Modern.az

Ayağınızı paltonuza görə uzadın…

Ayağınızı paltonuza görə uzadın…

Ədəbi̇yyat

1 Dekabr 2016, 15:08

Emin Akif


Payızın qocalıq çağıdır, ağzının dadı dəyişib, bilmir ki, yağsın, yoxsa yağmasın. Qış evimizin içindən gəlhagəldə olduğunu bildirir. Əvvəlcə evin qızmadığını görüb qazı çoxaltmaq istəyirəm amma alınmır. Boğazdan yuxarı oxumaq ya qışqırmağa, ya da quş buraxmağa səbəb olur. Yəni, qazı ha zorlasan da xeyri yoxdur, çoxalmır da, çoxalmır. Bu məqamda televizordan "Tarif Şurası qazın və işığın qiymətini qaldırdı" sədası tüklərimi qaldırsa da, sobanın heç qaz gələn yerinə də olmadı. Nə vecinə e, sən yazdığını yaz, gör sayğac nə yazır. Xoşqədəmi çağıra bilsəydim, o iynədən vurub "qalxmağa" qoymazdı bu qiymətləri. T-arifə bir işarə bəsdir, bəs söhbət hansı işarədən gedir? Onu atalarımız bilər, mən başımdan böyük danışa bilmərəm. Bircə onu bilirəm ki, alternetiv qızınmaq yolu kimi qadın qucağı idealdır, lap oğurluq (levı) qaz kimi, nə sayğac yazı, nə də kəsən var.

Qəfil yadıma, bir hadisə düşür. Bir kişi arvadını tövlədə polislə tutmuşdu, arvadını öldürmüşdü, polis də kişini tutmuşdu.

Təbii ki, taleyin bu amansız oyunundan quru çıxan yeganə canlılar atlar olmuşdu. Amma düşünəndə ki, qızınmaq üstündə bir qadın o dünyada, bir kişi də bu dünyada 15 il həbsxana həyatı yaşayacaq, adamın ürəyi boğazına dirənir.
Sonra yaddaşımın bu xatırlatmasından bizim Bəhram Bağırzadənin "Başınız qaşınır, dişləriniz saralır, “pi ənd gi” məhsullarından istifadə elə, Azərbaycan sınayır, sən də sına!" sözlərini eşidib qayıdıram dünyaya. “Bizim Bəhram Bağırzadə” ona görə deyirəm ki, günün ən azı 12-14 saatı Bəhram məllim bizimlədir. Arada elə bilirəm, evimizdə 3 nəfər yaşayır: Mama, mən, Bəhram Bağırzadə. Hətta, “Neftçi” futbol klubunun rəhbərliyindən də uzaqlaşdırıldı bizim bu doğma simamız. Xalq uğrunda özünü fəda elədi, Bəhram bəy.

Elə bütün bu ardıcıl başağrının içindən baş dağıtmağa çölə çıxıram. Çöldə də bir bədxəbər qonşu imkan vermir.
- Akif, bala, xəbərin var nə olub?
- Yox, ay xala, hansı xəbəri deyirsən? ( Guya ki, xəbərlərimiz azdır, guya mən xəbər oxumuram) - Çörək də bahalaşacaq Akif. Deyirlər, 80 qəpik olacaq.
- Ay xala, qoy siqaretimi çəkim, bu zəhəri daha da zəhər eləyib tündləşdirmə, onsuz da güclə yüngül siqaret çəkməyə başlamışam.

Boş söhbətdir, dövlət imkan verməz ki, süni qiymət artımı olsun. Çörək də qaz deyil ha. Təsəvvür edirsən, atalar məsəli yaranar, çörəyi ver çörəkçiyə, 40 qəpik də əlavə. Belə şey ola bilməz.

Zəhərlənib qanıqara girirəm evə. Hə, hərdən bütün bu probləmləri qırağa qoyub (çətinliklə də olsa) Adəm və Həvva haqqında dərin xəyallara dalıram. Doğurdan da Adəmin Həvvanın güdazına gedib almadan yeməyi, cənnətdən qovulmağı realdır. Guya indiki zamanda azdır bu cür cənnətdən qovulanlar? Qadının almalarına uyub öz ailəsini dağıdan Adəmlər o qədərdir ki...

O gün bir kişi ağlaya-ağlaya "arvadım başımı xarab eləyib, özünü başqa qadınlarla müqayisə edir, məni də başqa kişilərlə". Deyir, “sən necə kişisən ki, mənə qır-qızıl, şuba ala bilmirsən? Kişi boyunu yerə soxum”.


Dayıya içdən susdum, həqiqətən də bu adamlar elə ta ilk insan düşüncəsində qalıblar.

Niyə Azərbaycan ailəsində özünü başqalarıyla müqayisə etmək və eyniləşdirmək həvəsi bu qədər güclüdür? Filankəsin əri, Əhmədin arvadı, xalxın uşağı. Ailə dövlətdirsə, hər dövlətin də öz qayda-qanunu olmalıdır da. Niyə başqalarının konstitusiyasına can atırsınız? Ayağınızı paltonuza görə uzadın, şubaya imkan çatmırsa.
Müasir dillə qadını izah eləsəm, bunu yaza bilərəm. Qadın kompüter kimidir, gərək arada format edəsən. Əgər kişini izah eləsəm, kişi wi-fi kimidir, evdən qıraqda tutmur. Həyatın bütün xoşbəxt anları şokolad kimi, pis anları isə çay kimidir. Yəni, həmişə belə olur, şokoladı yeyib qurtarırsan, amma çay qurtarmır.

İndi sizə də gələn yazıya kimi şokoladınızı bol, çayınızın isə qədərində olmasını arzu edirəm. Aqil Abbas demiş, dədəmin goruna internetdə 932 dəfə söyüblər. Xahiş edirəm, o söyüşləri yazılarımı oxuyub mənə etdiyiniz duaları Aqil müəllimə tuşlamaqla silin getsin. Heç kim heç kimi söyməsin. Hamınız qışa hazırlaşın, bir-birinizlə qucaqlaşmağa, isinməyə.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!