Modern.az

Sabir Rüstəmxanlı xanımına şeir YAZDI: “Yaşını demə”

Sabir Rüstəmxanlı xanımına şeir YAZDI: “Yaşını demə”

Ədəbi̇yyat

29 Noyabr 2016, 09:47

Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı həyat yoldaşı, ictimai fəal Tənzilə Rüstəmxanlının ad gününü ona illər öncə yazdığı şeirlə təbik edib.

Modern.az saytı şairin indi ictimailəşdirdiyi şeirini təqdim edir:

Tənzilənin ad gününə


Ad günün mübarək sevincim, dərdim,
Bu günə ən gözəl duyğumu verdim, 
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Bəlkə məzarıma soyuq daş gəldin
Nə zaman gəldinsə mənə xoş gəldin
İstək yaşındasan, yaşını demə!

Həsrətim sel idi axını sənə,
Nə qədər nəğməm var, oxunur sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!

Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən göndərib bəlkə,
Mələk yaşındasan, yaşını demə!

Qanımı qaynadır, səndən hər soraq,
Ruhumu dincəldir bu ev, bu otaq,
Sirrimi oxuyan, dərdimə ortaq,
Kömək yaşındasan, yaşını demə!

Sevgi yaşayırsa ilin fərqi yox,
Könlüm sənindirsə, dilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!

28 noyabr,1996.

(Çətin ömür yolumın etibarlı yoldaşı, əziz Tənzilə xanım, doğum günün dolayısıyla Səni təbrik edirəm. Nə yaxşı ki, bu şerin yazıldığı gündən keçən iyirmi il heç nəyi dəyişə bilməyib; nə Səni, nə bu misraları doğuran duyğuları...).

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür