Modern.az

Mahir Qabiloğlu: “Mən Qabil olmaq istəmirəm” - MÜSAHİBƏ

Mahir Qabiloğlu: “Mən Qabil olmaq istəmirəm” - MÜSAHİBƏ

Mədəni̇yyət

1 Dekabr 2016, 11:57

“İndiki ağlım olsaydı evlənməzdim”

“Hər şey dəyişib, halal harama qarışıb”

Dekabrın 4-də yazıçı, publisist, tərcüməçi Mahir Qabiloğlunun yubileyidir, 50 yaşı tamam olur. Modern.az saytı yubuleyini qeyd edən həmkarımızdan 50 yaşla bağlı təəssüratlarını soruşub.

- Mahir müəllim, mən sizdən cavanam. 50 yaşıma hələ var. Çox maraqlıdır. 50 yaş nədir?

– Əzəldən belə qəbul olunub ki, 50 yaş həyatın yarısıdır. Çünki, hamı bir-birinə 100 yaş ömür sürməyi arzu edir. Heç 110, 150, 200 il arzulayan görməmişəm.  Uşaq vaxtı böyüklərdən eşitdiklərimə əsaslansam, “insan 50 il yaşayır. 50-dən sonrakı illərdə isə ölməyə hazırlaşır”. İnsan 50 il yaşayır, qurur-yaradır. 50-yə çatanda isə ilk dəfə geriyə boylanır, yaşadıqlarının bəhrəsini görmək istəyir. Görənlər də olur, görməyənlər də... Bax, bədbəxtçilik ondadır ki, 50 il qulluq etdiyin ağac bar gətirməyə, yaşadığın 50 ilin boş olduğunu anlayasan. Mən şəxsən bu keçidi çox ağır keçirirəm. Ötən 50 ildə daha çox işlər görə bilərdim. Amma cəmi 5 faiz bəhrələnə bilmişəm. Buna görə çox hefslənirəm.

-Çox bədbin başladınız. Bəlkə valı dəyişək?

- Dəyişək. Gəlin qazandıqlarımdan danışım onda. Çox fəxrlə deyə bilərəm ki, bu həyatda heç kimdən pislik görməmişəm. Heç kimə pislik eləməmişəm. Düşmənim yoxdur, heç kim məni düşmən görmür.  Heç kimin haqqını yeməmişəm. Bağışlanmayan günah eləməmişəm. Ayağımızı yorğanımıza görə uzatmışıq. Uşaqlarımı da o ruhda tərbiyə eləmişəm. Qızlarımın bəxtləri gətirib ki, düşdükləri ailələr halal ailələrdir.

50 ildə ən əsas qazanclarımdan biri o olub ki, etibarı itirməmişəm. Yaxşı dostlarım, yoldaşlarım var. Atamdan da mənə Hacıbala Abutalıbov, akademik Əhliman Əmiraslanov, millət vəkilləri Eldar Quliyev, Elmira Axundova, Sabir Rüstəmxanlı kimi gözəl dostları yadigar qalıb. Əlbəttə ki, vəfasızları da var. (Gülür)

-Bizdə olan məlumata görə, kiçik yaşlarında tərbiyəli, nümunəvi uşaq olmusunuz.

-Mən sizinçün təsvir edim, özünüz nəticə çıxarın. Birinci evin içi. Səhər yeməyi – şeir. Nahar – şeir. Şam yeməyi – şeir. İçdiyin su, udduğun hava, gördüyün hər bir şey, geyimin – şeir. Qapını açıb kandara çıxırsan. Rastlaşdığın ziyalılar– Bayram Bayramov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Əkbər Ağayev, Məsud Əlizadə, Elçin Əfəndiyev, Əmir Mustafayev, Orxan Çəmənzəminli. Həyətə düşürsən oynamağa, blokun qapıları açılır, salamlaşdığın insanlar Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, İlyas Əfəndiyev, Zeynal Xəlil, Kamal Talıbzadə, Salam Qədirzadə, Qasım Qasımzadə, Tələt Əyyubov, Əhməd Cəmil, İsa Hüseynov...
Qonşu bəstəkarlar həyətinə boylanırsan – Tofiq Quliyev, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Şəfiqə Axundova, Xəyyam Mirzəzadə, Şəfiqə Məmmədova, Nəbi Xəzri, görkəmli alimlər, rəssamlar... Oynadığın uşaqlar, həmyaşıdların İsa Hüseynovun, İlyas Əfəndiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Zeynal Xəlilin, Əyyub Abbasovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Əmir Mustafayevin övladları. Sizcə gecə-gündüz bu cür mühitdə böyüyüb, boya-başa çatan bir uşaq, yeniyetmə, gənc, axı necə pis ola bilər? Mənim təməlim belə bir mühitdə qoyulub. Təkcə mənim yox. Heç vaxt bir kimsədən hansısa yazıçı, şair, bəstəkar uşağı haqqında pis söz eşitməmişəm. Çünki halal çörək yeyiblər.

- Sizcə, insanları necə ayırmaq olar ki, bu halal adamdır, ya haram?

- Bu mümkün deyil. Hər bir insanın içində bir haramlıq və halallıq var. Bir varlı-vəzifəli qohumunun evinə qonaq gedirsən. Səni süfrəsinə dəvət edir. İndi durub deyəcəksən ki, mən sənin çörəyindən yemərəm – haramdır. Bu nemətləri sən rüşvətlə almısan, kasıb-küsubun boğazından kəsmisən?

Amma mən başqa bir şeyin də şahidi olmuşam. O evlər ki, orda – sovet dövrünün tərziylə desək – zəhmətsiz gəlir olub, aylıq məvacibi ayrıca yığırdılar. Hamilə qadına məhz o maaşdan ərzaq alırdılar. İndi də belə ailələr var. Amma indi hər şey dəyişib. Halal harama qarışıb.

-Özünüzə tənqidi yanaşan adamsınız. Şeir diliylə desək, “Bir ondan razıyam ki, Özümdən narazıyam”.

-Bu həyat devizimdir. Özündən razılıq insanı məhvə aparır. Arzu gözəl şeydir. İnsanı qanadlandırır, ruhlandırır. Amma, bir də var İDDİA. Yaradıcı adamlar son vaxtlar bu xəstəliyə tutulublar. Əməkdarlıq, fəxri ad, orden, medal yaxşı şeydir. Özünü buna layiq bilmək olar. Almayanda isə gərək heyfslənməyəsən. Həyat davam edir. Yaz-yarat. Bu cür düşüncə, mənəm-mənəmlik insanı cılızlaşdırır, əsas yolundan döndərir.

- Mahir müəllim, belə çıxır ki, siz hər hansı bir fəxri adın və ya qiymətləndirmənin əleyhinəsiniz. Yaxud da ki, bunu istəmirsiniz, arzu etmirsiniz.

- Qətiyyən. Atamın diliylə desəm, yaradıcı insanı yaşadan müsbət emosiyadır. Müsbət emosiya isə qiymətləndirmədən qaynaqlanır. Amma...

Bir səhnəni xatırladım sizə. Teatrda tamaşa gedir, yaxud da konsert. Bütün gül-çiçək yalnız baş rolun ifaçısı, yaxud da solistə ünvanlanır. Premyeradırsa müəllifə. İştirakçı aktyorlar və ya ifaçılar isə ona paxıl-paxıl baxır. İndi bilmirəm necədir, əvvəllər müəllif və ya baş rolun ifaçısı elə səhnədəcə, tamaşaçıların alqışları altında bu gülləri öz tərəf müqabillərinə, işıqçıya, kostyumerə, rəssama, digər səbəbkarlara paylayırdı. Çünki özü də nəvaxtsa, məşhur olmayanda arxada dayanıb bu paxıllıq hisslərini keçirmişdi.

Yaxud da, indiki Heydər Əliyev Sarayında sovet vaxtı keçirilən dövlət tədbirləri konsertlə başa çatırdı. Niyazinin rəhbərlik etdiyi orkestr çökəkdə olurdu. Onun adı var e... yadımdan çıxıb. Yalnız mayestronun başı və dirijor çubuğu görünürdü. Lap sonda isə Zeynəb Xanlarova oxuyurdu. Gül-çiçək seli axırdı səhnəyə. O isə bu gül-çiçəyi orkestrin üzərinə şabaş kimi səpələyirdi. İndi isə zəmanə dəyişib. “Gül-çiçəyi” yığıb evlərinə aparırlar. Cavan nəsil də məcbur olub başlayır yaşlı nəslin üstünə xoruzlanmağa, inkar etməyə. Pul, ev verə bilmirsinizsə, quru tərifə, ruhlandırıcı sözlərə heç olmasa paxıllıq etməyin, ey qoca, ahıl tanınmışlar, məşhurlar. Evinizdə istənilən qədər “gül-çiçəyiniz” var da...



-Deyəsən mövzudan uzaqlaşdınız axı...

-AzTV-də işləyirdim. Atamla söhbət zamanı belə bir zarafat elədim ki, bəs papa, tapşır, mənə də Əməkdar jurnalistdən-zaddan versinlər. Heç nə demədi. Güldü. Bir azdan:

- Mahir, get o siyirməni aç. – söylədi. Durub açdım. ­– Orda nə var?

- Təltiflərdi burda. Axşam tədbir-zad var ki? Taxma, salıb itirərsən.

- Yox e... nə var orda. Bir-bir de.

“Azərbaycan SSR Dövlət Mükafatı”nın, “Əməkdar İncəsənət xadimi” və “Xalq şairi” fəxri adlarının, “Şöhrət” və “İstiqlal” ordenlərinin nişanı və diplomu... Hə. Nə olsun?

-Evdə hamısı var, götür tax da...

Mən atamın bu hərəkətini çox da dərindən başa düşməmişdim. İndi anlayıram demək istədiklərini. Birinci, şöhrət özü gəlib səni tapmalıdır.


- Bəs sizdə necə? Sizi tapırmı?

-Şekspir oğlundan soruşur ki, kim olmaq istəyirsən? Cavab verir ki, mən Şekspir olacağam. Atası gülümsəyir və cavab verir: “Mən Allah olmaq istəyirdim, Şekspir oldum...”. Təqribən ifadə etdiyim bu ata-oğul söhbətini siz də yaxşı bilirsiniz. Mən də Qabil olmaq istəmirəm. Özünün də o vaxt dediyi kimi, o dövlət təltifləri evdə var. Ən qiymətli kolleksiyamdır.  Evdə olmayanlar uğrunda mübarizə aparmaq lazımdır.

- Başqa nə kolleksiyanız var?

- Uşaqlıqda çox sevirdim marka kolleksiyası yığmağı. Xarici siqaret qutuları, xarici sabunlar da yığırdım. Sonra müxtəlif spirtli içkilər yığmağa başladım. Böyüdükcə, qayğılar artdıqca unutdum bu gözəl adəti.


- Mahir müəllim, siz  subay adamlarla söhbət edəndə, belə bir məsləhət görürsünüz: “Ağlın olsun, evlənmə!”. Amma bildiyim qədər 50 yaşınızda – şəxsi həyatda uğur qazanan adamsız. İki qızınız, beş nəvəniz var.


- Düz deyirsiniz. Şikayətim yoxdur. Amma indiki ağlım olsaydı evlənməzdim. Evlənərdim e... 40 yaşımda. Ailə çox məsuliyyətli bir şeydir. Bunu vaxtında başa düşmək şansım vardı. Əgər atamın “Nəsimi” poemasını 50 yox, 18 yaşında oxusaydım. Orda belə bir fikir var ki, “Ailə insana verir qol-qanad, uşaqlar ayaqda sanki bir cidar”. Ailə inkişaf etmək istəyən bir adamı, xüsusən də yaradıcı insanı inkişafdan, yazan adamı isə qorxuda saxlayan bir amildir. Bu fikirləri Cabir Novruz oğlanlarına yazdığı şeirdə gözəl ifadə edib. Ən yaxşı ifadə isə Xalq şairi Fikrət Qocaya məxsusdur.

Deməli Fikrət əminin ilhamı gəlir. Oturub şeir yazmaq istəyəndə birdən övladı əlində ayaqqabı gəlir durur yanında ki, “bəs, ata, ayaqqabım cırılıb, pinəçiyə aparmaq lazımdır”. Uşağın başını bir təhər aldadıb özündən uzaqlaşdırır. Qələmi əlinə təzəcə götürən kimi, həyat yoldaşı otağa girir. Deyir ki, bəs unitaz qırılıb. Bir misra da yaza bilməyən Fikrət Qoca qələmi kağızın üstünə çırparaq, ağzı açılan uşaq ayaqqabını qoltuğuna vurub, həm də santexnik axtarışıyla evdən çıxır:

Qoltuğumda uşaq ayaqqabısı
Xəyalımda unitaz
Di gəl yaz. (F.Q)

Bir Fikrət Qoca qalmışdı,  haqqında lətifə yox idi. Onu da mən yazdım. (Gülür)

 

-Yazılarınızda yaman hədəfə alırsınız Anarı, Elçini, Fikrət Qocanı. Bildiyimizə görə atanızla dost olublar. Hardan qaynaqlanır bu cür münasibət. O gün də “Feysbuk”da yazmısınız ki, “atamı yuxuda görmüşəm. Fikrət Qocayla maraqlanırdı”...

 

-Münasibət şəxsidir. Bəzi məsələlərə görə incidim  onlardan. Bu da ara-sıra yazılarımda özünü biruzə verir. Bu qədər. Başqa bir səbəb yoxdur. Özümlə bağlı isə umacağım yoxdur. Yuxarıda dediyim kimi, “gül-çiçəyi” evə aparırlar. (Gülür)

 

-Müsahibənizin əvvəlində bir ifadə işlətdiniz ki, düşməniniz yoxdur.

 

-Əgər düzünü bilmək istəyirsinizsə, mənim bir düşmənim var. O da özüməm.

 


-Özünüzə nifrət elədiyiniz anlar olubmu?

 

-Elə ki, özümü hamıdan ağıllı hiss etmişəm və bunu sübut etməyə çalışmışam. Və sonradan bunun düz olmadığını başa düşmüşəm.  Bax onda özümə nifrət etmişəm.

 

-Qorxursunuzmu?

 

-Qorxu insana xas xüsusiyyətdir. Qorxduğum şeylər var. Amma 50 yaşında insan, özündən daha çox ailəsinə görə qorxur. Ümumi götürsək isə dünyada ən qorxulu şey anlamaq dərdinə mübtəla olmaq imiş.

 

-Bəzi yazarlar həddindən artıq qeyri-təvazökarlıq edib, özlərini ideal adam sayırlar. Bəz siz necə?

 

-Qətiyyən. O qədər çatışmayan cəhətim var ki... Dərd də burasındadır ki, bu cəhətlərimi bilirəm. Amma düzəltməyə gücüm çatmır. Peşman da olmuram. Çünki “özü yıxılan ağlamaz” prinsipi məndə güclüdür.

 

-Çeynənmiş bir sual. Dünyaya yenidən gəlsəydiniz nə edərdiniz?

 

-Orta məktəbdə keçilən bütün fənləri mükəmməl öyrənərdim. Xüsusilə də fizika, kimya, cəbr, həndəsə və xarici dilləri. İndi başa düşmüşəm ki, bu fənlərə laqeyd münasibətim inkişafıma çox mane olub.

 

-Yaradıcı insanlarda belə bir cəhət də olur ki, özlərini Allah sayırlar. Yaxud da ilahi qüvvələrlə əlaqəli olduqlarını sübut etməyə çalışırlar...

-Yəqin ki, Ağabəy Sultanov sağ olsaydı, belələrinə “şizofreniya” diaqnozu qoyardı. Amma həqiqi istedadı olan adamlarda qəribəliklər var. Əlaqəyə gəldikdə isə bu, yazı  prosesi zamanı baş verir bəlkə də... Bunu hiss etmək çətindir.

Məndə belə bir hal olub. Amma yaradıcı adam kimi yox – atam 2005-ci il noyabrın 30-da xəstəxanaya düşəndə. Demək olar ki, ölümdən döndü. Sonra mən təkid elədim ki, bir yerdə yaşayaq. Bir aydan sonra anamı da insult vurdu, yataq xəstəsinə çevrildi. Mən, həyat yoldaşım, iki qızım başlarının üstündən çəkilmədik. Atamla əsasən mən məşğul olurdum. Yeməyi, dərmanları, iynəsinin vurulması, əyin-başına nəzarət. Hətta çimdirilməsi. Ona da ən ləzzət edən çimdirməyim idi. Baxmayaraq ki, yataq xəstəsi deyildi. Ayağının sürüşüb yıxılmağından, yaxud da istinin ürəyinə pis təsir etməsindən qorxurdum. Bir sözlə, tam nəzarətdəydi. Hətta telefonla danışanda da pusurdum. Sanki düşünürdüm ki, mənim ona belə baxmağımın, qulluğumun müqabilində heç vaxt ölməyəcək. Bəlkə də belə qulluq onun ömrünü daha bir il yarım uzatdı. Nəhayət öldü. O öləndən sonra başa düşdüm ki, Allah böyükdür və nə etsək də həyat öz işindədir, öz bildiyini edir.

Siz dediyiniz o yaradıcı adamlar isə öz aləmlərində Allahlıq eşqinə düşüblər. Yuxarıda dediyim kimi, arzuları iddiaya çevrilib.

 

-Yaşlı atası-anası olan oğul və qızlara tövsiyəniz.

 

-Bu tövsiyəm övladların varlı, ya kasıb olmasıyla ölçülmür. Ata-ana uşağına necə münasibət bəsləyibsə, oğul-uşaq da o qocalanda bu hörməti göstərməlidir. Mən çox şadam ki, ata-anamdan gördüyümün yüzdə birini qaytara bilmişəm.

 


-Mahir müəllim, ölkədə baş verən iqtisadi dəyişiklərə yazılarınızda yer ayırmırsınız. Heç reaksiya vermirsiniz. Hardandır bu laqeydlik?

 

-Birincisi, “O dünyadan sahibkarlara məktub” yazımda ümumi bir münasibət bildirmişəm. İkincisi, yazdığımın heç bir nəticəsi olmayacaqsa, karvan ötüb keçəcəksə, mənim hürməyimə nə lüzum?. Üçüncüsü, konkret münasibət bildirsəm, felyetonçuya çevrilərəm. Amma son dəyişikliyi eşidəndə, tariflərdə ayrı-seçkilik görəndə  “Dədə Qorqud” filmi yadıma düşdü.

Bir epizod var orda: “Oğlu olanı ağ çadıra, qızı olanı qızılı çadıra ötürün. Kimin ki, oğulu, qızı yoxdur qara çadıra aparın. Altına qara keçə döşüyün, qara qoyunun qovurmasından önünə gətirin. Yeyərsə yesin, yemərsə durub getsin”. İndi sabah benzin qalxsa, belə qayda qoyacaqlar. “Bentli”si, “Rənc-rover”i, “Leksus”u... olana benzinin litri 5 manat. “Mitsubişi”, “Şevrolet”, “Mazda”... sürənə litri 3 manat, “Jiquli”, “Volqa”, “NAZ-Lifan” sürənlərə isə litri 2 manat. Alır-alsın, ala bilmirsə canı çıxsın sürməsin.

 

-Qayıdaq yaradıcılığa. Son illər yazıçı-şair uşaqlarından yaradıcılıqla məşğul olanı demək olar ki, yoxdur. Nədəndir bu kasadlıq?

 

-Səbəblər çoxdur. Birincisi, kimya dilində desək, doymuş məhluldurlar. İkincisi, elə yazıçılar görüblər ki, onlardan yaxşı nəsə yaradacaqlarına əmin deyillər. Üçüncüsü, bu sahənin çox çətin olduğunu bilirlər. Bilirlər ki, yazan çoxdur, qiymətləndirilənlər isə az. Sonda qiymətlərini almayacaqlarından qorxurlar.

 

-Bəs siz niyə qorxmadınız?

 

-Mənim intensiv yaradıcılığa başlamağımın çox qəribə səbəbi var. Dəhşətli başağrılarım olurdu. Neçə dəfə həkim yanına da getmişdim. Dərmanlar yazmışdı. Amma xeyri olmurdu.  Çox əsəbiydim. Adi bir şeydən özümdən çıxırdım. 47 yaşında bu ağrılar daha da şiddətləndi. Yazmağa başlayandan sonra tədricən azalmağa başladı. Hardan biləydim ki, bu yaradıcılığa başlamağım üçün bir işarəymiş. Belə də olurmuş.

Təsəvvür edin ki, günə iki-üç köşə, məqalə yazıb göndərirdim Modern.az-a. Siz Modern.az saytının baş redaktoru kimi müəllif lentimi hər gün iki-üç dəfə  yeniləyirdiniz. Əlbəttə ki, mənim təkidimlə. Ha deyirdiniz ki, bəlkə bir gündən bir yeni yazı qoyaq? Razı olmurdum. Axırda mənə bir əhvalat danışdınız və “düz” yola çəkə bildiniz: “Azərbaycan milli komandası xarici komanda ilə futbol oynayır. AzTV-nin idman şərhçisi Altay Əliyev də tamaşaçılar üçün reportaj verir. O da çox sürətlə danışırdı. Bir də görür ki, şərhçilərin oturduğu otağın qapısı açıldı. Baş məşqçi Ağasəlim Mircavadov özünü hövüllü saldı içəri ki: “Ay Altay, bir az yavaş danış da... futbolçular sənə çatdırmır”.  İndi, ay Mahir, gəl yazıların səhifədə heç olmasa bir gün qalsın da... Oxucular çatdırmır axı...”.

İndinin özündə deyəndə ki, başım ağrıyır, dostlar sevinir. Bilirlər ki, nəsə yeni bir yazı gəlir. Necə ki, bugünəcən 1 roman, 3 povest, 17 hekayə, 500-ə yaxın bədii-publisistik yazı, 56 şeir tərcüməmin, yeddi kitabımın çapdan çıxmasına seviniblər.

 

–Gəlin, bu müsahibəmizi elə sizin öz üslubunuzda bitirək. Növbəti 50 ildə başınızın hər gün ağrımağını, yeni-yeni əsərlər, ilə iki yox, daha çox kitab çap etdirməyinizi, oxucu məhəbbəti arzulayırıq. 50 yaşınız mübarək!

 

-Çox sağ olun. Təşəkkür edirəm. Mən də Xəlil Rza Ulutürkün təbirincə sizə cavab verim: “LAYİQ OLUM”.



Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər