Modern.az

Azərbaycan hələ ki Sarkisyanı beynəlxalq hərbi tribunala verə bilmir…

Azərbaycan hələ ki Sarkisyanı beynəlxalq hərbi tribunala verə bilmir…

28 Noyabr 2016, 12:52

“Xocalı soyqırımı ilə bağlı hazırlanacaq beynəlxalq hərbi tribunalda 1-ci kimin adı göstəriləcək? Əlbəttə ki Serj Sarkisyanın!”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentdə bu gün keçirilən “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib.

Deputat bildirib ki, Ermənistanla danışıqların indiki fazasında Ermənistan prezidenti Serj Sarkisyanı beynəlxalq hərbi tribunala vermək mümkün deyil:

“Əgər Sarkisyanı beynəlxalq hərbi tribunala versək, danışıqlar necə davam etdiriləcək? Nə zamankı Ali Baş Komandan heasb edəcək ki, artıq danışıqlar limiti bitib, o zaman beynəxalq hərbi tribunal məsləsindən söhbət gedə bilər. Amma indiki reallıqda Sarkisyanın beynəlxalq hərbi tribunala verilməsi o qədər də real deyil”.

 

Deputat Qüdrət Həsənquliyev isə Azərbaycanın Xocalı soyqırımı ilə bağlı BMT Təhlükəsizlik Şurasına  müraciət etməli olduğunu deyib.

 

Onun sözlərinə görə indiyə qədər Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsi düzgün olmayıb:

“Mənim üçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir? Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri bəlli deyil. Azərbaycan mütləq BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Biz BMTTŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır”.

 

Q. Həsənquliyev təklif edib ki, qiyabi məhkəmələr qurulmalı və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim edilməlidir.

 

Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov isə cavabında bildirib ki, Azərbaycan 1997-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin Romadakı toplantısında iştirak edib, ancaq sənədə imza atmayıb və onu ratifikasiya etməyib:

“Mən açıq deməliyəm ki, bu məhkəmə yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona bəslənən ümidləri doğrultmur. Bu gün Beynəlxalq Cinayət Məhkəməsindəki işlərin hamısı Afrika ilə bağlıdır. Hətta belə fikir var ki, bu, regional xarakter daşıyan məhkəmədir və ancaq Afrika üçün yaradılıb. Bir neçə dövlət artıq məhkəməyə müraciət edib ki, onun nizamnaməsində iştirak etməyəcək. Bir sıra məhkəmə qərarları isə siyasi xarakter daşıyır”.

 

Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılmasına gəldikdə,

N. Səfərov deyib ki, Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılması imkanı həmişə mümkündür:

“Belə cinayətlər törədildikdə bu kimi orqanlar yaradıla bilər. Ancaq mütləq və mütləq Təhlükəsizlik Şurasının razılığı olmalıdır. Yəni nəzəri cəhətdən bunu da istisna etmək olmaz”.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, Avropanın bütün layihələrində iştirak edən Ermənistan məhkəməyə çağırılmalıdır: “Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir. Bu məsələnin hüquqi müstəviyə çıxarılması kifayət qədər çətindir. Bəzən deyirlər ki, biz bu məsələlərdə gecikmişik, elə deyil, bununla bağlı işlərimiz davam edir”. 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər