Modern.az

Rektor: “Uşaq vaxtından hamı mənə “dədə” deyir” - MÜSAHİBƏ

Rektor: “Uşaq vaxtından hamı mənə “dədə” deyir” - MÜSAHİBƏ

Müsahibə

29 Noyabr 2016, 14:15

Əhməd Vəliyev: “Din adamlarını qəbul edə bilmirəm”

 

“Yük daşımışam, hambal işləmişəm”


“Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin bu gün 70 yaşı tamam olur. O, bu münasibətlə Modern.az saytına müsahibə verib.

-Əhməd müəllim, bu gün 70 yaşınız tamam olur. Bu günlərdə cənab prezident tərəfindən ən yüksək mükafata layiq görülmüsünüz. “Şöhrət” ordeni ilə təltif olunmusunuz.  Bu mükafatı necə qiymətləndirirsiniz? Buna hazır idinizmi?

-Hər bir mükafat dəyərlidir. Bu mükafatın digər mükafatlardan fərqi ondan ibarətdir ki, ölkənin başında duran böyük şəxsiyyət buna imza atır. Ona görə də hesab edirəm ki dünyanın ən güclü mükafatları, hətta “Nobel” mükafatı olsun, ondan da qiymətli ölkə prezidentinin verdiyi mükafatdır. Ölkə prezidentinə təşəkkür edirəm və ona can sağlığı arzu edirəm. Bu günə qədər olan fəaliyyətimi yüksək qiymətləndirərək ən yüksək mükafatlardan birini mənə təqdim edib.

- Bu gün 70 yaşınızı qeyd edirsiniz. Maraqlıdır ki, 70 yaş Əhməd Vəliyev üçün nə deməkdir? Ömrün hansı hissəsidir?


-İnsan ömrünün bir intervalı var. O intervala baxanda, illərlə-aylarla hesablamaq düzgün deyil. Gərək ömrü günlərlə hesablayasan. Bu saat fikirləşirəm ki, ömrümü neçə gün yaşamışam. 70 il  təxminən 25520 gündür. Bu çox azdır. Amma “70 ildir ki yaşayıram” deyəndə çox hesab olunur. Ömrün hər günü insan üçün qiymətlidir. O günlərdən fərqlənən xüsusi gün var. Hesab edirəm ki, o gün məhz bugünkü gündür. Tam şəkildə qocağılın başlanğıcıdır.

-Özünüzü qoca hesab edirsinizmi? Çox vaxt insanlar qocaldıqlarını etiraf etmirlər.

-Tarixən gənclərlə işlədiyimə görə, bu yaşda da həm fiziki, həm də mənəvi cəhətdən özümü gənc kimi hiss edirəm. Peşənin insan ömrünə böyük təsiri var. Həkimlik peşəsi mənə görə dəhşətli peşədir. İnsan özü, ya da ailəsində biri xəstələnəndə buna dözə bilmir. Ancaq həkimlər gecə-gündüz xəstələrlə bir yerdədirlər. Yaxud da müəyyən qurumlar var ki, əlillərlə, kimsəsizlərlə işləyir. Həmçinin, məhkəmə sistemi də elədir. Düşünürəm ki, onlar necə işləyir və bu ağrılara dözə bilirlər?! Şəxsən o peşələrin heç birində çalışa bilməzdim. Mən auditoriyada böyümüşəm. 70 ilin 7 ilnini çıxaq. 63 ildir ki, auditoriyadayam. Orta məktəb illəri, universitet həyatı və bitirən kimi Xalq Təsərrüfatı İnstitutunda bütün vəzifələrdə çalışmışam. Laborant, baş laborant və digər vəzifələr... Daimi olaraq gənclərlə işləmişəm. Gənclərlə işlədiyimə görə yaşımı o qədər hiss etmirəm. Kolidora çıxıram gənclik, aduitoriyaya girirəm, gənclik... Bu nöqteyi-nəzərdən peşəmi yaxşı seçmişəm. Peşəmi yaxşı seçdiyimə görə, hələ ki özümü səhnədən silinmiş hesab etmirəm.

-Çalışqanlıq nəsillə gələn məsələdir, yoxsa, müəyyən çətinliklər sizi çalışqan olmağa vadar edib?

-Atam da çalışqan olub. Həmişə vəzifədə işləyib. Rayon yerində 4 kəndin rəhbəri olub. Gecə-gündüz işlə məşğul olub. Bizdə digərlərindən fərq odur ki, tamah olmayıb. Tamahkar insanlar nəsə edəndə, çox da irəli gedə bilmirlər. Atam vəzifədə işləsə də, heç nəyi olmayıb. Universitetdə oxuyanda atam pul göndərsə də, az olurdu. Ona görə də hambal işləmişəm. Yük daşımışam. Deyəndə ki, hambal işləmişəm, tələbələrim elə bilirlər ki, bunu elə-belə söyləyirəm. Maksimum gecənin 4-5 saatını yatmışam. İndi də eləyəm. Çox az yatıram. Həmişə düşünmüşəm ki, yatmaq üçün başqa dünya var. Bu dünya aktiv dünyadır. Gərək aktiv yaşayasan. “Qabusnamə”də yazılıb. “Nə qədər az yatsan, o qədər çox yaşamış olursan”. Düşünürəm ki, Allah verdiyi ömrü ayıq yaşamaq lazımdır.


-Nəslinizdə öndə olan şəxs sizsiniz. Belə deyək də, bu, tale, qismət də ola bilər. Sözümü ona gətirmək istəyirəm ki, hər bir nəslin yükü bir kişinin üzərinə düşür. İstəsə də, istəməsə də Allah o qisməti onun üçün yazıb. Bu qisməti yaşamalısan. Bu mənada özünüzü necə hiss edirsiniz?

-Adım babamın, atamın atasının adıdır. Uşaq vaxtından hamı mənə “dədə” deyib. Bu adın mənə qoyulmasının mənası var. Bu ad məcbur edir ki sən dədəlik edəsən. Məsuliyyət məsələsidir. O adı sənə verəndə avtomatik olaraq məsuliyyəti çiyninə qoyublar. Ona görə də çox əziyyət çəkmişəm. Universiteti bitirəndən sonra qohum-əqrəbanın Bakıda ali təhsil almalarına yardımçı olmuşam. Onları hazırlaşdırmışam.

-70 ildə Əhməd Vəliyev üçün, şirinli-acılı günlər necə olub? Yaddaşınızda o illər necə qalıb?

-Həyat belədir ki, onu şirin kimi də, zəhər kimi də qəbul etmək olur. İnsan ki, mübariz olur, çalışır ki nəsə əldə edim. Bəxtim orada gətirib ki, Heydər Əliyev siyasətini görmüşəm. Heydər Əliyevin dövlətə, xalqa dövlətçiliyə sadiqliyi gözümüzün qabağında olub. Həmişə çalışmışıq ki, o, nə deyibsə, qulaq asaq. Heydər Əliyev televiziyada danışanda saatlarla ona qulaq asmışam. Heydər Əliyev məktəbi böyük məktəbdir.

-Ortaya belə bir sual çıxır. Öz övladlarınıza tətbiq etdiyinizi nəvələrə edə bilirsizmi?

-Əvvəlki dövr başqa idi, indiki dövr başqa. Mühit məsələsi var. Nəvələrimə qarşı sərt ola bilmirəm. Nəvələrim hansı universiteti seçiblərsə, orada da oxuyurlar. Valideyn cavan olanda uşağa qarşı qəddar olur. Amma nəvəyə qarşı qəddar olmaq çətindir. Bir nəvəmi mən saxlamışam. Nə deyir onu edirəm.

1988-ci il hadisələri yeni başlayanda, atam soruşdu ki, “nə iş görürüsünüz? Ölkəni dağıtmaq istəyirsiniz? Təzə dövlət qürursunuz?”. Dedi ki, “siz uşaq oyunu oynayırsınız, ağlınızı itiribsiniz. Dövlət 5-6 nəfərdən ibarət deyil. Dövləti hər adam idarə edə bilməz. Əgər yaxşı dövlət qurmaq istəyirsinizsə, Heydər Əliyevi hakimiyyətə gətirin”. Dedim ki, “Heydər Əliyevi gətirə bilsək, o da rəhbərimiz olacaq”. Allah özü Heydər Əliyevin xalqa rəhbər təyin olunmasını təmin etdi.


-Heydər Əliyevlə bağlı daha hansı fikirləriniz var ki, biz bu günə kimi eşitməmişik.

-Bir neçəsini danışmaq istəyirəm. 2003-cü ilin 12 dekabrında Heydər Əliyev rəhmətə gedib. Həmin vaxt qərara gəldim ki, universitetdə Heydər Əliyevin büstünü qoydurum. Mənə dedilər ki, “buna icazə yoxdur. Olmaz”. Mən də özəl sektor olduğumuzu xatırlatdım və  “büstü qoyacam. Qoy buna görə məni tutsunlar” dedim. Heykəltəraş Fuad Salayevi universitetə dəvət etdim. Yüksək səviyyədə ulu öndərin büstünü qoydurdum və cənab prezident İlham Əliyevə bir teleqram vurdum ki, “belə bir iş görmüşəm. Açılışına sizi də dəvət edirəm”. Həmin gün cənab prezident Naxçıvana getməli idi. Milli Məclisin o zamankı sədri, rəhmətlik Murtuz Ələsgərova göstəriş verdi. Murtuz Ələsgərov, o zamankı təhsil naziri Misir Mərdanov və digər nazirlər bura gəldi və Heydər Əliyev büstünün açılışı təşkil olundu. Mən orda dedim ki, “bu yer artıq bizim and yerimizə çevriləcək”.  O gündən sonra hər bir tədbiri burada keçiririk. Büstün önünə gül dəstələri qoyub sonra zala çıxırıq. Bu da bir tərbiyə üsuludur.

İkincisi, İlham Əliyev haqqında bir ədəd də olsun kitab yazılmamışdı. İlk kitabı İlham Əliyev haqqında mən yazmışam. Kitab 2002-ci ilin yanvarında çap olunub. Kitabın adı “Bəsirət ünvanı” adlanır. Heydər Əliyevin dövründə hamı  Heydər Əliyevdən kitab yazırdı. Mən isə bir riyazi model qurdum. O modelə daxil olan parametrlərin hamısını bir riyaziyyatçı kimi təhlil etdik. O zamanlar İlham Əliyevə 4 istiqamətdə Heydər Əliyev iş vermişdi. Beynəlxalq aləmlə tanış olmaq üçün AŞPA-da nümayəndə heyətinin rəhbəri, gənclərlə bağlı Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti,  iqtisadiyyatla bağlı 1994-cü ildən 2003-cü ilə kimi Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2005-ci ildən isə YAP-ın sədridir. Ona verilən bu 4 istiqamətdə İlham Əliyevin  fəaliyyətini təhlil etmişik. Sonra əsaslandırmışıq ki, Heydər Əliyevdən sonra Azərbaycanı yalnız İlham Əliyevə etibar etmək olar. Hətta Heydər Əliyev demişdi ki, “seçici olsaydım, İlham Əliyevə səs verərdim”. Orada bunu da əsaslandırmışam. Niyə görə Heydər Əliyev belə deyib. Oğluna görə? Xeyr. Belə taleyüklü məsələlərə Heydər Əliyev ata-oğul prizmasından heç vaxt baxmayıb. Deməli, İlham Əliyevin qabiliyyətini bütün sahələrdə yoxlayandan sonra əsaslandırılmış şəkildə bu sözü deyib.

Bu kitab başqa dillərə də tərcümə olunub. O zamanlar Abbasəli Həsənov İranda səfir olan zaman Heydər Əliyevin yanına gəlib xahiş edir ki, “kitaba çox böyük maraq var. İcazə verin, bunu ərəb qrafikası ilə buraxaq”. Həmin kitab ərəb qrafikası ilə Azərbaycan dilində çap olunub. 2003-cü ilin əvvəlində prezident seçkiləri öncəsi  son 2-3 illlik fəaliyyət də əlavə olunmaqla kitabı ingilis dilində çap elətdirmişəm. Kitabı bütün beynəlxalq təşkilatlara göndərmişəm.


-Əhməd müəllim, yenidən doğum gününüzə qayıtmaq istərdim. İnsan xarakterində belə bir hal var. İnsan 20, 40, 60 yaşında da olsa “ən yaxşı yeməyi yeməmişəm, ən yaxşı paltarı geyinməmişəm, ən yaxşı işi görməmişəm” kimi düşünür. Siz necə düşünürsünüz?

-Cəfər Cabbarlının belə bir sözü var: “İstəklə nəticə arasında böyük uçurum var. Onu yalnız qüdrətli adamlar keçə bilər”. Mən çox şey istəyə bilərəm. Nəticəsinin olması üçün qalib gəlməliyəm. İnsanın arzuları heç vaxt tükənmir. İnsan həmişə gözütox yaşamalıdır. Bura universitetedir. Tutaq ki, universitetin qapısını bağlayaq və hər tələbədən pul yığaq. Yığa bilərik? Universitetlər var ki, pul yığır. Nə olacaq ki!.  5 gündən sonra uçuruma düşəcəksən. Ona görə də bəzi universitetlər belə şeylərə görə bağlanıb. Burada bir tələbə deyə bilməz ki, gətirib bir adama pul verib. Ola bilməz. Ona görə də insan həyatını ləyaqətlə, vicdanla yaşamalıdır. Avara insanların yox, həqiqi ehtiyacı olan insanların ehtiyacını təmin etmək lazımdır.

-Bu günə qədər dostlarla, ailə ilə birgə dəbdəbəli doğum günü keçirmisinizmi?

-Keçirməmişəm.

- Bəs ilk təbriki kimdən gözləyirsiniz?

-İlk təbriki artıq cənab prezidentim edib. Mənə o cür mükafat verib.

-Bəs bundan qabaqkı doğum günlərinizi qeyd etmisinizmi?

-Xeyr. Amma bugünkü 70 illiyimi tələbələrimlə, işçilərimlə birgə keçirəcəm. Ümumiyyətlə, təmtəraqlı doğum günü keçirməyi sevmirəm.

-Yaşınızın üstünə bir yaş da gəlir artıq. Bu sizi qorxutmur ki?

-Heç qorxutmur. Əlişir Musayevin bir sözü var: “Qəribədir, çox adam ölməkdən qorxur. Bir halda ki, öləndən sonra dünyadan xəbərin olmayacaq. Niyə qorxursan?!”. Dünya bitir də. Ağrı, acı da olmur o zaman.

-Təsəvvür edin ki, doğmaların içində yoxsunuz.

-Onların hamısını təbii qəbul etmək lazımdır. İnsan qaranlıq dünyadan qaranlıq dünyaya gedir. O dünyadan gəlmisən yenə də o dünyaya qovuşmalısan.  Həyatda hər şey müvəqqətidir. Daimi heç nə yoxdur. Daimi Günəş planetidir. O da olmasa, heç nə yoxdur. Allah insana elə qrafik verib ki, çox yaşamasın. Çox yaşasa, çox iş görə bilər. Bu cəmiyyəti fəlakətə çevirər.


-Orta və ali məktəb yoldaşlarınızla əlaqələrinizmi varmı?

-Bəzi dostlarım universitetdə alimdirlər. Bura gəlib-gedənlər də olur. Bəzi dostluqlar ailəvi olur. Bir-birlərinin evinə gedib-gəlirlər. İndiyə kimi mənim dostlarla bir-birimizin evində görüşümüz olmayıb. Elə şeylə aram olmayıb. Xoşlamıram. Ailəvi evə gedib-gələn dostum yoxdur. İnsanların daxili sərbəstliyinə mane olmağı sevmirəm.

-Əhməd müəllim, musiqi ilə aranız necədir?

- Yaxşı musiqiyə qulaq asmağı sevirəm. Hətta, “Azan” səsini çox sevirəm. İnsanın ruhuna xoş təsir edir. “Azan”ın səsində bir məlahət var. Ancaq dindar insan deyiləm. Dinin mahiyyətini anlaya bilmirəm. Bir Tanrıya inanıram. Ona görə də Allahla insan arasında vasitəçi olmamalıdır. Açıq deyəcəm. Din adamlarını qəbul edə bilmirəm. Söhbət savadlı dindarlardan getmir. Vasif Məmmədəliyev, Hacı Sabir kimi alimlərimiz dinin tarixini gözəl izah edir. Dinin özü də bir oyundur. O da bir qurum, bir partiyadır. Bu insanlar Allah tərəfindən göndərilib, fikirləri məcmusuz, mahiyyətsiz sözlərdir. Din də birlikdir. Hansı din adamı kiməsə əl tutub? Ancaq insanlar ona kömək edir.

 

Namidə BİNGÖL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu