Modern.az

Dotasiya verilməyən rayon: İsmayıllı özünü necə dolandıracaq? - AÇIQLAMA

Dotasiya verilməyən rayon: İsmayıllı özünü necə dolandıracaq? - AÇIQLAMA

2 Dekabr 2016, 13:45

2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 642,4 mln. manat proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin məlumata görə, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcək. 

Bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır.

Gələn ilin büdcə layihəsinə görə, yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-ə çatdırılıb.

 

Modern.az bu gündən etibarən dotasiya ayrılmayacaq hər bir rayon və şəhərin hansı mənbədən maliyyələşəcəyilə bağlı məlumatlar təqdim edəcək.

 

İlkin olaraq İsmayıllı rayon icra başçısının müavini Rövşən Ağayev Modern.az-a deyib ki, rayona dotasiya ayrılmamasına baxmayaraq, özünü maliyyələşdirmək iqtidarındadır:

 

“Rayon yerli gəlirlər hesabına maliyyələşəcək. Əvvəl dövlət büdcəsinə ödənilən tədiyyələr, məsələn, fiziki şəxslərdən gəlir vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, dövlət rüsumu və nəzərdə tutulan digərləri üzrə daxilolmalar bizim xərclərimizi bağlayacaq”.

 

Rayon rəsmisi müəyyən çətinliklər olacağını istisna etməyib:

 

“Ola bilər ki, bir qədər çətinlik yaransın. Amma növbəti ildə açılacaq müəssisələr hesabına onlar da öz həllini tapacaq. Bu baxımdan hər hansı problem yaşanması gözlənilmir.

 

Çünki 2017-ci ildən etibarən “İsma Bikes” Velosiped Zavodu tam gücü ilə işləyəcək, kənd təsərrüfatı emalı müəssisələri: qablaşdırma, soyuducu anbarların tikintisi həyata keçiriləcək. Həmçinin, üzüm emalı zavodunun tikintisi nəzərdə tutulub, süd emalı zavodunun tikintisinə start verilib. Bundan başqa, planda otel kompleksinin tikintisi də var. Bunların hamısı gəlir gətirən sahələrdir. Ona görə də ümumilikdə büdcədə heç bir gərginlik olmayacaq”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir