Modern.az

“Avropa Parlamentində çox açıq şəkildə bildirdik ki…” - Deputatdan Avronest-lə bağlı AÇIQLAMA

“Avropa Parlamentində çox açıq şəkildə bildirdik ki…” - Deputatdan Avronest-lə bağlı AÇIQLAMA

29 Noyabr 2016, 13:04

Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti Strasburqda səfərdə oldu. Biz orada müxtəlif ikitərəfli görüşlər keçirdik. Birmənalı olaraq demək istəyirəm ki, Avropada nümayəndə heyətimizin görüşdüyü hər bir deputat Avronest PA-dakı fəaliyyətimizi yenidən bərpa etməyimizi yüksək qiymətləndirdi”.

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin yeni rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Deputat bildirib ki, Avronest-də bir sıra deputatlar və vəzifəli şəxslərlə görüşlər keçirilib:

“Biz eyni zamanda Avropa deputatları ilə, qurumun 8 siyasi qrupundan 6-sının rəhbər şəxsləri ilə, o cümlədən, Avronest-in xarici əlaqələr komitəsinin sədri, Avropa Parlamentinin vitse-spikerləri ilə görüşdük. Birmənalı olaraq orada vəziyyət belədir ki, avropalı deputatların bizim regionla bağlı çox ciddi narahatlıqları var. Narahatlıq odur ki, artıq Ermənistanın mövqeyi bəllidir”.


F.Muradov bildirib ki, Avronest-in büro iclasında erməni nümayəndə heyəti bu dəfə də toplantını pozmağa cəhd edib.

“Avropalı deputatlar erməni deputatlara sərt mövqe göstərdilər ki, “nəyə görə siz həmişə iclasları pozmağa çalışırsınız? Siz bilinməyən bir mövqeyi həyata keçirirsiniz”.
Mən Avropa Parlamentinin bir sıra deputatları ilə danışanda artıq açıq şəkildə deyirdilər ki, “biz birmənalı şəkildə kimin işğalçı və kimin işğaldan əziyyət çəkən olduğunu bilirik”. Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qətnaməsi də var. Biz çalışacağıq ki, gələcəkdə bu qətnamənin həyata keçirilməsində real mexanizm olsun. Əsas problemimiz odur ki, Avropa Parlamentində bu mexanizmlər mövcud deyil. Artıq bütün məsələlər ortadadır. Ermənistanın dilənçi mövqeyinin olmasını Avropa deputatları artıq bilirlər. Onların müxtəlif ittifaqlara qoşulmaqda əsas məqsədləri odur ki, sosial və iqtisadi problemlərini həll etsinlər”.

Fuad Muradov deyib ki, bu gün erməni lobbisinin təsirində olan avropalı deputatlar da var:

“Təbii ki, Avropa Parlamentində bir qrup deputat var ki, onlar erməni lobbisinin təsirindədir, bir qrup da var ki, onlar ümumiyyətlə Azərbaycanı belə, tanımırlar. Bizim bu görüşlərdə əsas məqsədimiz o idi ki, avropalı deputatlara sübut edək ki, Azərbaycan öz müstəqil siyasətini hər zaman həyata keçirəcək, Azərbaycanın milli maraqlarının həyata keçirilməsində kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz də onlarla əməkdaşlıq edəcəyik. Avropa Parlamentində çox açıq şəkildə bildirdik ki, siz Azərbaycanla bağlı qətnamələri tələsik qəbul edəndə, bu, hələ o demək deyil ki, Azərbaycanda hansısa təcili məsələ var. Yəni bu o demək deyil ki, Azərbaycanla bağlı təcili qətnamə qəbul edilməlidir. Onların diqqətinə çatdırdıq ki, yaxşı olar ki, gələcəkdə həm Avronest-də, həm də Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edilən zaman bizimlə məsləhətləşsinlər”.


Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi