Modern.az

“İsrail-Azərbaycan tərəfdaşlığına hansısa dövlətin reaksiyasını vecimizə almamalıyıq” - MÜSAHİBƏ

“İsrail-Azərbaycan tərəfdaşlığına hansısa dövlətin reaksiyasını vecimizə almamalıyıq” - MÜSAHİBƏ

1 Dekabr 2016, 10:24

Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya baş tutacaq səfəri ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

 

- Yevda müəllim, İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Bakıya rəsmi səfər edəcək. Bu səfəri necə qiymətləndirirsiniz?

 

- Benyamin Netanyahu hələ 1999-cu ildə Qazaxıstana uçarkən gecə saatlarında yolüstü Heydər Əliyevin qəbulunda olmuşdu. İlham Əliyevin prezidentliyi dövründə isə Benyamin Netanyahu Azərbaycana ilk dəfə səfər edəcək.

İsrail baş nazirinin Bakı səfərini iki ölkə arasındakı münasibətlər və strateji tərəfdaşlıq baxımından çox yüksək qiymətləndirirəm. Bu səfər iki dövlət arasında normal münasibətlərdən xəbər verir.

 

-2013-cü ilin aprel ayında xarici işlər naziri Elmar Məmmədyarovun İsrail səfəri İranın ictimai-siyasi dairələrində ciddi şəkildə qıcıq yaratdı. Düzdür, İran bu səfəri rəsmi şəkildə şərh etməsə də, bu ölkənin mediası və insanları o zaman Azərbaycanı tənqid etdilər. Sizcə Benyamin Netanyahunun Bakı səfərinə İran necə reaksiya verəcək?

 

-Benyamin Netanyahunun Azərbaycana gəlişi qonşu ölkələrdə heç bir qıcıq yaratmamalıdır. Bunun üçün heç bir səbəblər yoxdur. Əslində İsrail-Azərbaycan tərəfdaşlığına hansısa dövlətin necə reaksiya verməsi bizim vecimizə də olmamalıdır. Azərbaycan suveren və müstəqil dövlətdir və hansı dövlətlərlə münasibətlər qurmağı özü müəyyən edir. Biz öz xarici siyasətimizi kiminsə xoşunun gəlib-gəlməsi üzərində qurmuruq.

Heç kim qıcıqlanmasın və narahat olmasın. 21-ci əsrdir. Heç bir dövlət millətini və ölkəsinin mənafeyini kimlərəsə, hansısa dövlətlərin maraqlarına qurban verə bilməz. Bu gün dünya qütbləşmədən başqa, qloballaşmaya doğru gedir.

Ona görə də qoy, hər bir dövlət öz ölkəsini daxili və xarici siyasəti ilə məşğul olsun və Azərbaycanla işi olmasın. Azərbaycan dövlətinin prezidenti xarici siyasətin bütün əsas prioritetlərini gözəl bilir və bunlardan da xalqın mənafeyinə görə istifadə edir.

 

-Netanyahunun Bakı səfərindən hansı gözləntilər var? Yəni səfər zamanı iki ölkə arasında hansı sahələrdə ciddi razılıqlar əldə olunacaq?

 

- İsrail baş nazirinin Azərbaycana səfəri ilə biz çox böyük və əhəmiyyətli gözləntiləri görəcəyik. Yəqin ki, səfər proqramı çox geniş və əhatəlidir. Bunu ancaq dövlət başçıları bilirlər. İsrail-Azərbaycan dostluğu strateji portnyorluq səviyyəsindədir.

Biz bir çox strateji sahələrdə mütəffiqlik edirik. Elə sahələr var ki, onları daha da genişləndirməliyik. Bunlar dövlətin ən mühüm strateji sahələri olan müdafiə, iqtisadiyyat və təhlükəsizlikdir.

Buna görə də həmin məsələlər iki dövlət rəhbərləri arasında  müzakirə edilməlidir. Mənə elə gəlir ki, müzakirələrdən sonra çox ciddi qərarlar qəbul ediləcək. Bu qərarlar İsrail-Azərbaycan da daxil olmaqla region dövlətlərinin də mənafelərini təmin edən qərarlar olacaq.

 

-Bu görüşdən sonra iki ölkə arasında hansı sahələrdə ilk dəfə olaraq əməkdaşlıq başlaya bilər?

 

-Bu gün neft amili artıq dünya bazarında, ölkələrin iqtisadiyyatında əsas sahə olmaqdan çıxır. İsral-Azərbaycan arasında elə bir sahələr seçmək lazımdır ki, ölkəyə valyuta gətirə bilsin.

Bu sahələr kənd təsərrüfatı, yüksək və nanotexnologiyalardır. Bu gün bütün dünyada ərzaq problemin həlli üçün kənd təsərrüfatı əsasdır.

İndi kənd təsərrüfatı sahəsi İsraildə çox güclüdür və bizim ölkələr arasında da bu sahə üzrə əməkdaşlıq başlayacaq və güclənəcək.

 

 Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı