Modern.az

50 ildən sonra Azərbaycanda indiki partiyalar olmayacaq? - BƏDBİN PROQNOZ

50 ildən sonra Azərbaycanda indiki partiyalar olmayacaq? - BƏDBİN PROQNOZ

28 Noyabr 2016, 12:29

Dünyada gedən proseslər ən böyük ölkələrdə belə, siyası təşkilatların əhəmiyyətini aşağı salır. Hətta xarici ekspertlər 50 ildən sonra indiki ən nüfuzlu partiyaların olmayacağını proqnozlaşdırırlar.


Bəs, Azərbaycan partiyalarının 40-50 ildən sonrakı vəziyyəti necə olacaq?

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında  partiyaların 50-ildən sonrakı vəziyyətini şərh edib.

“Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş xeyli sayda siyasi partiya var. Bunlardan ən böyüyü iqtidar partiyasıdır və onun ətrafında da iqtidaryönümlü 4-5 partiya  var. Elə partiyalar da var ki, gah sağyönümlü, gah da solyönümlü kimi görünür. Böyük əksəriyyəti özünü müxalifətçi partiya hesab edir. Siyasi mübarizələrinin məqsədini də hakimiyyətə gəlmək təşkil edir. Hakimiyyətə gəlmək üçün isə ciddi siyasi mübarizə aparmaq, ciddi siyasi elektrorata malik olmaq tələbi şərtdir.

Təəssüf ki, partiyalar son illərdə ciddi təlatüm yaşayırlar. Parçalanmalar, bölünmələr, rəhbərlərarası qarşıdurmalar var. Bu qarşıdurmaların bir çoxu da liderlər səviyyəsində özünü biruzə verir. Bunlar partiya başında duran siyasi liderlərin biri-birini həzm edə bilməməsindən irəli gəlir. Həm də ortaq məxrəcə gələ bilmirlər. O zaman xalq da belə düşünür ki, özləri biri-birilə dil tapıb yola gedə bilmirlərsə, bunların axırı necə olacaq?!”.

Qabil Hüseynlinin fikrincə, daxildəki bərabərsizliyi qeyd edərkən, partiyaların 50 ildən sonra necə olacaqları barədə danışmaq çətindir.

“Burada siyasi inteqrasiya məsələsi ortaya çıxır. Çünki siyasi təşkilatların çoxu kiçik partiyalardır. Ona görə də kiçik partiyaların bir yolu var. Ya siyasi inteqrasiyaya getmək, ya da vahid blokda, ittifaqda birləşmək. Bloklar yaransa da, bir müddət keçməmiş dağılır. Yaxud da ki, aparıcı mövqeyə malik olan partiyalar kiçik partiyaları birləşdirmək istəmir. Sanki ortada bir pay bölgüsü var və o pay bölgüsünə onları şərik etmək istəmir. Aparıcı partiyaların özlərinin də arasında nifaqın şahidi olmaqdayıq. Bütün bunların hamısı siyasi liderlərin bacarıqsızlığı və xarakterik nöqsanlarından irəli gəlir. Sağlam olmayan ambisiyalar və iddialar bu siyasi liderlərin biri-biri ilə dil tapmasına imkan vermir. Çox vaxt da bəzi partiyalar təsir altına düşür və yaşamağa davam edirlər. Ona görə də 50 ildən sonra partiyaların aqibəti barədə konkret nəsə demək çətindir”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə partiyaların 50 ildən sonrakı vəziyyətinə şərh vermək istəməyib.

“Dəfələrlə müxalifət partiyalarının fəaliyyəti barədə fikirlərimi söyləmişəm. Məncə, hər şey ortadadır. Həm də partiyaların 50 ildən sonrakı taleyini zaman müəyyənləşdirəcək. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının partiyasıdır və ona görə də partiyamız çox 50 illər yaşayacaq”. 

 

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi