Modern.az

Xiffət  

Xiffət   

4 Dekabr 2016, 12:19

Nicat Nəsirli

-         Ala, ala, çər dəymiş! Görüm səni it kimi gəbərəsən! Ala!

Havada tez-tez qalxıb enən qamçı zərbələri atın bədəninə dəydikcə ətrafa vıyıltı səsləri yayılırdı. At sakitləşmirdi, hər zərbədən daha da qızışır, yerə çidarlanmış cilovunu qırıb qaçmaq istəyirdi. Zərbələrin təsiri ilə şahə qalxır, kişnəyir, elə bil nalə çəkirdi. Hər dəfə şahə qalxanda nifrətlə palçıgı göyə sovururdu..Qamçıya ram olmaq istəmirdi. Hər zərbədən sonra kişinin qolunun gücü daha da zəifləyir, sanki qamçının ağrısını öz bədənində hiss edirdi.O, atını çox sevirdi,var-dövlətindən yalnız atını götürüb kənddən çıxmışdı. Amma özündən asılı olmayan hirs beyninə hakim kəsilərək onu sakitləşməyə qoymurdu, sanki aramsız zərbələr endirməklə sakitləşmək istəyirdi.

-         Səni öldürəcəm! Səsini kəsəcəksən! Hə, nətəhərdi, ala bu da biri! Qamçı xoşuna gəlir?!-kişi bağırır, vururdu..

-         Ay kişi əl saxla sən Allahın! Yazıq heyvan neynəsin, xiffət eləyir..

Kənarda dayanıb için-için göz yaşı axıdan arvadın dediyi bu cümlə kişinin qollarını zəncirlədi bir anda..söz onu dayandırdı..Heyvan xiffət çəkirdi..donub qaldı, bu onun ağlına gəlməmişdi..axı at da canlı idi, o da sevə, nifrət edə, xiffət çəkə bilərdi..doğulandan dağ çaylarının kənarlarında, yaşıl çəmənlərdə, başıqarlı dağların ətəklərində dördnala çapırdı. Amma indi onu sahibi bomboz bucaqsız çölə gətirib, həbsə məhkum eləmişdi. Buranın nə havası, nə qupquru qurumuş ot-ələfinin tamı ona tanış deyildi. Geri qayıtmaq istəyirdi, doğulduğu yerlərə..

Kişi atın gözündəki yaş damcılarını gördü, ağlayırdı. Qolu boşaldı, qamçı palçığın içinə düşdü...indi hiss etdi ki, nəfəsi tamam kəsilib, ürəyi ağzına gəlirdi. Dizləri üstə palçığa çöküb zarımağa başladı. Aylardır atın ipə-sapa yatmamasını indi anlamışdı, heyvan Vətən, torpaq, su, hava xiffəti çəkirdi...

Hər ilin soyuq dekabr günləri gələndə bu hadisəni xatırlayıram...

Bura İmişlinin sığ-zımırtdağı boğaza çıxan çölü idi. Ucu-bucağı görünməyən düzdə yüzlərlə çadır qurulmuşdu, dörd ay idi kəndləri işğal olunmuş insanları gətirib bura yığmışdılar. Görənlər bilir, belə çöllərdə yay da bir cəhənnəmdi, qışda. Yayda bürkü, ağcaqanad sürüsü, ilan-şəyən camaatı qırırdı, qışda sərt soyuq, xirtdəyə çıxan palçıq..Bura yığılan insanlar hər şeylərini qoyub gəlmişdilər, əldə-ayaqda nə götürə bilmişdilərsə ancaq o idi. Soyuqlar qəfil düşmüşdü, kim nə tapmışdısa  əyninə keçirmişdi. Hələ aclıq..hamı aclıq çəkirdi, kim gecə dörddə-beşdə  durub iranlıların verdiyi çörək növbəsinə gedə bilirdisə günü birtəhər yola verirdi, gedə bilməyənlər xəcalətindən, aclığın verdiyi əzabdan qovrulurdular. Veriləndə çörək olsaydı..., əl boyda nazik yuxanın nə dadı vardı, nə də doyumluğu.

Hər gecə yağan yağış çadırların içini basır, bəzilərini aşırırdı. Soyuq, nəm hava adamın bədənini qıca döndərirdi. İki gün əvvəl 123 nömrəli çadır uçmuşdu, səhər açılanda hay düşdü ki, İsgəndər kişi çadırda keçinib. Çadır şəhərçiyinin sakinləri kimsəsi olmayan, yeganə övladı şəhid olmuş kişini düşərgədən xeyli uşaqda qəbir qazıb basdırdılar. Danışırdılar ki, o qədər yağış yağmışdı ki, qəbr ağzına qədər su ilə dolmuşdu, ha boşaltsalarda bir şey alınmamışdı. Ölünü suyun içində basdırıb gəlmişdilər.Burada hər gün ölən olurdu, top-tüfəngdən canını qurtarıb xilas olanlar kədərə, həsrətə, xiffətə məğlub olurdular. Əsasda yaşlılar...köçkün həyatı onları günbəgün əridirdi...

Çadırlardan bütün günü ah-nalə səsləri gəlirdi,işğalda yaxınlarını, ərini, övladını, qardaşını  itirən qadınlar inləyirdilər. Ölüsündən-dirisindən xəbər almaq istəyənlər gündüzlər çadırın çölündə oturub xəbər gözləyirdilər.Səfalı yerlərdən gəlib palçıqlı çöllərdə yaşamaq onlar üçün çətin idi. İsti geyim, qida olmadığı üçün hamının bənizi solğunlaşmışdı, gözləri çuxura düşmüşdü. Qış hələ yeni başlayırdı...

Hamı kimi onlarda-qoca kişi və arvadı dörd ay idi ki çadır düşərgəsində yaşayırdılar. Oğlu onu, xəstə arvadını atəş altından çıxararaq səngərdəki yoldaşlarına kömək üçün geri qayıtmışdı. O gündən ondan xəbər yox idi. Kənd işğal olunmuşdu, oğlu sağ idimi bilmirdi...

 Ev-eşiyindən bircə atını gətirə bilmişdi. Di gəl ki, at ucsuz-bucaqsuz bu çöllərə gələndən rahat durmurdu. Bütün günü kişnəyir, qəribə səslər çıxarır, qaçıb getmək istəyirdi. Öyrəşə bilmirdi bu yerlərə.Kişi onu sakitləşdirmək üçün hər şeyi edirdi, amma xeyiri yox idi. Heyvan xiffət çəkirdi. O heç vaxt atını vurmamışdı, olsa-olsa sürünü dağa-arana aparanda mahmızlamışdı. İlk dəfə idi onu döydü. Ona görə döydü ki, bəlkə sakitləşər, dinclik verər.. Bir neçə dəfə istəmişdi atı açıb çölə buraxsın. Amma bacarmamışdı, at ona oğlunun yadigarı idi. Oğlu bu atı çox sevirdi. Bəlkə birdən oğlu qayıtdı, atı istədi..Nə deyəcəkdi ona? Onsuzda açıb buraxsaydı çöldə canavarlar parçalayacaqdı...

Əzab çəkirdi, axı dilsiz-ağızsız heyvana acizliyini başa sala bilmirdi. Deyə bilmirdi ki, o torpaqlar indi çox uzaqlardadır, ora getmək mümkün deyil...

Çadır şəhərciyinin məskən saldığı çöldə yeni bir soyuq, boz-bulanıq səhər açılırdı.. Axşam yenə yağış yağmışdı, çadırlar islanmış, bəziləri uçmuşdu...

Bu gün çadırda yaşayanları atın kişnəməsi, narahat səsləri oyatmadı. Çünki, o ölmüşdü.. donmuş baxışları çox uçaqlara zillənmişdi. .getmək istədiyi yerlərə...

...onu xiffət öldürmüşdü....  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir