Modern.az

"Mənim kəndim" - “Böyük qardaşım arı sancmasından, kiçik qardaşım isə əsgərlikdə öldü ”

"Mənim kəndim" - “Böyük qardaşım arı sancmasından, kiçik qardaşım isə əsgərlikdə öldü ”

3 Dekabr 2016, 10:09

Kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edirik. Bu çağdaş poeziyamızın təbiət şairi sayılan Musa Yaqub anadan olduğu İsmayıllı rayonunun Buynuz kəndi və oradakı uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: Musa Yaqub o yerləri, o illəri belə xatırlayır: 

 

Mənim kəndim-Haqq məkanı

 

Buynuz kəndi mənim taleyimdir. Kənd sənin taleyinə dönəndə, ömrünün içində keçəndə heç vaxt ondan doymaq olmur. Bütün qəhrəmanlarım – ağaclarım, dəyirman daşlarım, Haqq tərəzilərim-hamısı ora məxsusdu. Ömrümü kəndə bağlamışam, dünyanı orada görmüşəm. Dünyada  Buynuz kimi gözəl kənd görməmişəm. Hər insanın arxalandığı bir sığnaq var. Ora da mənim sığnaq yerimdir: hər zaman kəndimə arxalanmışam.

 

“Bu dünyanın göyərməyən qara daşı” da, “içimdən keçirtdiyim payızı” da  ordadı. Qara daşımın, qızılı payızımın olduğu kənd taleyimdən necə qopa bilər?! Taxta tərəzimiz var idi. Dünyanın hər şeyini o tərəzidə çəkərdik. Çünki düz işləyirdi, düz vururdı, o tərəzi. Bir şeirimdə yazmışdım:“İrili xırdalı yumurtalarla, toyuq günahını çəkmək olurdu. Mən toyuq günahını çəkən tərəzini yalnız o kənddə gördüm...

Kəndin kənarında salxım söyüdlər uzun cərgə yaratmışdı. Cərgə söyüdlüyün dibindən arx gedərdi. Ona görə də, söyüdlər uzun müddət yamyaşıl qaldı, suya sallandı. Bir dəfə arx qurudu, ondan sonra bütün ağaclar da yandı:

 

Həmişə nəğmətək suda uyuyan

İndi çərxi dönüb arxı quruyan

Bir yağışa həsrət söyüdlər kimi

Edə bilmədiklərim yandırar məni...

Özümə verdiyim öyüdlər kimi

Eləmədiklərim yandırar məni

 

Dediyim misralar bax, o kəndin o arxından keçib gedir... Ruhum o kəndin arxından üzüb keçir.. Necə unuda bilərəm o kəndi?!

 

Payız və kənd

 

Buynuzun payızda qızılı rəngə bürünən meşəsi heç zaman yadımdan çıxmaz. O meşə də, o qızılı rəngli payız yarpaqları da mənim misralarımdı. Bir şeirimdə yazmışdım: “Min-min belə payız keçəcək, bir də həmin payız qayıtmayacaq”.

Payızlar da biri-birimdən fərqlənir. Bizim kəndin payızından isə heç yerdə yoxdu! O tamam fərqli payızdı. Oranın payızına ömür kimi, tale kimi baxıram. O payız da bir ömür idi, onu da yaşamışam. Göyçay çayı kəndimizin yanından keçərdi. Payızda yağış yağıb çayı bulandıran kimi gəlinlər-qızlar səhəngi götürüb çaya düşərdilər. Orada təbiət möcüzəsi yaşanardı:  çay bulanaraq daşsa da, bir də görürdün, 20-30 metr kənarda dumduru, ayna kimi bulaq çıxdı. Sehrə bax, bir qıraqda bulanıq çay, o biri tərəfdə isə gözyaşı kimi bulaq suyu. Çox yerlərdə olmuşam, amma bu cür möcüzəni ancaq Buynuzda görmüşəm.

 

Hər gün kəndimin ağaclarını, gül-çiçəklərini, daşlarını xatırlayıram. Ağaclar çox olur, sayı-hesabı bilinməz. Hamının adı da yoxdu, nişan vermək üçün filan yerdə bitən filan ağac deyərlər. Mən də bir ağac kimi Buynuzda bitmişəm.

Payızın hökmüylə əsdi bir külək, 
Bir yaşıl səltənət çovğuna düşdü. 
Ağaclar bir yaş da qocaldı demək, 
Bir yarpaq nəsli də qırğına düşdü.

 

Aldı verdiyini geriyə torpaq, 
Qazancı nə oldu bağın-bağçanın. 
Bir yarpaq boy atdı körpə bir uşaq, 
Ömründən bir yarpaq düşdü qocanın.

 

Uşaqlığımın  “Qar dağı” –Qarlı dağ

 

Atam-babam Buynuz kəndinə dağdan eniblər. Elə Buynuzun özü də dağ kəndi, ancaq bir az enişdədir, köçüb orada yuva salıblar.  Balaca bir evimiz var idi. İndi o ev yoxdu, yerində meyvə ağacları var, bir də göyərti əkirik. Həmin yerdə bitən göyərtilər başqa yerlərdəkindən daha ləzzətli olur. 

 

O evi,  o günləri xatırlayıram...  Xatırlayıram ki, evimizdə çox istədiyim əmim var idi-Əhməd əmim. Bir gün elə qar yağmışdı ki, gəl görəsən. Hər yer ağappaq qar idi. Əmim məni qarın üzərinə buraxdı, əlimi uzadırdım qarın üstündən torpağa çatmırdı. Əmim kirşəni sürüşdürmək üçün qardan “dağ” topaladı, oradan aşağı sürüşürdüm. Qar çox gedəridi, tez əriyib yoxa çıxandı. Amma o “Qar dağı” sonradan da qaldı. Əmim dünyasını dəyişdi, amma yenə də tam ərimədi. Nə zaman gedərdimsə, həmin qar dağından az da olsa, nəyinsə qaldığını görərdim. Çox soyuq idi, amma mənə əmimi xatırlatdığı zaman isinərdim.

 

İlk dərs günü, aclıq illəri, lənətə gəlmiş müharibə

 

Yadımdadır, aclıq illəri idi... Amma ayaq üstə dururduq, dözürdük. Ümidimiz böyük idi. Kolxoz ailələr arasında taxılı bölüşdürürdü, hər evə nə qədərsə pay düşərdi. Verərdilər ki, birtəhər qışdan çıxaq. Xatırlayıram, o taxılın arasında adına dəlicə deyilən xüsusi dənli bitki var idi. Ondan da hər ailəyə vermək üçün  üyüdüb kəndə gətirdilər. Ondan yedi-yemədi, az qala bütün kənd “məst oldu”, o bitki hamının sağlamlığına təsir göstərdi. Bacım körpüdən yıxıldı, əmim 4-5 gün yataqdan qalxa bilmədi. Sağalandan sonra o taxıl bitkisini əlinə götürüb dedi, ay zəhrimar, sənin nə  boyda hünərin varmış ki, hamını birtəhər elədin. Amma biz qışdan çıxdıq... Çətini yazağzı göy-göyərti çıxana qədər idi. Ondan sonra daha bizə zaval olmazdı. Poemamda da bunu yazmışam: göyərti bitdisə, daha aclıq günləri qurtardı.

 

“Yağış”lı dərs

 

Birinci sinfə 6 yaşım olanda getdim, müharibənin axırıydı. Kəndimizin böyük məscidini məktəb eləmişdilər. Mən də o məktəbə getdim-evimizə çox yaxın idi. Yadımdadır, bir gün möhkəm yağış yağırdı. Həyətə çıxmaq mümkün deyildi. Amma evimizə yaxın olduğu üçün birtəhər məktəbə getdim. Bir Məcid müəllimimiz var idi, gördüm, sinifdə ondan başqa heç kim yoxdu. Məni islanmış vəziyyətdə görüb əsəbiləşdi ki, a bala, bu yağışda niyə məktəbə gəlmisən?! İndi də, yaşımın bu çağında da möhkəm yağış yağanda elə bilirəm ki, məktəblərdə dərs olmayacaq...

Məktəbdə çox yaxşı oxumuşam. Ona görə də birinci sinifdən birbaşa üçə keçirdilər. Amma sonradan dördüncü sinifdən üçə endirdilər. Səbəbi o idi ki, üçüncü sinifdə uşaq çatışmırdı... Müharibə siniflərdən uşaqları da oğurlamışdı...

 

Qırışlı əzablar, yaxud, atamı xatırlayarkən

 

Atama iki şeir həsr etmişəm: biri “Atamın xatirəsinə” adlanır. Atam öz zəhmi, mehribanlığı ilə birlikdə o şeirlərdədir. Bir gün bacımla kəndə yaxın meşəyə getmişdik-meşədən odun yığıb, belimizə şəlləyib evə gətirərdik-necə oldusa, axşam çox gec döndük. 

Evə qayıdanda gördük ki, atam artırmada dayanıb, dinmir. Elə üzündəki zəhm bizi hədələyirdi. Yaxınlaşanda dedi, yaxşı gəlmisiz, hardaydız bu vaxta qədər? Dedik, dədə, vallah, meşədən qayıdanda qarşımıza şabalıd ağacı çıxdı. Tər şabalıdlar yerə tökülmüşdü. Biz də 3-4 kilo yığdıq, ona görə gecikdik. Atam dedi ki, hə, onda gəlin, şabalıda görə gecikmək olar. Şabalıd qanımızın arasına girdi (gülür). Belə yaşayırdıq, belə böyüyürdük...

 

“Evin kişisi”

 

Anamı evin kişisi saymışam. “Anamın qəbrinə layla” adlı şeirimdə onun zəhmətkeş qadın kimi obrazını  yaratdım: “a zəhmətkeş kişi, layla.. Doğrudan da, “zəhmətkeş kişi” idi. Anam bizi qeyrətlə böyütdü. Ona görə də biz- müharibə dövrünün uşaqları 3-4 yaşımızda aclıqla birlikdə, qeyrətin də nə olduğunu bilirdik. Kişilərin demək olar hamısı müharibədə idi, meydan qadınlara qalmışdı. Onlar da qeyrətləri ilə bu meydanı boş qoymadılar. Çarpışdılar, döyüşdülər... Anam 35 yaşında dul qaldı. Amma bizə heç vaxt yetimliyimizi hiss etdirmədi.

 

Bir gün mənə ayaqqabı alıb evə gəlirmiş. Təsadüfən qarşısını kolxoz sədri kəsib. Acıqlanıb ki, niyə işə getməmisən, o nə ayaqqabıdır? Anam deyib uşağa almışam, qoy çarıq geyməsin. Elə onu demişdi ki, kolxoz sədri gəlib ayaqqabını alaraq, kolun içinə atıb. Qışqırıb ki, mənim oğlum Rüstəm ayaqqabı geymir, səninki də geyməsin. Amma anam da sözündə bütöv idi. Tez gedib, ayaqqabılarımı kolun içindən götürüb və deyib ki, mənim oğlum daha çarıq geyməyəcək. O vaxtdan sonra bir də çarıq geymədim... Anam belə qadın idi: bizə yetimliyimizi hiss etdirməyən qadın.. (kövrəlir)

 

Yaşca böyük bir qardaşım olub. Mən təzə dünyaya gələndə onu arı vurub, dünyasını dəyişib. Məndən yaşca kiçik olan bir qardaşım da var idi. Ukraynada hərbi xidmət keçəndə bilmədik nə baş verdi, nələr oldu, amma qardaşım vəfat etdi. Gedib qardaşımı orada dəfn etdik. İndi də məndən kiçik bir qardaşım, bir bacım var. Qardaşım Buynuzda yaşayır. Güclü riyaziyyat müəllimidir... Bizim hamımızı, həmin o kişi qeyrətli qadın öz əlinin qabarı ilə böyüdüb...

 

Səhəngsiz sevgi

 

Xatırlayıram, uşaq idim, görərdim ki, kəndimizdəki hansısa qız bulaqdan səhənglə su gətirdi, onu harasa boşaldaraq, səhəngi çiyninə alıb yenidən bulağa qayıtdı. Bu, bir neçə dəfə təkrarlanardı. Onda ağlım kəsməzdi. Sonradan anlayardım ki, işin içində iş var-qızı ora aparan onun sevgisiymiş. Mən elə sevgiləri də görmüşəm-səhənglə gələn sevgiləri... Bayaq dedim, bulanıq çayın yanından  dumduru bulaq axardı. Bax, bizim kəndin qızlarının sevgiləri də o bulaq suyu tək tərtəmiz olardı. Amma mənim sevgim “səhəngsiz” olub. Qonşumuzun qızını sevdim, onunla da evləndim. Heç vaxt da peşman olmadım. Bircə ona peşmanam ki, o məndən qabaq getdi...

 

Təmizlik suyunda çimir çöl, çəmən,

Mərdlərin çiynində durur bu həyat.

Ulu təbiətim, yaman xəsissən,

Yaxşı adamları bir az çox yarat.

 

Arxı bir, çarxı bir

 

İndi məşhur bir deyim var-multukulturalizm... Vallah, bizim kənd elə o vaxtdan əsl multukulturalizm nümunəsi olub. Dörd  yanaşı kəndin adamları dörd dildə danışardı-kimisə türkcə, kimisə lahıcca, kimisi də başqa azsaylı xalqın dilində-amma onları nə din, nə də dil amili ayıra bilmədi. Çünki torpaqları bir idi, arxları bir idi. Eyni torpaqdan güc alıb, eyni arxın suyundan içirdilər...

 

 

“Məni burax, böyürtkən kolu”

 

1973-cu ildə Buynuzdan çıxıb Bakıya gələndə çox qəribsədim. O vaxt kənddən çıxhaçıxda qarşımı bir böyürtkən kolu kəsdi, qolumdan yapışdı. Bir şeirimdə bunu yazmışam.

 

Getdim, çox yerləri dolandım. Universitet oxudum, böyük şəhərdə işlədim. Amma kəndimizə qayıdanda fərqinə vardım ki, oradan gözəl yer yox imiş. Buynuzla aramızda qalan zaman müddəti bizi daha da doğmalaşdırmışdı, kəndi gözümdə daha da gözəlləşdirmişdi. İndi də o doğmalığı özümdə daşıyıram. Mənim üçün tək yaşamaq çətindi. Yoxsa, oradan heç qayıtmaram. “Mənim kainatım” adlı şeirlər kitabım çıxmışdı. İrad tutanlar da olmuşdu ki, kəndi necə kainat kimi görmək olar. Amma mən damlada ümmanı görmüşdüm. O kənddə-oranın dəyirmanında, tərəzisində düzgünlüyü görmüşdüm.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi