Modern.az

Süpürgəçilərin arzuları... - REPORTAJ

Süpürgəçilərin arzuları... - REPORTAJ

28 Noyabr 2016, 12:07

Haqqında danışacağımız peşə sahiblərinə hazırda nə dəyər verən var, nə də onların problemləri ilə maraqlanan. Çirkli iş görməyin müqabilində aldıqları maaş isə bəzi məmurların heç siqaret pulu qədər də deyil.


Modern.az
 saytının əməkdaşı süpürgəçilərlə hömsöhbət olub.

 

Orta yaşlı İlhamə Qasımova məcburiyyətdən 8 ildir ki, süpürgəçiliklə məşğul oluduğunu deyir. Üz-gözünü örtür ki, tanış-biliş onu görəndə tanıya bilməsinlər:


“Kim istəyər ki, onun-bunun sözünü götürə-götürə bu işdə işləsin? Amma neyləməli, bizim də bəxtimiz belə gətirib”.

Həmsöhbətim insanların getdikcə mədəniyyətsizləşməsindən narazıdır:

“Kimin əlinə nə keçirsə, atır küçəyə. Bizi heç düşünən yoxdur. Küçələri zibilləyənlərə səslənirəm: Dayanın, durun, bunu etməyin! Axı biz də insanıq. Sizin atdıqlarınızı təmizləməyə vaxtımız çatmır”.

İlhamə Qasımova deyir ki, hər gün səhər saat 7.00-da başlayırlar. Saat 11:00-ə kimi süpürgə əllərindən düşmür. Daha sonra isə evə qayıdırlar. Saat 14:00-dən 17:00-yə kimi yenidən işə çıxırlar.

“Qar, yağış, külək olub-olmamasının bizim işə dəxli yoxdu. Biz işə gəlməliyik. Bu qədər əziyyətin qarşılığında isə bizə 170 manat pul verirlər. İşsizliyin indiki vaxtında buna da şükür. Neyləyək, məcburuq. Bu peşə ilə məşğul olduğum, ümumiyyətlə, kasıb olduğum üçün heç kim mənə salam vermək istəmir. Elə bil ki, biz süpürgəçilər insan deyilik. Amma buna görə qətiyyən pis olmuram. Hər kəs istəyər ki, öz evinə halal pul aparsın. Biz də bu işdə işləyib evimizə çörəkpulu aparırıq”.

İlhamə Qasımova deyir ki, aldığı pul ancaq çörək almağa və işıq, qaz, su pulunu verməyə çatır.

“İstirahət vaxtımız yoxdur. Şənbə və bazar günləri də işləyirik. İş saatımız isə 7:00-dan 11:00-a kimi olur. Yəni yarı gün işləyirik. Dəfələrlə mübahisələrim olub. Bəzən elə olur ki, maşınla gedənlər pəncərədən küçəyə zir-zibil atırlar. Mən bir neçə dəfə bu hallara görə dalaşmışam. Həmin adama demişəm də ki, yerə niyə zibil atırsam, buranı da adam təmizləyir axı? Qarşılığında isə həmin adam maşını sürüb gedib”.

Həmsöhbətimin sözlərinə görə, işlədiyi illər ərzində çox hadisələrlə rastlaşıb. Hətta yerdən pul tapdığı anlar da olub.

“Cəmi 3 dəfə pul tapmışam. Ən çox tapdığım pul da 14 manat olub. Onu da iş yoldaşımla yarı bölmüşük”.



Digər süpürgəçi həmsöhbətim Gülmirə Axundovanın arzusu maaşlarının artırılmasıdır.

“İndiki vaxtda heç 170 manat pulla ailə saxlamaq olar? Aldığımız pul qarnımızı doydurmağa bəs etmir. Qaldı ki, həmin puldan arxaya atıb, nəsə etməyə. Evdə 4 nəfərik. Amma ikimiz işləyirik. Yoldaşım və mən. O da 250 manat maaş alır. Oğlum əsgərlikdədir. Qızım isə Sumqayıt Dövlət Universitetində oxuyur. Ancaq işləyirik ki, acından ölməyək”.

Gülmirə Axundova deyir ki, küçələri ən çox zibilləyən sürücülərdir.

“ Maşınlarından salfetka, siqaret, su butulkaları - nə gəldi yola tullayırlar. Bəzilərinin mərifəti çatmır ki, onları bir paketə yığıb, zibil qutusuna atsınlar. İndi də maşallah, hara baxırsan zibil qutuları var. Sadəcə ərinirlər. Deyirlər ki, onsuz da təmizləyəcəklər də... İnsanlardan bir xahişim var ki, zibilləri yollara atmasınlar!”.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir