu etmirəm. Düşünürəm ki, insanın dünyaya gəlməsi onun özünün şücaəti deyil. Ona görə də doğum günü keçirmirəm. Amma təbii ki, bəzi insanlar doğum gününü keçirməlidir. Alimlər, yazıçılar, rəssamlar, musiqiçilər, elm və dövlət xadimləri doğum günlərini keçirməlidir. Doğum günündə həm də cəmiyyətə hesab verir ki, bu illər ərzində mən nələr etmişəm. Allah qismət etsə, 60 yaşına çata bilsəm mən də belə bir yubiley edərəm, sən də başda oturarsan.

 

-Musa Yaqub gözəllərə çoxlu şeirlər həsr edib. Bir dəfə soruşublar ki,  “bu  qədər şeir yazırsan. Nə qədər qıza vurulubsan?”. Deyib ki, “o qızlar göydədir. Göydə qız olmur, yerdə qız olur”. Soruşmaq istərdim ki, Uruddakı qızlardan təbrik gözlədinizmi?

 

-Uruddakı qızlardan ən gözəli elə bizim evimizdədir. O da məni hamıdan qabaq və hamıdan doğma təbrik edəcək. Nəriman Həsənzadənin belə bir sözü var. Şairin ömrünün hamısı, şeirlərindən xoşuna gələni sənindir. Şair hər kəsə şeir yaza bilər. Əslində, poetik obraz, poetik qəhrəmanın çox vaxt real həyatda prototipi olmur. Şairin təxəyyülünün məhsuludur. Hər sevgi şeirimizi bir qıza yazmış olsaydıq, nə qədər qız istəyərdik. Azərbaycan ədəbiyyatının ən böyük simalarından biri Aşıq Ələsgərdir. Ələsgərdən sonra gözəllərə şeir yazan ikinci şair tanımıram. O demək deyil ki, Aşıq Ələsgər onların hamısına aşiq olub. Gözəllərin bəziləri özü, bəzilərinin həyat yoldaşları xahiş ediblər ki, “buna bir şeir yaz. Bu da qalsın tarixdə”. Hətta, həmin şeirləri hədiyə edirdilər ki, “bax, Ələsgər sənə şeir həsr edib”. Yenə deyirəm. O demək deyil ki, hansısa şeir yazılırsa, deməli, mütləq onunun prototipi var.

 

-Bəlkə, belə deməklə özünüzü sığortalayırsınız?

 

-Yox. Elə deyil. Özümü sığortalamıram. Son zamanlar heç şeir də yazmıram. Bir haşiyə çıxım. Ən çox sevdiyim mahnılarımızdan biri olan “İrəvanda xal qalmadı” mahnısının yaranma tarixi belə olub: Cabbar Qaryağdıoğlu 1908-ci ildə Naxçıvanda toyda imiş. İrəvan bəylərindən biri gəlib deyir ki, “bizdə toydur. Çox istəyirik ki, o toyu sən aparasan. Amma bir xahişimiz var ki, toyda ancaq bizim gəlinə həsr olunan mahnı oxuyacaqsan”. O da deyib ki, “gedək, gəlini göstərin mənə. Mən də ona uyğun söz qoşum”. Deyirlər “ola bilməz. Gəlin örpəkdədir. Yad adam ona baxa bilməz”. Cabbar Qaryağdıoğlu da deyib ki, “onda hansısa bir nişanını söyləyin ki, ona uyğun şeir deyim”. Bu zaman gəlinin üzündə qoşa xalının olduğu deyilib. Faytonda Naxçıvandan İrəvana gedənə qədər bu şeir Qaryağdıoğlu tərəfindən yazılıb. “İrəvanda xal qalmadı “ mahnısı da belə yaranıb. Şeirin gözəlliyi adama xoş təsir bağışlayır. O demək deyil ki, Cabbar Qaryağdıoğlu o qızı sevib və ona şair həsr edib.

 

-55 yaşınıza nəzər salanda heç demisinizmi “kaş ki, 10 il, 5 il  qabaq olaydı. Kaş indi 30, ya da 40 yaşım olaydı”.

 

-İnsanın ürəyindən  elə arzular  keçir. Molla Nəsrəddinin məşhur bir “Tullanaram arxı” lətifəsi var.  Arxı tullanmağa başlayanda,  tullana bilmir. Deyir “ehh cavanlıq. 10-15 il qabaq olsaydı, gör neçə tullanardım!”. Sonra baxıb görür ki, ətrafında heç kəs yoxdur. Öz-özünə “heç cavanlıqda da bir şey deyildim” söyləyir. Ona görə də hər yaşadığımız günə şükür etməliyik. Eyni zamanda, “kaş 10-15 il qabaq belə olardı” istəkləri, normal insan düşüncələridir. Təəssüf ki, hər bir insan uğurlarını vaxtında qazana bilmir. Elə insan var ki, həyatda hər bir şeyə hazır şəkildə nail olur. Elə insan da var ki, bütün uğurlarını özü qazanır, hardasa gecikmələr olur. Ya vaxtında ailə sahibi ola  bilmir, ya da  karyera qura bilmir. Əslində, bunlar normal insan həyatıdır. Ona görə də gərək insan hər şeyə təəssüflənməsin. Hər kəsin bir qisməti var. Bu qisməti yaşamaq lazımdır.

 

-55 yaşlı Musa Quliyev 55 yaşına doğru gələn insanlara nə tövsiyə edərdi? Bu ömrü necə yaşamaq lazımdır? Düz nədir, səhv nədir?

 

-Bilirsiniz, hər bir kəsin bir qisməti var. İnsanlar bir-birinə bənzəmir. Nə qədər insan varsa, o qədər də talelər var. Dünyada müxtəlif taleli insanlar nə çoxdur. Ona görə də hər kəsə  ümumi prizmadan yanaşmaq olmaz. Ümumi qəbul olunan normalar var ki, hər kəsin buna riayət etməsi lazımdır. İnsan öz həyatını təmiz, pak yaşamalıdır. Öz həyatında səmimi, dürüst olmalıdır. Nəyisə halal zəhməti ilə əldə etməlidir. İnsan həm də aza qane olmalıdır. Nə qədər aza qane olarsa, bir o qədər rahat olar. Belə bir fikir var ki, varlı insan o insan deyil ki, çox qazanır. Varlı insan o insandır ki, qənaətlə yaşaya bilir. Öz imkanlarını dürüst qiymətləndirib həyatını qura bilir.

 

-Musa müəllim, qismətinizdən razısınızmı?

 

-Çox razıyam. Ətrafımda məni sevən insanlar, ailəm, dostlarım, uğurlu dövlətim varsa və bu cəmiyyətdə sayılıb-seçilən  insanlardanamsa, az-çox xidmətimə verilən qiymətlər varsa, niyə taleyimdən narazı olmalıyam?! Sadəcə, torpaqlarımızın itkisi olmasaydı, bəlkə də, bizdən xoşbəxt insan olmazdı. Bütün çətinliklərə baxmayaraq,  içimizdə ümid var. Bu ümidlər boş deyil. Mütləq o torpaqlara qayıdacağıq.

 


Elşad Eyvazlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?