Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

4 Noyabr 2009, 11:05

Modern.az "Media əhvalatları" rubrikasını davam etdirir.

Cırıq corabın iztirabı

İmdad Əlizadə, «Media Forum» saytının əməkdaşı

- «Həftə içi» qəzetində işləyəndə müsahibə almaq üçün ALP sədri Lalə Şövkətə zəng etdim. O, razılaşsa da, təkidlə məni mənzil-qərargahına çağırdı və məcbur qalıb getməli oldum. Yolda yadıma səhər evdən çıxanda hər iki tayı cırıq corab geyməyim düşdü. Lalə Şövkətin qərargahı həm də onun mənzili idi, deməli içəri girəndə mütləq ayaqabılarımı çıxarmalıyam. Qərara gəldim ki, yoldan corab alıb Lalə xanımın üçüncü mərətbədəki mənzil-qərargahına qalxanacan blokda dəyişim. Corabı alıb cibimə qoydum. Müsahibimin həyətinə çatanda dəhşətə gəldim. Lalə Şövkətin o vaxtkı müavini Əvəz Temirxan, mətbuat xidmətinin rəhbəri Nuridə Turabova, köməkçisi Əbil məni həyətdə gözləyirdi. İstədim geri qayıdam, amma gec idi, məni görmüşdülər. Pilləkənlə yuxarı qalxanda  Əvəz Temirxanın məndən nə soruşduğu, ona nə cavab verdiyimi bilmədim. Müsahibəyə aid bütün suallar yadımdan çıxıdı. Yeganə düşündüyüm şey cırıq corablarla içəri necə daxil olacağım idi. Fikirləşə-fikirləşə mənzilə çatdıq. Dəhlizə girdik. Elə xəcalət çəkə-çəkə ayaqqabılarımı çıxarmaq istəyirdim ki, Əvəz Temirxanın çəkmə ilə otağa daxil olduğunu gördüm. Elə sevindim ki. Bayaqdan sifətimi basan xəcalət təri bir anda qurudu. Deməyəsən, Lalə xanımın mənzili həm də qərargah olduğundan burada ayaqqabıları çıxarmağa ehtiyac yoxumuş.

- Bu hadisəni həmkarlarımdan eşitmişəm. 1993-94-cü illərdə Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədov idi. Nazirliyin mətbuat xidmətinin rəhbəri (adını çəkmək istəmirəm- İ.Ə.) hər gün qəzetlərin icmalını hazırlayaraq nazirə təqdim edirmiş. Bir gün yenə də mətbuat xidmətinin rəhbəri icmalı hazırlayır, amma problem yarandığından kompüterin printerindən səhifənin birini çıxara bilmir. Qərara gəlir ki, həmin səhifəni əlyazma eləyib icmalı nazirə versin. Belə də edir. Amma icmalı təqdim edəndə əlyazma olan səhifəyə bu sözləri də əlavə edir: «Cənab nazir, printer işləmədiyindən icmalın bir vərəqini özüm yazmalı oldum». Nazir həmin hissəni oxuyanda halını pozmur və ciddi şəkildə «printer işləmirsə, ona deyin ərizəsini yazıb işdən çıxsın» deyir. Həmin vaxtlar dövlət orqanlarında kompüterlər təzə tətbiq olunduğundam müdafiə naziri printerin hansısa işçi olduğunu düşünübmüş.

Nazim İmanovun zarafatı

Zülfiyyə Mustafayeva, eks-jurnalist  

- Nazim İmanovun deputat olduğu vaxtlar, mənim də jurnalistikaya  gəldiyim ilk dövrlər idi. Ondan müsahibə almaq üçün parlamentə getməli oldum. Müsahibimin baməzə olmasından da xəbərsiz idim. Ondan bioqrafiyasını soruşanda 1940-cı ildə anadan olduğunu söylədi. Mən də təəccüblə cavan qaldığını dedim, həm də uşaqlarının hələ çox balaca olduğunu əlavə edəndə Nazim İmanov belə cavab verdi:

- Üç dəfə ailə qurmuşam, birinci həyat yoldaşım erməni olub, ikincisi ilə də xasiyyətim tutmadı. Uşaqlar sonuncu həyat yoldaşımdandır. O, danışdıqca mən həvəslə yazır və sevincimdən «uçurdum». Əvvəlcədən yazının başlığını və yarımbaşlığını düşündüm: «Arvadı erməni olan deputat», «Nazim İmanovun həyatından açılmamış məqamlar ilk dəfə «525-ci qəzet»də». Redaksiyada yazını tələsik hazırlayıb redaktora təhvil verdim. Düşündüm ki, məqaləyə görə bir azdan mənə təşəkkür edərlər. Az sonra redaktorun yaynına çağırıldım. İçəri daxil olanda otaqdakılardan qəhqəhə qopdu. Mənə dedilər ki, Nazim İmanov müsahibə zamanı məni dolayıb. Əvvəlcə bunu qəbul etmədim, axırda Nazim İmanova zəng edib bioqrafiyası ilə bağlı problem yarandığını və redaktorun mənə inanmadığını dedim. Nazim müləlim də həyəcanla «mənim dediklərimin hamısını yazmısan?»-deyə soruşdu. Məndən «bəli» sözünü eşidən kimi, mobil telefonuma «odboy» verib redaksiyanı yığdı. Başa düşdüm ki, zarafatcıl deputat doğrudan da məni avam yerinə qoyubmuş. Beləcə həmin müsahibə mən istəyən kimi dərc olunmadı.

«Niyə eksklüziv alırıq, elə əməlli-başlı müsahibə götürək də...»

Qan Turalı, müstəqil jurnalist

- «Azadlıq» qəzetinin planlaşdırmasında Elçin Səlcuqa tapşırıq verilir ki, Rusiyadan kimsə gəlir, ondan eksklüziv müsahibə almaq lazımdır. Elçin də «eksklüziv» sözünün mənasını bilmədiyindən deyir ki, «niyə eksklüziv alırıq, elə kişidən əməlli-başlı müsahibə götürək də...».

 

«Yerlər paritet əsaslarla bölünsə də, narazılıq yarandı»

 

- Bir dəfə "Azadlıq"da Fikrət Hüseynli 10 min işarəlik material hazırlayıb Qənimət Zahidə təqdim edərək yazını tərifləyir və manşetlik olduğunu deyir. Sabahısı gün Fikrət gəlib görür ki, 10 min işarəlik «manşetlik» yazısının cəmi 500 işarəsi 15-ci səhifədə gedib. O, bunun səbəbini soruşanda Qənimət bəy yazının başdan-ayağa səhvlə dolu olduğunu bildirir. Onlardan birini misal da çəkir: «Yazmısan ki, yerlər paritet əsaslarla bölünsə də, narazılıq yarandı». Fikrət bilmirmiş ki, «paritet əsaslarla bölünmək» nə deməkdir.

 

Sərdar Cəlaloğlunun “yaxşı oğlanı"...

 

Zaur Əhməd, mia.az saytının redaktoru 

- İndiki jurnalist təşkilatlarından birinin rəhbəri (adını açıqlamaq istəmirəm-Z,Ə,) müxbir işlədiyi dövrdə Sərdar Cəlaloğlundan müsahibə götürür. Müsahibə zamanı bir nəfər Sərdar bəyin mobil telefonuna zəng edir. Sərdar bəy telefonun ekrarına çıxan ada baxır və «eee, bu axmaq hardan zəng etdi, məni cana yığıb» deyir və “yes” düyməsini basır. Ardınca da telefonu qulağına yaxınlaşdırıb «bəli, qardaş. Nətərsən, nə var, nə yox» söyləyir. Zəng edən adam da Sərdar bəylə hal-əhval tutandan sonra ondan harada olduğunu soruşur. Sərdar bəy də «sənin kimi yaxşı bir oğlanla oturub söhbət edirəm» deyir. Amma bilmir ki, bayaq işlətdiyi ifadə ilə yanındakı yaxşı oğlanın xətrinə dəyir. 

 

 

Hazırladı: Lalə MUSAQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi