Modern.az

Mahir Qabiloğlu - fikir gəmisinin mahir kapitanı

Mahir Qabiloğlu - fikir gəmisinin mahir kapitanı

2 Dekabr 2016, 13:08

Təxminən əsrin dörddə biri qədər illəri əhatə edən müddət ərzində Azərbaycan Yazıçılar Birliyi, AzTV, “Space” Televiziyası və “Xalq qəzeti” kimi mötəbər yaradıcılıq qurumlarında çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kamil informasiya jurnalisti  kimi tanınıb. Son bir neçə ildə isə ölkə oxucusuna kifayət qədər oxunaqlı yazılar təqdim etmiş publisist kimi hamı tərəfindən  qəbul edilir və maraqla qarşılanır.  Sırf özünəməxsus olan keyfiyyətlərindən biri də odur ki, ədəbi yaradıcılığına  münasibətdə jurnalistika qarşısında göstərdiyi məsuliyyəti unudur. Bəlkə bunu jurnalist kimi fəaliyyət göstərərkən konkret vəzifəsinin olması, ədəbi yaradıcılıqda isə tam sərbəstliyi ilə əlaqələndirmək olar. Fakt isə ondan ibarətdir ki, daha peşəkar olduğu ədəbi yaradıcılıqla ciddi məşğul olur. İnsafən, ortaya qoyduğu nəsr nümunələrinin və ruscadan dilimizə tərcümə etdiyi  şeirlərin hamısı həqiqi ədəbiyyat nümunələridir... Söhbət Mahir Qabiloğludan gedir.

“Atam Qabilin qəribə əhvalatları”, “Ərmən – Şuşanikin sevgisi”, “Cəncəhim”  (roman),  “Qurd yağı” və “Sandıq” kitablarının hər biri özünəməxsus müzakirələrə səbəb olmuş Mahir Qabiloğlu ünvanına söylənilən tərif və tənqidləri olduqca səbr, təmkin və səmimiyyətlə qəbul edib. Onun fikrincə, haqqında bir kəlmə də olsun tərif və ya tənqid səsləndirilməyən o qədər yeni kitablar var ki... Bilirsiniz, həmin kitablar haqqında nə üçün bir kəlmə də olsa demirlər?  Çünki heç kəs oxumur. Mahir isə, həqiqətən, öz oxucu auditoriyasını tapmış, başqa sözlə desək, formalaşdırmış müəlliflərdəndir.  Səmimiyyət xatirinə yada salım ki, onun oxucularının çox olmasını atası Qabilin kölgəsi ilə bağlayanlar arasında mən də var idim. Kitablarını oxuyandan sonra isə həmin fikirdən tamamilə əl çəkdim. Üstəlik, onun Qabil yaradıcılığını hansı səviyyədə qoruduğunu və təbliğ etdiyini görəndə “əhsən!”- dedik.  “Cəncəhim” haqqındakı tənqidi fikirlərimi də  kitabın  müsbət  cəhətlərini sadaladıqdan sonra qələmə almışdım.

Mahirin “50 yaşında mən...” adlı altıncı kitabı barədə söz açmazdan əvvəl məşhur ingilis filosofu və siyasətçisi Frensis Bekonun  ( 1561-1626)  bir deyimini yada salmaq istəyirəm. O deyibmiş:  “Kitablar – zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”. Nə üçün kitab haqqında deyilmiş minlərlə kəlam arasından məhz bunu yada saldım? Çünki Mahirin altıncı kitabı, sözün həqiqi mənasında, nəsildən-nəsilə ötürülməli və gələcəyə çatdırılmalı olan  çoxsaylı fikirlərlə yüklənmiş, həm də çox ehtiyatla ( daha doğrusu, ustalıqla) gedən  bir gəmi timsalındadır. Bu gəminin “suya buraxılmaq” mərasimi olmadı. Amma, yolun  o biri başına, lazımi mənzilə çatmasının özünəlayiq mərasimi  olacağına inanırıq.

Xatırladım ki, təkcə akademik Əhliman Əmiraslanov və SSRİ Xalq artisti Zeynəb Xanlarova haqqında yazılmış, həm də kitabın əvvəlində verilmiş məqalələr bu “gəmi”nin yükü haqqında kifayət qədər təsəvvür yaradır. Mahir  rəsmiyyət xatirinə Əhliman Əmiraslanovun  iyirmiyə qədər titulunu sadalayır və sonra bilavasitə mahirsayaq məntiqlə onların hamısını bir kənara qoyaraq, qəhrəmanını təqdim edir: “həkim, alim, müəllim”. Yəni, yazıda  orijinallıq, özünəməxsusluq nümayiş etdirir.  Zeynəb Xanlarova haqqında qələmə aldığı yazıda isə özünün deyil, qəhrəmanının yaradıcılıqda orijinallığını qabardır. Özü də uğurla.  Məqalənin “Zeynəbi Zeynəb edən cəhət” adlı bölməsinin ilk abzasına  nəzər salaq: “ Tərpənmə. Sağ əlini royalın üstünə qoy. Sol əlini də onun üstünə. Nəbadə yerindən tərpənəsən. Başını tərpədə bilərsən. Üzünün cizgilərini də.Vəssalam”. Bu, sovetin qəbul olunmuş səhnə mədəniyyəti idi. Əsasən də müttəfiq respublika ekranlarında  tətbiq olunurdu. Mən Mərkəzi Televiziyada  buna rast gəlmirdim”.  Bu cümlələrdən sonra Mahir oxucuya təlqin edir ki, Zeynəb Xanlarova SSRİ səhnə mədəniyyətində həqiqi bir inqilab etmiş, o inqilab isə Zeynəbi Zeynəb etmişdir.

Beş onillikdə 6 kitab yazan, növbəti kitabı isə cəmi on aya ərsəyə gətirən – oradakı bütün yazılar 2015-ci ilin avqustundan  bu il iyunun 1-dək qələmə alınmışdır – Mahir Qabiloğlu kitabın adı ilə bağlı ortaya çıxacaq sualları əvvəlcədən bilirmiş kimi qabaqcadan izahat verir:  “Atam özünün 50, mənim isə 10 yaşım tamam olanda  belə bir şeir yazmışdı:

Əlli yaşında mən, on yaşında sən...

Sən – yaşıl tumurcuq,  mən – sarı yarpaq.

Əlimdən sürüşən ömürdən-gündən

Əlimdə-ovcumda bir sənsən ancaq.

İndi isə mənim 50 yaşım tamam olur, atam isə 10 ildir ki, haqq dünyasındadır”.

Bu məqamda mənim qənaətim. Mahir Qabiloğlu təsəlli tapmalıdır ki, atası dünyada olmasa da, qələm indi onun əlindədir. Bu təsəllini bir statistika ilə daha da möhkəmləndirə bilərik. Belə ki, son iki il dörd ayda  “Modern.az” saytında Mahir Qabiloğlunun 350-dən artıq yazısı verilib. Həmin yazıların 60-70-ni oxuyan bir adam kimi çəkinmədən deyə bilərəm ki, o məqalələrin böyük əksəriyyəti məhz gələcəyə fikir aparan gəminin yükü olmaq çəkisinə malikdir.

İndi isə yazıda bir neçə dəfə səsləndirilən “əlli” sözü haqqında. Qədim yəhudi mənbələrində əlli sözü yubiley kimi – daha doğrusu, “yuvel” şəkilində ifadə edilir. Çünki  satılmış və girov qoyulmuş torpaqların öz sahibinə qaytarıldığı, qullara azadlıq  verildiyi, borcluların borcunun bağışlandığı gün Musa peyğəmbər, Tövratın növbəti hekayətini xalqa oxumuş və elan etmişdi ki, bu gündən etibarən yeddi dəfə yeddi il ötəcək və  ondan sonra gələn il (əllinci il-red.)  yubiley olacaq. Yəni, Mahir Qabiloğlu da yubiley ərəfəsindədir, 50 yaşı tamam olur. Hörmətli həmkarımızı həm yubileyi münasibətilə, həm də fikir yüklü altıncı gəminin suya buraxılmasıyla əlaqədar təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir