Modern.az

Türk dünyagörüşündə Turan və İran - II YAZI

Türk dünyagörüşündə Turan və İran - II YAZI

27 Noyabr 2016, 18:09

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərindən başlayaraq əfsanəvi ya da tarixi “Turan” və “İran” anlayışlarının yenidən gündəmə gəlməsində Avropa alimləri, onların ideoloqları mühüm rol oynamışdır. Özəlliklə, ingilis, alman, fransız, macar alimləri “Turan” və “İran” anlayışlarını ortaya atmış, digər millətlərin nümayəndələri (ruslar, finlər, türklər, farslar vəb.) də bu prosesə cəlb olunmuşlar. Şübhəsiz, Avropa elmi ədəbiyyatında “Turan” və “İran” anlayışlarının gündəmə gətirilməsi ideoloji məsələlərdən qaynaqlanmış, türk və fars soylu xalqların bir-birinə qarşı qoyulması məqsədi güdülmüşdür. Belə ki, həmin dövrdə Avropa alimlərinin əksəriyyətinin Qacarlar dövlətinin ərazisini “Persiya” ya da “İran” kimi adlandırması, buna qarşılıq olaraq onlardan bir qisminin də “Turan” anlayışını ortaya atması təsadüfi olmamışdır.

Özəlliklə, Qərb alimlərinin İslam dünyasını parçalanmasına hesablanmış ideoloji maraqlarını gerçəkləşdirmək yolunda 18-ci əsrin ortalarında fransız alimi Düpperonun “Avesta”nı (“Zənd-Avesta”nı) aşkar edib bu  kitabın Avropa dillərinə çevrilməsi mühüm rol oynamışdır. Bu kitaba əsaslanaraq ən əski dövrlərdə “Ariana” və “Turania” olduğunu iddia edən Avropa alimləri, dərhal həmin Ariləri və Turları birbirinə qarşı qoyaraq müxtəlif müddəalar irəli sürmüşlər. Çünki “Avesta”nın Qatalar bölümündə Tur və Tura adlı qövmdən bəhs olunur ki, Turlar Ariyanların düşməni kimi göstərilir.

Ümumiyyətlə, Avropa alimləri son iki əsrdə qəsdli ya da qəsdsiz “Turan” və “İran” məsələsiylə bağlı iki əsas müddəanı ortaya atmışdır:

  1. “İran”/Arian və “Turan”/Tur əzəldən birbirinə düşmən iki ayrı-ayrı ulus kimi dilləri, dinləri və mədəniyyətləri fərqli olmuşdur,
  2. “İran”/Arian və “Turan”/Tur eyni ulusun yuxarı və aşağı budaqlarıdır, sadəcə Arilər və Turları bir birindən ayıran uyğun olaraq əkinçiliklə köçərilik, din məsələsi olmuşdur.

Birinci müddəaya əsasən, Avropa alimlərinin irəli sürdükləri əsas mülahizə odur ki, Ariyanlar Hind-Avropa mənşəli olduğu halda, Turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmaq olmaz. Fransız alimi G.Montandona görə Turan irqi monqoloid və avropeid  irqinə aid mələz bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də Türk, Moğol, Tonguz, Macar, Fin dilləri Turan dillərinə aiddir. Bir zamanlar Sümer, Yapon və Qafqaz dilləri də Turani dillərə aid olmuşdur.

Sadəcə, əski dövrlərdə adı çəkilən Skiflər, İskitlər, Sakaların bir-birindən ayrı qövmlər olan Ariyan/İranlı ya Turanian/Turanlı olması məsələsində ciddi fikir ayrılığı vardır. Məsələn, Şərq qaynaqları Sakaların Turanlı, Qərb alimləri isə Ariyan soylu olduğunu iddia edirlər. Ancaq Skiflərin deyil də, daha çox Sakaların Turanlı olduğu haqda Qərb və Şərq alimləri arasında fikir birliyi vardır. Hüseyin Cevizoğluna görə də, Türk və Turan sözlərinin kökü “Tur/Dur”la bağlıdır. Tursak və Tursaki adları da göstərir ki, Türklər Saka çağında (m.ö. 8-7-ci əsrlər) bu adla anılmış Turanlı boylardır. Avropa alimlərinin “İran” və “Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini doğru hesab edən Türk aydını Mehmet Fuad Köprülü də yazır ki, Arilərlə Turlar başqa-başqa qövmlərdir: “İranlılar Tura nisbətlə bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca türk kəliməsinin cəm şəkli olan Tur(k)andan, Tur və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub İran, Hindistan, Yunan, Rus ölkəlırini fəth edib. Alp Ər Tonqanın dövründə Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi.

“İran” “Turan” qövmi ayrılığına dəlillərdən biri kimi də Turan hökmdarlarının “Xan”, İran hökmdarlarının isə “Şah” adlandırılması göstərilir. Ancaq zaman-zaman “Xan” ünvanını Türk və Turan toplumlarla yanaşı əfqan, moğol, pakilər, farslar, çinlilər də işlətmişlər. Hətta, İran-Fars yazarları “Şahnamə”, Turan-Türk alimləri isə “Xannamə” yazmışlar.

İkinci müddəaya görə, Turlar ya da turanlılar əkinçi İran boylarına qarşı çıxan köçəri İran boylarıdır. Turanlılarla İranlılar arasındakı fikir ayrılığı da qövmiyyətdən deyil, dini inanclarla bağlı olmuşdur. Lev Qumilyova görə, xüsusilə zərdüştliyi qəbul edənlər arilər/iranlılar, bu dinə qarşı çıxanlar isə Turanlılar olmuşdur. Bu fikirlər V.Bartold, A.Toynbi və başqaları tərəfindən də müdafiə olunmuşdur.

Hətta, bəzi müəlliflər yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil çoğrafi ərazini, ölkəni (Turan ölkəsi, Turan vətəni) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Şimali Buzli okeanınına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur. Şübhəsiz, “Turan”ın coğrafi ərazi, vətən adı olması kimi mülhaizələri eyniliklə “İran” anlayışına da etmək olar. Bu məntiqdən çıxış etsək, “İrandilli xalqlar” anlayışı ya tamamilə mənasızdır, ya da əks təqdirdə “Turandilli xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Yənu yalnız birtərəfli olaraq iddia  etmək ki, “Turan” coğrafi addır ya da Ariliyin aşağı budağıdır, doğru deyildir.

Bu gün birbirinə həm zidd, həm də yaxın olan İran-Arian və Turan-Türk mədəniy­yətlərinin qarşılaşmasının pik nöqtəsi Ön Asiyada milladan öncə 1-ci miniliyin ilk yarısında (m.ö. 10-6 əsrlər) Manna, İş Quz və Midiyada baş vermişdir. Ola bilsin ki, miladdan öncə 3-2 minilliklərdə də hər hansı kiçik çaplı mədəniyyət qarşıdurmaları olmuşdur. Ancaq iki mədəniyyətin ən böyük qarşıdurması Manna, İş Quz və Midiya dövründə gerçəkləşmişdir ki, onun izləri şüurlarmıza yarıəfsanəvi, yarıgerçək formada həkk olunaraq bu günə qədər gəlib çıxmışdır. Bir şey həqiqətdir ki, iki fərqli mədəniyyətin qarşıdurması turanlılarla/oğuzlarla iranlıların/arilərin şüuraltına çox ciddi təsir göstərmiş, bir çox hallarda turanlı və iranlı kimliyi birbirinə qarışmış, onları bəzən birbirindən ayırmağı zorlaşdırmışdır. Özəlliklə, hansı dövlətlərdə ki, Turanlılar/Oğuzlar və Arilər/İranlılar bir yerdə yaşamışılar, o zaman ortaq mədəniyyətə, ortaq keçmişə meyil güclü olmuşdur. Ancaq bu ikili mədəniyyət müharibəsindən uzaqda qalan Türklər/Turanlılar və Arilər/İranlılar mədəniyyət mübadiləsindən öncəki inanclarını, törələrini daha çox qoruya bilmişlər. Bu anlamda təxminən 3 min ilə yaxın birbiriylə ya qonşu, ya da iç-içə yaşayan Turanlılarla/Oğuzlarla Arilər/İranlılar bir yerdə yaşadıqları əski dövlətlərə, əski dinlərə sahiblik məsələsində fikir ayrılıqlarının olması təbiidir.

Şübhəsiz, belə dövlətlərdən biri, bəlkə də birincisi Manna, İş Quz və Midiya dövrüdür (m.ö.10-6-cı əsrlər). Manna, İş Quz və Midiya dövründə artıq Turanlılarla Arilərin bir arada yaşadğını görürük. Özəlliklə, İş Quz və Midiya da Turanlıların yoxsa, Arilərin hakimiyyətdə olması məsələsinə gəlincə, bizcə, burada əsas söz sahibi Turanlılar/Oğuzlar olmuşlar. İş Quz və Midiya dövründə Arilərin/Parsların yalnız kiçik kralıqları (Parsua adlı ari mənşəli kralıqlarda birinin başçısı Vitsşap/Gəstşab) olmuşdur. Bu anlamda şübhə etmirik ki, əfsanələşdirilmiş İş Quz və Midiya Turanın, Oğuzun, Azərbaycanın özüdür. Hər halda tarixə İş Quz və Midiya kimi düşmüş bu imperiyalarda Oğuzlar və Türklərin izləri, damğaları kifayət qədərdir. Farsların/İranlıların Midiyaya “Turan” (Turların/Türklərin ölkəsi) adını verməsinin səbəbi iki amillə bağlı ola bilər: 1)  Farsların/ İranlıların “Turan” adlandırdığı Midiyanın əsas əhalisi olan Türklər hakimiyyətdə də söz sahibi idilər; 2) Yerli əhali özlərini Turuk, dövlətlərini Turukki adlandırırdı ki, buraya gəlmə olan Hind-Fars soylular da buna uyğun olaraq əski Midiyanı, ümumiyyətlə Türklər yaşayan əraziləri Turan, yəni Turanların/Türklərin ölkəsi adlandırmışdır. Turanlıların ən əski vətəninin Xəzər dənizinin həm Şərqinin, həm də Qərbinin, bu anlamda Azərbaycan da olması düşüncəsindəyik. Hələ, Manna dövləti (m.ö. 9-6-cı əsrlər əsr) qurulmamışdan öncə, 3-2 minilliklərdə Azərbaycan və ona yaxın ərazilərdə yaşayan yerli xalq kutilər, lullubilər, sular və turukkilər olmuşlar. Çox güman ki Türklər əskidən özlərini Tanrının evladları hesab etdikləri üçün həm Kut, həm də Turuk kimi yad edilmişlər.

Ona görə də 19-cu əsrdən başlayaraq ideolojiləşdirilən “İran” nə qədər farslara aiddirsə, Turan da bir o qədər  türklərindir. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, bi bölgədə ən azı min il Turan-Türk sülalələri (Sacilər, Səlcuqlar, Azərbaycan Atabəyləri, Elxanilər, Baharlılar, Bayandurlular, Səfəvilər, Əfşarlar və Qacarlar) hakim idilərsə indiki “İran”ın böyük bir qismi də dünənə qədər, konkret 1925-ci ilədək Turan idi. Bu min il ərzində də Türkün sözü yalnız Turanda deyil, farsdillilərin yaşadığı “İran”da da keçərli idi. Artıq burada dövlət dili, rəsmi yazı nə qədər önəmli olursa olsun, yenə də bizlər hakim idik. Bir türk sülaləsi zamanı gələndə digər türk sülaləsinin devirərək Turanda və “İran”da hakim olurdu. Bunu, artıq türk olmayan bütün millətlər, etnoslar o cümlədn farsdillilər də təbii bir hal kimi qəbullanmışdılar.

Sadəcə, əsrlərlə aparılan antitürk ideologiyanın davamı kimi ingilislər başda olmaqla, Avropa dövlətlərinin iş birliyi nəticəsində 1925-ci ildə Türk Qacarları devirlərək onların yerinə fars Pəhləviləri hakimiyyətə gətirildi. Bununla da əfsanəvi “İran”ın gerçəkçi İrana çevrilməsi üçün ciddi zəmin hazırlandı, Türklərin ən azı min ildən çox idarə etdiyi bölgənin bilərəkdən farsçı-ariyançı “İran”a çevrilməsi prosesinə rəsmi şəkil verilməyə başlandı. Məhz bunun nəticəsi olaraq, öncədən də “İran” və “Turan” məsələlərində şüuru qarışdırılan Türklər, o cümlədən Türk aydınlar arasında “Arian” kimlikli  Pəhləvilərin hakimiyyətə gətirilməsiylə də, ziddiyyətli düşüncələr daha da dərinləşdi. Başqa sözlə, Qacarların devrilməsindən sonra  (1925) türklər arasında “Türk Turanı” (Turanian) ilə yanaşı, ortaq vətən,  mədəniyyət və dövlət kimlili “İran” anlayışı  şüurlarda yer tapmağa başladı. Bizcə, “İran” anlayışının türklər arasında ziddiyyətlərə yol açmasının nəticəsi olaraq Azərbaycan türklərinin əksəriyyəti bundan çıxış yolu kimi Arian-Fars kimlikli “İran”a qarşı, Türk-Turan kimlikli “Azərbaycan”ı ortaya qoydular. Yəni 1925-ci ildə Türk Qacarlar dövlətini itirməyimizin nəticəsi olaraq ortaya çıxan arian-fars kimlilki “İran”a qarşı olaraq təskinliyimizi, daha sonra da xilasımızı Türk “Azərbaycan”da aramağa başladıq. Çünki Türk ulusu olaraq qafamızı qarışdıran Fars-Arian “İran”dan qurtulmaq üçün hələlik, böyük “Turan” deyil, nisbətən kiçik Azərbaycan qurtuluş yolumuz kimi görünməkdədir.

Bu anlamda vaxtilə Türk hökmdarlarınını apardığı mücadiləni və islahatları da “Turan” çərçivəsində deyil, geniş mənada “İran” dar anlamda isə Azərbaycan yönündən yanaşırıq. Bu zaman Azərbaycanı müdafiə etmək naminə də Türk hökmdarlarınını mücadiləsini və islahatlarını 1925-ci ilə qədər pis-yaxşı mövcud olan Türk sülalə dövlətlərini “Turan” çərçivəsində deyil, 1925-ci ildən sonra hakimiyyətə gətirilmiş Pəhləvilərə nisbətdə Fars-Arian “İran”ı kontekstində görür, bu cür “İran”ı da yalnız 1925-ci ildən sonraya yox bütün zamanlara şamil edərək Azərbaycanın daimi düşməni kimi qələmə veririk. Bu açıdan, yəni 1925-ci ildən sonrakı “İranı” ya da Persian gözüylə tarixə baxdıqda o zaman Nadir şah Əfşar, Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas, Ağa Məhəmməd şah Qacar bir sözlə, bütün Türk hökmdarları “İran” şahına çevrilir, “İran” şahları kimi də Türkün və Azərbaycanın düşməni olurlar. Ona görə də, Türkiyə və Azərbaycanın rəsmi tarixçiliyində 1925-ci ildən sonrakı “İran”a nisbətlə “İran şahları” kimi adı keçən bütün Türk hökmdarları düşmən və işğalçı kimi qələmə verilirlər. Özəlliklə, Sovetlər Birliyi dövründə yazılan rəsmi “Azərbaycan tarixi”kitablarında 1925-ci ildən sonrakı “İran”a nisbətlə Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri heç bir saf-çürük edilmədən, özəlliklə son min il ərzində bu coğrafiyada Türklərin hakimiyyət sürmələri nəzərə alınmadan bütünü Azərbaycana, Türkiyəyə bütünlükdə Türklüyə düşmən kimi qələmə verilmişdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir