Modern.az

Ermənilərin “milliyyət və diniyyət məsələləri”, yaxud Ceyhun Hacıbəylinin həyəcan təbili

Ermənilərin “milliyyət və diniyyət məsələləri”, yaxud Ceyhun Hacıbəylinin həyəcan təbili

3 Dekabr 2016, 11:17

XX əsrin əvvəllərində, xüsusi ilə 1905- ci ilin fevral  və  avqust aylarıda Bakıda ermənilərin  azərbaycanlalılara qarşı tötətdiyi vəhşiliklərdən sonra Qafqazda erməni və rus dillərində  nəşr olunan çoxsaylı erməni qəzetlərində, eləcə də ermənipərəst rus qəzetlərində azərbaycanlıların ünvanına böhtan xarakterli yazıların sayı kəskin şəkildə artmağa başladı. Bu, çirkin təbliğat maşınının işə salınması  əslində ermənilərin  azərbaycanlılara qarşı növbəti – 1918- ci ildə törədəcəyi  soyqırımın  ideoloji- hərbi bazasının  hazırlığına bir start idi.  Erməni himayəsində olan mətbuat orqanları açıq-aşkar erməniləri silahlanmağa, yerli özünümüdafiə dəstələri yaratmağa,  hətta hakimiyyəti bu işdə məzlum ermənilərə yardım göstərməyə dəvət edirdi. Bu çirkin kompaniyaya qarşı azərbaycanlı ziyalılar, xüsusi ilə Ceyhun Hacıbəyli qətiyyətlə müqavimət göstərir, mübarizə aparırdı.  Ceyhun bəi sanki yaxın iki- üç ildə xalqımıza qarşı missli gürünməmiş bir vəhşiliyin, qətliamın törədiləcəyini duymuşdu...

 

Həyəcanlandırmaq, düşündürmək, səfərbər etmək, istiqamətləndirmək  kimi məziyyətləri, eyni zamanda bədii sözün gücündən məharətlə istifadə etmək bacarığı ilə diqqəti çəkən C.Hacıbəyli  publisistikası mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi dəyəri ilə mühüm əhəmiyyət kəsb edir. Ceyhun bəyin təkzibolunmaz tarixi faktlara, rəsmi statistikaya, sanballı sənədlərə istinad edərək cəsarətlə qələmə aldığı və  dövrün mətbu orqanlarında dərc etditdiyi   yazılar bir həyəcan təbili idi və çox ibrətamizdir.  Müəllifin  “Sərhəddə”  adlı məqaləsindən ( “Kaspi” qəzeti №18, 23 yanvar 1915) aydın olur ki, bir sıra Qafqaz qəzetləri İranla sərhəddə yerləşən xristian əhalisinin (ermənilər nəzərdə tutulur - T.A.)  silahlandırılmasını, yerli müdafiənin təşkilini canfəşanlıqla təbliğ və müdafiə edirlər. «Həm rus dilində, həm də başqa xalqların dilində çıxan bir sıra qəzetlər ali hakimiyyət orqanlarını bu məsələnin müsbət həllinə çağırır, bu zaman onu əsas tuturlar ki, İranın vəhşi tayfaları bizə hücum edən təqdirdə, sərhəd vilayətlərindəki xristian əhali basqınçıların zərbəsinə məruz qalacaqlar». C.Hacıbəylini təəccübləndirən, təəssüfləndirən həm də odur ki, Arazın o tayından gözlənilən təhlükəyə daha çox məruz qala biləcək əhalinin həyəcanı bu çalınan səslər arasında» eşidilmir».

 

Müəllif yazır ki, qəzetlərin xristian pərdəsi ilə təqdim etdiyi əhali əsasən ermənilərdən ibarətdir. Onların yerləşdiyi yaşayış məntəqələri üçün heç bir real təklükə yoxdur. Bu kəndlərin əksəriyyəti dağlarda yerləşir və ora getmək üçün hökmən müsəlman kəndlərindən keçmək lazımdır. «Bax, bütün bunlar silahlanmağa, xristian əhalisini özünümüdafiəyə hay-küylə çağıran qəzetlərin diqqətindən niyə yayınmışdır? Yoxsa. yenə müsəlman həmrəyliyi ifadəsi rəhbər tutulur? Doğrudanmı, belə fikirləşirlər ki, münasib məqamda sərhəddi keçən şahsevənlər öz müsəlman qardaşlarının başlarını sığallayacaqlar?» C.Hacıbəyli çox böyük məharətlə opponentlərinin mənfur niyyətlərini faş edir. Bu zaman o hay-küylü, pafoslu ifadələrdən yox, ağılın, məntiqin, faktları gücündən istifadə edir: «Hər hansı Qafqaz qəzetini götürün və sərhəd komissarlığının məlumatlarını izləyin: şahsevənlərin hücumuna məruz qalan müsəlmandır, mal-qarası sürülüb aparılan müsəlmandır. Әn yaxşı müdafiə işi görüldüyünə görə bu günə kimi erməni kəndlərinə heç bir ziyan dəyməmişdir».

 

Müəllifin fikrincə, quldur üçün heç bir din, dil fərqi yoxdur. O yolunun üstündə hansı kəndin-xristian, ya müsəlman kəndinin olduğunun fərqinə varmayacaq. Onun bir şüarı var: «Talan etmək», «Quldurda başqa stimul, ideya axtarmaq ən azı sadəlövhlükdür. Quldurların basqınında müsəlman həmrəyliyi, dözümsüzlüyü» axtarmaq ən azı gülüncdür. C.Hacıbəyli böyük kədərlə yazırdı: «Erməni-tatar qırğını zamanı qarışıqlıqdan istifadə edən şahsevənlər Arazdan bu tərəfə keçmiş və Arazın kəndlərini talamışlar, hətta onların silahlarını da almışlar. Budurmu, müsəlman həmrəyliyi?”

 

Müəllifin qənaətinə görə, bütün deyilənlər onu göstərir ki, bəzi Qafqaz qəzetlərinin söylədikləri təhlükə daha çox sərhəddəki müsəlman əhalisi üçün realdır və ən əvvəl zərərçəkən onlar olacaqlar. Xristianları əslində təhlükə gözləmir. C.Hacıbəyli məqaləni belə yekunlaşdırır: Әgər ali hakimiyyət orqanları sərhəddəki xristian əhalisinin silahlanmasına razılıq versə, həmin tədbir müsəlmanlara da şamil edilməlidir. Yalnız bu şərtlə sərhəd əhalisinin silahlandırılması deyilən məqsədə xidmət etmiş olardı.

 

Bu   məqalə    ilə   Ceyhun    bəy    islam    «fanatizmi»,    «həmrəyliyi», «dözülməzliyi» ibarələri ilə hay-həşir salan, mətləbə dəxli oldu-olmadı islama hücum edənlərə layiqli cavab vermişdi. Maraqlı və təqdirəlayiqdir ki, C.Hacıbəyli öz fikrində, mövqeyində möhkəm, əməlində ardıcıldır. Toxunduğu mövzunu «taleyin ixtiyarına» buraxmır. Mətbuatda və ictimaiyyətdə onun əks-sədasını izləyir, lazım gələndə mövzuya yenidən müraciət edir.                                                                 

«Kaspi» qəzetinin 6 mart 1915-ci il tarixli 62-ci nömrəsindəki «Ordan-burdan» adlı məqaləsində oxuyuruq: «Әgər oxucu xatırlayırsa, sərhəd əhalisinin bir qismini silahlandırmağa həsr olunmuş məqaləsində demişdim ki, şahsevənlərin panislamist ideyasından qorxub əhalinin bir hissəsini silahlandırmaq, digər hissəsini taleyin ixtiyarına buraxmaq sadəlövhlük olardı. Elə bil ki, mənim o vaxt dediklərimi sübut etmək üçün qəzet səhifələri şahsevənlərin quldurluğundan bəhs edən materiallarla doldurulmuşdur».

 

C.Hacıbəyli müsəlman həmrəyliyi də hay-küy qaldıranlara qəzəbli suallarla müraciət edir: Quldurlar öz qurbanlarını seçmişlərmi? «Müsəlman həmrəyliliyi, onlarda öz dindarlarının həyatına və əmlakına qarşı az da olsa, mərhəmət hissi  oyatmışdırmı?» C.Hacıbəyli bütün faktları sadaladıqdan sonra nəticə çıxarmanı oxucunun ixtiyarına buraxır: «İndi ədalət naminə oxucu hökm çıxarsın: sərhəd quldurlarından daha çox kimin müdafiəyə ehtiyacı var?».

 

Maraqlı və diqqətçəkicidir ki, Ceyhun Hacıbəyli, bu mövzuda, həm də Azərbaycan dilində nəşr olunan mətbuat orqanlarında da yazılarla çıxış edir, erməni qəzetlərinin yazdıqlarını konkret və tutarlı faktlarla təkzib edirdi. Həmin yazılardan (“Yeni İqbal,” № 391, 25 avgust 1915) ixtisarla  oxucuların diqqətinə təqdim edirik.

 

Qarabağda quldur- qaçaq məsələsi

 

Əlbəttə, quldur olan kəs adətən “internasionalist” bir zat olduğundan hamıya bir gözlə baxır, heç kəsi ayırmıyor və həmişə də dişi batan yerə özünü verir, aciz tərəfə dəyib, dolaşır. Kim olursa olsun, müsəlman, erməni, yəhudi, gürcü, onun üçün təfavütü yoxdur. Görür ki, bir tərəfdə ona güclü müqabilə olacaq, ona girişmir, hansı tərəfə ki, əlsiz, ayaqsızdır, müqabilə etməyə lazımi binagüzarlığı yoxdur, ora özünü tıxıyor. Həmin bu quldurlardan sadəcə “psikoloji” olaraq həmişə müsəlman əhalisi çox zərər və əziyyət çəkir, nəinki başqa millətlər, Rus və ya erməni. Çünki bunlar əvvəla, yaxşıca müqabilə göstərməyə həmişə amadə.

 

Quldurların artıq tamahlığı onu bu il hərdənbir erməni kəndçilərinin də malına əl aparmağı vadar etmiş və müsəlman əhalisinə minlərcə olan xəsarət içində bəlkə bir ikisi erməni qonşulara dəymiş ola. Bir neçə nəfər erməni malı bəlkə getmiş ola. Baküdə nəşr olunan erməni “Arev” gaztəsi diyor: “Erməni kəndlərinin muhafizləri (!) və işlək xalqı müharibə vəziyyətindədirlər. Bizim kəndlərdə demək olar ki, kişi xəlayiqi bilmərrə yoxdur. Qonşumuz müsəlmanların qara qismi (!) bundan istifadə edərək (!) dinc və fəraqat əhaliyə təcavüz edib, onları qarət edib, dirlik vermiyorlar.”    

 

Digər erməni gaztəsi “Horizon” qaçaqlardan söz salıb diyor ki, adi polis məmurları burada bir iş görə bilməz, gərək qoşun gəlsin və nə inki yalnız qaçaqlara, onları “saxlayanlara” da şiddətli tənbeh olsun. Hərçənd “saxlayanlar” kimlər olduğunu demiyor, lakin məlumdur. Gaztə diyor ki, gərək erməni kəndlərinə tez tüfeng paylana ki, kəndlərdə qalan kişilər qaçaqlara müqabilə göstərsinlər. Yoxsa, böylə getsə, “sabah bizim kəndlər də böylə bir hərcümərc biruz edər ki, böyük Avropa müharibəsinin ən şədid məzalimi yaddan çıxar”.

 

Digər tərəfdən Qarabağ erməni cəmiyyətinin bir çox qismi, görünür ki, müsəlmanlara qədimdən bəslədikləri nəzərdən əl götürməyibdirlər. Və ona görə də adı müsəlman olan quldurların da eylədiyi əməlləri üçün cümləsi müsəlmanları məsul ədd ediyorlar. Necə ki, 28 iyulda Şirvanlı qəsəbəsində aşiqanə bir hadisədən naşi bir müsəlman ki, özü də sürgündəki yüzbaşı imiş. Öz bacısının namusunu müdafiə etmək qəsdiylə bir müsəlman və iki nəfər erməni saldatı öldürüb və bir müsəlman ilə iki nəfər ermənini yaraladığına görə doktor Levon Atabeyof cənabları 2-3 yüzə baliğ dəstə çəkib gəcə ikən özünü şəhər idarəsinin mənzilinə soxub və idarə üzvlərinin iclasında olan müsəlman qlasnıları ilə “danışmaq” tələb etməsi gibi. “Nə üçün müsəlmanlar (!) erməniləri qırırlar? Bu saat gərək Papacanofa, namestnikə kimə- kime telqraf vurulsun!”

Qaradsqoy qalava Gerasim Məlik Şahnəzərofun tədbirliliyi və müsəlman qlasnılarının soyuqqanlılığı və sülhpərəstləri olmasa imiş, yəqindir “millətpərəst” həkim tərəfindən böylə bir bica hərəkət  nəyə müncər ola bilirmiş. Və bundan əlavə avam xəlq arasında “ay müsəlmanlar, niyə bizi qoymuyorsunuz dinc oturaq, yoxsa elə güman eyliyorsunuz ki, bizim adamımız yoxdur?” Güya zarafatyana müntəşir bica sözlərdən də məlum olur ki, qonşularımızda saf qəlblik çox azdır. Buna görə də hər bir cüzi hadisəni ümumi müsəlmanlara isnad verib yerinə bildirməyə səy və təlaş ediyorlar. Halbuki təkrar ediyorum ki, əgər ermənilərə qaçaqlardan bir zərər dəyibsə, müsəlmanlara yüz və bəlkə mini dəyib.

 

Erməni gaztələrindəki “vaveylaya” səbəb olaraq indiyə kimi yalnız bir Malakan yolunda və Şirvanlı ilə Xaçın arasında olan vaqeləri gətirmək olarsa, onu demək olar ki, bu hadisələrdən “milliyyət” ve “diniyyət” məsələləri törətməyə heç bir dəlil yoxdur. Malakan yolunda məşhur Rəşid nam qaçqınla dəstəsi tərəfindən 5 nəfər erməni öldürülmüşdür. Çünki ermənilər onların yolunu kəsib 2 nəfər yoldaşlarını öldürmüşdülər. Və bu da məlum işdir ki, qaçaq olmayan kəs də böylə qanlısına intiqam etməkdən əl çəkməz.

 

İkinci hadisə ki, məlumdur, hadisə namus üstə olubdur. Buna da heç bir vaxt başqa rəng vermək olmaz. Diyorlar bu yaxında iki nəfər erməni yüzbaşısı qətl və qarət olubdur ki, bunlarda da güclü pul var imiş. Bu da aşikardır ki, qətl və qarət “milliyyət” üstə olmayıbdır, pul üstə olubdur. Və 22 min manatadək pulu aparan, istər lap şeyx və ya seyyid və ya molla olsaydı, genə həman erməninin gününə düşərdi. Böylə olduğu surətdə bir belə vaveyla çığırıb “qarğa məndə qoz var” məsələsi ortaya salmaqdan nə məqsəd?

 

Yaxşısı bu olmazmı ki, dinc və farağat, sülhpərvər bir surətdə həmin qaçaq- quldurun əlindən zara gələn müsəlman əhalisi ilə bərabər bu ümumi bəlanı rəf etməyə şüru oluna və könül bulandırıcı sözlər və hərəkətlərlə müsəlmanları ikrah etməyələr? Bizim təsəvvürümüzə görə qəlbi pakizə adam öylə gərək eyləyəydi. Onda bəlkə işə bir bir çarə tapılar.

 

Abid Tahirli,

Mehdi Gəncəli

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı